525.Az

Rifah istəyi, yoxsa nəfsin əsarəti...


 

Rifah istəyi, yoxsa nəfsin əsarəti...<b style="color:red"></b>

Bir dostum var. Onunla az qala bütün söhbətlərimiz yeni bir yazı mövzusudur. Və onu özəl edən xüsusiyyətlərdən biri insanı heç nədən anlamasıdır.

Son dövrlər kəskin ruh düşkünlüyündən əziyyət çəkirəm. Sən demə, o da bunun fərqində imiş. Sosial şəbəkədəki bir neçə dəqiqəlik söhbətimiz sayəsində günlərdir mənasını anlamadığım bu ruh düşkünlüyümün səbəbi özümə də aydın oldu.

Məsələ getdikcə cılızlaşmaqda olan nəsildaşlarımdır. Elə çətindir ki, bunu etiraf etmək. Elə bilirəm, hamısının yerinə mən cavabdehəm. Ona görə elə mən də utanmalıyam hamısının yerinə.

Sosial şəbəkələr çox məsələlərdə yaxşı, faydalı olsa da, insanların iç üzünü görmək, onları daha yaxından tanımaq baxımından heç də əlverişli deyil. Bəzən insanları tanımadan yaşamaq daha rahat gəlir, nəinki tanıyıb kim olduqlarını bilmək. Sosial şəbəkələr də bizə məhz bu imkanı yaradır. Saysız-hesabsız insanın, saysız-hesabsız paylaşımların içərisində hər kəs bir gün mütləq kim olduğunu biruzə verir.

Həm də sosial şəbəkələr fikrimcə, indiki cəmiyyətimizin aydın, şəffaf güzgüsüdür. Nizami demiş,

“Düz, dəqiq göstərirsə ayna səni özünə,

Aynanın nə günahı, diqqətlə bax üzünə...”

Gördüyümüz eybəcərliklərə görə güzgünü vurub sındırmaqdansa, onun göstərdiklərinə “əl gəzdirmək” daha yaxşı olmazdımı?!

Qayıdaq bayaqkı məsələyə...

Hər şeydən, hər kəsdən narazı, özünü alçaq dağların yaradıcısı hesab edən, özündən başqa kimsəni bəyənməyən, olmayan savadı, olmayan ağlı ilə hər yerdə “mən, mən” deyən, Mariana çökəkliyində oturub Everest zirvəsinə söz atan, bütün günü “yuxarılardan, işsizlikdən, pulsuzluqdan” gileylənib təklif edilən hər işə “mız” qoyan nəsildaşlarımı deyirəm.

Son dövrlər qulağımıza oxunan nağıllardan birinin də adı “Gender bərabərliyi”dir. Qadınla kişi bütün sahələrdə bərabərhüquqlu imiş. Bu iddianın əslində müsbət tərəfləri çoxdur. Xüsusən biz qadınların cəbhəsindən baxanda daha sərf edicidir. Amma kişi ilə qadını həmişə eyniləşdirmək nə qədər doğrudur? Götürək elə mənəvi dünyalarını, xarakterlərindəki fərqliliyi. Uşaqlığımdan qadınlara qarşı qəribə güzəştim var. Bu, cinsi həmrəylikdən irəli gələn güzəşt deyil. Nədənsə, mənimçün qadın elədiyi bütün səhvlərdə “əşi, qadındır” deyib bir əl yeri qoya biləcəyim, gözümün birinin yarısını da olsa yuma biləcəyim varlıqdır. Amma elə məsələlər var ki, qadına keçsəm də kişiyə heç bir halda keçə bilmirəm. Kişilərin o məsələlərdə güzəşti yoxdur mənə görə. Bəli, insan ali varlıqdır. Amma kişilər daha da alidir. Ya da olmağa məcburdurlar. “Kişilər ağlamaz” deyirlər ha. Məncə, çox mətləb kimi biz bunu da yalnış anlamışıq. Kişilər fiziki cəhətdən deyil, mənəvi baxımdan ağlamaz, sıtqamaz. Yəni, bir kişi bütün gün dolanışıqdan, güzəranın çətinliyindən, yağan yağışdan, qırılan boşqabdan, miyoldayan pişikdən, hürən itdən, uçan quşdan gileylənir və “ağlayırsa”, heç kim inciməsin, amma ona bu ad heç yaraşmır. Kişilər mərddir, təmkinlidir, böyük bir ailənin idarəedicisidir. Əgər elə deyilsə, min illər boyu patriarxat cəmiyyəti niyə mövcud olub? Niyə uzun müddətli xaqanlığımızı (söhbət 40 min il bundan öncə başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olmuş ana xaqanlığından, matriarxatdan gedir) kişilərə inanıb həvalə etmişik? Məhz güclərindən, qüvvətlərindən, dözümlülüklərindən dolayı.

