525.Az

Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri


 

Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri<b style="color:red"></b>

Hər dəfə belə olur. Maşın Bakıdan çıxdıqda özümü cəmi bir neçə kilometr aralıdakı başqa bir şəhər və ya rayona gedirmiş kimi deyil, tamamilə ayrı bir dünyaya keçid edirmiş kimi hiss edirəm.

Paytaxtda yaşamağın müəyyən dərəcədə üstünlükləri olsa da (əsas da iqtisadi baxımdan), hər zaman böyük şəhərlərin insanı tez yorduğunu, vaxtından tez qocaltdığını düşünmüşəm nədənsə. Səs-küy, bircə saniyə belə dayanmayan dinamik həyat, boğucu hava, hər anına sığan yüzlərlə üz, ora-bura qaçışan, tələsdiklərindən başlarını qaldırıb bir-birinin üzünə baxmağı ağıllarına da gətirməyən insanlar böyük şəhərlərin, meqapolislərin ortaq mənzərəsidir, yəqin ki.

Sözün düzü, getdiyi hər rayonda, hər kənddə sakinlərə "siz burada cənnətdəsiniz, biz şəhərdə nə günlər çəkirik" deyənlərlə də razı deyiləm. Çünki hələ də içində hifz etdiyi təmiz, bol oksigenli havaya, gülərüz, mehriban, bir-birinin xeyrinə-şərinə yarayan insanlarına, saflığına baxmayaraq, kənd həyatının da özünəməxsus çətinlikləri var. Baxır, kim haraya öyrəşib... 

Gedək üzü Masallıya 

Bu dəfə yolumuz cənub torpaqlarınadır. Masallının adını tutub gedirik. İkinci səfərimdir o ecazkar torpaqlara. Cəmi bir neçə saatlıq yolda pəncərədən çöldəki həyat dəfələrlə rəngini dəyişir. Hər rəng bir yeni ovqat, yeni düşüncələr, yeni təəssüratlar gətirir özüylə. Boz çölləri keçəndə özünü ucsuz-bucaqsız, sivilizasiyadan, insanlardan uzaq bir səhrada tək-tənha hiss edir insan. Beynin, düşüncələrin də kimsəsizləşir, bozlaşır.

Az sonra tək-tük ağaclar, yaşıl sahələr dəyir gözünə. Gözün bayram edir sanki. Qış yuxusuna yatan təbiətin bahar oyanışı kimi dirçəlirsən. Masallıya az qalmış isə budur təbiət bütün gözəlliyi, füsunkarlığı, cazibədarlığı ilə salama çıxıb elə bil. Yamyaşıl, sıx ağaclar, bol oksigen canına can qatır, neçə saatdır yol gələn sən deyilmişsən kimi gümrahlaşırsan.

Bəzən "Azərbaycanın Çini" adlandırılan Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağacları, zəngin meşələri, büllur bulaqları ilə yanaşı, həm də ən çox əhalisi olan və ölkənin adambaşına ən az torpaq sahəsi düşən rayonlarından biri kimi də tanınır. Bütün bunları nəzərə alsaq, yəqin ki, sözümüzün əvvəlində işlətdiyimiz bənzətmə heç də yersiz deyil. Amma Masallı torpağı ən verimli, ən zəngin torpaq da hesab olunur. Təbii ki, bu da insanlarının sayəsindədir. Çünki 210 mindən artıq əhalisi olan rayonun əhalisi bu torpaqların hər qarışından daha səmərəli istifadə eləməyi bacarır. Torpağının hər qarışında bərəkət, daşının hər zərrəsində bir tarix yatan bu füsunkar rayon insanı elə ilk dəqiqələrdən öz sehrinə qərq etməyi bacarır.

"Həm ziyarət, həm ticarət" - deyib, getdiyimiz yerlərdə gəzmək, istirahət etməklə kifayətlənməyib, həm də oranın tarixi, mədəniyyəti ilə bağlı maraqlı faktlar toplamaq adətimizə çevrilib artıq.

Unikal təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və əsrarəngiz təbiəti Masallını təkcə regionda deyil, həmçinin, ölkəmizdə turizm məkanı kimi tanıdıb. Elə bil təbiət də öz gözəlliklərini bu yerlərə bəxş edərkən xəsislik etməyib, səxavətlə, əli bol davranıb. Xəzər dənizi, Talış sıra dağları, Viləş çayının, bumbuz bulaqların, kiçik göllərin yaratdığı fərqli mənzərələr buraya ayaq basan insanları sözün həqiqi mənasında heyran edir.  

Əsrlərdən üzü bəri 

Masallı təkcə səfalı təbiəti, göz oxşayan gözəlliyi, təmiz və sərin havası, zəngin mətbəxi, istiqanlı əhalisi ilə deyil, həm də qədim tarixi, əzəmətli keçmişi ilə də hər zaman həm yerli, həm də xarici turistlərin diqqət mərkəzində olub.

Tarixi mənbələrin dediyinə görə, inzibati rayon kimi 1930-cu ildə yaradılaraq müstəqil rayon şəklində ölkəmizin xəritəsində öz yerini tutan Masallı ərazisində insanlar çox qədim zamanlarda, hələ 15-20 min il bundan əvvəl məskunlaşıblar. Antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının, XIX əsrin ortalarından Lənkəran qəzasının tərkibində olan bu ərazidə bütün dövrlərdə qədim tarixə, zəngin mədəniyyətə böyük diqqət olub. Tarixə nəzər saldığımız zaman, qarşılaşdığımız faktlar - 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin, 1922-ci ildə görkəmli dövlət xadimi N.Nərimanovun, daha əvvəllər isə Makedoniyalı İsgəndərin, Nadir şahın bu ərazidən keçməsi də yəqin ki, bu mədəniyyətə və tarixə olan marağın nəticəsidir.

