525.Az

Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası - II məqalə


 

Bədii düşüncənin ali ifadə modeli: Məmməd Araz poeziyası - <b style="color:red">II məqalə</b>

Tanınmış pedaqoq və ədəbiyyatşünas-yazıçı Allahverdi Eminov uzun illərdən bəri Xalq şairi Məmməd Arazın poeziyasını araşdırmaqla məşğuldur. 2017-ci ildə o, "Məmməd Arazın poeziyası" monoqrafiyasını bitirib, lakin nəşrinə hələlik nail olmayıb... Həmin monoqrafiyadan üç məqaləni oxucularımıza təqdim edirik.

Məmməd Arazın poeziyası fəal estetik və intellektual qüvvədir, şeir - mətn bir hərəkətdir, jestdir; belə yaratmaq anlarında və dəqiqələrində aləmdə - aurada heç kəsin bilmədiyi nə isə baş verir. O, bəzi qəliblərdən - standartlardan uzaqlaşmış, məhdudiyyətləri açmağa çalışmışdır - ilk hədəf bu idi. Sonralar şair poeziyanın imkanlarını adladı, fikrin obrazlılığını üstün tutdu. Və belə yanaşmanı gündəlik iş (şeir yazmaq - qaralamaq) kimi qəbul etmədi, mədhiyyələr qələmə almadı, axtardığı poeziyanın dilini daha da canlandırdı, şərhə ehtiyaclı mücərrəd obrazları yaxına buraxmadı, tremendizmin - səslərin təkrarı çərçivəsini özünə xas biçimdə yeniləşdirdi.
Belə mizanlar poeziyada həzinliyə, kövrəkliyə, izi silinməyən nüanslara o qədər də geniş yer ayırmır, şair daha ciddiyyətlə şeirini yazır, oxucusunun romantik ovqatını məhdudlaşdırır, mükəmməl sosial məzmun təsvirindən çıxmaqda çətinlik çəkir. Yox, əgər şairin stili yumşaq zərifliklə ifadə olunursa, şeirin canına hopur, sevgi-məhəbbət hissləri təmiz çalar, rəngarəngliyi həllini tapır.
Oxucu yozar ilk baxışdan ki, söhbət şairin lirikasından, onun daima iki rəngini - yaşıl və sarını saxlayan məhəbbət - sevgidən gedir - o oxucu yanılmamışdır, Füzuli eşqi də deyil...
Məmməd Araz yaradıcılığı boyu ölməz mövzuya daima qayıtmış, özünə xas, mübhəm hisslərini tərənnüm etmişdir. İlk və son şeirlərini ardıcıl oxusan onların yazılma tarixini, yəni poetik ruhunu və şairin Mənini fərqləndirməzsən - poeziya budur - şair - müəllif ovqatının bakirəliyini saxlamış, köhnəlməyə qoymamışdır. Və özümü inandırmaq üçün o şeirləri bir daha astadan oxudum. "Nə bilim", "Səni axtarıram", "Ayrılıq", "Bir sənin eşqinlə", "Unuda bilmirəm", "Sevgi nəğməsi", "O baxışlar", "Necə unudum səni", "Haradasan", "Xatirələr", "Sən getdin"... Siyahını uzatmağa lüzum görmədim. Məncə, adlar çox şeyi pıçıldayır: nakam məhəbbət, sevgi baxışları, sevginin həsrəti, intizar, ayrılıq... Bu həzinlik, kövrəklik, nəmli gözlər məhəbbətin əbədi nişanələridir.
