525.Az

Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - II yazı


 

Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - <b style="color:red">II yazı</b>

Dənizlə bağlı söylənən müxtəlif fikirlər arasında Tofiq Fikrətin sözü daha çox diqqətimi cəlb etmiş, bir az da xətrimə dəymişdi.

O deyirdi ki, “dəniz qadın kimidir, heç güvənmək olmaz!” Təkcə o deyil ki, kimlər, kimlər dənizi qadınla müqayisə etməmişdi ki. Hər ikisi nazlı, hər ikisi cilvəli, hər ikisi uzaqdan huzur dolu, amma yaxınlaşdıqca hər ikisi bir-birindən təhlükəli...

Hələ keçən yazımızda xatırlamışdıq bu möcüzə dolu yaradılışı. Hələ onda da danışmışdıq insan duyğularını təlamtümə gətirən dənizin incəsənətə təsirindən, illərdən bəri müxtəlif sənət sahələrindəki obrazından.  

Dəniz - dubl 2 

Dünya kinomatoqrafiyasındakı dəniz obrazını xatırlayarkən sizin də ilk ağlınıza əvəzolunmaz “Titanik” gəlirmi?!

Dünyanın xatırlamaq istəmədiyi dəniz qəzası olan “Titanik” faciəsi əsasında çəkilmiş əfsanəvi film.

Filmdə 10 aprel 1912-ci ildə “Titanikin” səyahətə başlayıb batmasına qədər davam edən hadisələrin təsviri verilib. 20 il əvvəl çəkilməyinə baxmayaraq, dünyanın ən çox izlənilən filmləri sırasında birinciliyini heç zaman itirməyən ekran əsəri, həmçinin, dünyanın ən bahalı filmidir. Sonda gəminin batacağını, baş qəhrəmanın öləcəyini bildiyi halda çoxlarının dəfələrlə, dönə-dönə baxdığı bu filmin sirri nədədir bəs? Bəlkə əsl sevgi, bütün çirkinlərin içərisindən qayalıqdakı çiçək kimi baş qaldırmış saf insani duyğular, sevgi uğrundakı fədakarlıq? Yəqin ki, bu sualın cavabı hər kəs üçün dəyişə bilər. Dəyişməyən tək gerçək isə “Titanik”in bütün dövrlərdə dünyanın ən çox izlənilən və sevilən filmi olmasıdır.

Film real hadisəyə əsaslansa da, burada həmçinin, məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek “Titanik”in yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet udur. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla tanış olur. Rouz yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezib. Rouzun qısa müddət əvvəl vəfat etmiş atası arxasında böyük məbləğdə borc qoyub. Və bu borcun yükü ailəsinin üzərindədir. Buna görə də Rouzun anası həm borclarını ödəmək, həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlayıb. Qız isə Keli sevmir, yalnız anasının xahişinə görə evlənməyi qəbul edib. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşərək Kellə evlənməyi rədd edir. Bundan sonra iki sevgilinin qovuşmaq üçün mübarizəsi başlayır.


Ekran əsərində həmçinin, gəmi sahiblərinin özündən razılığı göstərilib. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.

Filmdə məhəbbət xətti ilə yanaşı, sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Ona görə də çox zaman “Titanik”ə gündən-günə yolunu azan, pul və şöhrət hərisi insana təbiətin bir növ dərsi də deyirlər. Heyf ki, bu dərs onlarla, bəlkə də yüzlərlə günahkarla bərabər, Cek kimi saf, günahsız aşiqin də sonu olur.

Həqiqətə uyğunluğu və yüksək peşəkarlığı sayəsində 11 Oskar mükafı almış film kino tarixinin ən yadda qalan filmlərindən birdir.

