525.Az

Bakı... Və Qara Qarayev - Pərvin yazır


 

Bakı... Və Qara Qarayev - <b style="color:red">Pərvin yazır </b>

Bakı başdan-başa sirrdi, ovsundu... Bomboz torpaqlarının altında qara qızıl - neft gizlənir. Yeganə təbiət hadisəsi Xəzərdi - onun da dəniz ya göl olması tam aydın deyil.

Yayı isti, bürkü, qışı sərindən bir az soyuq. Xəzrisi damları da, qumları da göyə sovuran, gilavarı isti havanı ciyərlərinə doldurub ürəyini bir az daha darıxdıran. Ümumiyyətlə bu möcüzə şəhəri anlamaq olmur. Limanına yan alan getmək istəmir, müvəqqəti oxumağa gələn mütləq burda qalmaq, hətta burda ölmək istəyir... Axı niyə? Bakının füsunkar təbiəti, yaşamaq üçün gözəl şəraiti tarixən olmayıb. Hələ ötən əsrin əvvəllərində kustar üsulla neft çıxarılmasının ekologiyaya vurduğu zərbələri demirəm... Elə isə nədi bu şəhəri hər kəsə sevdirən? Burdan gedən dost da, düşmən də Bakı arzulayır. Bu şəhərin küçələrində bircə dəfə də olsa addımlayan adam onu heç vaxt unutmur. Lap Qadına oxşadı deyilmi?! Bir az dərin düşünəndə Bakı həm nərmənazik, baxımlı gənc xanımdı, həm də oturuşmuş ağbirçək. Hələ indiki görkəmi, gözəlliyi də heç...

Anadan olduğum ailə, yaşadığım yerlər, Abşeronun az qala hər kəndi, hər qəsəbəsi ilə bağlılığım bu möcüzə şəhərin mahiyyətinə varmağa, sirlərini anlamağa kömək olur. Bakının mətbəxini gözümün önünə gətirirəm, damaq yaddaşımdakı dadları hafizəmdən çağırıram və başa düşürəm ki, aza qane olmaqdı həm də buranın üstünlüyü. Bir masqura ət, bir kasa unla düşbərəni qutaba, qutabı xəngələ calayıb ev dolusu adamı razı sala bilir bakılı. Ucuz və dadlı... Axı doğrudan dadlıdı, müasir zamanın bütün kalori antireklamlarına baxmayaraq, Bakı mətbəxi aktuallığını itirmir. Yeməkdən başlamağım bir az qəribə görünə bilər, yəni yemək bu qədərmi vacibdi - sualı yaranar... Neyləməli ki, bakılılardan ötrü vacibdir; özünün yeməsindən daha çox qonağının mədəsini sevindirməkdən ötrü sinov gedir... Və burda “yeyib gəlmişəm” sözü heç vaxt keçmir, yeməlisən, vəssalam! Özü də qayda-qanunu ilə; düşbərəni sirkə ilə ye ki, təzyiqin qalxmasın, qutabı cırma, çəngəlləyib incitmə, bük - vur dişləmi, sumaxın bol elə - yağı ürəyini vurmasın, xingalı da qatıqla ye, yoxsa tez doyarsan... Hə, bütün bunlar bakılı ailələrinin dəyişilməz qanunlarıdı... Amma məsələ burasındadır ki, yemək mərasimləri də tarixən az qala kult olub. Lap qədimlərdən soyuq evlərini kürsüylə isidən bakılılar bu kürsünün ətrafında ailəliklə toplaşıb nahar edərmişlər. Evin böyüyündən kiçiyinə kimi hər kəs kürsünün dövrəsində oturub olanlardan keçənlərdən danışarmış... Birgə yemək, hər tikəsini bölüşmək bu ailələri mehriban edərmiş. İndi isə başqadı çox şey. Nə o kürsülər var, nə kult səviyyəsində yemək mərasimləri. Amma o ailə, nəsil, məhəllə içərisindəki mərasimləri bakılılar sənət səviyyəsinə kimi böyüdə biliblər. İki janr Bakının mahiyyətini açmağa kömək olur: muğam və meyxana! Ən peşəkar muğam ustaları da Abşeronun kəndlərində toylara getməkdən çəkiniblər həmişə, yalnız özünə arxayın adam bu auditoriyanın qarşısında oxumağa cəsarət edə bilərdi. Bax bu ciddi və son dərəcə düşündürücü məsələdir. Muğam qədər qəliz, dərin mənası və fəlsəfəsi olan dahiyanə musiqini heç bir savadı olmayan adamlar necə duyurdular, nə cür anlayırdılar?! Yaxud bir tərəfdə ciddi, hüzün gətirən, min illik genləri tərpədən muğam, o biri yanda sümüyə düşən, dodağı qaçırdan, sataşan, bəzən hətta təhqir edən meyxana... İkisinin cəmidi əslində Bakı. Həm heç hara tələsməyən, uzun və səhərəcən davam edən muğam axşamları, həm də temp, ritm, yumor, hazırcavablıq tələb edən meyxana məclisləri, hamısı Bakının ruhuna hopub, qanına işləyib. Amma məsələ burasındadır ki, nə muğam, nə də meyxana Bakının canında, qanında sadəcə bir məhəlli səviyyədə qalmayıb, ən yüksək sənət nümunəsi səviyyəsinə yüksəlib. Həm də meyxanadan törəyən (şübhəsiz ki, təkcə meyxanadan yox!), yetişən, boy göstərən Əliağa Vahid şeiriyyatı buna bariz nümunədir.

