525.Az

"Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox ciddi əhəmiyyət daşıyır"


 

"TƏDRİS PROQRAMININ BEYNƏLXALQ TƏCRÜBƏYƏ, PROFESSİONAL ÜSULLARA ƏSASƏN HAZIRLANMASI VƏ TƏDRİSİN BU SAHƏNİN PEŞƏKARLARI TƏRƏFİNDƏN APARILMASI İNSTİTUTUN ÜSTÜN CƏHƏTLƏRİDİR"

"Azərbaycan İlahiyyat İnstitutunun yaradılması çox ciddi əhəmiyyət daşıyır"<b style="color:red"></b>

Yeni yaradılaraq fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutuna bu il ilk dəfə olaraq tələbə qəbulu həyata keçirilir.

İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılır. İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Təhsilin ödənişsiz olması, eyni zamanda, məzunların işlə təmin olunmasının nəzərdə tutulması abituriyentlərin instituta marağının artmasını təmin edən əsas amillərdəndir. Ölkədə ilahiyyat sahəsində fəaliyyət göstərən tanınmış alimlər Azərbaycan İlahiyyat İnstitutundakı təhsilin üstünlüklərinə dair fikirlərini bölüşüblər.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva bildirib ki,  Azərbaycan İlahiyyat İnstitutu Dövlət Ali təhsil müəssisəsidir və digər bir çox dövlət və özəl ali təhsil ocaqlarından fərqli olaraq burada təhsil yalnız dövlət sifarişi əsasında, yəni ödənişsiz aparılacaq. Eyni zamanda, tələbələr təqaüdlə təmin ediləcəklər: "İnstitutda ixtisasa uyğun teoloji fənlərlə yanaşı, bir neçə xarici dilin tədrisi, müxtəlif dil kurslarının təşkili, həmçinin, dünyəvi elm sahələrinə aid fənlərin dərs proqramına daxil edilməsi tələbələrin geniş dünyagörüşə malik kadrlar kimi yetişməsində böyük rol oynayacaq. Fikrimcə, İnstitutun əsasən gənc teoloq-mütəxəssislərdən ibarət müəllim kollektivinin ən yeni təhsil praktikasını tətbiq edərək hazırlayacağı kadrlar ölkədə tolerant, tərəfsiz, geniş dünyagörüşlü islamşünas və dinşünas-mütəxəssislərə olan ehtiyacı təmin edəcək.

Ölkə Prezidentinin sərəncamına əsasən, sabiq BDU İlahiyyat fakültəsinin maddi-texniki bazasının Azərbaycan İlahiyyat İnstitutuna verilməsi yeni institutun ən böyük üstünlüklərindən biridir. Bura ilk növbədə Azərbaycan dili ilə yanaşı, ərəb, fars, türk, ingilis, rus dillərində həm klassik, həm müasir elmi ədəbiyyatı özündə ehtiva edən zəngin kitabxana aid edilməlidir. Tələbələr yüksəkixtisaslı pedaqoqlardan dərs almaq, müxtəlif dil kursları, elmi seminarlarda iştirak etməklə yanaşı, 12000 adda ədəbiyyatdan istifadə etmək imkanı qazanacaq. 

Azərbaycan İlahiyyat İnstitutunun elmi-tədqiqat müəssisəsi kimi formalaşdırılması məzunların gələcəkdə təkcə din xadimi kimi deyil, eyni zamanda, öz institutlarında tədqiqatçı-alim kimi fəaliyyət göstərmələri üçün də şərait yaratmış olur. Düşünürəm ki, bu qədər geniş təhsil imkanları yaradan, məzunlara işlə təminatla bağlı perspektiv vəd edən Azərbaycan İlahiyyat İnstitutu ixtisas seçimi zamanı abituriyentlərin diqqət mərkəzində olmalıdır".

