(Əbülfət Mədətoğlunun şeirlərini oxuyarkən...)
Real, axarlı şeirləri ilə özünəməxsus dəsti-xətti olan, "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Ehdiyacın elçi daşı", "Cəzayam sevdiyim qıza", "Allah, məni unutma...", "Mənim kimi sevə bilsən..." kimi poetik topluların müəllifi Əbülfət Mədətoğlu keçən əsrin 80-ci illər ədəbi nəslinə mənsubdur.
70-ci illərdə ali təhsil alıb, ara-sıra şeirlər yazsa da, dövrü mətbuatda ilk şeiri 1981-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. İlk kitabı isə 1989-cu ildə "Yazıçı" nəşriyyatında işıq üzü görüb. Nəzərə alaq ki, 80-ci illərdə ədəbiyyata gəlmək, özünü bir yazar kimi təsdiq etmək o qədər də asan məsələ deyildi. Xüsusilə, bölgədə yaşayıb, yazdıqlarını Bakıda çap etdirmək çox ağır, üzücü iş idi. Lakin Ə.Mədətoğlu bütün bunların öhdəsindən vaxtında gələ bilmişdi.
Adi, zəhmətkeş bir ailədə böyüyən, ali təhsil alan, sonra özünə çətinliklə yuva quran bir şair üçün ən ağır, ağrılı, çəkiləsi çətin olan yük, qurduğun yuvanın, bütövlükdə bir elin, obanın itirilməsi və uzun müddət qaçqın, köçgün həyatı yaşamasıdı. Mədətoğlu o günlər haqqında özü belə yazır: "1991-ci il oktyabrın son gecəsi doğma kəndim, ata ocağım odlara qalandı:
“Yandı evim-eşiyim,
Yandı divarım, daşım...
İsit, qoyma üşüyüm,
İsit məni, göz yaşım..."
Ə.Mədətoğlunun mövzu dairəsi genişdir. Qələmini bir çox sahədə sınayıb. Onun yazdıqlarını təhlil etmək üçün qruplaşdıranda məlum oldu ki, ən çox yurd yanğısı, el-oba dərdi üstünlük təşkil edir.
Əbülfətin ilk şeirləri təbiət, ana, ata, dostlar haqqındadır. Bu da təbiidir. Gözünü dağların qoynunda açan şairin ilk müraciəti etdiyi yer elə təbiət - onun dağları, bulaqları olmalıdır. "Nilufər çiçəyi" kitabında toplanan şeirlər kimi: "Ana", "Nilufər çiçəyi", "Əsgər qardaşıma", "Azıx", "Anam Vətən", "Qavaldaş" və s. Daha sonra şairin məhəbbət şeirləri gəlir: "Bu qızın...", "Qalib", "Ondan sonra", "Doymamışıq məhəbbətdən" və s. Lakin insan zəmanəsinin övladıdı. Nə qədər ki, dağlar yerindəydi, dərələrdə sellər-sular çağlayırdı, günəş dağlardan boylanıb baxırdı Mədətoğlunun yazdıqları da təbii ki, təbiət idi, onun xoşbəxt insanları, sevən gəncləri, gülərüzlü fidan körpələri idi. Söhbət 80-ci illər poeziyasından gedir. Lakin 90-cı illər ədəbiyyatı özündən əvvəlki ədəbiyyatdan kəskin surətdə fərqlənir. Çünki əvvəlki həyat, cəmiyyət, sosial durum, sosial quruluş birdən-birə, qısa zaman kəsiyində dağılmış, necə deyərlər, yox olmuşdu. Və təbii ki, bu da ədəbiyyatın, poeziyanın yönünü, mövzusunu dəyişmişdi.
