525.Az

Mifik obrazdan poetik obraza - Rüstəm Behrudi yaradıcılığında bozqurd


 

Mifik obrazdan poetik obraza - <b style="color:red">Rüstəm Behrudi yaradıcılığında bozqurd</b>

Türk mifologiyası miflər, inanclar, kultlar, adət-ənənə və mərasimlərlə zəngin möhtəşəm yaradıcılıq sahəsidir.

Türk mifoloji sistemində zoomorfik miflər xüsusi yer tutur. Hüma, Simurq, Səməndər quşu, Dövlət quşu, Ağ quş, Qara quş, Qurd, at, ilan və s. kimi canlılar kultlar və onqonlarla bağlı mətnlərdə müxtəlif məna yükü daşıyan mifoloji obrazlar sayılır.

Bütün zoomorfik obrazlar şifahi və yazılı sənət nümunələrimizdə öz əksini tapmışdır. Mifik anlayışlar və obrazlar ədəbiyyatımızın bütün dövrlərini əhatə edən hər bir janrında sənətkarlar tərəfindən canlandırılmışdır. XX yüzil Azərbaycan ədəbiyyatında bu proses fəal şəkildə özünü göstərdi, xüsusən XX əsrin 90-cı illərində mifoloji görüşlərə, obrazlara müraciət daha geniş vüsət qazandı.

Qurd mifik obrazının xalqımızın tarixində, folklorunda yeri və mənası diqqətçəkici olmuşdur. Məsələn: Bu gün dünyada Qurdla bağlı saysız-hesabsız toponimlər, adət-ənənələr, mərasimlər vardır. Bu da Qurdun insan yaddaşında özünə yer tutmasını, bu qeyri-adi canlının cəsarət, mərdlik, düzgünlük, döyüşkənlik, azadlıq və sədaqət rəmzi olmasını göstərir. Bu canlının psixologiyası onun təəssübkeşliyi, ailəyə münasibəti, cəsarəti, maraqlı “ailə kodeksi” sevimli obraza çevrilmişdir. Hətta bir çox mənbələrdə Turan döyüş taktikasının qurdların döyüş üsullarından götürüldüyü bildirilir.

Türkün mifik yaradıcılığında, dastan və əfsanələrində, adət və ənənələrində, bir sözlə, həyatının bütün məqamlarında önəmli yer tutan boz qurd obrazı onun şifahi xalq ədəbiyyatından süzülərək gəlib yazılı ədəbiyyatında,  poeziyasında, “Kitabi-Dədə Qorqud”, “Bozqurd”, “Doqquz Oğuz-on Uyğur”, “Ərgənəkan”, “Oğuz Xaqan”, “Salur Qazanın əsir olduğu”, “Törəyiş dastanlarında”, “Asena əfsanəsi”, uyğurların “Köç”, qırğızların “Manas” dastanlarında simgə funksiyasını daşıyır. Boz qurdun simgə olaraq seçilməsi Türkün yenilməzlik ruhunun təzahürüdür.

Təsadüfi deyil ki, “Kitabi-Dədə Qorqud”da Qazan xan Boz Qurda əcdadı kimi üz tutur, ondan yağmalanmış yurdunu xəbər alır:

Ordumun xəbərin bilirmisin, degil mana!

Qara başım, qurban olsun, qurdum sana! (Kitabi-Dədə Qorduq, Öndər. Bakı- 2004, 376s, s.41)
Kitabın eyni boyunda Salur Qazan qurda “Qaranqu axşam olanda güni doğan”və ya “Qar ilə yağmur yaqanda ər kimi duran..” deyə müraciət edir. (Kitabi-Dədə Qorqud, Öndər. Bakı-2004, 376 s, s.41).
“Kitabi-Dədə Qorqud” ensiklopediyasında qeyd olunur: “.... boz qurdun əcdadlığı haqqında Çin mənbələrinin məlumatı. Qurdun dəmirçiliyi haqqında mifoloji rəvayətlər, onun Tanrı yurdunun keşikçisi olması, göydə yaşaması, göy işığın içində yerə enməsi və s. miflər bu obrazın bütün dərəcələrdə Tanrı oğlu kompleksindən çıxdığını təsdiqləyir” (s.195).  Əski türk yalnız qutsal saydığı varlıqlara göy ismini vermişdi. Məsələn Göy Tanrı, Göy adamları, Göy bayraq, Göy qılınc, Göy Börü və s.

