525.Az

Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri


 

Tarix və mədəniyyətimizin Masallıdakı silinməz izləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Masallının Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında aşkar edilən qədim şəhər, qala kurqanı, türbə məqbərə yerlərindən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb ki, bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur.

Muzeyin maraqlı guşələrindən biri də əmək və müharibə qəhrəmanlarına, Masallı şəhidlərinə aid materialları özündə əks etdirən guşələrdir.

Muzey bələdçisinin sözlərinə görə, maddi-mədəniyyət nümunələri əsasən rayonun kəndlərindən təsadüfən əldə edilib. Bölgədə ilk dəfə olaraq muzeydə təbiət və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir.

Muzeydə müstəqillik tariximizə də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu guşələr vasitəsilə dövlətimizin və dövlət başçılarımızın rayonun inkişafına göstərdiyi qayğı və diqqətlə yaxından tanış olmaq mümkündür.

Muzeydə həmçinin, rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

Bir çox muzeylərdə olduğu kimi, burada da rəyimiz muzey əməkdaşları üçün maraqlı olur və biz də səsli bölüşdüyümüz təəssüratları həm də rəy kitabına yazırıq. Sən demə, muzeyin artıq 17 belə rəy kitabı varmış.

Yolüstü baş çəkdiyimiz Bayraq Muzeyi də Masallını ziyarət edən turistlər üçün görməli məkanlardandır. İki il öncə istifadəyə verilmiş muzeydə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur. 

"Folklor paytaxtı" 

Cənub torpaqları həm də qədim folklorumuzun beşiyi, ana vətənidir. Təsadüfi deyil ki, indiyə qədər də buranın əhalisi öz folklor ənənələrini, şifahi xalq ədəbiyyatını yaşatmaqları və yüksək şəkildə təbliğ etməkləri ilə bütün ölkədə məşhurdur. Cənub zonasının nənələrdən ibarət məşhur folklor qrupunu tanımayan varmı?!

Müasir, işıqlı, gözəl Masallı küçələrini gəzərkən, fasadı yenilənmiş binaları, asfalt yolları, yeni, gözoxşayan tikililəri seyr edərkən çox yox, cəmi bir neçə il öncə, daha dəqiqi, 2012-ci ildə "Azərbaycanın Folklor Paytaxtı" elan edilməsini xatırlayıram və bu təzad bu rayon haqqında düşüncələrə dalmağıma səbəb olur. Müasirliklə qədimilik ancaq bu qədər vəhdət təşkil edə bilərdi deyə düşünürəm. Folklor paytaxtından söz düşmüşkən, həmin illərdə bu əlamətdar hadisə xarici turistlərin Masallıya axınına, rayonun artıq öz adını Beynəlxalq müstəvidə tanıtmasına da nail olmuşdu. Ardıcıl olaraq keçirilən Beynəlxalq folklor festivalları bu işdə bilavasitə rol oynadı. Festivallarda Azərbaycanın folklor kollektivləri ilə bərabər, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya və digər ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli mədəniyyətinin təbliğində və tanınmasında bu festivalların mühüm əhəmiyyəti olub.  

"İstisu" - dinclik, şəfa, tarix... 

Masallı haqda danışanda yəqin ki, çoxlarımızın ağlına məşhur "İstisu" müalicəvi istirahət mərkəzi gəlir. Talış meşələri ərazisində, Viləşçayın sahilində yerləşən təbiətin nadir incisi İstisuyu Tanrının bu bölgəyə bəxşişi, lütfü hesab edirlər.

Masallıya gəlib İstisuya baş çəkməmək olmazdı. Deməli, növbəti ünvanımız məhz İstisudur.

Hər tərəfdən dağlarla əhatə olunmuş bu çayın şəffaf suyu, ətrafında yerləşən müalicəvi bulaqları, "Mişar", "Tava daşı", "Fatma nənənin təndiri" və digər tarixi özündə əks etdirən abidələri və gözəl təbiəti illərdən üzü bəri nəinki respublikanın müxtəlif yerlərindən, eyni zamanda, xarici ölkələrdən də turistləri özünə cəlb edir.

Rayon mərkəzindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş İstisu-"Fatimeyi-Zəhra" şəfa sanatoriyası kimi də bilinən istirahət ocağında dərdlərin dərmanı olan mineral, müalicəvi bulaqlar mövcuddur. İstirahət mərkəzində yerin dərin qatlarından 60 dərəcədən yuxarı temperaturda çıxan istisuyun tərkibində hidrogen sulfid, natrium xlor, kalsium, maqnezium hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu da ki bir çox xəstəliklərin - revmatizm, oynaq ağrıları, böyrək, qaraciyər, sonsuzluq, göbələk kimi mərəzlərin müalicəsində olduqca faydalıdır.

