525.Az

"Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün nümunə olacaq"


 

"Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün nümunə olacaq"<b style="color:red"></b>

Məlum olduğu kimi, 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası  Bakıda keçiriləcək.

Prezident İlham Əliyev artıq bununla bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, mədəniyyət naziri Təşkilat Komitəsinin sədri təyin olunub. 23 üzvdən ibarət Təşkilat Komitəsinin üzvləri də müəyyən edilib. Sərəncama əsasən, Təşkilat Komitəsi 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.

Məsələyə münasibət bildirən  Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, prezident İlham Əliyevin YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncamı yüksək qiymətləndirilməlidir. Bu tədbir YUNESKO-nun Azərbaycanda keçirilən ilk tədbiri deyil. YUNESKO-nun marağında olan problemlərin həlli istiqamətində görülən işlərə Azərbaycan səviyyəsində hər zaman yüksək diqqət göstərilib. Onun sözlərinə görə, YUNESKO-nun Azərbaycana diqqət yetirməsi və tədbirlərini Bakıda keçirməsi həm də I vitse-prezident Mehriban Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü işlərə də qiymətdir: "İlk gündən Mehriban Əliyeva çox böyük işlər görüb, YUNESKO-nun fəaliyyətinə töhfələr verib. Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər və Qobustan Qayaları YUNESKO-nun Ümumdünya İrs siyahısına daxildir. Mehriban Əliyevanın dəstəyi ilə lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Azərbaycanın muğam ifaçılığı, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısında yer alır". Deputat vurğulayıb ki, BMT-nin müxtəlif iclasında dövlətimizdə olan tolerantlıq ənənələri başqa ölkələrə nümunə göstərilib: "Tarixən multikulturalizm ölkə başçısının sözləri ilə desək, həyat tərzimiz olub. Azərbaycandakı multikultural dəyərlər də beynəlxalq tədbirlərdə, xüsusilə, YUNESKO-nun şəmsiyyəsi altında təbliğ olunub və həqiqətən də dəfələrlə bu səpkidə yüksək səviyyəli tədbirlər keçirilib. Ölkəmizdə BMT-nin mədəniyyətlərarası dialoqla bağlı forum və tədbirləri baş tutub. Bu mənada YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ulu öndər Heydər Əliyevdən bu yana 2003-cü ildən İlham Əliyevin apardığı daxili və xarici siyasətin məntiqi nəticəsidir. Bir sözlə, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsini bütün görülən işlərə verilən dəyər  kimi nəzərdə tuturuq".

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, YUNESKO-nun növbəti sessiyasının Azərbaycanda keçirilməsi təşkilatın ölkəmizə böyük önəm verdiyini göstərir. YUNESKO-nun əhəmiyyətinə görə, dünyanın ən nüfuzlu təşkilatlarından biri olduğunu qeyd edən millət vəkili vurğulayıb ki, Azərbaycan bu təşkilatın fəaliyyətində çox yaxından iştirak edir: "YUNESKO-nun növbəti sessiyasının Azərbaycanda keçirilməsi təşkilatın ölkəmizə böyük önəm verdiyini göstərir. Hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən YUNESKO-nun fəaliyyətində aktiv iştirak edib, YUNESKO xətti ilə Azərbaycanın tarix və mədəniyyətinin dünyaya tanıdılmasına, eyni zamanda, bu cür tədbirlərin Bakıda keçirilməsinə öz töhfəsini verib. Təşkilatın 200-ə qədər üzvü var və onun mötəbər tədbirinin Bakıda keçirilməsi ölkəmiz üçün əhəmiyyətli hadisədir. Tədbir çərçivəsində YUNESKO-ya üzv olan ölkələrin nümayəndələri Azərbaycana gələrək ölkəmizlə daha yaxından tanış olacaqlar, Azərbaycan reallıqları ilə birbaşa təmasda olacaqlar. Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya obyektiv çatdırılmasında, Azərbaycanın hüquqi dövlət kimi qarşısında duran problemlərin həllindəki fəaliyyəti ilə tanış olacaqlar". Millət vəkili vurğulayıb ki, sözügedən tədbir sayəsində Azərbaycanın bugünkü inkişaf modeli dünyanın bir çox ölkələri üçün nümunə olacaq: "Tədbirin yüksək səviyyədə keçiriləcəyinə və ən önəmlisi dünyanın bir daha Azərbaycanın mədəniyyəti ilə tanış olmasına mühüm imkanların yaradılacağına şübhə yoxdur. Bu, təkcə dövlət tədbiri deyil, eyni zamanda, böyük bir ictimai tədbirdir. Hər bir Azərbaycan vətəndaşı bu tədbirin ölkəmizdə keçirilməsini alqışlayır və bir vətəndaş kimi onun yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə hazırdır".

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin dediyinə görə, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında prezident İlham Əliyevin sərəncamı çox əhəmiyyətlidir. Çünki YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanın, xüsusilə, paytaxt Bakının beynəlxalq münasibətlərdə, aləmdə nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin ən vacib göstəricilərindən birincisidir. V.Rəhimzadə qeyd edib ki, belə bir tədbirin ölkəmizdə təşkili dövlətimizin qazandığı nüfuzdan, gücdən xəbər verir: "Artıq YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun-10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitə qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən gələcək. Bu tədbir Azərbaycanın siyasi münasibətlərdəki mövqeyini bir daha möhkəmləndirəcək, eləcə də beynəlxalq əməkdaşlıqda kifayət qədər önəm kəsb edəcək. Hesab edirəm ki, bu bütün sahələrdə Azərbaycanın nə qədər inkişaf etməsinin, qüdrətli olmasını bir göstəricisidir. Azərbaycan tolerant bir ölkədir və dünyada əhəmiyyətli rola malikdir. Azərbaycan indiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Bu Azərbaycanın dünya birliyinə verdiyi önəmin bir nümunəsidir. Azərbaycan dünya, beynəlxalq aləm üçün nə qədər əhəmiyyət kəsb etdiyini bu tədbirlərlə, apardığı siyasətlə təsdiq edib".

S.QARAYEVA

 





14.08.2018    çap et  çap et