Bakının fəlsəfəsinə varanda bir məqam da diqqəti çəkir. Təbiətin rəngsizliyi və burda dünyaya göz açan, rəssamlıq sənətimizin ən gözəl nümunələrini yaradan sənətkarlar. Səttar Bəhlulzadədən tutmuş müasir rəssamlarımıza kimi onlarla adamın adını çəkmək olar... Axı gözlərini açıb şoran torpaq, boza çalan “yaşıllıq” görən bu adamların rəng duyğusu necə yaranıb, necə inkişaf edib bu yerdə?! Bakılıların təbiət anlayışına aid bir maraqlı rəvayəti heç unutmuram... Bakılı səfalı bir rayondan gələn qonağını bağa dəvət edir. “Bağ” anlayışını bumbuz bulaqlarla, yamyaşıl çəmənlərlə, sıx meşə ilə, sərin hava ilə birgə qəbul etməyə alışmış qonaq Abşeronun ilan mələyən düzündə, dənizə bir az yaxın, bir-iki əncir, tut, nar ağacı, yerə sərilmiş üzüm tənəkləri olan bu “bağ”dan dəhşətə gəlir, canını qoymağa yer tapmır, istidən bişir az qala. Axırı dözməyib “bağım var, bağım var - deyirsən, budu bağ?” - deyə soruşanda bakılı təəccüb içində “Day nə lazımdu? Təmiz hava, kəhrəba kimi qum, bir də dəniz...Bəsdü də...” Bu məntiqdən çıxış edəndə görünür elə rəssamlarımıza da bunlar bəs edib, günəşin dəniz, kəhrəba qum dənələri və yerə sərilmiş üzüm yarpaqları üstündə yaratdığı minbir rəng çaları onları ilhamlandırmağa yetib. Hələ üstəgəl möhkəm ailə institutu, çay süfrələri arxasında gecə səhərəcən davam edən şən söhbətlərin yaratdığı mühit - şəxsiyyətin yetişməsi üçün ayrı nəyəsə ehtiyac da qalmayıb.

Bu mənada yay ayları bakılılardan ötrü istirahət və mənəvi zənginlik zamanı olub həmişə. Payızın, qışın isə öz qayğıları varmış... Bağlardan özləri demiş “iki göz”, (yəni iki otaqlı), “üç göz” evlərinə yığışan bakılılar ruzilərini dənizdən istəyiblər. Az qala hər ailədə, hər evdə dənizdə batan, həyatını faciə ilə sona yetirən bir adam olub. Və bu faciələrin özü də insanları yaxınlaşdırıb, birləşdirib. Şübhəsiz ki, yalnız faciələr yox. Təkcə elə İçəri şəhərin arxitekturasına, darısqal küçələrinə nəzər salmaq yetər ki, Bakının əsl xarakterini, simasını görəsən. Bir-biriylə qol-boyun evlərdə yaşayan qonşuların hər işi, hər sözü, hər hissi paylaşılırmış;müasir hissiz, duyğusuz, robot sosial şəbəkələr səviyyəsində yox, insani səviyyədə...