Dövrümüzün tanınmış şairi Rüstəm Behrudi də irrasional məkanda, yəni yuxuda Qurdu göydən gəlmiş xilaskar obrazında göstərir.

Üstümə qəm gəlir əjdahalartək,
Yuxumda bir ağız qurd ular keçər,
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.

Digər türk toplumlarında olduğu kimi, Azərbaycan türkünün də düşüncəsində qurdun özəl yeri olub. “Qurd üzü mübarək” sayılıb. Azərbaycan türklərində bəxtin gətirməsi “Qurdu ulamaq” sözü ilə anlanılıb. Türk dastanlarında cəngavərlərin döyüşdən öncə üzünü meşəyə tutub, qurd kimi ulaması və qurdun ona cavab verməsi göstərilir. Əgər qurd meşədən onun səsinə səs verməzsə, bu uğursuzluq, döyüşü uduzmaq əlaməti sayılır. Bunu rus knyazı David Volinskinin uqorlar üzərində qələbəsini təmin edən qıpçaq hökmdarı Bonyakın qurdla ulaşması, qurdun da ona ulartı ilə səs verməsi haqqında sənədlərdə təsdiqləyir (Kitabi-Dədə Qorqud ensiklopediyası. s.196).

“Kitabi-Dədə Qorqud”da da Qazılıq qoca ilə oğlu Yegnəyin görüşü belə təsvir olunur:

“Babasilə Yegnək gizlü yaqa tutuban yiləşdilər. Eki həsrət bir-birinə bulışdılar. İşsüz yerinq qurdu kibi ulaşdılar”. Burada qurd kimi ulaşmağın semantikası həsrətlərin, bir-birindən ayrı düşənlərin görüşü motivində qalıbsa da, bu ilk qurd insan paralelliyinin daşlaşmış ifadəsidir (Kitabi-Dədə Qorqud ensiklopediyası. s.196).
Sovet dövründə yasaq sayılan bu obrazın müstəqillik dövründə yenidən xalqın təfəkküründə oyanması bu qutsal varlığa olan genetik fövqəltəbii məhəbbətin nişanəsini, hələ də türkün düşüncəsində boz qurdun öz qutsallığını, Tanrı qatında özəl məqama sahib olduğunu və bu yöndə çağdaş türkün əski türklə düşüncə ortağı olmasını bəlli etdirdi.

Azərbaycanda Sovet hakimiyyətindən öncə Cümhuriyyət dövründə poeziya nümunələrində boz qurd kimi mifik obrazlar böyük sevgi ilə dilə gətirilir.

Bu dövrdə şairlərin türk mifoloji görüşlərə müraciəti intensivləşir. Lakin  cumhuriyyət  dövründə Türkçülüyü  təbliğ etmək üçün  çox böyük səy göstərməyə ehtiyac yox idi. Çünki hər kəsin ürəyində olan millətçilik ruhu  dövlət hakimiyyət tərəfindən dəstəklənirdi. 1918-ci ildə Azərbaycanın görkəmli maarifpərvər, pedaqoqu, şair A. Şaiq:

Dalğalanır ütündə şanlı Turan bayrağı,
Alovlanır qəlbində “Ərkənəqon” ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doyunca zülmətlə
çarpışalım!  -

Söyləyərkən yaddan çıxmaq qorxusu olan varlığı yad etmək, yox, daha da qüvvətlənirdirmək məqsədi daşıyırdı.

A.Şaiq kimi şairlər şanlı Turan bayrağını və Boz qurdla əlaqəli “Ərkənəqon” ocağının simvolik adını xatırlayırdılar. Ümumiyyətlə, Cümhuriyyət dövründə əsas 2 obraz “Turan” və “Bayraq” dominant fövqəlüstünlüyə malik idi. Fikri çatdırmaq üçün sətraltı mənalara, gizli mifologemlərə, arxetiplərə geniş yer verilmirdi.

Cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ədəbiyyata  oraq, çəkic kimi yeni simvolik obrazlar daxil oldu. Yuxarıda qeyd etdiyimiz kimi, bir çox mifoloji obrazlarla bərabər Boz qurd və digər ideoloji məna daşıyan mifik nümunələr Sovet hakimiyyəti dövründə yasaq sayılan obrazlar sırasına qoyuldu. Millətçiliyi, türkçülüyü təbliğ edən mifoloji görüşlər, arxetip, mifogemlər də bir növ repressiya qurbanı oldu.

