525.Az

Baş redaktor


 

Baş redaktor<b style="color:red"></b>

XIX əsr Rus ədəbiyyatında İvan Panayev adlı bir yazıçı vardı. O həm poeziya ilə, həm nəsrlə, həm də publisistika ilə məşğul olur, yaxşı çap olunur, oxucu sarıdan da korluq çəkmirdi.

Bununla belə, rus ədəbiyyatı tarixində Panayevin adı bədii yaradıcılığı ilə deyil, “Sovremennik” jurnalındakı redaktorluq fəaliyyəti ilə qaldı. Onun dövründə “Sovremennik” jurnalı rus ədəbiyyatının ümumi mənzərəsini göstərən ən həssas ayna hesab olunurdu. Bu gün də İvan Panayev xatırlanırsa, peşəkar bir jurnal naşiri, savadlı, yüksək zövqlü redaktor kimi yada düşür. Sovet ədəbiyyatı dönəmində də redaktorluğu ilə məşhur olan yazıçılar vardı. Bu sıraya ilk növbədə Aleksandr Tvardovskini (“Novıy mir” jurnalı),  Valentin Katayevi (“Yunost” jurnalı) daxil etmək olar. Azərbaycan ədəbiyyatında isə bu gün jurnal redaktoru deyəndə, şübhəsiz, birinci yada düşən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadədir.

İntiqam bəy qırx ildən artıqdır “Azərbaycan” jurnalının var olmasında, yaşamasında, reallığımızda mümkün olan ədəbi səviyyəsinin saxlanmasında var gücü ilə çalışır. Müxtəlif illərdə bu jurnalda ədəbi işçi, tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrini icra edib. 1997-ci ildən isə  jurnalın baş redaktorudur. İntiqam bəy çox çətin, hər bir cəhətdən mürəkkəb bir zamanda baş redaktor vəzifəsini boynuna götürməli oldu. Jurnalı həm maliyyə tərəfindən təmin etmək lazım idi, həm də ədəbi material sarıdan.  Ölkənin ən yaşlı və ən nüfuzlu jurnalının ardıcıl şəkildə çıxması üçün baş redaktordan çeviklik, inadkarlıq, hətta fədakarlıq tələb olunurdu. Siyasi hadisələrin axınına düşmüş millət kitab-jurnal oxumağı tərgitmiş, kitab ticarəti iflasa uğramış, nəşr olunan kitabların tirajı minimuma enmişdi. “Azərbaycan” jurnalı da “olum, ya ölüm” dilemması ilə üz-üzə qalmışdı. Bax belə bir vaxtda İntiqam Qasımzadə təmənnasız olaraq (o illər jurnalda əməkhaqqı simvolik idi) jurnalı məhv olmaqdan qoruya bildi. Şükür ki, o zaman dövlət başçısı Heydər Əliyevin göstərişi ilə Yazıçılar Birliyinin bütün ədəbi orqanları kimi, “Azərbaycan” jurnalı da maliyyə sıxıntısından qurtardı. Bu gün də dövlətin maliyyə dəstəyi davam edir.

Əlbəttə, maliyyə vacibdir, amma daha vacib olan jurnalın keyfiyyətli ədəbi materiallarla təmin edilməsi idi. Siyasi coşqunluq və bunun tam əksi olan ədəbi durğunluq şəraitində aylıq ədəbi məcmuəni yeni əsərlərlə təmin etmək, eyni zamanda, ənənəvi kursa sadiq qalaraq bədii “planka”nı saxlamaq çətin vəzifə idi. Baş redaktor kimi İntiqam Qasımzadə bu çətin vəzifənin də öhdəsindən gəldi. Yaşından, təcrübəsindən, ad-sanından, ədəbi statusundan asılı olmayaraq bütün yaradıcı insanların üzünə açdı jurnalın qapılarını. Son illərdə yaranan ən yaxşı əsərlər, əvvəllərdə də olduğu kimi, məhz “Azərbaycan” jurnalının səhifələrində dərc olundu. Hətta jurnalın fəaliyyətinə ağız büzənlər də sonradan anladılar ki, ən etibarlı ədəbi səhifə açılıb-bağlanan internet saytları deyil, məhz “Azərbaycan” jurnalıdır. Əslində, bu jurnalda çap olunmaq hər bir yazıçının istəyidir.