Bir yaşıl yarpaq rəngli misralardır. Hələ şairin ilk gənclik illərinin "quşu qonduğu" qızlara olan məhəbbətidir, ilk görüşüdür, vüsalın təntənəsidir. Və bu məhəbbət bəzən sevgiyə çevrilmədən solur, saralır, haçansa canlanacağına ümid yeri qalmır. Mən şair yaradıcılığında "məhəbbət nədir onun üçün" sualına cavab axtarmışam, hətta fəlsəfəsini düşünmək istəmişəm, lap uzaqlara çıxmışam və qərara gəlmişəm ki, məhəbbət nə sevgidir, nə də eşqdir, az sonra itirilmiş ülvi hisslərin əks-sədasıdır. Bu qənaət də məni qane etmədi. Xüsusilə, Məmməd Araz kimi qüdrətli şair necə olur onlarla bu mövzuda şeirlər yazır, hisslərin tufanında. Bu səbəbdən məhəbbət lirikasının fəlsəfi poetikasını təhlil etməyə çalışdım, yalnız səy göstərmək mümkündür, çünki məhəbbət hissləri "üçüncü" şəxsin duyması və mənimsəməsi mümkünsüz təşəbbüs olardı. Yoxsa yaşın ahıllaşması da, oğul-uşaq və nəvə-nəticə də bu məğlubolunmaz hissin qarşısını almaqda acizdir! Nə gizlədim, şairin şeirlərindən aldığım emosional və intellektuallıq təəssüratımı və fikirlərimi reallıqdan hipoteziyaya apardı, bəzi suallar ortaya çıxardı: məhəbbət (sevgi) hissləri haradan gəlir?
Cavabı cəsarət istəyir, ona görə ki, bu hissin cazibəsində fərd kimi yaşasam da, hələ sirdir - kainatın varlığı qədər. Belədir ki, məhəbbət hələ də inandırıcı tərifini tapmamışdır.
Ümumiyyətlə, məhəbbətin yeganə əmanət bankıdır, illərlə ad sahibi üçün qoruyur və kapitala çevrilir. Şairlər üçün bu "xəzinə" toxunulmazdır, həmişə öz yerini qoruyur, o vaxta qədər... Məhəbbət təkcə "Özü"nə şeir yazdırmır - yaradıcılığa təkan verir, onu alovlandırır, coşqunlaşdırır. Bu gedişatda o qızın (qadının) bəzi əlamətləri mühüm görüntüdür. Birinci, əgər qəfil ürəyə çınqılları düşübsə, yandırır və sönmürsə.
Üzünə doyunca baxmamışam mən,
Gözlərin üzümdə qalandan bəri.
Ürəyim sənlədir, eşqim sənlədir,
Eşqin ürəyimə dolandan bəri.
Könül sevməyəni sevə bilmərəm,
Könlümə yad deyil nə şadlıq, nə qəm.
Kədərə düşmənəm, sevincə həmdəm,
Sən mənim həmdəmim olandan bəri.
Yaxud:
Sinəmə bir eşqin sazını asdım,
Bir könül nəğməmi o dedi, mən yazdım.
Çox eşqin səsinə qulaq da asdım,
Bir sənin, bir sənin eşqinə, gözəl.
İkinci, o, qızın (qadının) ilk baxışdan birbaşa beyninə işləyən camalı: gözləri, qaşları, dodaqları, saçlarının ilğımıdır. Zahiri cəlbetmə lirik xarakter təsiri oyatmalıdır:
Gözümdən getməyir camalın sənin,
Köçüb qonşuluqdan hayana getdin?
Kəpəzmi, Qoşqarmı oldu məskənin,
Yoxsa onlardan da o yana getdin?

Qoynunda dəfinə tapdığım zaman,
Ucaltdı dağ boyda hansı dağ səni?
Nərgiz rəng aldımı yanaqlarından,
Öpəndə nərgizli bir yaylaq səni?
Üçüncü, qızın (qadının) əlçatmazlığıdır, aşiqin əlinin belə toxunulmamasıdır məşuquna. Oğlan da, əlbəttə, cəsarət göstərməyə cürəti çatmır, hissləri bu həsrət yükünün altında iztirabı həmdəm sayır, sanki aralarında "hüquq səddi" var. Və nə yaxşı belədir, yoxsa xatirələr ilk dədiqələrdən ölmüş olardı:
Mən keçə bilmirəm hüquq səddini,
Qanunlar, adətlər quru arx deyil!
Qoy səni dərməyim bir çiçək kimi
Qoy səni seyr edim, bu günah deyil.

