525.Az

Koçaryanın xüsusi yaltaqlıq və inandırıcılıq qabiliyyəti var


 

“PAŞİNYAN ENERJİSİNİN BƏLKƏ DƏ ƏSAS HİSSƏSİNİ KOÇARYANIN SİMASINDA YENİ FORMALAŞACAQ MÜXALİFƏTLƏ MÜBARİZƏYƏ SƏRF ETMƏLİ OLACAQ”

Koçaryanın xüsusi yaltaqlıq və inandırıcılıq qabiliyyəti var<b style="color:red"></b>

“Robert Koçaryan ən mənfi “titullara” layiqdir, ancaq o, hər nədirsə təhlükəli siyasi fiqurdur. O, sıradan biri deyil, Azərbaycan torpaqlarının işğalını və etnik təmizləməni təşkil edənlərdən biridir, SSRİ və sonra Rusiyanın Xankəndidəki hərbi qüvvələrini öz tərəfinə çəkən şəxsdir, bunu bacarmaq isə xüsusi yaltaqlıq və inandırıclıq qabiliyyəti tələb edir”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Koçaryanın siyasətə qayıtmaq haqda qərarını şərt edərkən deyib.

Politoloq hesab edir ki, Koçaryan siyasi fiqur olaraq Sarkisyanı üstələyir: “Mən 1990-cı illərin sonunda həm Robert Koçaryana, həm də Serj Sarkisyana müxtəlif suallar vermişəm və aldığım cavablardan gəldiyim qənaət budur. Elə ona görə də baş nazir Nikol Paşinyanı aşırtmaq istəyən “Qarabağ klanı”na və Ermənistandakı ruspərəst qüvvələrə Koçaryan başçılıq edəcək. İstisna etmirəm ki, Koçaryan keçmiş müttəfiqi Daşnaksütyun Partiyası ilə artıq danışıqlara başlayıb. Məhz bu partiyanın deputatları prokurorluğa müraciət etmişdilər ki, Koçaryan həbsdən azad edilsin. Həmin deputatların parlamentdə Paşinyanın əleyhinə səs vermələri yetərlidir ki, indiki baş nazir hakimiyyətini itirsin”.

Koçaryanın həbsdən sonrakı müsahibəsindəki fikirlərinin həqiqətdən uzaq olmadığını deyən E.Şahinoğlunun sözlərinə görə, Ermənistanın eks-prezidenti deyir ki,  Azərbaycanda Surət Hüseynov qiyam qaldırmasaydı, onlar Azərbaycanın torpaqlarını işğal edə bilməzdilər: “Yanlışmı deyir? Deyir ki, Paşinyan siyasətdə təcrübəsizdir, ordunun nəbzini duya bilmir, bölgədəki geosiyasi proseslərdən başı çıxmır və bu da Ermənistanın kövrək balanslaşdırılmış siyasətinin məhvinə gətirib çıxara bilər. Ermənistanın eks-prezidenti Rusiya-Amerika münasibətlərindəki gərginliyi, İrana qarşı artan sanksiyaları, Türkiyə-Azərbaycan müttəfiqliyinin güclənməsini, hətta Gürcüstanın NATO üzvlüyünə yaxınlaşmasını Ermənistan üçün ciddi təhdidlər kimi dəyərləndirir. Koçaryan bu fikirlərində də haqsız deyil.

Beləliklə, Paşinyan yaxın günlərdən başlayaraq enerjisinin bəlkə də əsas hissəsini Koçaryanın simasında yeni formalaşacaq müxalifətlə mübarizəyə sərf etməli olacaq”.

Ceyhun ABASOV

 





18.08.2018    çap et  çap et