Təbiidir ki, jurnalda dərc edilən yazıların müəllifi baş redaktor deyil, jurnal cari ədəbi mənzərənin göstəricisidir. Əgər bu mənzərə hərdən cəlbedici olmursa, bunun günahı baş redaktorda deyil, o mənzərəni yaradanlardadır. Tam əminliklə deyə bilərəm, “Azərbaycan” jurnalına təqdim olunan heç bir yaxşı əsər geri qaytarılmır. Səbəb sadədir, hər bir ədəbi məcmuənin taleyi, nüfuzu onun səhifələrindəki əsərlərin keyfiyyəti ilə ölçülür. Odur ki, hər bir mətbu orqan, məhz yaxşı əsər sorağındadır, amma yaxşı əsəri tanıyan, duymağı bacaran redaktor gərəkdir.  Bu məsələdə  yüksək ədəbi zövqü, geniş mütaliəsi, mədəni aləmə yaxından bələdliyi, sözü duymaq qabiliyyəti, yaxşını pisdən ayırmaq üçün lazım olan redaktor fəhmi baş redaktor kimi İntiqam bəyin köməyinə gəlir.


Ən vacib olan məqamlardan biri də ədəbi jurnalın funksiya və spesifikasının doğru-düzgün yerinə yetirilməsidir. Ədəbi jurnal nə qəzetdir, nə tənqid dərgisi, nə sürüşkən başlıqlı yazılara qucaq açan internet saytı, nə də xəbərlər bülleteni. Ədəbi jurnalın, indiki halda “Azərbaycan” jurnalının əsas vəzifəsi çağdaş ədəbiyyatımızın ümumi mənzərəsini konkret bədii əsərlər vasitəsi ilə göstərməkdir. Həmin mənzərənin təhlili, qiymətləndirilməsi artıq tənqidin işidir.

“Azərbaycan” jurnalı və onun baş redaktoru haqqında bu sözləri deməkdə haqqım olduğunu düşünürəm. Çünki 1971-ci ildən başlayaraq mənim hekayələrim, povestlərim, romanlarım, axır iyirmi ildə isə pyeslərim, baş redaktorun kimliyindən asılı olmayaraq, ilk olaraq məhz “Azərbaycan” jurnalında işıq üzü görüb. Deməli, bu jurnalla əməkdaşlığımın az qala əlli yaşı var. Bu yarım əsrin qırx ilində yazımın qəhrəmanının  xüsusi  yeri var.

Bizim tanışlığımız sevimli “Azərbaycan” jurnalının redaksiyasında baş tutdu, elə orda da davam edir. Onda mən artıq xeyli vaxtdı jurnalın müəllifləri sırasındaydım, İntiqam Qasımzadə isə kinostudiyadan təzəcə gəlmişdi redaksiyaya. Sonralar bu tanışlıq dostluğa çevrildi, amma bu, iki kişinin adi dostluğu deyildi, bu, daha çox redaktor və yazıçı əməkdaşlığı üzərində qərar tutan dostluq idi. Artıq 1977-ci ildən başlayaraq mənim  əsərlərim “Azərbaycan” jurnalında, məhz İntiqam Qasımzadənin sayəsində və onun redaktorluğu ilə dərc olunub. Biz redaksiyadan kənarda nadir hallarda görüşürük, o da rast gələndən-gələnə. Redaksiya daxilində isə biz vaxtaşırı ən müxtəlif məsələlərdən saatlarla söhbət edir, müzakirə açır və deyim ki, sözümüz tutur, fikirlərimiz əksər hallarda üst-üstə düşür, bir-birini tamamlayır. Televiziya ekranına da ilk dəfə İntiqam bəyin Aleksandr Qriçlə birgə müəllifi və aparıcısı olduğu məşhur “Bayatı” verlişində çıxmışam. O zamanın ən baxımlı və populyar ədəbi verlişi daha geniş auditoriyanı əhatə etsin deyə rus dilində yayımlanırdı. İndi də çəkiliş öncəsi həyəcanımı xatırlayıram. Mövzunun mürəkkəb olması bir tərəfə, teleekranda ilk müsahibəm rus dilində olmalı idi. Çətin olsa da, söhbəti yola verdik. Ertəsi gün “Azərbaycan” jurnalının rus dilini çox da yaxşı bilməyən o vaxtkı baş redaktoru rus dilimi çox bəyəndiyini demişdi mənə.