Masallı tarixini şərti olaraq yazıya qədərki və yazının meydana gəlməsindən sonrakı dövrlərə bölmək olar. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin, bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar yer alıb.

Masallının qədim, yəni yazıya qədərki tarixi haqqında isə arxeoloji abidələr sayəsində öyrənilir. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji, qalanları isə XX əsr abidələridir.

Masallının qədim tarixinin müəyyən hissəsi Muğan mədəniyyəti ilə bağlıdır.

Muğan mədəniyyəti - son tunc-erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyətdir. Bu mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilib.

Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri, o cümlədən, silahlar tuncdan və dəmirdən hazırlanırdı.

Dövlətimiz hər zaman öz tarixinə, keçmişinə, milli mənsubiyyətini özündə cəmləşdirən maddi-mənəvi abidələrinə sahib çıxdığından Masallının da daxil olduğu Cənub zonasının ərazisi də diqqətdən kənarda qala bilməzdi. Cənub bölgəsini arxeoloji cəhətdən öyrənmək üçün 1985-ci ildə Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası yaradıldı.

Bunda əsas məqsəd Cənub bölgəsinin arxeoloji tədqiqi, eyni zamanda, arxeoloji abidələrin külliyyatının hazırlanması və xəritələşdirilməsidir. Abidələrin əksəriyyəti elmə məlum olmayan abidələrdir. Eyni zamanda, yaşayış yerlərində, şəhər yerlərində, qala və ya qəbir abidələrində, onların mühümlüyünü nəzərə almaqla, arxeoloji tədqiqatlar aparılır.

Bu iş uzun müddətdir ki, davam edir. Bir neçə rayon ərazisində faktiki olaraq, iş başa çatıb. Əslində, başa çatıb demək də doğru səslənmir. Çünki hər gün yeni abidələr ortaya çıxır. Əksər abidələrin yerüstü əlamətləri olmur. Tutaq ki, hansısa bir kənd ərazisində arxeoloji kəşfiyyat-gəzinti zamanı heç bir əlamətə rast gəlinmir. Bir müddətdən sonra həmin ərazidə təsərrüfat işləri və ya qazıntı işləri aparıldıqda hansısa bir arxeoloji material üzə çıxır.

Misal üçün, keçən il Masallı rayonunda Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən, küp qəbirlər nekropolu aşkar edilmişdi. Arxeoloqlar məlumat daxil olan həmin əraziyə gələrək, tədqiqat işləri aparmış, aşkar edilən abidə arxeoloji xəritədə qeyd edilmişdi. Küp qəbirlərini təmizləyərək, arxeoloji materialları götürülüb və həmin arxeoloji abidə Masallı rayonunun xəritəsinə salınıb. Yerüstü əlaməti olmayan abidələr Azərbaycanın Cənub ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır.

Rayon ərazisində yerləşən, nadir quş və balıq növləri ilə məşhur olan Qızılağac qoruğu da diqqətçəkən məkanlardandır. Bu qoruqda mühafizə olunan təbiət nümunələrindən bəzisi nadir və nəsli kəsilməkdə olan canlı və cansızların cəm edildiyi "Qızıl kitab"a daxil olub. 

Kənd məktəbindən muzeyə... 

Masallının tarixi, burada qədim dövrlərdən məskunlaşmış insanların məşğuliyyəti, rayonun bu günə qədərki inkişaf yolu, müasir dövrünü ən yaxşı şəkildə Tarix-Diyarşünaslıq muzeyindən öyrənə biləcəyimizi düşünüb yolumuzu muzeyin yerləşdiyi Hişkədərə kəndindən saldıq. Son dərəcə müasir və zövqlü görünüşə malik bina içində mühafizə etdiyi tarix barədə sanki elə uzaqdanca "danışmağa" başlamışdı. Muzeyin içərisində işçilərlə, bələdçilərlə görüşüb, onların zəngin və əhatəli məlumatlarını dinlədikdən sonra həqiqətən də muzeyin yaranma tarixinin, keçdiyi yolun nə qədər maraqlı və bir böyük ərazinin tarixini özündə hifz etmək baxımından bu tarixi abidənin nə qədər əhəmiyyətli olduğunun fərqinə varırıq.

Muzey 1952-ci ildə Hişkədərə kənd sakini Rəhim Tağıyevin təşəbbüsü və rəhbərliyi ilə Hişkədərə kənd orta məktəbində yaradılıb. 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət göstərən muzey, bu illər ərzində öz hesabına eksponatlarını xeyli zənginləşdirib. 1975-ci ildə toplanılan eksponatlar üçün muzey binası inşa edilib və 1978-ci ildən Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. 2005-ci ildən muzey onu yaradanın - Rəhim Tağıyevin adını daşıyır.

Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, muzeyin fəaliyyəti də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurəti yaranıb.

2014-cü ildə tikintisinə başlanan muzey iki il əvvəl qapılarını ziyarətçilərin üzünə açıb. Hazırda muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Əsas fondda müxtəlif dövrləri əhatə edən 19 mindən çox qiymətli eksponat var ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar bölgənin təbiətini, qədim dövrünü (daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir.

(Ardı var)

 





04.09.2018    çap et  çap et