1987-ci ildə çəkilmiş alman istehsalı olan “Das Boot” filmi İkinci Dünya Müharibəsində alman dənizaltı donanmasının Atlantik okeanında qarşılaşdığı çətinliklərdən bəhs edir. Heyət okeanın ortasında yalnız ölüm-qalım deyil, həm də insanlıq savaşı verir. Müharibənin ən ağır anlarını özündə əks etdirən ekran əsərindəki hadisələr 1942-ci ildə cərəyan edir.

lll

“İçimdəki Dəniz” (Mar Adentro) ispan rejissor Alexandro Amenabarın rejissorluğunu etdiyi 2004-cü il istehsalı olan bioqrafik filmdir. Film real hadisələrə əsaslanaraq ssenariləşdirilib.

Film vaxtı ilə gəmidə mexanik kimi işləyən Ramon Sampedro adlı ispan bir vətəndaşın həyatından bəhs edir. Bir gün dənizdə olarkən Ramon qəzayla üzləşir. Dənizə dalmaq istəyən Ramon, bilmədən dənizin dayaz hissəsinə baş vurur. Nəticədə başından ağır zərbə alır. Bədəninin boğazdan aşağı hissəsini idarə edə bilmir. 30 il bu vəziyyətdə tək bir otaqda yaşayan Ramon, sonda ölmək qərarına gəlir. Lakin olduğu vəziyyət bunu özünün reallaşdırmasına mane olur. Çarəsiz qalan Ramon onu öldürməyi yaxınlarından istəmək məcburiyyətində qalır. Lakin heç kim onun bu istəyini etməyə razılaşmır. Ramon onu öldürmələri üçün dövlətə müraciət edir. Onun bu qərarı məhkəmədə müzakirə edilir. Ancaq məhkəmə də bu qərarın qəti əleyhinə çıxır. Hər kəs onu bu qərarından döndərməyə çalışır. Onun hüquqlarını müdafiə edən vəkili Culia və onu həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə inandırmağa çalışan, həyatına sonradan daxil olmuş biri Rosa-hər iki qadın onun daim yanında olurlar. Nə qədər insan Ramonu fikrindən daşınmağa sövq etsə də, o, öz fikrində qalır. Onun yalnız bir istəyi vardı-ölmək!..

2004-cü il istehsalı olan “Açıq dəniz” filmi sevgiylə qorxunun, cəsarətlə ölüm təhlükəsinin birləşdiyi macəra dolu bir ekran əsəridir. Suzan və Daniel adlı sevgililər tətil üçün bir adaya gedirlər. Cütlüyün ilk istəyi suyun altındakı gözəllikləri öz gözləri ilə görməkdir. Bu arzu ilə də macəra başlayır. Dənizin altına tur təşkil edən heyət bu cütlüyü okeanın ortasında unudur. Cütlük həm aclıq, susuzluq, həm də dənizin şıltaqlığı, balinalarla da mübarizə aparmalı olur. Suzan və Danielin bu qarışıq, qorxunc dənizdən qurtuluş əhvalatı illərdir izləyicilərə həyəcan dolu anlar yaşatmaqda davam edir.

2016-cı ildə Kreyq Gillespinin rejissorluğu ilə yayımlanan tarixi-dram, macəra janrındakı “Çətin saatlar” filmi 1952-ci ilin 18 fevralında baş verən hadisədən bəhs edir. Həmin gün İngiltərənin Şərq sahillərini iflic edən, yoluna çıxan bütün gəmiləri çətin vəziyyətə salan fırtına Bostona təhkim SS Pendleton T-2 petrol tankerini iki hissəyə bölür. İçində 30 dənizçi olan gəmi sürətlə sulara qərq olmağa başlayır. Qorxu və dəhşətin bürüdüyü heyəti fövqəladə vəziyyətdə idarəçiliyə sahib baş mühəndis Ray Sybert sakitləşdirməyə çalışır. Səyləri nəticə verir və heyət sakitləşdikdən sonra hərə vaxt itirmədən bir iş görməyə başlayır. Artıq insanla dənizin ölüm-qalım savaşını izləyirik. Onlar şiddətli fırtınaya qarşı dirənərkən kilometrlərlə uzaqda ikinci bir qrup da oxşar mübarizənin qəhrəmanlarına çevriliblər. Bu, onlara kömək üçün gələn Amerika Xilasetmə dəstəsinin üzvləridir. Ekran işi təkcə can qurtarmaq əməliyyatı deyil, qəzəbli dənizin qoynunda ölümlə savaşa girən insanların ömürləri boyunca unutmayacaqları hadisələr zənciridir. Görəsən, bu mübarizədən qalib çıxan kim olacaq? Dəniz, ya insan?

