525.Az

ABŞ-dan Cənub Qaz Dəhlizinə dəstək


 

TRAMP İRANA QARŞI SON SƏRƏNCAMINDA AYRICA BƏND OLARAQ, LAYİHƏNİ SANKSİYA SİYAHISINDAN KƏNARDA TUTMAQLA MÖVQEYİNƏ ƏYANİ ŞƏKİLDƏ SADİQLİK NÜMAYİŞ ETDİRİB

<b style="color:red">ABŞ-dan Cənub Qaz Dəhlizinə dəstək</b>

ABŞ-ın İrana qarşı yeni sanksiyalarının Cənub Qaz Dəhlizinə aid edilməməsi Azərbaycanın reallaşdırdığı bu strateji layihəyə böyük əhəmiyyət verildiyini göstərir.

Xüsusilə, Birləşmiş Ştatlar prezidenti Donald Trampın bu yaxınlarda İtaliyanın baş naziri Cuzeppe Konte ilə keçirdiyi birgə mətbuat konfransında Cənub Qaz Dəhlizinin 4 seqmentindən biri olan TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu qeyd etməsindən sonra cənub qonşumuza qarşı növbəti sanksiya paketinin hazırlanması zamanı ölkəmizin həyata keçirdiyi enerji layihəsinin bundan zərər görməməsi, əksinə, layihəyə dəstək ifadə olunması Azərbaycanın Avropaya təklif etdiyi alternativ enerjinin dünya birliyi üçün ciddi önəm daşıdığını, böyük maraq doğurduğunu bir daha təsdiq edir. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevə müxtəlif əlamətdar hadisələr zamanı, o cümlədən, Cənub Qaz Dəhlizinin açılış mərasimi ilə əlaqadar göndərdiyi məktublarda layihəyə dəstək ifadə edən D.Tramp İrana qarşı son sərəncamında ayrıca bənd olaraq, layihəni sanksiya siyahısından kənarda tutmaqla mövqeyinə əyani şəkildə sadiqlik nümayiş etdirib.

“S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq sərəncamına istinadən yaydığı məlumatda bildirilir ki, İranın NIKO şirkətinin “Şahdəniz-2”də 10 faiz pay sahibi olmasına baxmayaraq, layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir: “BP şirkəti bu sanksiyaların Cənubi Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib”.

Həmçinin, məlumatda qeyd edilib ki, D.Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur.

Məsələ ilə bağlı fikirlərini bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, ABŞ-ın İrana qarşı yeni sanksiyalarının “Cənub Qaz Dəhlizi”nə aid edilməməsi layihənin əhəmiyyətini bir daha ortaya qoyur. O bildirib ki, artıq uzun illərdir ki, Azərbaycan həyata keçirdiyi möhtəşəm qlobal layihələrlə dünyanın diqqətini özünə cəlb edə bilib: “Sahib olduğu enerji resurslarından səmərəli şəkildə istifadə edərək həm özünün, həm də regionun inkişafını, təhlükəsizliyini təmin edən Azərbaycan beynəlxalq təşkilatların və əksər dövlətlərin əsas tərəfdaşlarından birinə çevrilib. Bu gün dünyanın güc mərkəzləri ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edir, bu münasibətlərin daha da genişlənməsinin vacibliyini bildirirlər. Sözsüz ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən və bir çox dövlətlərin iştirakçısı olduqları, artıq dünyanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsi beynəlxalq əməkdaşlığa, sülhə və təhlükəsizliyə mühüm töhfədir”.

V.Rəhimzadə qeyd edib ki, bu il açılış mərasimləri keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi, o cümlədən, layihənin əsas seqmentlərindən biri olan TANAP ölkəmizin enerji resurslarının Avropaya çatdırılmasında mühüm vasitədir: “Cənub Qaz Dəhlizi” layihəsi, onun əsas seqmentləri olan “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP Avropa İttifaqı üçün prioritet enerji layihələridir. Məlum olduğu kimi, bu layihə vasitəsilə “Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyəyə və oradan da Avropaya çatdırılacaq. Uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” layihəsi ilə ilk mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql ediləcək. “Cənub Qaz Dəhlizi” layihəsinin, o cümlədən, TANAP-ın açılış mərasimlərində iştirak edən dövlət və hökumət başçıları “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Göründüyü kimi, layihəni ABŞ, Avropa yüksək səviyyədə dəstəkləyir, onun önəmini bir daha diqqətə çatdırır”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, “Cənubi Qaz Dəhlizi” layihəsi dünya səviyyəsində dəstəklənir, yüksək qiymətləndirilir.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “Trend”ə bildirib ki,  ABŞ prezidentinin rəsmi sərəncamla “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi”ni ümumiyyətlə İran sanksiyalarının təsir dairəsindən çıxarması qlobal təsirləri olan beynəlxalq hadisədir. O qeyd edib ki, İranın NIKO şirkətinin “Şahdəniz-2”də 10 faiz pay sahibi olması faktına görə sanksiyaların Azərbaycana da dəxli ola biləcəyi baxımından mövcud olan narahatlıq aradan qalxdı: “Eyni zamanda, erməni siyasətçilərinin və təbliğatçılarının Azərbaycanın mühum layihəsinin sanksiyalar aktına düşə biləcəyinə bəslədikləri ümid və eyforiya da söndürüldü. Trampın məlum sərəncamı ABŞ-ın öz avropalı müttəfiqlərinin enerji təhlükəsizliyi maraqlarına sadiqlik nümayişi ilə bərabər, həm də Azərbaycanın enerji balansı siyasətinə davamlı dəstək verməsinin daha bir təzahürüdur. ABŞ-ın qərarı Azərbaycanın enerji diplomatiyasının dəqiq və perspektivli hədəflərə düzgün yönəldiyinin ifadəsi sayıla bilər. Azərbaycanın qlobal enerji diplomatiyasında yeni uğurun əlamətlərini görürük”.

Ekspert bildirib ki, ABŞ Cənub Qaz Dəhlizinin bütün elementlərinə davamlı dəstəyi ilə seçilib. Onun sözlərinə görə, bu yaxınlarda TAP-a açıq dəstəyin ifadə edilməsi Azərbaycanın layihələrinin bütün şəraitlərdə müdafiə olunacağına dair dünyaya təsirli mesaj oldu: “Trampın Azərbaycan prezidenti İlham Əliyevə bütün rəsmi məktublarında Cənub Qaz Dəhlizinin xüsusi vurğulanması ayrıca məna kəsb edən faktdır. ABŞ prezidentinin müdafiə bəyanatları Cənub Qaz Dəhlizinin beynəlxalq mənbələrdən davamlı maliyyələşdirilməsində və bəzi maneələrin aradan qaldırılmasında böyük rol oynayıb. Şübhə yoxdur ki, Tramp hökumətinin Prezident İlham Əliyevlə bütün layihələrdə anlaşıqlı siyasət apacağının ifadəsi sayılan sonuncu sərəncam da əhəmiyyətli rol oynayacaq”.

A.Quliyevin sözlərinə görə, prezident Tramp konkret göstərdi ki, qlobal enerji təhlükəsizliyinə nail olmaqda Prezident İlham Əliyevin Azərbaycan adından apardığı strategiyaya möhkəm güvənir.

Ceyhun ABASOV

 





11.08.2018    çap et  çap et