Bu qaynar həyatın, təzadlı məişətin içərisində, paytaxtın mərkəzində də yazılmamış ibtidai qaydalar, halal-haram gözləmələri ilə yaşayan yerlilərin təhsilə də münasibəti birmənalı olmayıb. Bu adamların içərisində xurafata uyub elmdən uzaq düşənləri də, “ana-bacı söhbəti” edib qızlarını məktəbə qoymayanları da, sadəcə sürücülüyü özünə peşə edib aerodrom papağını yan qoyub gəzənləri də az olmayıb. Hələ “zərərli vərdişlər”dən danışmıram. Bütün bu məqamlar zaman-zaman sənətin mövzusu olub, ona görə indi niyyətim bunları təhlil etmək deyil. Sadəcə təhsildən danışmışkən bir incəliyi diqqətə çəkmək istəyirəm - bakılıların maksimalistliyini... Ya ümumiyyətlə oxumamaq, özünə peşə tapmaq (yeri gəlmişkən avara, bivec adama “özünə peşə tap” demələri də burdan gəlir...), ya da hərtərəfli təhsil almaq. Multikultural şəhərdə rus, yəhudi qonşuların bu mənada yaxşı təsiri olub yerlilərə, uşaqlarına hərtərəfli savad verməyə, həm dəqiq elmləri, həm də incəsənəti, musiqini öyrətməyə çalışıblar. Amma mühafizəkar ailələr heç vəchlə övladlarının incəsənət, musiqi arxasınca getməsini istəməyiblər. Bu, sadəcə ruhun tərbiyəsi üçün imiş... Amma məgər böyük istedadın qarşısını almaq mümkündümü? Deyil! Sübut - Qara Qarayev!



MƏKTƏB... MƏKTƏB...

Əbülfəs Qarayev Azərbaycanın tanınmış pediatrı, tibb elmləri doktoru, professor, onun həyat yoldaşı Sona xanım Axundova-Qarayeva hərtərəfli təhsil almış, poeziya və musiqiyə həvəs göstərən istedadlı Azərbaycan xanımı idi. Bu ziyalı ailənin uşaqları ortabab təhsil ala bilməzdilər şübhəsiz. Ona görə övladının həkim olacağını düşünən Əbülfəz Qarayev balaca Qaranın hərtərəfli bilik alması üçün Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə də qoyur. O böyük yol da elə burdan başlayır. Musiqiyə “yoluxmuş”, onunla nəfəs alan yeniyetmə burdan sonra  musiqi texnikumunda da təhsil alır və həkimlik ixtisasını seçməkdən imtina edir. Qara Qarayevin bəstəkar kimi yetişməsində Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində, həmçinin Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində aldığı təhsil, Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir bəy Hacıbəylinin və XX əsrin böyük rus bəstəkarı Dmitriy Şostakoviçinböyük rolu olur. İki böyük məktəb hər şeydən əvvəl Qara Qarayevin varlığında, xarakterində, şəxsiyyətində, daha sonralar isə sənətində, yaratdığı ölməz musiqi əsərlərində özünü göstərir. Bir də şübhəsiz ki, doğulduğu ailədə, yaşadığı mühitdə, daha öncə təsvir etdiyim Bakı ab-havasında aldığı tərbiyə... Əsərlərindəki  professionallıq, Avropa və Şərqin sintezi, həmçinin milli musiqimizdən qaynaqlanan dərinlik, doğmalıq, coşqu - bütün bunlar sadaladığım 3 böyük məktəbin - xalq, Üzeyir bəy və Şostakoviç məktəbinin birləşməsidir.

Bir də şübhəsiz ki, fitri istedad... Amma axı Füzuli də deyirdi ki, “Zira ki, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur...” Qara Qarayev sənətinin isə əsasları-təməlləri çox möhkəm idi. Və yazımın əvvəlki bölümündə sənətkarı yetişdirən “şifahi mühit”dən söz açdığım üçün indi Üzeyir bəy və Şostakoviç məktəblərini birləşdirən bir məqamı xüsusi vurğulamaq istərdim. Axı bəstəkar özü də müsahibələrində deyirdi:”...mən təhsilə Bakıda Hacıbəyovdan başlamışam, Moskvada Şostakoviçdə isə təhsilimi tamamlamışam. Ona görə Şərq və Qərb ilk əvvəldən məndə bir vəhdət təşkil ediblər. Mən sanki iki ananın oğluyam...”

