525.Az

Realist mütəfəkkirin romantik estetikası haqqında yeni söz


 

Realist mütəfəkkirin romantik estetikası haqqında yeni söz<b style="color:red"></b>

Tanınmış ədəbiyyatşünas-alim, şairə, nasir və publisist, müxtəlif dillərdə işıq üzü görmüş 20-yə yaxın kövrək duyğulu, Vətən və Tanrı sevgisi ilə dolu şeirlər və azərbaycançılıq ideologiyasının qırmızı xətlə keçdiyi elmi və publisistika kitabının, möhtəşəm “İşığa gedən yol” romanının müəllifi Sona Vəliyevanın  “Hüseyn Cavid sənətinin qüdrəti” adlı monoqrafiyasını (Bakı, “Zərdabi LTD” MMC, 2018, 344 səh.) oxuduqdan sonra məni düşündürən bir neçə suala cavab tapdım: Dünyagörüşü etibarilə realist mütəfəkkir və Qərb ədəbi-bədii cərəyanlarına aşina olan Hüseyn Cavid özünün poeziya və dramaturgiya yaradıcılığını nə üçün romantik estetika prinsipləri və Şərq poetikası təməlinə oturdub? Sənətkar bütün ədəbi fəaliyyəti boyunca niyə göylərdən enməyib, “səma səltənətinin şairi” (Yaşar Qarayev) olaraq qalıb? Bütün allahlı və allahsızlardan qorxmadan “Mənim Tanrım gözəllikdir, sevgidir” məfkurəsi ilə Həqiqət axtarışında olub?

Fikrimizcə, monoqrafiyanın başlıca məqsədi və elmi-nəzəri müddəaları məhz bu mürəkkəb sualların cavablarının müasir humanitar təfəkkür işığında yeni baxış bucağından axtarılıb tapılmasına həsr edilib. Biz “müasir humanitar təfəkkür işığında yeni baxış bucağından” ifadəsini ona görə işlədirik ki, istər XX əsrin ikinci onilliyində, istər sovet dövründə, istərsə də müstəqillik illərində dahi Hüseyn Cavidin yaradıcılığı Azərbaycanın say-seçmə ədəbiyyatşünaslarının elmi-tədqiqat əsərlərində geniş araşdırılıb və bu gün də müasir humanitar-filoloji fikrin və bədii prosesin diqqət mərkəzindədir. Təkcə bunu xatırlatmaq kifayətdir ki, AMEA Hüseyn Cavid Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının rəhbərliyi ilə muzey əməkdaşlarının yüksək tədqiqatçılıq zəhməti hesabına müxtəlif illərdə (1912-1983) Hüseyn Cavid haqqında işıq üzü görmüş materiallar sistemləşdirilərək “Cavidşünaslıq” toplusu halında 10 cilddə nəfis şəkildə nəşr olunmuş (2012) və sözügedən monoqrafiyaya əvəzsiz mənbə rolunu oynamışdır. Bunu da təsadüf saymaq olmaz ki, milli romantik ədəbiyyatımızın görkəmli tədqiqatçısı, AMEA-nın müxbir üzvü Kamran Əliyev monoqrafiyanın ən mühüm məziyyətinin - mənzum dramaturgiyanın estetik prinsipləri, faciə janrı və poetik düşüncə, əruz vəzni ilə dramatik elementlərin vəhdətinin vurğulandığı ön sözünü “Cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcı” adlandırıb.

“Poeziyadan dramaturgiyaya” fəsli ilə başlayan beşfəsilli monoqrafiyada (müvafiq yarımfəsillərə ayrılmış digər dördü - “Əfsanə və romantik düşüncə”, “Mif və reallıq”, “Peyğəmbər və əxlaqi dəyərlər”, “Tarix və həqiqət” adlanır) yuxarıda sözügedən problemlər araşdırılmış, gözlərinin fərini ona “cavidlik” - ölümsüzlük, həmişəyaşarlıq və əbədilik bəxş edən mənzum romantik dram və faciələrində, təkrarsız şeir və poemalarında söz-söz, misra-misra itirən Cavid Əfəndinin yaradıcılığı dərin elmi-nəzəri təhlil süzgəcindən keçirilmişdir. Dahi sənətkarın bütövlükdə Azərbaycan bədii düşüncə sisteminə, konkret halda, vətəndaşlıq hüququ qazandırdığı romantizm ədəbi cərəyanına və onun məhsulu olan romantik ədəbiyyata gətirdiyi yeniliklər Hüseyn Cavidin əsərlərinin sistemli təhlili əsasında və hər bir əsərindəki orijinal, dini, tarixi, mifoloji və real obrazlarla zəngin canlı poetik dil və üslub, ədəbi vəzn kimi sənətkarlıq xüsusiyyətləri müəyyənləşdirilməklə işıqlandırılmışdır.