“Azərbaycan” jurnalında işləməklə bərabər, ömrünün müxtəlif dönəmlərində İntiqam Qasımzadə şair, tənqidçi, publisist, tərcüməçi, kinodramaturq kimi də istedadını göstərib. Kino mütəxəssisləri indinin özündə də təcrübəli ekspert kimi onun zövqü ilə hesablaşır, məsləhətlərinə qulaq asırlar. Onu da deyim ki, mənim üçün İntiqam bəyin yaradıcılığının ən maraqlı sahəsi onun kinodramaturq kimi fəaliyyətidir. Bu gün də davam edən kino yaradıcılığı iyirmidən çox sənədli və bədii-sənədli filmi əhatə edir. Onun ssenariləri əsasında  Qara Qarayev, Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Vaqif Mustafazadə, Cahangir Cahangirov, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli kimi görkəmli şəxsiyyətlər haqqında çəkilmiş filmlər Azərbaycan kinematoqrafının hasil etdiyi yüzlərlə sənədli film arasında yüksək mədəni səviyyəsi, kino dilini gözəl bilməsi, obyekti dərindən duyması və tanıması ilə seçilir. Qara Qarayev şəxsiyyətinə və yaradıcılığına həsr edilmiş  film isə böyük bəstəkar haqqında ən yaxşı portret filmlərindən biridir. Etiraf edim ki, Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edən “Nuri-didə Ceyhun” adlı pyesimi işləyəndə İntiqam bəyin Ceyhun Hacıbəyli haqqında yazdığı ssenaridən istifadə etmişəm. Pyesin ən vacib bir yerində dirəndiyimdə həmin ssenari  dadıma çatmışdı.

İntiqam Qasımzadənin yaradıcılığının müxtəlif sahələrindən danışmaq, söz açmaq olar, amma yazımın əvvəlində İvan Panayev haqqında xatırlatmamı redaktor dostumun ədəbi fəaliyyətinə şamil etmək istərdim. Onun rəngarəng yaradıcılığı bir yana, redaktorluğu isə bir yanadır. İntiqam Qasımzadənin ədəbiyyatımızda əsas missiyası redaktorluqdur. Bəlkə ona görədir ki, bu nəcib peşəyə ömrünün qırx ilini həsr etmiş əziz dostum özünün 70 illik yubileyini deyil, məhz “Azərbaycan” jurnalında fəaliyyətinin 40 illik yubileyini fəxrlə qeyd etdi.

Bu il isə İntiqam Qasımzadənin 75 yaşı tamam olur. Bu yaşında da o doğma jurnalın ağrı-acıları ilə, sevinci və kədəri ilə yaşayır, jurnalın səhifələrini zəif əsərlərdən qorumaq üçün bəzən mübarizə aparmalı, dirəniş göstərməli olur. İnanın, bu o qədər də asan iş deyil. Mən bu yolda İntiqam bəyə səbr, hövsələ, tükənməyən enerji, möhkəm sağlamlıq arzulayıram.

75 yaşın mübarək, əziz Baş redaktor!

 





03.09.2018    çap et  çap et