Ə.Mədətoğlu realist şairdir. Onun gördükləri, yaşadıqları kifayət edir ki, real həyat hadisələrini, həqiqətləri, olanları qələmə alıb oxucusuna ötürə bilsin. Bu mənada şairin "Dərdini danışan adam" kitabında toplanan poetik nümunələri bunu deməyə əsas verir ki, Mədətoğlunun lirik qəhrəmanı məhz elə şairin özüdür. Onun yazdıqları "Üşüyür", "Nişanə", "Dağlar", "Ümid yeri", "Çadırda keçən ömür", "Ağırdı", "Mənim dərdim", "Nağıl", "Qəbir daşı", "Müqəddəs dava" kimi onlarla poetik parçaları çadır şəhərciyində yaşadıqlarının əks-sədasıdır.
Burada - bu düzənlikdə çıxan günəş səhər-səhər dağlardan boylanıb gülümsəmir, birbaşa çadırları yandırıb keçir:
Qaranlığa süzülən -
bir barmaq işıq üçün,
ümid yerimsən, ümid.
Günəş od püskürəndə -
görünən topa bulud,
ümid yerimsən, ümid...
Şairin lirik qəhrəmanı həm ata ocağının, ana yurdunun itkisinə dözməli, həm də çadırın isti, soyuğunda yaşayıb yazmalı idi ki:
Mən bu qaçqın millətin,
Bir sıra nəfəriyəm...
İçimdə dərd, qəm yatır.
Çiynimdə gəzdirdiyim
Yurdsuz övladlarımın
Kəndiyəm, şəhəriyəm -
Başımı onlar qatır...
Şair gördüklərini, yaşadıqlarını, qəlbinə hopan yanğını, ağrını, nisgili sakit-sakit dilə gətirib, qələmə alır. Müharibənin yaratdığı sərt, ağır, fərəhsiz günlərin çoxluğunda o, özünü nağılla ovundurur: "Ətəyimdə daş, ovcumda qum, ağzımda su daşıyıram./İynə boyu divar hörüb, ev olacaq deyirəm bu.../Bu ümidlə yaşayıram..."
Kitabdakı şeirləri oxuduqca çadırda keçən insan ömürləri sanki bir-bir vərəqlənir... Çadır, vaqon evləri haqqında ədəbiyyatda müxtəlif janrlarda çox əsərlər yazılıb. Fərq orasındadır ki, biri var çadırı çöldən, kənardan, bir az uzaqdan müşahidə edib yazasan, bir də var ki, onun içərisində yayın istisində, qışın şaxtasında yaşayıb, yazasan. Qışın oğlan çağında o çadırın içindən, bu tufanı təkcə görən yox, həm də yaşayan Ə.Mədətoğlu yazır:
Hər çadırda bir ürəyin işığı,
Hər ürəkdə qaralan qor üşüyür.
Gözümüzü ovub tökür tüstüsü,
Xiffət çəkib, çatlayan gor üşüyür.
Yağış yağır, od-ocaqsız nəm çadır,
Medalyondur sinəmdəki qəm-andır...
Tanrım, özün bircə çınqı tap, yandır,
Deməsinlər, qaçqın "nə zor" üşüyür...
İstisini külək aparan, tüstüsü göz dağlayan çadır sobalarının qoru da üşüyür... "Çadır şəhərlərində süpürgəyə ehtiyac duyulmur. Zaman özü süpürür. Aparır nə varsa..."
Müharibənin törətdiyi bu faciələr çağdaş poeziyanın əksər mətnlərindən boylanır. İstər Bakıda yaşayan, hadisələri uzaqdan izləyən şairlər olsun, istərsə də hadisələrin mərkəzində, cəbhə bölgəsində yaşayanlar yazdıqları poetik əsərlərin tutumu, faktları, təsvir-tərənnümü baxımından o qədər də fərqlənmir. Yəni hər iki tərəfdən ədəbiyyata gətirilən şeirlər səmimiliyi, reallığı, təbiiliyi ilə oxşarlıq təşkil edir. Qarabağ müharibəsi, şəhidlik, itkilər, ictimai-siyasi hadisələr, qaçqınlıq, köçgünlük Vətənini, xalqını sevən, onun dərdinə yanan hər bir şairin dərd ağacına çevrilir. Lakin hər kəsin - hər şairin öz baxış bucağı da var:
Torpaq nəm, çadır nəm,
ocaqsa soyuq -
Sazaq qılınc kimi kəsir adamı...