Musiqişünas deyiləm və bu böyük peşənin çətinliklərini təxmin edirəm, ona görə də bu iki böyük müəllimin musiqi dünyaları arasındakı oxşar və fərqli cəhətləri incələmək düşüncəsindən uzağam... Sadəcə dinləyici kimi Üzeyir bəy musiqisi ilə Şostakoviçin əsərləri arasındakı bir ortaq cəhəti deməliyəm... Əsas ortaq cəhət İŞIQdır. Bəli, işıq, o işıq ki, hər iki müəllim həmin işığı tələbələrinə ötürüblər. İkicə tarixi fakt dediyim fikrin təsdiqidir. Üzeyir bəyin ağır repressiya illərində “Koroğlu” operasını və Dmitriy Şostakoviçin Leninqrad blokadası zamanı “Leninqrad simfoniyasını” (7-ci simfoniya) yazması. Bir anlıq bu iki faktın mahiyyətinə varanda hər iki sənətkarın sənətin gücünə inamını görürsən. Deməli o zaman ki, millilik, özünü dərk - vətən xainliyi sayılırdı, pantürkizm damğası ilə gedər-gəlməzə göndərilirdi, Üzeyir bəy ilk notundan sonuna kimi millilikdən yoğrulmuş, milli qəhrəmanlıq dastanımızın əsasında opera yazır və bu operanı hətta Stalin özü belə qəbul edir, bəyənir. Özünə, kimliyinə, sadəcə atasına-babasına sevgisini ürəyində saxlamalı, gizlətməli olan adamların zəmanəsində nə qədər böyük təsəllidir?!

Bəs İkinci Dünya Müharibəsi zamanı illərlə blokadaya alınmış, ac-susuz, dünya ilə əlaqəsiz, ümidsiz Leninqradda Şostakoviçin qələbə marşına bənzəyən simfoniyasının çalınması?! İlk dəfə bu simfoniyanı dinləyəndə dilim tutulmuşdu, yaranma, yazılma tarixçəsini dönə-dönə oxumuşdum, bəlkə şəhər mühasirədən çıxandan, azad olandan sonra yazılıb?! Yox, elə deyildi, hətta Şostakoviç daha əvvəl başladığı mövzunun bir hissəsini elə blokada içərisində olan şəhərdə yazıb, sonra ailəsi ilə birgə şəhərdən çıxarılsa da, bu simfoniya ilə yenidən “qayıdıb” Leninqradlıların yanına... O zamanlar qazax şairi Cambul Cabayevin “Leninqradlılar, balalarım mənim” şeiri, bir də bu simfoniya Leninqrad faciəsinin simvoluna çevrilmişdi. Aclıqda, əsarətdə, hər an bombardman olub yer üzündən silinmək qorxusu ilə üz-üzə duran leninqradlılar öz azadlıqlarını iki il tez, 9 avqust 1942-ci ildə qeyd edirdilər. Orkestrin üzvlərinin bəziləri aclıqdan ölmüşdülər, kimlərsə xəstəydilər, amma bu elə böyük hadisə idi ki, hətta ordudan belə ifa qabiliyyəti olan adamları cəlb edib konsertə hazırlaşmışdılar. Düşmən hər tərəfdən izləsə belə böyük Filarmoniyanın işıqları zül-zül yanırdı, konsert salonu ağzınacan dolu idi, radio ilə birbaşa translyasiya olunurdu musiqi, üstəgəl reproduktorla bütün şəhərə yayılırdı. Ordu tətikdə durub Filarmoniyanı qoruyurdu, bilirdilər ki, bu böyük təntənə qarşı tərəfin ürəyincə olmayacaq, hər an atəş aça bilərlər. Amma almanlar sadəcə mat qalmışdılar. Müharibə bitəndən sonra alman ordusunun zabitləri həmin gün keçirdikləri hissləri etiraf ediblər: onda başa düşdük ki, biz müharibəni uduzacağıq. Axı o böyük ruh yüksəkliyinin qarşısında hansı ordu, hansı düşmən tab gətirə bilərdi?! Bax bunu edən Şostakoviç musiqisi idi... Qara Qarayevin bəstəkar kimi yetişməsinə, əslində sadəcə bəstəkar yox, mütəfəkkir, alim, filosof səviyyəsində bir şəxsiyyət olmasına bu faktlar - Üzeyir bəy və Şostakoviç işığı birbaşa təsir edib... Bəlkə ən qəmli mövzularda belə Qara Qarayevin işıqla, nurla dopdolu musiqilər yazmasına səbəb həm də budur. Orduları, qadağaları susduran sənətin gücünə inam!



