525.Az

“Yanlış təmayüllərlə mübarizədə dini savada malik qadınların iştirakı təqdirəlayiqdir”


 

“Yanlış təmayüllərlə mübarizədə dini savada malik qadınların iştirakı təqdirəlayiqdir”<b style="color:red"></b>

“525”in müxbirinin suallarını Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı cavablandırır.  

- Qəmər xanım, bildiyimizə görə, siz İslam dünyasında Şeyxülislam müavini olan ilk qadınsınız. Yəqin, bu, şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Müavin kimi hansı məsələlərlə məşğulsunuz? Ümumiyyətlə, sizin fəaliyyətiniz digər müavinlərdən nə ilə fərqlənir?

- Həqiqətən, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri 2010-cu ildə mənə müavin vəzifəsini etimad edəndə işin məsuliyyəti barədə ciddi narahatlıq keçirirdim. Müsəlman dini idarələri tarixində belə bir vəzifəyə təyin edilən qadın yox idi, ayrıca bunun ictimaiyyət tərəfindən necə qarşılanacağı da bəlli deyildi. Lakin zaman göstərdi ki, bu təyinat nəinki aktual və lazımlıydı, hətta dünyanın bir sıra dini qurumlarında qadınların fəaliyyətinə imkan yaradan təkanverici qüvvəyə çevrilirdi. Mən hesab edirəm ki, Şərqdə qadın hüquqlarını təsbit edən ilk ölkə kimi, Azərbaycan müsəlman dünyasında da demokratik seçimlər və gender bərabərliyi sahəsində öncüllüyünü təsdiq edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinlərinin hər birinin öz sahəsi, öz fəaliyyət dairəsi var. Mənim səlahiyyətlərim çərçivəsində olan sahə - ictimaiyyətlə əlaqələr və ailə məsələləridir. Ailə məsələləri qadınlar, gənclər və uşaqlara aid olan problemləri əhatə edir. Bizim Gəncədə, Ağcabədidə, Buzovna qəsəbəsində qadınların rəhbərlik etdiyi dini icmalarımız və Bakıda “Şəbnəm” qızlar İslam Kollecimiz dini maarifləndirmə işində yaxından iştirak edirlər.

Son dönəmdə dini təhsil müəssisələrimizin üzərində kuratorluq vəzifəsi də səlahiyyətlərimə daxil edilib ki, bu da həm iş yükümü, həm də məsuliyyətimi artırıb. Onu da deyim ki, bizim müavin kimi fəaliyyətimiz fərqli sahələri əhatə etsə də, amalımız və məqsədimiz hər zaman dinimizə və dövlətimizə xidmətdir.

- Dini radikalizm bu gün ən aktual problemlərdən biridir. Bu problemin kompleks həllini necə və nədə görürsünüz?

- Mən ümumiyyətlə, istərdim ki, radikalizm sözünün önündən “dini” kəlməsi götürülsün və radikalizmin mahiyyəti, onun formaları, yaranma səbəbləri və potensial məqsədləri barədə cəmiyyətə düzgün məlumat verilsin. Elmi baxımdan radikallıq ikili anlayışdır, müsbət və mənfi tərəfləri var; sosioloji açıqlamada radikalizm - kütləvi inciklik və sosial narazılıq sayəsində yaranan lokal hadisədir. Təəssüf ki, dini sahədə radikallaşma halları da mövcuddur və biz bunu ən bariz şəkildə Yaxın Şərq dövlətlərində baş verən hadisələrin təfərrüatında görürük.

Ən çox narahat edən məqam odur ki, Azərbaycanın özündə dini radikalizm elementləri yeknəsək hal daşısa da, İŞİD kimi müxtəlif terrorçu qruplara qoşulanlar arasında həmyerlilərimiz də var. Bu, artıq qlobal problemdir və onun kompleks həlli dövlətlərin, güc strukturlarının, beynəlxalq təşkilatların iştirakı ilə olmalıdır.

-  Dini radikalizmin qurbanları arasında qadınlar, hətta uşaqlar da var. Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə qadınlara yönəlik hansısa fəaliyyət planı varmı və əgər varsa, onun mahiyyətini nə təşkil edir?

- Qafqaz Müsəlmanları İdarəsi bölgənin ən qədim dini təsisatı kimi nəinki İslam dünyasında, beynəlxalq aləmdə və başqa dini konfessiya mərkəzlərində böyük nüfuza və özəl söz haqqına malikdir. Bölgədə və dünyada baş verən gərginlik ocaqlarında sülhün təmin olunması, sivil insanların, o cümlədən, qadın və uşaqların həyatının qorunması, əsir və girovların qaytarılması sahəsində Şeyxülislamın və İdarəmizin davamlı fəaliyyətini plan çərçivəsinə salmaq mümküm deyil - çünki bu, din xadimlərinin Allah qarşısında müstəsna vəzifəsidir.