“Qlavlit” və onun yerlərdəki şöbələri Daxili İşlər Xalq  Komissarlığı (NKVD) qədər yazarların əsərlərini başdan ayağa, ayaqdan başa ciddi yoxlamadan keçirirdi. Yazıçılara, şairlərə “xalq düşməni”, “əksinqilabi ünsür”, “millətçi” damğaları vurulur, edama, məhbusluğa, sürgünə məhkum olunurdu.

Azərbaycan ədəbiyyatının faciəsi ondadır ki, professor Rüstəm Kamalın təbirincə desək, həmən dövrlərdə “ikimənalı söz - rəmz üzündən Azərbaycan şairinin dərisi soyuldu, kor qurşuna qurban oldu, Sibir buzlarında çürüdü...” (Polisemiya qurbanı şairlər. “Ədəbiyyat qəzeti”. 16 noyabr. 2017)

Boz qurd obrazı indiyə qədər düşüncələrdə yaşamışdısa da, yazıda reallaşmamışdır. Lakin yaddaş tipi ilə ötürülən Bozqurd obrazının tarixin axarı ilə XX əsrin 80-ci illərindən sonra tədricən poeziyada bərpasının şahidi olduq. Bozqurd siyasi-ideoloji mənası ilə mifopoetik ənənə daşıyıcısı kimi milli özünəqayıdış funksiyasını  yenilədi.

Artıq 1980-ci illərdə böyük təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycanın görkəmli milli şairi   R.Behrudi “Boz qurd” şeirini yazaraq illərlə xalqın içindəki  azadlıq eşqini bəyan etdi.

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən,
Nə çəkdim...
İlahi! Bilməyəcəklər.

Şair gördüyü yuxunun təsirinin yalnız türk xalqlarının anlaya biləcəyinə işarə edərək “bölünə-bölünə yox olub itən”, “Qara torpağına nə toxum əksən, Yenə də baharda ayrılıq bitən”, “sevgili bir yurd”dan söz açır. Sənətkar ürək ağrısıyla bu yurd boyunca ulayan qurdu dilə gətirir:

Hər gecə, hər gecə yuxularımda,
Bu yurdla yanaşı, bu yurd boyu nca
Ulaya-ulaya dolaşıb gəzən,
Obu,Yeniseyi, İtili keçib
Altaytək. Ağrıtək dağ aşıb gəzən
Üzü mavi. Gözü göydən daha mavi
Ağzı atəş kimi bir qurd.

Yuxarıdakı örnəklərdə Qurd ulartısının mənasını dərk edən coğrafi mövqelər açıqlanır. Türkün minillik yaradıcılığında, təfəkküründə, dastan və əfsanələrində, adət və ənənələrində mühüm yer tutan qurd simgəsi şeirdə öz əksini tapır. Qurd bütün hallarda xilaskar, qurtarıcı obrazında təqdim olunur. “Üzü mavi, gözü göydən daha mavi” ifadələri isə onun rənginə yox, göydən enməsinə bildirilir. Əski türk dastan, əfsanə və deyimlərdə boz qurdla yanaşı, “göy qurd” və “göy börü” obrazlarına da rast gəlinir. Mavi sözü də “göy-səma” sözünün sinonimi kimi götürülür. Göy qurd, mavi qurd göylərdən, Tanrı yanından gəlmiş “göylərdən enmiş”,”göy mənşəli”, “qutsal” anlamındadır. Təsadüfi deyildir ki, göy qurdun adı keçən dastan və əfsanələrdə göy qurdun göylərdən endiyini və bəzən də Oğuz Xaqan dastanında olduğu kimi, ağ işığın içindən çıxdığını görürük. Bütün hallarda o, Tanrı tərəfindən göndərilmiş  kimi götürülür.

R.Behrudinin “Yuxumda bir ağız qurd ular keçər”, “Önündə qurd duran ordular keçər” misraları xalqı azadlıq döyüşünə ruhlandıran ifadələrdir. Şeirdə “ağzı atəş kimi bir qurd” epiteti də təsadüfi deyilməmişdir. Əski türklərin inancına görə, “qurdun müqəddəs (kutsal) varlıqlarla əlaqəsi (ilgisi) var. (“Türk ədəbiyyatının mifolojik kaynakları” T.C.Anadolu Üniversitesi yayımı NO:2388)

Şair “ağzı atəş kimi bir qurdu” yuxuda görməyilə bu mübarizədə qalibiyyətə əminliyini ifadə edir. İntizarla bu qalibiyyəti gözləyən şair boz qurdu “mavi işıqtək”, “qaba ağactək” səsləyir. Ağac, işıq mifoloqemləri mifoloji təsəvvürlər sistemində əsas nəsnələrdən biridir.