Bir gözəl görməsin bu ləçəkləri,
Burda qasırğalar at çapır yaman.
Arazlı, şaxtalı qış küləkləri
Təzə çiçəkləri tez tapır yaman...
Məmməd Araz "Yelena" şeirində bu məsələni bariz şəkildə qoyur, bir xeyli də siyasiləşdirir. Beləcə, iki sevənin həsrət notları pıçıldamır - eşidərlər!
Bilmədik: sərhədə,
Məhəbbət qatarı
Görüşlər boşaldır,
Ayrılıq aparır.
Bilmədik, bilmədik
Siyasət çayından keçəcək
Məhəbbət gəmimiz.
Sonuncu hədiyyə olacaq
Birinci qəmimiz...
Dördüncü, təmasdır və bu, beyində iki cür əks-səda oyadır: mənəvi və bioloji aspektdə. Hər ikisi bir-birini tamamlayırsa, uzun ömürlüyə zəmanətdir. Aşiq xüsusilə davranışını ödəyəcəkdir, ünsiyyətin məişət çalarlarını reallaşdıracaqdır, gələcəkdə ailə də quracaqlar.
...Nə gənclik darağı gəzir telimdə,
Nə də ki, ünvanlar alan çağım var.
Bir az da baxışım qalır əlimdə,
Bir də icazəsiz zövq almağım var.
Bir əsər yaranar ani həvəsdən,
Havamdır, suyumdur hər səs, hər nəfəs.
Gülüm, gözəlliyə biganə kəsdən
Adi bir nalbənd də yarana bilməz.
Şair misralarda susmuş təması ("sərhəd" qanunlarına görə) mübhəm çalarlarla verir və oxucuya pıçıldayır ki, təmas vasitəsilə oğlan (kişi) qızın (qadının) səs ahəngini bilavasitə duyur; səsin həlimliyi, kövrəkliyi proqnoz verir ki, subyektin xasiyyəti xoşagələndir, davranışı yumşaqdır, istiqanlıdır. Təmasda səsin emosionallığı, əllərin istiliyi, dodaqların titrəyişi toxunmaq cəsarətinə sövq etdirir. Əsəb sistemi toxdayır, daxili qürur hissi keçirir və iztirabın oyanışı yaranır.
Beşinci, qısqanclıq atəşidir, aşiq hey fikirləşir ki, başqa kimsə onun məhəbbətini oğurlayar, o isə... acizliyindən xəcalət çəkər. Ona yalnız xatirələr qalar və bunu o, özü üçün faciə sanar. Qısqanclıq hətta ərli qadına qarşı da olur, gəlin pəncərə önündə durub ərini gözləyəndə də qısqanclıq onu rahat buraxmır, "alır qucağına xəyallar məni" - etirafı əsəblərini titrədir. Və özünə suallar verir: "İnsan da bu qədər cüt yaranarmış. Həyatın nə incə sirləri varmış?" Həyatın sirlərini açıqlayır bu dəfə:
Həyatın nə incə sirləri varmış?
İnsan da bu qədər cüt yaranarmış...
Lakin qısqanclığın üzü yamandır,
Sevgilim küsməsin məndən, amandır...
Məmməd Araz şeirində məhəbbət hissləri nə qədər güclü və həzin, unudulmaz və xatirələrlə bağlıdırsa, anaya məhəbbət munisliyi də bir o qədər güclü və həzin, unudulmaz xatirələrlə bağlıdırsa, anaya məhəbbət munisliyi də bir o qədər (bəlkə də çox) də tərənnümü tapmışdır. Ana obrazı bəzən uşaqlıq və gənclik, bəzən də müstəqil çağlarında təsvir olunmuşdur. Təsadüfi deyil, şair kitablarından birini "Anamdan yadigar nəğmələr" (1966) adlandırmışdır.
Haşiyə çıxardım ki, Məmməd Araz şairliyinin mənbəyini, ilk qığılcımlarını ali hisslərindən süzüldüyünü etiraf edir və haqlı borcun ödənilməsidir. Anasının anası (yaxud atasının anası - fərqi yoxdur - anadırlar) balacalıqdan nağıllar, əfsanələr danışar, sinəsi - kitabdan səhifələri "çevirərdi". Psixoloqlar nədənsə şairin poeziyasından, istedadından araşdırmalarında anadan keçən genetik məsələlərə laqeyd qalırlar. Nizami, Füzuli və başqalarının övladları şair olmuşlar, şübhəsiz, ata kultu ilə yanaşı, ana südündən gəlmə genlər də vardır. C.Cabbarlının anası, S.Vurğunun nənəsi sinə dolu söz sahibləri olmamışlarmı?..
