525.Az

Amerikadan nə gətirək?


 

JURNALİSTİN YOL QEYDLƏRİ

Amerikadan nə gətirək?<b style="color:red"></b>

Səfirlikdəyəm. ABŞ-ın Azərbaycandakı konsulunun səfər öncəsi ilk sualına cavabımda 90-lardan bu yana jurnalistikada keçdiyim yoldan danışıram.

Qəzetlər, televiziyalar - müxbirlikdən baş redaktorluğa, aparıcılıqdan layihə rəhbərliyinə qədər - fərqli məkanlar və fərqli zamanlar, hər biri də milli mədəniyyətə xidmət və sairə və əlavə də eləyirəm ki, bəs bu statusda bir jurnalistin Amerikanı hələ görməməsi, məncə, ayıbdı. Ayıb duruma düşürmür məni möhtərəm diplomat və gedirəm. Gedirəm ki, görüm.

lll

Gerçək yol məni uzaqlara aparır - 10 min kilometrlik məsafəyə. Xəyalənsə daha uzağa qayıdıram - təxminən 20 il əvvələ.. o zamana ki, bizim “Bakılı oğlanlar” Amerikaya səfər etmişdilər, mən də dostumuz Bəhram Bağırzadədən müsahibə almışdım. O qədər heyranlıqla danışdığı bir qəzetlik söhbətin sonunda “Amerikada qalmaq istəyərdinmi?” soruşmuşdum Bəhramdan. “Yox, demişdi, - Amerikada qalmaq yox, Amerikanı Bakıya gətirmək istəyərdim”. Mən bəs? Bakıdan Amerikaya apardığım şəkərbura-paxlavadır, bəs geri qayıdanda gətirmək istədiyim nələr olacaq? Boinq-787-dəki 12 saatlıq yolu qısa edən isti qəhvənin tünd ətri, qırmızı şərab, bir də yeni oxumağa başladığım romandı. Bizim populyar yazarlardan birinin əsəridi - 18 plus. Əla gedir.

lll

Bir ömür siyasətdən yox, mədəniyyətdən yazan adam kimi yenə məni cəlb eləyən mədəniyyət ocaqlarıdı. Əhalisinin sayına görə Nyu-York Amerikanın ən böyük şəhəridir - rəsmi statistikada sakinlərin sayı 9 milyonu keçir - qeyri-leqal yaşayanlar və turistlər xaric. Və küçədə-bacada gördüyün üç nəfərdən biri qoltuğunda noutbuk iş başındadı - kafedə, kitabxanada, parkda, yaşıl çəməndə. Demə, zehni əməyə bağlı iş yerlərinin çoxu fri-lans sistemilə fəaliyyət göstərir, yəni sərbəst qrafiklə. Lap deyək ki, jurnalistsən. Sənin redaksiya dəhlizlərində avara-bekar dolanıb söhbət eləməyin, əlində çay fincanı otaq-otaq dolaşıb intriqa yaymağın heç kəsə lazım deyil orada. On-line ol, tapşırığını al, icra elə, yazını vaxtında hazırla, göndər, vəssalam-şüttamam.      

lll

Üç nəfərdən birinin qoltuğundakı noutbukdan dedim, beş nəfərdən üçünün əlində də kitab gördüm. Hamı hər yerdə oxuyur - nəqliyyatda, kafedə, kitabxanada, parkda, yaşıl çəməndə.. hər yerdə hər kəs oxuyur - qadın, kişi, uşaq, qoca.. Hər kəs hər şey oxuyur - qəzet, jurnal, elektron kitab və 400-500 səhifəlik normal kitablar. Çantalarına qoyub gəzdirməyə ərinmirlər də ağır-ağır.. çünki orada hamının bildiyi bir həqiqət var - yaşamaq üçün bacarıqlı və bilikli olmaq gərək. Bunusa tək bir yolu var - oxumaq...

lll

Kitabdan dedim, kitabın məkanından da danışım. Burada kitabxanaların üzvlük kitabçası yoxdu. Yoldan keçən turistsən, yazı-pozuluq işin var, lap elektron poçtunu yoxlamaq istəyirsən - əzəmətli şəhər kitabxanasına girib heç kəsdən izin-filan almadan sərbəstcə kompüterdən, internetdən istifadə eləyə bilərsən - özü də məccani. Qapıda yalnız çantanı yoxlayacaqlar - təhlükəsiz olduğunu bilmək üçün. Nyu-York mərkəzi kitabxanası Amerikanın ən böyük kitab saxlanclarından biridir. 19-cu əsrin sonlarında şəhər meri Semuel Cons Tilden vəsiyyət eləyib ki, 2,4 milyon dollarlıq mirası hesabına yeni kitabxana açılsın. Beləcə bir məmur adını tarixə salıb - gözəl nümunədi, deyilmi? Ümumi fondunda təkcə elmi kitabların sayı 50 milyon civarında olan kitabxananın bir özəlliyi də var. Üzbəüz səkidəki kitab mağazasında 40-50 dollara satılan ən məşhur bestsellerləri oxumaq istəsən kitabxanadan evinə aparıb havayı oxuya bilərsən.