Bizə Suriyada, İraqda terrorçu qruplara qoşulmuş, orada əsir düşmüş, hətta həbsxanalarda edama məhkum olunmuş azərbaycanlı qadınlar və uşaqlar barədə müraciətlər daxil olur və onların azadlığa buraxılıb Vətənə qayıtmasında yardımçı olmamız rica edilir. Bununla əlaqədar müəyyən danışıqlar gedir ki, inşallah, nəticəsi barədə məlumat verərik.

- Dini radikalizmlə mübarizədə qadınların rolunu necə qiymətləndirirsiniz? Sizcə, bu sahədə qadınların, xüsusilə, ziyalı qadınların potensialından necə istifadə etmək olar?

-  Hər bir insanın tərbiyəsi və dini görüşləri onun ailəsində formalaşır və bu formalaşma prosesinin əsas aparıcısı evin xanımı, uşaqların anası olan qadınlardır. Qadınların ailəyə, övladlarına və cəmiyyətə təsir etmək qüdrəti olduqca böyükdür, ona görə də, fikrimizcə, ən ümdə problem qadınların özlərinin düzgün dini dünyagörüşə sahib olmasıdır. Biz dövlət təhsil müəssisələrində dini bilikləri ehtiva edən bir fənnin tədris edilməsi təklifi ilə çıxış edəndə çoxları bunu yanlış və qorxulu bir hal kimi dəyərləndirir. Halbuki cəhalət, xurafat və mövhumat bilgisizlikdən qaynaqlanır, nəticələri də cəmiyyət və dövlət üçün ağır olur. Bu mənada, istənilən sosial bəla və yanlış təmayüllərlə mübarizədə qadınlarımızın, özəlliklə dini savada malik ziyalı xanımlarımızın iştirakı təqdirəlayiqdir.

- Bəzən bir çoxları belə bir fikir söyləyir ki, yas mərasimlərində iştirak edən qadın din xadimləri, daha doğrusu, qadın mollalar xurafatı təbliğ edirlər. Ümumiyyətlə, deyirlər ki, onların böyük əksəriyyəti təsadüfi adamlardır. Necə fikirləşirsiniz, onların fəaliyyətinin QMİ tərəfindən rəsmiləşdirilməsi, mərhələli şəkildə bu işə dini təhsil almış qadınların cəlb edilməsi daha doğru olmazmı?

- Biz bu istiqamətdə müəyyən işlər aparmaq niyyətindəyik, lakin bu başdan deyim ki, qadın mollalar kateqoriyasını rəsmiyyətə salmaq çox çətindir. Bunun bir neçə səbəbi var: əvvələn, onların əksəriyyəti el arasından çıxmış, məclis sahiblərini söhbətləri və səsləri ilə qane edən xanımlardır. Şəxsi seçimə isə qarışmaq olmaz. İkinci tərəfdən, rəsmi fəaliyyət göstərən məscidlərin qadın mollaları işə alması mexanizmi hələ hazır deyil. Və nəhayət, dini təhsil almış qadınlarımızın böyük əksəriyyəti məclis mollası kimi deyil, müəllim və elm adamı kimi tanınmağa daha çox üstünlük verirlər ki, bu da özlüyündə müsbət hal kimi dəyərləndirilməlidir.

- Dini maarifçilik işinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin, xüsusilə, QHT-lərin və KİV-in rolunu necə qiymətləndirirsiniz? Sizcə, ölkəmizdə ayrıca bir dini televiziya kanalına ehtiyac varmı?

- Biz hər zaman KİV-in dini maarifləndirmə işində xüsusi rolu olduğunu qeyd edirik və hesab edirik ki, məhz media vasitəsilə cəmiyyətə din-dövlət münasibətləri, multikultural ənənələr, dini və milli dəyərlərin təbliği barədə hərtərəfli məlumat verməklə qarşılıqlı əməkdaşlıq etmək olar. Əlbəttə, dünyanın başqa ölkələrində, özəlliklə qonşu Türkiyədə, Rusiyada və digərlərində olduğu kimi, dini televiziya kanalının açılması maarifləndirmə işində bizə çox yardımçı ola bilərdi. Belə bir kanal AzTV-nin bazasında yaradılarsa, daha məqsədəuyğun olar, çünki dövlət televiziyası texniki cəhətdən daha zəngin və yaradıcı heyət baxımından daha professionaldır. Bu, əslində, dindarların arzusudur və dövlətin qərarına bağlı məsələdir.

QHT-lərin dini sahədə fəaliyyəti barədə eyni sözləri deyə bilməyəcəyəm, çünki istənilən qədər mənəvi potensiala və imkanlara malik olan dini idarə, qurum və konfessiyalar öz bilavasitə işlərini daha məqsədyönlü və sabit şəkildə aparmaq qüdrətindədirlər. Zatən, ölkəmizdə mövcud olan dini konfessiyalar maarifləndirmə və təbliğat sahəsində müstəqil “tribunaya” malikdirlər, dövlət dəstəyi ilə tolerantlıq və multikultural ənənələr şəraitində sərbəst inkişaf edirlər.

Sevinc QARAYEVA
Müsahibə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində dərc edilib.

 





18.08.2018    çap et  çap et