LEYLİ VƏ MƏCNUN... SARİ VƏ LENNİ...

Qara Qarayev şəxsiyyətindən, musiqisindən söz açanda ilk vurğulanmalı məqam sənətkarın dünyanı bütöv görməsidir. Bir tərəfdən ən müxtəlif  xalqların bəlalarını yazmaqla əslində öz millətinin problemlərini nota köçürürdü (bu, Sovet reallığında Ezop dili kimi bir üsul idi), amma digər tərəfdən də sənətkar insana, insanlığa daha geniş baxış bucağından yanaşırdı.

Şekspir “Romeo və Culyetta” əhvalatını dünyanın ən qəmli rəvayəti adlandırır. Amma dərinə varanda Leyli və Məcnun sevgisi daha qəmlidir. Çünki Romeo ilə Culyettanın nəyisə dəyişəcəklərinə azacıq ümidləri, müqavimətə gücləri vardısa, Leyli və Məcnun hər tərəfdən “köməksiz”dilər, hisslərinə sığınıb yaşamalıydılar. Amma bu çarəsiz eşqi belə Qara Qarayev dərd kimi yox, incə və səadət gətirən duyğu kimi, lirik-romantik çalarlarla ifadə edib. Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətiylə yazdığı “Leyli və Məcnun” simfonik poemasını dinləyərkən aşiq və məşuqun çarəsizliyindən daha çox sadəcə çıxılmazlıq, amma hardasa sonda, lap o dünyada olsa belə görüşmək, birləşmək ümidi duyulur. Şübhəsiz ki, poemanın özündə də bu ideya var. Amma etiraf etməliyəm ki, məhz Qarayev musiqisi bu sevginin ölməzliyinə, zamana və qadağalara qalib gələcəyinə inam yaradır.

Filosof-bəstəkar bütün hallarda mühitin, mövcud şəraitin sevgiyə qənim kəsilməsini istisna etmir. Və “Leyli və Məcnun” simfonik poemasında mühit daha çox fon kimi göstərilirsə, ondan daha öncə yazdığı “İldırımlı yollarla” baletində qəddar bir “düşmən” kimi - maneə kimi önə çəkilir. XX əsrin 40-cı illərində Cənubi Afrikadakı “Aparteid” zamanı, irqi ayrıseçkiliyin hökmran olduğu dönəmdə iki gəncin - ağ irqdən olan Sarinin, qaradərili Lenniyə vurulmasından və gənc sevgililərin yaşadığı faciədən bəhs edir bu əsər.  Balet  Piter Henri Abrahamsın romanı əsasında Yuri Solominskinin yazdığı librettoya bəstələnib. Hadisələr Cənubi Afrikada cərəyan edir, qəhrəmanlar azərbaycanlı, şərqli deyillər. Amma baletin bütün ruhundan milli musiqimizin incəlikləri duyulur, xüsusən də qızların və sevgililərin rəqslərindən. Bunun da səbəbi bəstəkarın özünün də etiraf etdiyi kimi milli köklərə bağlılığıdır.

Xatırlayıram ki, 2012-ci ildə Cənubi Afrikadan olan, dünyaca məşhur aktrisa Tembi Mtşali “Qadın intizarı” adlı monotamaşası ilə Bakı Beynəlxalq Teatr Konfransına qatılmışdı. Təxminən iki saat ailəsi aparteiddən əziyyət çəkmiş bu qaradərili xanım səhnədən öz millətinin faciəsini danışırdı, oynayırdı, oxuyurdu, çığırırdı, üsyan edirdi, həzin-həzin ağlayırdı və eyni ardıcıllıqla bizlərə də, tamaşaçılara da yaşadırdı bu hissləri. Tamaşadan sonra qrim otağına keçib aktrisa ilə söhbət etmək imkanım oldu. “Bilirsiz ki, Azərbaycanlı bəstəkar sizin xalqın faciəsinə balet yazıb?!” - deyəndə Tembi çox təəccüblənmişdi və bu haqda ətraflı danışmağımı istəmişdi, telefonumdan kiçik bir parçaya bərabər qulaq asanda necə həyəcanlanması da yadımdan çıxmır. Axşam banketdə Tembi bizim xalq mahnılarını elə ürəkdən oynayırdı ki, hamı sadəcə mat qalmışdı. Ona tamaşa etdikcə düşünürdüm ki, yalnız böyük sənətkarlar üçün heç bir fərqi yoxdur, insan, hər yerdə İNSANdır və onun hissləri də, əzabları da çox oxşardır. Bu mənada Qara Qarayev süni bir dünya adamı obrazını yaratmırdı, həqiqətən belə görürdü insanı və öz xalqının bu böyük millətlər arasındakı yerini dəqiq bilirdi, musiqisi ilə ifadə edirdi. Bir də axı nə fərqi? Sevginin yolu hər zaman, hər yerdə İLDIRIMLIDI... Ərəbistan səhrasında da, Bakıda da, Afrikada da...