Sona Vəliyeva görkəmli sənətkarın  həyat və yaradıcılıq yolunu addım-addım izləyir, poeziyadan dramaturgiyaya keçidin zərurətini dövrün ictimai-siyasi mühiti kontekstində, zamanın sosial sifarişi və tələbatı kimi təqdim edir. Məlumdur ki, Hüseyn Cavid Naxçıvanda dünyəvi təhsil alıb (1894-1898), daha sonra Təbrizdə mədrəsə təhsili görüb (1899-1903), islam dünyagörüşünə yiyələnib. Sona xanımın təbirincə desək, “sanki Allahın özü ona irfani və ədəbi təlimləri mərhələli şəkildə öyrənməsi üçün yol açıb”.

Əlbəttə, sənətkarın siyasi məfkurəsinin və ədəbi-estetik dünyagörüşünün formalaşmasında tələbəlik illərində yaşadığı Türkiyənin də mühüm yeri və rolu olmuşdur. H.Cavid XX əsrin əvvəllərinin Osmanlı imperiyasının zəngin polifonik ədəbi-mədəni mühiti və maarifçi ziyalıları ilə yaxın ünsiyyətdə olmuşdu. Onun tanış olmaq imkanı qazandığı, əsərlərini oxuduğu türk ədiblərinin bir qismi XIX əsrin  maarifçi, realist və romantik “Tənzimat”, “Sərvəti-fünün” ədəbi-ideoloji cərəyanlarının təsiri altında yetişmiş sənətkarlar, digər bir qismi isə XX əsrin əvvəllərinin islamçı, osmanlıçı və türkçü sənətkarları, “Fəcri-ati” və “Milli ədəbiyyat” ədəbi məktəblərinin nümayəndələri idi. Bu ədiblərin sırasında  Əbdülhəq Hamid, Rza Tofiq, Tofiq Fikrət, Cənab Şəhabəddin, Yəhya Kamal, Məhmət Akif, Məhmət Əmin Yurdaqul, Rəcaizadə Mahmud Əkrəm, Əhməd Midhəd kimi görkəmli sənətkarlar vardı. İstabul Universitetində təhsil aldığı illərdə Hüseyn Cavid özünün şəxsən gördüyü, tanıdığı bu sənətkarlarla yanaşı, adıçəkilən ilk iki ədəbi cərəyanın dünyasını dəyişmiş nümayəndələrinin (Namiq Kamal, İbrahim Şinasi, Ziya Paşa, Müəllim Naci və b.) yaradıcılığı ilə də yaxından tanış idi. Ədib sonralar qələmə aldığı əsərlərində təsirləndiyi, lakin tamamən öz yolu ilə gedib təqlid etmədiyi türk sənətkarlarının əsərlərindən bəzi misraları sovet senzurasının təqibinə ilişməmək üçün onların adlarını çəkmədən işlətmişdi...

Şübhəsiz ki, şair XIX əsrin II yarısı üçün üçün xarakterik olan və XX əsrdə Yəhya Kamalın simasında özünün davamını tapan osmanlıçılıq fikir cərəyanı (“Osmanlı” sözünü həm dövlət, həm millət məfhumunun müqabilində işlədən Namiq Kamalın məşhur “Osmanlılarız, can veririz, nam alırız biz” misrası da bu düşüncənin məhsulu idi), Məhmət Akifin poeziyasının mayasını təşkil edən islamçılığın (Osmanlı təbəəsi olan xalqları vahid din birliyi çərçivəsində “ümmət” prinsipinə söykənərək  birləşdirmək ideologiyasının), Məhmət Əmin Yurdaqul və Ziya Göyalpın türkçülük və turançılıq məfkurəsinin mahiyyətini yaxşı bilir və bütün bu ideologiyaların ayrı-ayrılıqda perspektivsiz olduğunu dərk edirdi.