Məmməd Arazın "Nənəmin kitabı" şeirini oxuyanda bu fikrə gəldim.
Könül nə danışdı, nə dedi mənə -
Uçdu körpəliyə xəyalım yenə...
Durdu gözlərimdə ixtiyar nənəm,
Vüqarı dağ nənəm, saçı qar nənəm...
Şair yenə də xəyalını uzaqlardan çəkib gətirir, nənəli çağlarına körpü salır, təxminən iyirmi beş yaşında (şeir bu vaxt yazılıb); informasiyalar itməmişdir!
Elə bil saçımı darayırdı o,
Qəlbimi, fikrimi arayırdı o,
Duyurdu üzünə dikilən baxış,
Deyir ki, ay nənə, bir nağıl danış!
Yenə də kitabı varaqlanırdı,
Qəlbi gah sevinir, gah da yanırdı...
Nənəsinin sinəsindən dilinə süzülən bayatılar, nağıllar, dastan qəhrəmanları Zərnigar, Valeh, Leyli, Məcnun...
Ordakı nağılın hüdudu hanı?
Saysızdı ondakı hünər dastanı.
Ondaydı ellərin fikri, nəfəsi,
Keçmişin sükutu, bu günün səsi -
Nənəmin səsində, dilində idi,
Elə bil hər nə var əlində idi...
Şeir oxucunu istər-istəməz nənəli illərinə qaytarır və mən də istisna olmadım, ata nənəmi beş yaşında itirdim. Onu Qazaxın Birinci Şıxlı kənd qəbiristanlığında həyat yoldaşı Hacı Eminin türbəsində dəfn etdilər. Qəribədir, yetmiş il ötüb, onun boyunu, uzun bamaqlarını, dümağ saçlarını, səsini yaddaşımda saxlamışam... O da mənə bayatılar, nağıllar danışardı, Qazaxda gedən feodal davalarından (kəndlər və obalararası) söz salardı. Deməli, nənələr bir-birinə oxşayır, söz bulağından su içibdir, sinəsində sözləri göyəribdir, solmağa qoymayıblar.
Sinəmə çox kitab yazdı o kitab,
Onun Araz kimi kükrəyib daşan,
Kürün nəğməsinə nəğmələr qoşan,
Hünər dastanı da, sevinc səsi də,
Bəzən söz üstündə titrəməsi də
Nənəmin qəlbindən qəlbimə doldu,
Məni şair edən o kitab oldu.
O kitabın səsi el səsi idi,
O kitab nənəmin sinəsi idi.
Məmməd Arazın "Son anında", "Ana yaşı", "Oyat məni", "Cümə günləri" şeirlərində anaya dərin və ölməz məhəbbət, ana itkisindən doğan kədər və pərişanlıq... Şairin yaşı bu sevgidə uşaqlaşır. Budur, şair daha uşaq da deyil, sərbəstdir, həyatın qoynundadır, lakin üzünü anasına tutur və:
Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni,
Yuxularda keçsə həyatım, ana!
Bu çağırış səbəbsiz deyil ana üçün. O, həyatın daşlı-kəsəkli yollarındadır. Dünya onu yaratmış ki, işləsin, yazıb-yaratsın, öz tale borcunu ödəsin. Amma ana ürəyi istəmir oğlu əzablarla qarşılaşsın, gərgin düşünsün, vücudunu ləngitsin. Övladının ayağına bir gücsüz çınqıl daş dəyərsə, dərhal ana ürəyində əks-səda verir. Xoşbəxtlikdən şair oğlu əməksevərdir, fikir adamıdır.
Yox, bir an zəhmətsiz vursa ürəyim,
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.
Boranlı gündə də, qarlı gündə də,
Mənə: - "Oturma, dolan, gəz" de, ana.
Yaralı bir pələng can üstündə də,
Dovşanın ömrünü istəməz, ana!