BİR QADIN... YEDDİsinə və bütün DÜNYAya qarşı...

Bəstəkarın oğlu Fərəc Qarayev atası ilə bağlı xatirələrini bölüşəndə nənəsinin, babasının Qara Qarayevin sənətinə münasibətini də xüsusi vurğulayır. Yalnız “Yeddi gözəl” baletindən sonra ona ciddi yanaşdılar - deyir. O zamana kimi Əbülfəs Qarayev elə hey bu yoldan çəkindirmək istəyirmiş oğlunu, normal təhsil al, həkim ol - deyirmiş. Daha öncəki illərdə fortepiano üçün yazdığı “üçsəsli fuqa”, simfonik orkestr üçün “Passakaliya və üçmövzulu fuqa”, nəfəsli alətlər üçün “İdman” süitası, “Ömər Xəyyamın sözlərinə 6 rübai” romanslar məcmuəsi ilə bəstəkar uğur qazansa da, ailəsi məhz “Yeddi gözəl” seviləndə, ümumittifaq səviyyəsində, dünya səviyyəsində qəbul olunanda, afişləri şəhəri bəzəyəndə ürəkdən sevinirlər və Əbülfəs Qarayev həyat yoldaşına - “onu daha rahat buraxaq” - deyir.

Ailəsində Qara Qarayevin sənətinə çox böyük hörmət olub. Səməd Vurğun küçəsindəki ikiotaqlı mənzildə otağın biri bəstəkarın ixtiyarında imiş, ikinci otaq isə dolablarla bölünürmüş ki, uşaqlar dərs hazırlaya bilsinlər. Fərəc Qarayev xatirələrini bölüşəndə anasının, Qara Qarayevlə hələ məktəb illərindən sevgili olan, sonra onunla ailə quran xanımın ərinin işinə necə sayğıyla yanaşdığını xüsusi qeyd edir. Bəstəkar işləyəndə hamı barmaqlarının ucunda gəzirmiş, telefon kəsilirmiş, “Ata işləyir” - sözü bütün söhbətlərin, səsin, küyün kökündən kəsilməsi komandası sayılırmış. Qara Qarayev isə hətta köməkçi ilə belə, sutkada 8-10 saat işləsə də, çatdırıb hər şeyi köçürə bilmirmiş nota. Pirşağı bağında, 40 dərəcə istidə bəstəkar yaş mələfəyə bürünüb yazır, yazır, yazırmış. Bu faktlar insanı sadəcə riqqətləndirir. Eşitmə problemi olan Bethovenin başına bumbuz suyu əndərib oturub yazması yada düşür... Sənətini həyatının mənası bilən adam dahi ola bilər. Qarayev isə sənətinin xəstəsi idi. Ona görə də ən qəliz mövzulardan, ən riskli eksperimentlərdən çəkinmirdi. Və heç şübhəsiz ki, bu eksperimentlərin də, mövzuların da zirvəsi “Yeddi gözəl” hesab oluna bilər. Nədənsə ilk oxunuşda Nizaminin “Yeddi gözəl” poeması tamam ayrı cür qavranılır. Eyş-işrət içində olan Bəhram şah, ona qarşı qoyulmuş  xalq və Nizaminin əbədi mövzusu sayılan paklaşma, mənəvi kamilliyə yetişmə. Qara Qarayevin baleti isə tamam ayrı ideyanı qabardır. Bəhramın 7 gözəllə əyləncəsi sadəcə süjet üçündür burda. Nizaminin digər əsərlərinin də ideyalarından istifadə edən sənətkar daha böyük, bəşəri problemi göstərib. Bəhram, onun paxıllığını çəkən vəzir, 7 gözəl və indiki dillə desək “bahalı həyatın” göz qamaşdıran tərəfləri və bütün bunlara qarşı olan Aişə... Məhz Aişənin rəqsi, Aişənin Bəhramı mənəvi saflığa çağırması, “Aişənin variasiyası”, “Aişə təkdir” hissələri və sonda