lll

Amerika deyəndə Hollivud düşünənlər yanılırlar, heç şübhəsiz. Amerika həm də böyük kitab bazarıdı. Nəhəng - 5 mərtəbəli kitab mağazalarından tutmuş butiklərə qədər, gənclər üçün kitab evlərindən tutmuş yazar emalatxanalarına, kitab-kafelərə qədər - bu bazarda həyat qaynayır: dünya şöhrətli yazarlarla görüşlər, kitab müzakirələri, müsabiqələr.. Hər mövzuda, hər çeşiddə hər kitab var. Yetər ki oxumaq istə. Orada hər şey oxucu üçündür.

lll

Orada hər şey oxucu üçündür - dedim, orada hər şey ümumiyyətlə vətəndaş üçündür. İki tindən birində bizim görmədiyimiz uzun-şüllək aparatlar - telefonun şarjı bitibmi? Sənə limitsiz enerji verəcək. Konturun yoxdu - təcili zəng eləməlisən? Buyur, bu da var. İnternetin yoxdu? Şəbəkədən uzaq düşmüsən? İnternetdən faydalana bilərsən - problemsiz. İpiri şəhərdə azmısan, “neynəyim, necə eləyim?” sualının əlində girinc qalmayacaqsan. Aparat həm xəritəni, həm nəqliyyat sxemini rahat sənin üçün sərgiləyəcək. Hamısı da - məccani.

lll

Sərgilənməkdən dedim, dünyadakı ən nadir eksponatların sərgiləndiyi iki nəhəng muzey də buradadır - The Metropolitan Museum of Art və American Museum of Natural History. Bu muzeylərin sənətkarlıq baxımından məziyyətlərini incələmək, heç şübhəsiz, mütəxəssislərə aid missiyadı. Mən başqa şeylərdən danışım. Muzeylərə giriş demək olar ki pulsuzdu, cəmi 1 dollara. Amma kassa önündəki lövhədə yazılıb ki, bəs istəsəniz muzeyə 25 dollar məbləğində ianə ödəyə bilərsiniz. Bu da, sözsüz ki, bir marketoloq gedişidi - həmin elanda 25 dollar - iri və qara şriftlə yazılıb, digər sözlər xırda kursivlə. Şəhərə gələn turistlər təbii, məbləği görcək düşünürlər ki, bilet bu qiymətədi, ödəyib içəri keçirlər. Mənsə nyu-yorklu dostların sayəsində vur-tut 1 dollar ödədim. Müşahidə elədiyim başqa bir məqam. Hər iki muzeydə dünya milyonçularının adlarının əbədiləşdiyi sərgi salonları var - Morqan, Rokfeller, Cesul, hətta Koç kimi. Nə üçün? Nə edib bu sərvət sahibləri? Muzeylərə külli miqdarda yatırım eləyiblər - ekspedisiyaların təşkili, eksponatların satın alınması üçün. Ki sonucda ən böyük sənət məbədlərində adları divara qızıl hərflərlə həkk olunsun. İri kapitaldan ən səmərəli istifadənin başqa yolu varmı, sizcə? Yoxsa lap toyunda Cenifer Lopes oxusa belə - tarixə düşə bilməyəcəksən, bir müddət Youtube-da videoyazın sərgilənəcək, vəssalam.

lll

Qızıldan dedim, o şəhərdə qır-qızıl taxıb küçəyə çıxanlar yalnız asiyalılar və qaradərililərdir. Eynən bizim xanımlar toylara gedən kimi - alışdım-yandım libaslar, əyinlərinə kip pərçimlənmiş geyimlər, qat-qat qızıl zəncirlər, iri-iri bilərziklər, adlarının həkk olunduğu sinəbəndlər. Ağ adamlarda bir belə bər-bəzək görmək mümkün deyil. Böyük əksəriyyət geyimdə sadəliyə, bəzəkdə minimalizmə üstünlük verir. Bu üzdən geyim varlıyıla kasıb arasındakı fərqi nümayiş etdirməz. Hamı rahat, hamı zahirən bərabər.