Ə.Mədətoğlunun "Saman çöpü", "Nağıl", "Qəbir daşı", "Üşüdüm", "Müqəddəs dava", "Olur", "Kəndim", "Dəyirmanın dəni yoxdur", "Bundan sonra" kimi şeirləri şair qəlbinin Vətəninə, özünə və soydaşlarına elegiyasıdır!
Əbülfətin Qarabağ mövzusunda yazdığı şeirlərini oxuduqca onun çağdaş şairlərdən bir fərqini də aşkar etdim. Maraqlıdır ki, şairin bütün şeirləri daxili monoloq kimi səslənir. Birbaşa öz "mən"indən, sakit-sakit çıxış edir. Sanki öz-özünə pıçıldayır. "Oturduğumuz yerdə bu qədər bəlaları, yağı düşmən, başımıza niyə gətirirsən?" - demir. Axı düşmənin öz xalqı, milləti də yaxşı gündə deyil, aclıqdan, soyuqdan məhv olur.
Şaxta - kiçik nəfəslikdə buz bağlayır,
Soyuqdan ilik donur.
Çadır divarlar içindəki -
Boşluq soyuqla dolur...
Həsrət çəkən gözlərin
Kipriklərindən asılır qrov...
Eh, birdə ki nə fərqi,
Şaxta olsun, ya isti,
Orada ruhlar girov,
Burda ümidlər!
Dərd çoxalanda adiləşər, deyib ulu babalar. Bəlkə də ağrı-acının sonsuzluğundan, çoxluğundandır ki, Ə.Mədətoğlu "Bizə dərdimiz bəsdir, Qalan hər şey əbəsdir" - deyə düşünür?
Ə.Mədətoğlunun dərdləri, yanğıları sel kimi deyil, bulaq kimi dayanmadan, qurumadan axır və axmaqdadır. Başqa sözlə, yanar ocaq kimi həmişə közərməkdədir:
Başımı qatmayın mənim,
Onsuz da yüküm ağırdır
Dərdə elə bürünmüşəm
Başımda tüküm ağırdı...
...Dərdə dərmansız zamanda
Əim göydə, dil amanda,
Azıb qaldığım dumanda
Nə əvvəldi, nə axırdı.
Tarix boyu başqasının torpağına, yurduna göz dikən azğınlar, yağılar da çox olub, yerini, yurdunu dəyişən, qaçqın, köçkün həyatını yaşayan insanlar, yurddaşlar da. "Qaldım havada, Qoruya bilmədiyim, Doğulduğum kənd, bağışla! Bağışla ki, hələ şəhid deyiləm, Uğrundakı müqəddəs davada!"
Müharibənin öz qanunları, qaydaları, diktələri var. Poeziyanın lirik qəhrəmanı bu ağır həyat tərzinə hazır olmalı, dözməli və mübarizəsini, döyüşünü daima, sona, axıra kimi davam etdirməlidir.
Zaman atdan salsa belə,
Sarı simdə çalsa belə,
Kül altında qalsa belə,
Qorumdan söz göyərəcək!
Unutmayın təki məni,
Ortalığa çəkin məni,
Bu torpağa əkin məni,
Gorumdan söz göyərəcək!
Ə.Mədətoğlu, - Vətən, səni sevirəm, - deyə səs-küy, hay-haray da salmır. Lakin yazdığı hər bənd şeirində mütləq onun adını çəkir, itkisinin necə ağır olduğunu, necə göynətdiyini, yandırdığını aşkar bəyan edir. Düşünürəm ki, Əbülfətin poeziyası ədəbiyyatımızın formalaşmasında öz rolunu oynayıb, oynayacaq və geniş oxucu kütləsinin yaddaşında hələ çox illər yaşayacaq.
Bahar BƏRDƏLİ
Filologiya üzrə fəlsəfə doktoru