Gəl mavi işıqtək ələn başımdan
Gəl çıx uğuruma qaba ağactək.

Boz qurdu səsləyən şair onun arxasıyca getməyə hazır olduğunu qeyd edir:

Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm, Boz qurd hardasan?

- söyləyir.

Şeirdə Türk etnik-mədəni ənənəsində obraz kimi bilinən müqəddəs bilinən Boz qurd  əcdadlarımızın savaş ruhunu ifadə edir. Dastanlarda Oğuz ordusunun önündə gedib, ona yol göstərən və cəngavərlərin yürüşdən yürüşə səslədikləri Boz qurd R.Behrudi poeziyasında da xilaskarlıq missiyasını öz üzərinə götürür. Demək olar ki, Boz qurd R.Behrudi yaradıcılığında Oğuznamə motivlərinin ən əski qatında dayanan bu varlığın bütün funksiyalarını poeziyasında əks etdirir.

“Bir qurd nağılı”, “Qurd və yaxud yurd”, “Qurd tələsi”, “Biz bir yerdə yalnızıq”, “Haqq sevən bəndəyə elə dindi Türk”, “Şaman nəvəsiyəm mən yurd yerində”, “Şaman Daştəkinin sonuncu duası”, “Turan qalxıb ayağa”, “Qoymur dünya, qoymur məni yaşayım”, “Mənzilim uzaqdı mənim”, “Vida türküsü” kimi silsilə şeirlərdə oxucu boz qurdu həm əcdad, həm bələdçi, həm xilaskar, həm uğur, həm sakral funksiyaların daşıyıcısı kimi görür.

Etnoqonik proseslərin iştirakçısı olub, sosial düzənin təşəkkülündə də fəal rol oynayan Boz qurdun mədəni qəhrəman funksiyası bu poeziyada bir mühüm motiv kimi keçir. Şair oxucunu daim mifik situasiya içərisində saxlamağa çalışır, yəni bu nümunələrdə  mif müasir düşüncə tərzinin özünə çevrilir. O, nağıllar dünyasında yaşayan müqəddəs ruhun yenidən canlanmasını dədənin nəvəyə danışdığı nağılda görmək istəyi ilə onu bugünkü günümüzə gətirir.

Ay dədə, nəvənə bir nağıl danış.
Ovsunlu tilsimli bir qurd nağılı
Ay dədə, nəvənə bir nağıl danış.
Bu nağıl içində bir yurd nağılı.

Şairin bütün şeirlərində nəinki Boz Qurd digər zoomorfik elementlər poeziyaya adi elementlər şəklində deyil, mövzu və ideya ilə həmahəng olaraq sistemli halda gətirilmişdir. Elə “bir qurd nağılı” şeirində şair nağıllı dünyasından söz açarkən digər zoomorfik elementləri: ilan, kəklik, boz qurdu yada salır. Siyasi məna daşıyan bu şeirdə kəkliyin, ilanın, funksional semantikası fonunda boz qurdun funksiyasına da aydınlıq gətirilir.

Bu nağıl içində xınalı kəklik
Oxuyur, aldadır, aparır məni.
Yurdumdan, yuvamdan, elimdən eylər,
Əslimdən kökümdən qoparar məni.

Şeirdə ilan obrazı təhlükə, ölüm daşıyıcısıdırsa, Boz qurd xilaskar hamidir.

Gələr dişlərində yamyaşıl zəhər.
Kəklik də qaqqıldar hey başım üstə.
Ilan da qıvrılıb haça diliynən
Deyə ki, “sonundur, gəl aman istə”

Bu dəmdə hardansa bir boz qurd çıxar!
Ulayar bir ağız o yurda sarı.
Qabarar tüklərin başında biz-biz,
Doğmamtək yüyürrəm mən qurda sarı.

Şeirlərində qurd obrazını rəngarəng çalarlarla göstərən şairin yalquzağa xüsusi münasibəti var.

Sevda dəlisiyəm, adım
Qurddu, yalquzaqdı mənim.
Kim mənimlə yol gedəcək,
Mənzilim uzaqdı mənim,

- deyə azadlıq yolunda mübarizəyə atılaraq bu yolda hələlik yalquzaq qurd olduğunu  və ardıyca azadlıq aşiqlərini səsləyərək ona qoşulmağı arzulayır.