Ehtimal ki, təkbaşına osmanlıçılığın, islamçılığın və qərbçiliyin-avropalaşmağın düçar olduğu uğursuzluqları sərf-nəzər edən Hüseyn Cavid (mövzusu Türkiyə həyatından alınmış, süni avropalaşmanın və yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərinin əks etdirildiyi “Uçurum” faciəsini xatırlayaq)  türkçülük və turançılıqla islami-irfani dəyərlərin vəhdətinə bir tərəfdən milli kimliyin, cəmiyyətin tərəqqisinin,  digər tərəfdən, ümumbəşəriliyin, insan, təbiət və kainat gözəlliyinin təminatçısı kimi baxırdı. Bu məqamları dəqiq tutan və konkret nümunələrlə əsaslandıran Sona Vəliyeva “Gözəlliyin romantikası” adlı yarımfəsildə yazır: “Gözəlliyi təsvir edən şeirin sonluğu “qoca bir türk, Turan və Tanrı sözlər ilə bitir. Hüseyn Cavid yaradıcılığında həmişə yuxarıda Tanrı, aşağıda isə türk və Turan görünür, bunlar, Cavid romantizminin mayasını təşkil edir. Bunlardan yazmaq üçün Tanrı Hüseyn Cavidə də bir sənətkar qüdrəti vermişdir”.

Hüseyn Cavidi öz dövrünün ədəbi mühitindəki müasirlərindən fərqləndirən əsas cəhət insanı və insanlığı xilas edəcək gözəllik və həqiqət axtarışları idi. Bütün bu yenilik axtarış və təmayülləri deklarativlikdən, quru sözçülükdən və pafosdan çox uzaq idi, onun ədəbiyyatı müasirləşdirmək, bu yolla insanları, xüsusən gənc nəsli maarifləndirmək missiyasından qaynaqlanırdı. Maarifçiliyin bütün nümayəndələri kimi, o da elmə, maarifə, incəsənətə ictimai tarixin hərəkətverici qüvvəsi kimi baxır, xüsusilə də dram əsərinin və teatrın bu işdə mühüm rol oynaya biləcəyi ideyasını irəli sürürdü. Sona Vəliyeva bu məsələyə diqqət çəkərək sənətkarın 1913-cü ildə nəşr edilən “Keçmiş günlər” kitabındakı məşhur “Qız məktəbində” şeir-dialoqunu təhlil süzgəcindən keçirir və fikir bildirir: “Gülbahar pak və tərtəmiz duyğularla yaşayan türk qızıdır. Ailədə türk tərbiyəsi görmüş, gözünü açandan, dil bilib danışandan türk sözləri ilə zənginləşmiş bu qıza xas olan gözəl keyfiyyətlər hər birimizə tanışdır. Sual-cavab əsasında qurulan bu dialoqda bütövlüklə türk əxlaqının bəzəyi olan Tanrı sevgisi, valideyn sevgisi və bir də onun təfəkkürünün cilalanmasında rol oynayan müəllim sevgisi hər şeydən uca tutulur”. Həqiqətən də, yuxarıda qeyd etdiyimiz kimi, H.Cavid bütün yaradıcılığı boyu ədəbiyyata ictimai rəy formalaşdıran, oxucunu tərbiyələndirən və maarifləndirən, gözəlliklər yaratmaq yolu ilə cəmiyyəti kamilləşdirən, Tanrı sevgisi və həqiqət axtarışları ilə bütün mənfilik və nöqsanların, ədalətsizliklərin aradan qaldırılmasına kömək edən sənət kimi baxmışdır. Böyük sənətkar dərindən inandığı bu ideyaların təbliği üçün eyni millət-qardaş qırğınının yol açdığı tarixi fəlakətlərin tərəf-müqabillərindən olan Əmir Teymur, ilk türk tarixinin təməl dəyərlərinin Səlcuq imperatorluğuna qədərki dövrün Firdovsi qələminə ilham vermiş türk oğlu sərkərdə Səyavuş, dini-əfsanəvi aşiq Şeyx Sənan, böyük şair və mütəfəkkir Xəyyam, insanın içində gizlənib çölündəkiləri yaxıb-yıxan İblis, yeni tipli Səlma Ana, azad sevgi və saf mənəviyyat nümayəndəsi Maral, realist və romantik cizgiləri özündə cəmləşdirən azadlığa təşnə Şeyda, kübar cəmiyyətinin meşşan əxlaqının mənəvi puçluğunun rəmzi Afət, azad sevgi və pak mənəviyyatın təntənəsinin yeni şəraitdə canlandırılmasına xidmət edən Knyaz, nəhayət, insanın müqəddəslik mərtəbəsinə yüksələ bilməsinin simvolu İslam Peyğəmbəri kimi gözəllik, həqiqət və tanrı fəlsəfəsinə xidmət edən kamil obrazlar yaratmışdır.