Oxşar sual “Dənizin ortasında” filmində də qarşımıza çıxır. Çünki həmin tankerdəki mübarizənin bənzəri 2015-ci il istehsalı olan filmdəki “Nantuket” adlı balina ovu üçün istifadə edilən gəmidə də getməkdədir. Natanial Fillbrikin “Eyni” adlı romanı əsasında rejissor Ron Hovardın çəkdiyi film 1820-ci ildə həmin gəminin çox dişli İspermeçet balinasının hücumu ilə parçalanmasından bəhs edir. Burada da dənizlə insanın müdhiş mübarizəsi filmin əsas mövzusunu təşkil edir. Qrupda yalnız 8 nəfərin sağ olaraq qurtulduğu bu hadisə gələcəkdə məşhur yazıçı Herman Melvilin yazacağı “Mobi Dik” əfsanəsi üçün ilham qaynağı olur.

Həmin il Türkiyədə də sirli-sehrli dənizin insanlar üçün necə məzara çevrilə biləcəyi haqqında bütün dövlərin ən maraqlı filmlərindən biri nümayiş olunurdu. Rejissor Tolqa Qaraçeliyin öz ssenarisi əsasında çəkdiyi “Sarmaşıq” filmi dərin psixoloji qatları ilə insanı əvvəlindən axırına qədər öz təsirində saxlaya bilir. Yeni fəaliyyətə başlamış gəmi firması iflasa uğrayır. O əsnada səfərdə olan gəmisindəki işçiləri gəmidə köməksiz qalırlar. Çünki maaşlarını ala bilməkləri üçün dəniz qanunlarına görə gəmidə qalmağa məcburdurlar. Alacaqlarından imtina edib gəmini tərk edənlərdən sonra cəmi 5 işçi və kapitandan ibarət heyət ürək üzən gözləməyə başlayır. Artıq onlar təkcə dənizlə deyil, həm də zamanla mübarizədədirlər. Bu isə artıq fiziki deyil, psixoloji savaşdır. Və bu savaşdan hərə bir cür çıxır.

lll

Əsrlərdən bəri dəniz həm də quldurların məskəni olub. Dəniz səyyahlarının qorxulu yuxusuna çevrilən bu quldurlar həm bədii ədəbiyyatın, həm də filmlərin əsas mövzularından biridir.

Dünya kinomatoqrafiyasında bu mövzu ilə bağlı ən məşhur film seriyası “Karib dənizinin quldurları”dır. Müxtəlif illərdə çəkilmiş “Qara incinin lənəti”, “Ölü adamın sandığı”, “Dünyanın sonu”, “Sirli dənizlərdə”,”Salazarın intiqamı”, “Ölülər nağıl danışmır” filmlərində qəhrəmanlar hər dəfə yeni və fərqli dəniz macəraları ilə qarşılaşırlar.

2013-cü ildə rejissor Paul Gringrossun çəkdiyi “Kapitan Filips” filmi də bu cür əsərlər sırasındadır. Ekran işinin mövzusu 2009-cu ildə bir gəmidə yaşanan həqiqi hadisədən götürülüb. Filmdə bir konteynir gəmisinin quldurların hücumuna məruz qalmağı və heyrətin əsir götürülməyi şahidlərin xatiələri əsasında həqiqətə uyğun çəkilib.