Vətən torpağından söz alır sinəm,
Gəzim çəməni mən, anım dağı mən.
Ana, istəmirəm, yox istəmirəm,
Yuxuda tapılan sağlamlığı mən...
"Son anında" şeirini oxudum, nə gizlədim, qəhərləndim, analı dünyamın yoxluğunu ağrımla yenidən yaşadım: Məni ağuşunda qov kimi sıxan, belində gəzdirən anam son günlərində qaldırıb sinəmə sıxdım. İlahi, onun çəkisi hara çəkilmişdi?! Analar son nəfəslərində ruha dönüb cənnətə uçurlar!
Məmməd Arazın bu şeiri dərin ana məhəbbətinin yaratdığı poetik möcüzədir! Şeir məni bu yaşımda sarsıdırsa... şeirdir! Şairin hünəridir! Ehtiyac varmı onu ədəbiyyatşünaslıq terminlərilə təhlil edim?!
Axır nəfəsinə yetişmədim mən,
Son dəfə bağrıma basmadım onu.
Ah, niyə görmədim gözündə sönən,
Son həyat eşqini, son arzusunu.

Yudu başdaşını gözümün yaşı,
Göz yaşı yeni can vermir adama.
İlk dəfə qarğıdım qohum-qardaşı
İlk dəfə acıdım doğma atama.

Qapadı gözünü o, mənsiz, necə,
Necə dəfn etdiniz məndən xəbərsiz...
Bir qarı dilləndi: "Anan ölüncə
Dedi ki, balamı çağırmayın siz.
Qorxar... işi çoxdur... azca ağladı,
Qorxdu ki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... qəhərlənərsən..."

Yarama köz basdı bu söz də mənim,
Qopdu ürəyimdən yanıqlı nida:
Ana qəlbinə bax! Övlad qəmini,
Görmək istəməyib son anında da.
Oxucumu güman ki, yormadım  şeiri büsbütün köçürdüyüm üçün - özümdən asılı olmadı - qıymadım misralardan kənarda qalanı olsun, oxucu nigaran qalar...