Bəhramın Aişəni öldürüb qaranlığa çəkilməsi. Qarayevin irəli sürdüyü ən böyük ideya budur. Yeddi qadının işvəsi, nazı yox, o yeddi qadınla kef edən şah obrazı yox, bütün bunlara qarşı çıxan BİR QADIN... Bütün bunlardan xilas etməyə çalışan Aişə və onun ölümü... “Ürək kardioqramması” kimi səslənən adajio, insanın yüz-yüz illərin o tayında qalmış əcdadlarının ruhunu sevindirən məşhur vals bu əsərin ölməzliyinin sığortasıdır. Amma eyni zamanda peşəkarlıq cəhətdən də bir məqamı xüsusi qeyd etməyə ehtiyac var. Qara Qarayev müxtəlif millətlərdən olan qızların rəqslərini o xalqların milli musiqilərinin əsasında yazıb, bu da bəstəkarın fenomenal biliyinin daha bir təsdiqidir. Düzdür, “Vyetnam suitası”, “Alban rapsodiyası”, “İldırımlı yollarla” baleti, “Don Kixot” qravürləri də bu faktı təsdiq edir və bəstəkarın hərtərəfli biliyini göstərir, amma məhz “Yeddi gözəl”də bu məqam daha qabarıq, bütöv şəkildə nəzərə çarpır. Hətta buna görə, dünyaviliyini qüsur sayıb bəstəkarı ittiham edənlər də az deyilmiş. Qarayev özü “”Yeddi gözəl”i döyürdülər” - deyirdi, “qeyri-milli” olmasında ittiham edirdilər. Amma əsərin ən məşhur parçası, Çahargah üstündə yazılmış vals millilikdən xəbər vermirmi?! Bu sualı verirəm, amma onu da düşünürəm ki, məgər paxıllara səbəb lazımdı?



BAKI HƏSRƏTİ...

İstər tələbələrinin, istər dostlarının, həmkarlarının, bəstəkarla bircə dəfə ünsiyyətdə olan adamların hər birinin dediyi odur ki, bütün məşhurluğu, vəzifələri, böyük istedadı və dünya səviyyəsində qəbul olunması ilə bərabər Qara Qarayev hədsiz təvazökar adam idi. Bəstəkarın sağlığında, özüylə müsahibə şəklində çəkilən bir televiziya filmində bunu açıq-aydın hiss etmək olur. Qarayev dünyanın müxtəlif yerlərində, məşhur adamlarla şəkillərini tez-tez çevirib “bunlar sizə maraqlı olmayacaq” - deyir, amma özünün fotoya aldığı əncir ağacını kadrda saxlayıb ağacın gözəlliyi, qeyri-adiliyi haqqında danışır. Bütün varlığı ilə Bakıya, Azərbaycana bağlı olan bəstəkar vətənə sevgisini heç vaxt gizlətmirdi. Və maraqlıdır ki, böyük ürəyində başqa duyğulara da, ağrılara da yer vardı. Bu mənada Azərbaycanda ilk dəfə  dodekafoniya üslubunda qələmə alınmış III Simfoniyası Qarayev qəlbinin kardioqramması kimi səslənir... Fikrət Sadıq “III simfoniya” şeirində bunu dəqiq sözə çevirir:

Bir ağız Osvensim fəryadı,
Bir tutam yaslı bulud.
Sonra günəşin addım səsləri,
Sonra tufanqabağı sükut.
Dalğaların parçalanması,
Qayaların ovulması,
Bir də Dədə Qorqud.
Sonra Kərəm yanğısı,
Sonra çilik-çilik sınan su,
Tanış-çiçək qoxusu,
Doğma yurd.
Sonra da sual;
Saçları qarışmış dünyamızı
Raket ucları darayacaqmı,
Yoxsa kotanın dişləri?
Sonra Rodenin fikirli insanı,
Nigarançılıq.
Sonra da sonuncu akkord - Ümid!