Üzün dönməz, sən sənsənsə,
Göydən yerə fələk yensə.
Dur ayağa, gedirsənsə,
Mənzilim uzaqdı mənim.

Şair öz silahdaşlarına:

Getməsən üzr diləmə,
Gözümdən yaşlar ələmə.
Məni yolumdan eləmə

- kimi müraciətləri ilə yalquzaq kimi bu döyüşə getməli olsa da, məqsədindən daşınmayacağını bildirir. Şeirdə “yalquzaq” obrazının köməkliyi ilə R.Behrudi arxaik təfəkkürlə əlaqə quraraq öz hiss və duyğularını ifadə edib, xalqın şüuruna psixoloji təsir etməyə cəhd göstərir. Şairin öz ruhundakı tənhalıq da yalquzaq obrazı ilə dilə gətirilir.

“Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin

“Mən haqqa sığınmış qərib dərvişəm” şeirində isə:

Elə bu yaddaşla, elə bu ruhla
Tək-tənha dolaşdım yalquzaq kimi...
Ruhum, yaddaşım da dedi ki, haqqam.
İçimdə gizləndi nə qədər bu haqq.
Üz tutub Tanrıma dualarımla
Qurd kimi gecələr uladım ancaq...

- söyləyir şair.

Müstəqillik dövründə xüsusilə, 80-90-cı illərdə Boz qurd obrazı şairin əksər şeirlərində azərbaycanlıların inamlarına nizam verərək milliyyət duyğusunun tarixi təşəkkülü prosesində əhəmiyyətli yer tutmuş, azərbaycançılığın, milli idealın, millətsevərliyin rəmzinə çevrilir. “Turan qalxıb ayağa” şeirində şair özünü:

Tanrı övladıyam mən,
Yeddinci qatdan gələn,
Mayası qurddan gələn, - adlandırır.

Şeirdə qurdun birbaşa əcdad funksiya daşıması aydın görünür. Qurdun əcdad funksiyası daşıması şairin bir çox şeirlərində öz əksini tapır:

Soyum türk, köküm qurd-doğru
Önündəki yolum bağlı,
Könül, qəm çəkmə qurd oğlu
Dönüb qurd olur, qurd olur

misralarında özünəqayıdış funksiya daşıyıcısıdır.

Bayrağına qurd yapan,
Turan adlı yurd yapan,

- misralarında Qurdun bütün türklərin Böyük Turanın simvolu olduğu qələmə alınır.
Digər  bir şeirində deyilir:

Qurdu ölən dağ bizim,
Ötən ötüb çağ bizim.
Qurdbaşlı tuğlar bizim,
Gəlsin doğan dan olsun.

R.Behrudinin etnopoetikası Qurd obrazı ilə sıx bağlıdır. Məs: Azərbaycan dilində tez-tez eşitdiyimiz qaynağında əski türk mif süjetləri dayanan uzun ömürlülüyü bildirən metafora olunan, “qurd ilə qiyamətə qalmaq” deyimi də şairin misralarında müasir həyatla səsləşir.

Köşkü Tanrım, bir yurd olum,
Doğma olsun sağım-solum.
Dönüm axır Bozqurd olum,
Qalım qiyam-qiyamətə.

və yaxud

Ömür keçər, yalqız qallam qurdunan,
Dağ çayları haray sevər, dağ-duman.
Köz ocaqla. Mənimki də yurdunan...
Qoymur dünya, qoymur məni yaşayım.
 
Əksər şeirlərində dini baxışlarına görə İslamdan öncəki inancları üstün tutan müəllif  “Vida türküsü” şeirində qılınan namazın belə qurd üzünə qılana, yəni hesab etdiyi kimi əsl türkə çağırış edir.

Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə.
Namazın qurd üzünə,
Yarpaq üstə qılan gəlsin.

Göründüyü kimi, Bozqurd R.Behrudi poeziyasında xilaskar, bələdçi, geneoloji funksiyaların daşıyıcısı olmaqla, həm də ilahiləşdirilmiş, müqəddəslik səviyyəsinə qaldırılan sakral obrazdır. Bu obraz onun  milliyyətçilik duyğusunu gücləndirir,  milli idealın, türklüyün, türk millətsevərliyinin rəmzi kimi çıxış edir.

Xanım SULTANOVA
Bakı Slavyan Universitetinin dosenti 

 





13.08.2018    çap et  çap et