lll

Qaradərililərdən dedim, Nyu-Yorkdakı qara-qura xanımlar arasında bir tendensiya da gördüm. Anjela Devissayağı saç düzümü çox nadir hallarda gözə dəyir. Ən zövqlü xanımlar təbiətən ipə-sapa yatmayan saçlarını tam dibindən qırxdırırlar - kişisayaq, 1-2 santimetrlik saç çıxınca da boyayırlar - qırmızı, bənövşəyi, mavi. Maraqlı görünürlər. Fərqli, alabəzək, həm də cazibədar.

lll

Qadınların alabəzəkliyi dedim, inanın, orada insanlar ümumən alabəzəkdi - məcazi mənada təbii. Bizim əsas prioritetimiz olan multikulturalizm ki var, o məkanda da tamamən gerçəkləşmiş. Gözünü qaldırıb ətrafına baxınca hər cür insan görürsən - meksikalı, hind, yapon, ingilis, yəhudi, afroamerikan, tıpkı böyük dünyanın kiçik modeli. Və hər biri öz milli mənliyini nümayiş etdirməkdə - geyim tərzi ilə, saç düzümü ilə, özünü ifadə metodu ilə. Hamısı da bərabər. Sərhədsiz, bayraqsız, savaşsız, qan-qadasız. Və qürurlu - “mən amerikalıyam” kimliyi ilə öyünəcək qədər qürurlu.

lll

Qürurdan dedim, orada qürur və ambisiyalarına layiqincə qarşılıq verilən xüsusi bir zümrə də var - yaradıcı insanlar. Nyu-York sanki başdan-başa onların ixtiyarında. Bir faktı  deyim. Divarlara vurulan 5-10 metrlik reklamlar ki var, Taym-skverdəki neon lampalı nəhəng reklamları demirəm - adiləri, bax adi reklamları oboy kimi divarlara yapışdırmırlar indi. Son illərin qaydasıdı - o reklamları rəssamlar divarlara boya ilə çəkirlər, biri digərini təkrarlamır, hamısı da orijinal. Əl-qərəz, kreativ düşüncən varsa, yaradıcılığa meyllisənsə - hesab elə ki, o şəhərdə yerin var. Şəhər meriyasının köməyilə simvolik qiymətə yer icarələyə bilərsən, qabiliyyətinin məhsulunu baha qiymətə satıb yaşaya bilərsən. İstedadın varsa - sənin ödəyəcəyin haqq çox az, sənə ödəniləcək haqq yetərincə olacaq. Fakt bu ki, sənə gələnlə səndən gedən arasındakı məbləğə güzəranını qura biləcəksən. Təbii, fərasətin və istedadın varsa.

lll

İstedaddan dedim, diqqətimi çəkən bir əşyadan da danışım. Parklarda bir cür aparatlar var. Bayaq dediyim uzun-şüllək idi, bunlarsa formaca daha maraqlıdı, elə bil torpağın bağrını dəlib çölə çıxıb, düyməsini burub işlədincə başqa assosiasiya yaradır - səssorandı sanki.. dünyanın ən dəyərli səslərini sovurub bizə ötürür. Əslində aparat şeir antologiyasının müasir, yəni audio-təqdimatıdı. Siyahıdan şairi seçirsən, istədiyin şeiri tıklayırsan, uca səslə, gözəl avazla, musiqi müşayiətilə səsləndirir sənin üçün. Özün də feyziyab olursan, ətrafdakılar da. Səslənib yayılan bədii söz olur, təranəqumralların ifası yox.

lll

Təranəqumrallar dedim, bir az da onların efirlərindən danışım. Bizim özəl kanallardakı eybəcərliklər, inanın, elə orada da var. Bir həftə sərasər səhər şousunda müzakirə olunan nə idi, bir bilsəz? Qaradərili bir kişinin hər üç baldızı ilə sevişməsi və bu bacıların efirdəki qırğını. Dörd bacıdan biri qanuni zövcə, üçü məşuqə. Hamısı da guya aşiq, hamısı da qapqara, kömür kimi. Belə anladım ki, televiziyaların ucuz şou qolu elə orada da bizimkindəndir. Bax bunu Amerikadan gətirməyə ehtiyac yoxdu. Yəni ondan özümüzdə də var.

lll

40 gün 40 gecəlik səyahətimdən sizə danışdığım bu seçmələr ki var - inanın gördüklərimin yüzdə biridi və  Bəhram Bağırzadə demiş, onların hamısını məmnuniyyətlə Azərbaycana da gətirərdim. Onlarda varsa, bizdə niyə olmasın?

Afaq VASİFQIZI

 





26.08.2018    çap et  çap et