Qarayevin qəlb bioqrafiyası kimi səslənir III simfoniya da, buna həsr olunmuş şeir də... Təəssüflər olsun ki, Qarayevin istedadını, uğurlarını həzm edə bilməyənlər az deyildi və son dərəcə kübar olan sənətkar sadəcə getməklə üsyan etdi, Bəstəkarlar İttifaqından ərizə verib getdi, Bakıdan da getdi. İşşemiya, infarkt keçirmiş ürək üçün həm emosional ağrılara, həm mənəvi əzablara, həm də mənasız dedi-qodulara dözmək çətin idi. Fərəc Qarayev müsahibələrindən birində deyir: “Xəstə olduğu üçün işləyə bilmirdi və işləyə bilmədiyi üçün xəstələnirdi, qapalı bir dairə yaranmışdı...” Sənətkar üçün bunun necə bir dəhşət olmasını təsəvvür etmək çətin deyil... Məhz belə dönəmdə Heydər Əliyev mənəvi dayaq olur ona. Vətən həsrətini heç nə ovuda bilmir. Qarayev müsahibəsində Bakıya sevgisini belə ifadə edir: “Harda oluramsa olum, ən gözəl yerlərdə, ən abad şəhərlərdə, ən təkrarsız məkanlarda... Bundan asılı olmayaraq, zəngin torpaqla - Bakıyla, Azərbaycanla əlaqəm üzülmür. Bu yer məni daim özünə çəkir. Bu ürəyimin içindəki simdir elə bil. Həm də bir az kədərli simdir, çünki indi o yerlərdən uzaqdayam.Amma həm də qəlbin dərinliyində pərdələnmiş, gizlədilmiş duyğudur. İçimi heç zaman tərk etməyən, tükənməyən nostalji hissidir.”

Qara Qarayev Bakı həsrətiylə dəyişdi dünyasını, sevimli, doğma şəhərinə çiyinlərdə qayıtdı və çox böyük ehtiramla son mənzilə yola salındı. O zamanın kadrlarına baxanda böyük Heydər Əliyevin Qara Qarayevin tabutunu çiynində aparmasını görəndə sadəcə fəxarət hissi keçirirsən... Bu insanlar sənin xalqına verilib.

Ölümündən xeyli əvvəl Qara Qarayev gündəliyində yazırdı: “İnsan həyatında ən ali an ölümdür... Həmin anda insan həyatda qalmışlardan yüksəklərə qalxmış bir nəhəng olur...Əsl böyük o adamdır ki, həmin anda baş verənləri dərk edərək ölümlə ləyaqətlə birləşir...” Yalnız ölməzliyi qazanmasına əmin olan insan ölüm haqqında, o qaçılmaz son haqqında belə təmkinlə düşünə bilər. O isə yaxşı bilirdi, əmin idi ki, hələ çox-çox illər, bu xalq var olduqca, dünya durduqca əsərləri, deməli özü yaşayacaq!



P.S. SİZİ SEVİRDİM...

Qara Qarayev yaradıcılığında diqqət çəkən məqamlardan biri də odur ki, bəstəkar kino, teatr musiqisi çox yazsa da, romansları azdır. Amma elə Fidan Qasımovanın ifasında Puşkinin sözlərinə bəstələdiyi romansı dinləmək yetər ki, bəstəkarın bu janra da, bu mövzuya da münasibətini anlayasan. Puşkinin “Sizi sevirdim” şeirinə bəstələnmiş romans bütün fəlsəfələr, həmçinin Qara Qarayev fəlsəfəsi haqqında düşündürür. Qarayev “ya mənim, ya qara torpağın” - deyə bilməzdi, o cür sevə bilməzdi, buna kübarlığı, intellekti, böyüklüyü yol verməzdi sadəcə... Qarayev məhz belə sevməli idi:

Ümidsiz sevirdim sizi sakitcə,
Didirdi ruhumu qısqanclıq, təlaş.
Mən sizi sevirdim səmimi, incə,
Beləcə sevəydi başqası da kaş.

(tərcümə:N.Rəfibəyli)

Ümidsiz də olsa, ruhunu qısqanclıq didsə də, yenə də səmimi, incə, yenə də xoşbəxtlik arzulayaraq... Aişənin, Leylinin, Sarinin sevgisi kimi!

 





25.08.2018    çap et  çap et