Sona Vəliyeva bu obrazların hər birinin həm dini-mifoloji kökləri ilə bağlılığını, həm də real tarixi prototipləri ilə əlaqələrini, H.Cavidin öz bədii qəhrəmanlarına yüklədiyi dərin humanist, fəlsəfi, əxlaqi missiyanın məqsəd və məramını, ideya-məzmun siqlətini ayrı-ayrı fəsil və yarımfəsillərdə ətraflı elmi izahını verir, dəyərli mühakimə və nəzəri müddəalar irəli sürür. Tədqiqatçının düşüncələri havadan asılı qalmır, sənətkarın konkret əsərlərindən gətirilən müvafiq iqtibaslarla əyaniləşdirilir və əsaslandırılır. Monoqrafiyada belə bir dəqiq elmi qənaət irəli sürülür ki, qüdrətli şair-dramaturqun siyasi, fəlsəfi və ədəbi görüşləri onun poeziyasında və dram əsərlərinin romantik obrazlarında, realist-maarifçi ideyalarla romantik estetik prinsiplərin və irfani dəyərlərin vəhdətində tapmışdır.

H.Cavid sənətinin qüdrətini təsdiq edən ali məqam isə İlahi həqiqətin, bəşəri gözəlliyin, dünyəvi və irfani sevginin qovuşdurulmasıdır. Əlbəttə, Hüseyn Cavidə qədər də  bu dünyəvi və ilahi postulatların, milli dini-mənəvi dəyərlərin sənət əsərlərində işlənməsi nümunələri olmuşdur. Sona Vəliyeva bu məsələdə də obyektiv mövqe tutur. O, “İki Şeyx Sənan” adlı bölmədə dahi sənətkarlarımız Nizami və Füzulinin “Leyli və Məcnun” məsnəviləri ilə dramaturqun mənzum faciəsinin son dərəcə səriştəli müqayisəli təhlilini verir. Fikrimizcə, problemə bu tərz yanaşma üsulu fundamental bir elmi-tədqiqat əsərinin meydana çıxmasını şərtləndirən amillərdən biridir.

Bunu xüsusi olaraq qeyd edək ki, müəllif araşdırma zamanı apardığı paralel və müqayisələrində Azərbaycan elmi-filoloji və fəlsəfi fikrinə istinad edir. İstifadə edilmiş çoxsaylı mənbənin heç biri deklarativ, məlumat xarakteri daşımır, tədqiqatçının yaradıcı-tənqidi baxışlarından keçərək qiymətləndirilir. Monoqrafiya aktuallığı və elmi yeniliyi, tədqiqata cəlb edilmiş materialların zənginliyi və əhatəliliyi, ümumiyyətlə, bütün komponentləri ilə müasir tələblər səviyyəsində yazılmış tədqiqat əsəridir, ədəbiyyatşünaslığımızda Hüseyn Cavid sənəti haqqında yeni sözdür və tanınmış cavidşünas-alim Kamran Əliyevin ifadəsi ilə desək, “cavidşünaslıqda ən yeni mərhələnin başlanğıcıdır”.

 





13.08.2018    çap et  çap et