Bir də indiki gənclərimizə baxaq. Hansının dözümü var? Bütün gün ağlamaqdan, gileylənməkdən, “yetənə yetib, yetməyənə bir daş atmaq”dan başqa əllərindən nə gəlir?

“Pul əl çirkidir”- deyib atalarımız. Bu sözlə tam razılaşmasam da, pulun çirkdən qoldakı qızıl bilərziyə qədər yüksəldilməsinə də heç zaman normal yanaşa bilməmişəm. Doğrudur, pul çox şey üçün lazımdır, ancaq hər şey üçün deyil axı. Nə yazıq ki, son dövrlərdə pul yaşamaq üçün vasitə olmaqdansa, yaşamaq pul qazanmaq, pul toplamaq üçün vasitə hesab edilməyə başlayıb.

Nə hikmətdirsə, qadınlarımız daha dözümlü, səbrlidirlər, ah-fəğan edən, bütün gün pul dərdi çəkən isə kişilərdir. İndi deyə bilərsiniz ki, axı ailəni dolandıran, övlad saxlayan, üzərinə daha çox məsuliyyət yüklədiyimiz kişilərdir, onların ah-vayı hardasa başa düşülən olmalıdır. Razıyam! Hətta etiraf etmək gərəkərsə, biz qadınlar qarşı cinsdən daha çox pul hərisi kimi “tanınırıq” təəssüf ki. Amma dediyimiz kimi, qadınla kişi arasında fərqlər həmişə olub, indi də var.

Amerikalı yazıçı Kurt Vonnequtun təbirincə desək, “Əgər sən bu qədər ağıllısansa, bəs niyə kasıbsan?”

Kasıblıq utanılacaq, sıxılacaq, gizlədiləcək bir durum deyil. Yer üzərində milyardlarla kasıb insan var. Hamısı da bir-birindən daha acınacaqlı durumda. Ancaq yaşadığın hər şeyi mərd-mərdanə qəbul etməyi, kimsəyə möhtac olmadan həyatını davam etdirməyi hər kəs bacara bilmir. Atalar demişkən, gözü toxa, ağzındakı yetər, acgözə dünya yetməz.

Maddi rifahını təmin etmək, kimsəyə möhtac olmadan yaşamaq istəyən insan “əlini daşın altına qoymağı” bacarmalıdır. Heç bir fiziki iş utanılacaq iş deyil, fikrimcə. Kimisi çörəyini daşdan çıxarar, kimisi rahat oturduğu ofisindən. Amma hər iki halda mahiyyət eynidir. Əgər kimsə işləməyi özünə yaraşdırmır, asan yoldan pul qazanmaq eşqinə düşürsə və buna nail ola bilmirsə, onda mütləq cəmiyyəti, hökuməti günahlandırır.

Bu dünyada ən çox qorxduğum insan məhz pulu sevən insandır. Fikrimcə, pula düşkün, pul hərisi insan ona çatmaq üçün hər cür pisliklər, günahlar etməyə qadirdir.

Hər şeyin başında insanın tamahı dayanır. Dində buna nəfs deyirlər. Bütün bədbəxtliklərin, bütün günahların başıdır nəfs. Qumar oynayan, oğurluq edən, cinayət törədən, düzgün olmayan yollarla pullar əldə etməyə çalışanların hamısı nəfsin qurbanları deyillərmi? İslam dini də nəfsdən geniş bəhs edir, müsəlman bəndələrini nəfsin qulu olmaqdan çəkindirir.

Quranda buyurulur: “Nəfs insanı daim pis yollara (getməyə) əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa”.

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir”.

Başqa bir mənbəyə görə isə: “Əmirəl-möminin Əliibn Əbitalib (ə) buyurur: “Əql və şəhvət biri-birinə ziddir. Elm əqli, həvayi-nəfs isə şəhvəti himayə edir. Nəfs bu iki qüvvənin çəkişdiyi, mübarizə apardığı meydandır; onlardan hər biri digərinə qələbə çalsa nəfsi öz ixtiyarına keçirir...

Şər və pislik hər bir nəfsin daxilində gizlənmişdir. Əgər sahibi ona qələbə çalsa gizlənər, qələbə çalmazsa aşkar olar”.

Deməli, insanın bu dünyadakı ən böyük qələbəsi öz nəfsinə, yəni tamahına qarşı qazandığı qələbədir. Tamahkar insan nəinki istədiklərinə çatar, əksinə, hirsi, acgözlüyü sayəsində əlində olanları da itirər. Azdırmı belə nümunələr?

Ona görə də çalışıb nəfsimizə qalib gəlməli, pul sevgisini özümüzdən kənarlaşdırmağı bacarmalıyıq. Onda həm ruhumuz, həm də düşüncələrimiz sakit və rahat olar. Yaşamaq isə heç də biz düşündüyümüz qədər çətin deyil, əlbəttə, biz onu çətinləşdirmədiyimiz müddətcə!

 





27.08.2018    çap et  çap et