***
Poeziya sənətindən danışmışam, ehtiyac görmürəm ümumi timsaldan çıxış edim. Poeziyanın hər bir şairdə verilmiş ünvanı var və bunun köməyilə oxucu arasında vasitəçilik yaranır. Poeziya hadisələri, faktları təsvir etməkdən əlavə, bu tərənnümün içərisində toxunulan şeylərin arasındakı əlaqələri, bağlılıqları ilə ifadə ilə çatdırır. Və xatircəm, əzmkar üslubu seçir. Həqiqətdir ki, qurbağa kimi soyuq şeir yoxdur - əgər poeziyadırsa, ruhi ehtiyac mütləqdir. Amma şairin mübhəm yaradıcılıq meyilləri şəksizdir, işıq bol olmalıdır. Bəs şairi hansı anlardasa, dəqiqələrdəsə, saatlardasa şeirə gətirən nədir? Konkret desəm: insana və təbiətə olan bədii-estetik duyumun təsiridir, şeirə qarşı kinli məmnunluğunu büruzə verməməlidir. Təəssüf ki, şair ovqatı təbiətdən zövq alırsa, insanların qəbahətli və fəsadlı əməllərindən usanır. Prosesdə şairə gərəkli impuls verən təbiət olur: Onun gecəsi və gündüzü, dağları və zirvələri, çayları və dənizləri. Bu fikrə, nəticəyə, cəsarətə (axı, şair deyiləm!) Məmməd Araz poeziyasındakı məhəbbət anlamının daha bir çalarında gördüm; şair təbiəti fantom şəklində qavrayır, onun xırda keçici atributlardan təmizləyir, şairin kədərinə şərik çıxır.
Deyərdim ki, Məmməd Araz təbiəti içərisində natəmizlikdən qorumaq üçün hasarlanmış məkandan baxır, duyğulanır; bu obyekt isə "gecə" məfhumudur. Şairin humanizminə dəlalət edən, gecələrdə insan nəfəsi axtaran gerçəkliyi yaşayırıq. Mən bu baxımdan məhz Məmməd Arazın "Gecə düşüncəsi", "Gecə nağılı", "Şuşada bir gecə", "Bir axşamın balladası", "Bakının gecəsi" şeirlərini təhlil predmeti seçdim, təbii ki, bütün təfərrüatı ilə yazmaq niyyətində olmazdım, ayrıca bir tədqiqat mövzusudur, - yanılmaram. Bu şedevr nümunələrində obrazlı desəm: göy işığını, səmavi irfani rəngin çalarlarını gördüm. Həssas oxucu şeirlərin adından mənim heç də yanılmadığımı təsdiqləyər! Maraqlı sual yarandı məndə, cavabını yalnız yozumla təsdiqləyərdim: birincisi, yaradıcılıq psixologiyası ilə şərtlənir, poetik ilham gecənin romantikasından dirçəlir, mənzərəyə laqeyd qalmır və nəsə pıçıldayır. İkincisi, şairin hisslərinin təkamülünün əxlaqi tərəfidir və sosial təəssüratın bir fazası kimi təzahür edir, onda o ümid yaranır ki, insan əxlaqı (davranışı) mühitin törədiciləri olan fəsadları sanki gecənin qahmar çıxması ilə özünü təmizliyə aparır. Şair üsyankarlaşır, imkanından yuxarını düşünür.
Arabir dünyanı
Yaradan hikmətlə
Döyüşmək istəyirəm.
Dünyada əbədi
Qanunlar hökmünü
Dəyişmək istəyirəm...
İnsan əxlaqını tarazlaşdıran sosial və bioloji fəaliyyət qanunlarının köməyi ilə təmin olunur, bu isə bilərəkdən pozulanda mənəvi-əxlaqi konsepsiyalar öz qüvvəsindən düşür. Davranış (əxlaq) sosial gerçəkliyin bir şərti kimi çıxış edir, hətta "Arabir dünyanın tərsinə dolanmağını istəyirəm" (1967) - deyir. Görkəmli şair Bəxtiyar Vahabzadə "Axı, dünya fırlanır" şeirində Məmməd Arazın fikrinə gəldi (1985).
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

...Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Məmməd Araz tərsinə fırlatmaq istəyir dünyanı, bu, səbəbsiz deyil: Dünyanın - Kosmosun əks tərəfi gecədir, bir üzünü Yer planetinə göndərir. Şair kosmoloji düşüncəsilə Ayın ətrafında hərlənən canlı (cansızmı?) aləmin qaranlıq üzünü görmək istəyir.
Tərsinə fırlanmağını
istəyirəm:
Bəlkə onda görərik
Ayın qaranlıq üzünü,
Adamların üzünün
Əbədi gündüzünü.
Bəlkə onda
İqlimlər tamam
dəyişə bilər.
Yerini Amerikayla
Vyetnam dəyişə bilər...
Şair ABŞ-ın Vyetnam Respublikası ilə uzunmüddətli müharibəsini, onun dənizinə - okeanına - Xorosimaya atdığı atom bombasını nəzərdə tuturdu. Və əsəblərində hətta "mağara dövrünə qayıtmaq" istəyir, axı, o zaman kəsiyində "mənim-sənin" yox idi, silah da! İnsan qarğışı lüğətə düşməmişdi.
Dünyada ağ və qara irqlər, müsəlmanlara və qaçqınlara müharibə, elansız-filansız, qohumbazlıq və yerlibazlıq... aradan yığışdırılardı.
Balaca xalqlara
Mədəni təzyiqlər az olar.
Bəlkə onda
Alınma vəzifələr
Adamını tapar, -
Məmməd Araz uzaqgörənliyidir ki, ötən əsrdə bu gün bir qrup "kosmopolit" öz hökmranlığını təmin etmək naminə ortaya "qloballaşma" anlayışını atmışdır. Müəllif nə vaxtdan bu sözün altında pərdələnən məkrə işarə vurmuşdur! Üçüncüsü, insan özünün həyat fəaliyyətinin imkanlarının dərki dərəcəsini müəyyənləşdirməlidir, alilər özünün əxlaqi-idarəetmə vəzifələrində yanılmamalıdır, fərdi xudbinliyi cəmiyyətə sırımamalıdır. Bu gün əsrin alışdığı və aşıladığı bir şərti "bəlkə"lər mövcuddur, çalışırlar ki, insanların şüurunda yalançı ümidverici "bəlkə"lər əqidəyə çevrilsin. Məmməd Araz belə bir aqressiv psixologiyanı humanizmlə qarşılayır:
...Bəlkə... nə bilim...
Siz Allah,
Suallı "bəlkə"dən yapışmayın,
Siz Allah, insanın
İnsani səhvini bağışlayın...
Uşaqlıqdan nənəmiz nağılı - gecədə axşamın yorğun çağında danışdığı əhvalatların sehrində xəyalımızı əjdahalar, divlər, qalacalar oğurlayardı və bir ağ göyərçin hayımıza çatardı. Böyüdük - gəncləşdiksə, yenə nənəmizin nağılının həsrətində qaldıq. Yaşa dolduq, başladıq özümüz nağıl söyləməyə. Məmməd Arazın gecə nağılı şair romantikasının qığılcımıdır ki, ürəyindən ulduzların yanıb-sönməsi, gecəyə məxsus səssizlik və şairin hisslərinin tüğyanı poeziyasına xas təmiz xəyali həqiqətlərin təzahürü və vahid üslubdan imtina etməmək:
Ah, bir dərə söykənəydi,
həyətimin divarına,
Bir çay qonşu kəsiləydi gözlərimin
şirin yuxu damarına.
Nəhəng zülmət qalası tək,
Qaranlıqda seçilən
O zirvədə bir ocaq yanıb
Göz yumaydı çimir-çimir.
İlk baxışda bilməyəydim
o ulduzdur, yoxsa ocaq.
O sönəndə onu göymü,
Yermi ağlayacaq...
Şairin öz obrazını görürük. O, gecənin rənginə bürünüb göydə ocağa dönən ulduzlarda əhvalını axtarır, hardasa bir it səsi, it hürməsi səssizliyi doğrayaydı - bir mübhəm gecə mənzərəsi. Şairin ürəyindən daş üstə oturub gecəni ağuşuna alması keçir - nə qəribə arzu! Gecələr daşlar soyuq olmur, gündüzün hənirtisini canında yaşadır, o isə gecə nağılını astadan danışmaq istəyir, necə ki, bir zaman belə nağılları nənəsindən eşitmişdi. İndi o nağıllar əlçatmaz əfsanədir, bu ulduzlu gecədə qeybə çəkilib. Bəlkə də elə yanan ulduzlara o nağılları pıçıldayır, nəvəsi eşitməsin. Axı, analar ölmür! Şair o nağıllarla, hansı ki, qayaların səsindədir, dağların zirvəsindədir, səmanın gömgöy rəngindədir.
Bu nağılla yol gedəydim,
Yol gedəydim, iki yolun
Ayrıcına çatanacan.
Bu yolların birisini düyünləyib
Arzuların dalısınca atanacan.
O yolların birisiylə
Uşaqlığa çatanacan...
İnsan ömrü də belədir: uşaqlığından on illərlə uzaqlaşsa da, yenidən qayıdır uşaq çağlarına, uşaqlaşır və ərköyünləşir, xatirələrinə pənah gətirir...
Belə bir romantik ovqat "Dərə" şeirində başqa notda səslənir: şair dərənin dərinliyində və darlığında qəribə xəyallara dalır: udur nərələri, çayları, div ədalı ildırımları tutur. Bəlkə murdar bu dərə? Məzarlarmı səsləri qeybə çəkir, sözüylə dəfn eləyir? Şairi bu dərə heyrətə gətirir, "heyrət" poetik-misraları haraylayıb çağırır. Şeirdə dərə şəxsləşir, iyrənc qəddarlıqdan uzaqlaşır, təbiətin yabançı mərhəmətini udur. Dərə epik-romantik obraz təsiri oyadır, insan gözəlliyinin qürur mənbəyinə çevrilir. Dərə vadi deyil a! Dərə öz dərinliyində əyilməzlik, çarpışmaq xislətli, uçurum dibində isə zərif canlıların ədalarını qoruyur - belə ömrünü yaşayır.
Bu dəfə nə dərin, nə dar dərədir,
Bura muzey dərə, məzar dərədir.
Qayadan-qayaya atılan kəllər,
Buraya dirənib buynuz tökərlər.
Bir uçurum dibində ceyran izləri,
Son guman yer ilə qısılıb qalıb.
Bir qaya döşündə nə vaxtdan bəri,
Bir qartal qanadı asılı qalıb...