2017-ci ildə çəkilmiş “Somali dəniz quldurları” filmində isə jurnalist Jay, öz sakit həyatını, Somali dəniz quldurları arasındakı bir həyata dəyişir. Bütün çətinliklərə sinə gələrək, burada baş verənləri olduğu kimi dünyaya göstərməyə çalışır.

lll

Bu filmlərin hamısı sanki dənizin yalnız lənətlənmiş, qorxunc, vahiməli ölüm bataqlığı olduğu fikrini oyatmasın. Dəniz sirri, sehri, dəliliyi, sakitliyi, huzuru ilə gözəldir.

Bəzi filmlərdə dəniz yay mövsümünün simvolu, gözəl mənzərənin əsas ünvanıdır.

Əgər yayın son günlərində, payız qapının ağzını kəsdirdiyi halda siz hələ də evdə tətil xəyalları quraraq sıxılırsınızsa, keçən yaya damğasını vuran “Call me by your Name” əsl sizin üçündür. Luca Guadagninonun rejissoru olduğu filmdə hadisələr 1980-ci illərin İtaliyasında cərəyan edir. İki gəncin romantik anlarını izləyərkən, diqqətli olun, çünki Aralıq dənizinin sizi özünə çəkən atmosferinə qapılmamaq mümkünsüzdür.

Aralıq dənizin mavi görüntüsünə qərq olacağınız digər film isə Matt Damon, Qvinet Peltrou və Jude Lovu 1990-ci illərin sonunda bir araya gətirən “The Talented Mr. Ripley” filmidir. Ekran əsəri Tom Ripleyin qeyri-adi iş təklifini qəbul etməsi və İtaliyada unuda bilməyəcəyi yay keçirməsindən danışır. Əfsanə üçlüyün getdikcə möhkəmlənən dostluğunu izləyərkən bir tərəfdən də dəniz öz ecazkarlığı ilə sizə əsl yay istirahəti yaşadacaqdır.

Ailəsindən qaçan iki gənc aşiqin hekayəsindən bəhs edən “Moonrise Kingdom” filmi isə dəniz və qumsal deyiləndə ağla ilk gələnlərdəndir.

ABBA-nın hit mahnılarını həm dinləyib, həm də izlədiyimizi “Mamma Mia” filmi, xəyallardakı yay fəslini ekranlara daşıyan başqa bir kinomatoqrafiya əsəridir. Atasını tapmağa çalışan gənc bir qadının hekayəsindən danışan filmdə Meryl Streepin aktyorluğu və yunan sahillərinin gözəlliyinə vurulmamaq sadəcə mümkün deyil!

lll

Dəniz macəralarını mövzu olaraq seçən, ya da füsunkar dəniz mənzərəsi ilə göz oxşayan filmlərin siyahısını istənilən qədər uzatmaq olar. Əgər dənizi sevir, onun bütün şıltaqlıqlarını, qorxu və həyəcanlarını, dəniz macəralarını sevgi ilə qəbul edirsinizsə, mavi suları ekrandan belə izləməyin sizə xoş anlar bəxş etdiyini deyirsinizsə, onda haqqında danışdıqlarımızdan başqa, bir neçə dəniz səhnələri ilə bol filmləri diqqətə çatdıra bilərik: “Səssiz və dərindən get”, “ABYSS”, “Qızıl oktyabr”, “Dənizdə üsyan”, “Dostluq dənizi”, “Sürət tələsi- 2”, “Perfect Storum”, “U-571”, “K-19 təhlükəli saatlar”, “Dibdəkilər”, “Dünyanın uzaq ucu”, “Düşmən ellərində, “Poseydon”, “The last ship”, “Qara dəniz”, “Sahil güvənlik”, “Əməliyyat: Qırmızı dəniz”...

Əziz oxucu, bizim sizin üçün sənətin digər sahələrindəki dəniz obrazını araşdıracağımız qarşıdakı bir həftəni siz də haqqında danıdığımız, diqqətinizi çəkə bildiyimiz filmlərlə daha maraqlı və daha faydalı edə bilərsiniz. İndidən hər birinizə xoş seyirlər diləyirik!

 





01.09.2018    çap et  çap et