Suyun həqiqətən də müalicəvi əhəmiyyətə malik olması isə hələ ötən əsrin 60-cı illərində elmi cəhətdən sübuta yetirilib. Belə ki, o dövrdə Masallıda olan həkim - alim Mirkazım Aslanlı uzun sürən elmi araşdırmalarından sonra istisuyun müalicəvi əhəmiyyətə malik olduğunu sübuta yetirib. 1971-ci ildən etibarən isə Masallı İstisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb və bu məqsədlə istirahət mərkəzində insanların dincəlməsi və müalicə alması üçün çoxsaylı istirahət ocaqları, kotteclər yaradılıb.

Ancaq sovet hökuməti dağılandan sonra bu istirahət-müalicə mərkəzi də baxımsız vəziyyətə düşür. Bir neçə il belə vəziyyətdə qalan müalicə-istirahət ocağı 1998-ci ildə özəlləşdirildikdən sonra burada əsaslı yenidənqurma işləri aparılıb.

Hazırda istirahət mərkəzində 200 nəfərə qədər insanın dincəlib müalicə alması üçün hər cür şərait yaradılıb. Masaj salonları, təbii istisu vannaları, dağın döşündə, ağaclar arasında yerləşən kotteclərin olduğu istirahət ocağında hər kəs rahatlıqla dincələr və müalicə ala bilər.

Bütün bunlara baxmayaraq, "İstisu" istirahət mərkəzi ölkənin digər istirahət mərkəzlərindən qiymətlərinin ucuzluğu və təbiətinin gözəlliyi ilə fərqlənir. İstirahət mərkəzinin özəlliklərindən biri də ondan ibarətdir ki, burada həm yay, həm də qış aylarında istirahət edib müalicə almaq mümkündür.

Bu təbii müalicə və istirahət mərkəzi həmçinin, tarixi abidə kimi də olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, Masallı İstisuyu ətrafında e.ə. V-III minilliklərə aid çox qiymətli məlumatlar yatır. Çay boyu qaya və ayaq altında minlərlə qayaüstü təbii böyük və uşaq ayaq və əl izləri, zəncir, araba, dəvə, hətta bütün heyvanların ayaq izləri, 60 sm böyüklüyündə ayaq izi, sivastika və möhürlərin izləri və s. var. Hətta bir maqnit daş var ki, deyilənə görə, onun üstündə mikroskopla görünən qədim şəkillər və rus və ya latın, fars və ya ərəb dillərində kodu və nömrəsi var.

Bu yerləri bir az da maraqlı edən çayın düz kənarında yerləşən, yerli camaat arasında "Fatma nənənin təndiri" deyilən pirdir. VI-VII əsrlərə aid olduğu güman edilən, kənardan baxanda heç bir özəlliyi olmayan bir neçə qayadan ibarət bu pirə yaxınlaşdıqca insanı heyrət bürüyür. Pirin lap yaxınlığında əncir ağaclarının budaqlarına bağlanmış rəngbərəng iplər də diqqətimizi cəlb elədi. Belə ağacları ancaq məşhur türk kinolarında görmüşdüm. Yerli sakinlərin sözlərinə görə, bu ağaclar niyyət ağacları adlanır. Bura gələn insanlar ürəklərində niyyət tutur və bu niyyətin həyata keçməsi üçün ağac budaqlarına rəngbərəng lentlər, parçalar bağlayırlar. Bundan başqa, həmin ağaclardan bir qədər aralıda kiçik divarların arxasında da oxşar mənzərənin şahidi olduq. İnsanlar həmin divardakı təbii deşik yerlərə palçıq və ya su töküb niyyət tuturlar. İnanca görə, palçıq və ya su divarda qaldıqda onların niyyəti baş tutmuş hesab olunur.

Bütün diləklərin, niyyətlərin həyata keçməsinin öncə Allah, sonra isə insanların öz əlində olduğunu vurğulayıb Masallı və onun təbiəti, tarixi haqqındakı yazımızı burada yekunlaşdırırıq. Unutmayaq ki, min eşitməkdənsə, bir görmək daha faydalıdır...

 





05.09.2018    çap et  çap et