Şeir oxumaq mənimçün xeyli assosiasiyalar doğurdu: həm özümün real yaddaşından, həm də başqa şairlərin söz xəzinəsindən. Təbiəti uşaqlıqdan və gənclikdən sevmişəm, Qazaxa, ata-baba yurduma hər yay tətilində getmişəm, xalamoğlanları ilə Qarayazı meşəsinə, Kürün burulan görümünə və cayırlı, yulğunlu deltalarına saatlarla tamaşa etmişəm. Havadan Yerə göz tuşlayan qartallara da baxmışam. Məktəbə qayıdanda gördüklərimi şagird dostlarıma nağıllamışam, qürurlanmışam! Məmməd Arazın "Dərə"si məni o uzaq illərə apardı, amma şairin duyğusunu, yaşantılarını o vaxt anlaya bilməzdim. Sən demə:
Ürəyi dolanda təbiət hərdən,
Çəkilib gecələr ağlar burada.
Qasırğa əlindən, tufan əlindən,
Qaçırıb dumanı, saxlar burada.
Onda eraların hiddəti yatır,
Doğulub öldüyü müddəti yatır.
Burdan çıxmalıyam uca dağa mən,
Qorxuram qorxumdan qışqırmağa mən.
Görəsən, o uşaqlığımda məndəmi qorxmuşam, xatırlaya bilmədim. "Qorxmaq" sözünün mənasını anlamadığım üçün qorxmamışam...

 





17.08.2018    çap et  çap et