Bakı İslam Universitetinin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov belə bir fikri önə çəkib ki, dini təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin və milli siyasətin mühüm tərkib hissələrindən biridir. Ona görə də dini təhlükəsizliyin elmi-nəzəri və metodik əsaslarının hazırlanması, elədə də din siyasətinin həyata keçirilməsində aktiv rol oynayacaq dövlət qulluqçularının, pedaqoji kadrların və din xadimlərinin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır: "Bu baxımdan, zənnimcə, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmizdə din ilə bağlı nəzəri və praktiki istiqamətdə yaranmış bu ehtiyaclara cavab verəcək. İnstitutun əsas hədəfi, İslam başda olmaqla, dinləri tarixi, sosial və fəlsəfi aspektdən öyrənən elmi tədqiqat mərkəzi, həm də yüksək ixtisaslı kadrların hazırlandığı tədris müəssisəsi istiqamətində fəaliyyət göstərməkdir. Tədris prosesinin ödənişsiz əsaslarla təşkil edilməsi, tələbələrin bir neçə xarici dilə yiyələnmələri üçün lazımi tədris proqramının təmin edilməsi, beynəlxalq tələbə mübadilə proqramlarında iştirak etmək imkanları, müvəffəqiyyətlə təhsili başa vuran məzunların gələcəkdə müvafiq işlə təmin edilməsi institutun üstünlüklərindən sadəcə bir neçəsidir. Həmçinin, burada tələbələrin dini və dünyəvi biliklərini artırmaq üçün istifadə etdikləri zəngin kitabxana mövcuddur. Azərbaycan İlahiyyat İnstitutunda təhsil almağın üstünlüklərini və bu sahənin perspektivlərini nəzərə alaraq qeyd etmək istərdim ki, bu institut abituriyentlərin həvəslə yönələcəyi və gələcəkdə dini fəaliyyətin təşkilinə mühüm töhfə verən kadrların yetişdirildiyi təhsil ocağı olacaq".

İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovun fikrincə, Azərbaycan İlahiyyat İnstitunun təsis edilməsi çox ciddi əhəmiyyət daşıyır: "Dünya təcrübəsindən də bilinir ki, dinlərin obyektiv, elmi üsullara əsaslanaraq öyrədilməsi ali tədris müəsisələrində reallaşır. Azərbaycan İlahiyyat İnistitutunda tədris proqramının beynəlxalq təcrübələr nəzərdən keçirilərək professional üsullara əsasən hazırlanması və dərsləri tədris edəcək müəllimlərin işinin bilən, peşəkar mütəxəssislər olması, məncə, institutun üstün spesifik cəhətləridir. Ayrıca, rektorun bu sahənin mütəxəssisi, gənc, çalışqan bir alim olması və indiyə qədər gördüyü konkret işlər onu deməyə əsas verir ki, institut təhsil sahəsində uğur qazana bilər. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, xristianlıq, yəhudilik, hinduizm, buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturlarının tədris edilməsi müxtəlif dünya dinləri üzrə peşəkar mütəxəssislərin hazırlanması baxımından çox mühüm bir məqamdır.

Təhsilin ödənişsiz olması, tələbələrin təqaüdlə təmin edilməsinin nəzərdə tutulması da abituriyentlərin bu İnstitutu seçmələri üçün stimullaşdırıcı amillərdir".

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, sənətşünas Zaur Orucov deyib ki, tarixən olduğu kimi bu gün də Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyaya nümunədir: "Əhalisinin 96 faizi müsəlman olan bir ölkədə digər dinlərin nümayəndələri azad, hür şəkildə dinini yaşayır, araşdırır və özünü ifadə edə bilir. Belə demək olar ki, multikultural dəyərlər nöqteyi-nəzərindən çox gözəl bir nümunədir. Azərbaycan İlahiyyat İnstitutunun yaranması bu ənənənin qorunub saxlanılması baxımından mühüm bir hadisədir. İstər İslam dinini, istərsə də digər böyük dünya dinlərini dərindən öyrənmək istəyən hər kəs burada müasir elmin tələblərinə uyğun pulsuz təhsil almaq və araşdırma aparmaq imkanına malik olacaqdır. Öz sahəsinin yetişmiş peşəkar müəllim kollektivi, rəhbərliyi və instituta göstərilən dövlət qayğısı bunun əsas amillərindən biridir. Ayrıca, institutun nəzdində təhsillə yanaşı, tələbələr üçün ödənişsiz təşkil olunan özünüinkişaf kursları, məşğələlər və xüsusi ilə qədim şərq sənətkarlığına dair təlimlər kamil insan yetişdirmə yolunda atılan mühüm addımdır".

SEVİNC

 





15.08.2018    çap et  çap et