525.Az

"Fəaliyyətimizdə beynəlxalq əlaqələrə xüsusi önəm verəcəyik"


 

"525"İN MÜXBİRİNİN SUALLARINI AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNUN REKTORU CEYHUN MƏMMƏDOV CAVABLANDIRIR

"Fəaliyyətimizdə beynəlxalq əlaqələrə xüsusi önəm verəcəyik"<b style="color:red"></b>

- Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutundan gözləntilər çoxdur. Çünki ölkədə din sahəsi üzrə ilk milli kadrlar bu institutda hazırlanacaq. Bunun üçünsə institutun həm güclü maddi-texniki bazası, həm də yüksək səviyyəli müəllim kontingenti olmalıdır. İndiyədək bu iki məsələni, xüsusilə, keyfiyyətli müəllim problemini həll edə bilmisinizmi?

- Öncə onu qeyd edim ki, dövlətimizin rəhbərliyinin İnstitutumuza xüsusi qayğısı var. Maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı gərəkli addımlar atılır. Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib. Fakültədə kifayət qədər savadı, biliyi, tədris bacarığı yüksək səviyyədə olan müəllim heyəti var idi ki, indi bu mütəxəssislər İnstitutda tədrisi davam etdirəcəklər. Eyni zamanda, işə götürəcəyimiz mütəxəssislərin də savadı, biliyi və təbii ki, tədris bacarığı əsas meyar kimi götürüləcək.

Yeni kadrların işə qəbulunu komissiya həyata keçirir ki, bu da 3 mərhələdə reallaşdırılır. Əvvəlcə komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir. Bu mərhələdən keçənlər müsahibəyə dəvət olunurlar. Müsahibədən uğurla keçənlər sınaq dərsinə cəlb edilirlər. Sonda komissiya üzvlərinin və müəllimlərin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar qəbul edilir.

Bundan əlavə, gələcəkdə xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tutmuşuq. Bu gün elə azərbaycanlı ilahiyyatçılar var ki, dünyanın müxtəlif ölkələrinin təhsil müəssələrində çalışırlar. Fəaliyyətimizdə beynəlxalq əlaqələrə xüsusi önəm verəcəyik, bu, prioritet istiqamətlərdən biri olacaq. Bu gün dünyanın aparıcı universitetlərində islamşünaslıq sahəsində tədqiqatlar aparılır. Biz həmin universitetlətin mütəxəssisləri ilə əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, bizim konfranslarımızda iştirak edə bilərlər. Bir sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tutmuşuq. Azərbaycan İlahiyyat İnstitutu yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istəyənlər çoxluq təşkil edir.

- Müstəqilliyimizi bərpa etdikdən sonra minlərlə gəncimiz xarici ölkələrdə dini təhsil alıb. Etiraf edək ki, onların ümumi hazırlıq səviyyəsi ölkədə dini təhsil almış şəxslərlə müqayisədə daha qənaətbəxşdir. Necə fikirləşirsiniz, Azərbaycan İlahiyyat İnstitutunun məzunları xaricdə dini təhsil almış şəxslərlə yaxşı mənada rəqabət apara bələcəklərmi? Ümumiyyətlə, bu institutun məzunları xaricdə dini təhsil almış şəxslərdən nə ilə fərqlənəcəklər?

- Müsəlman dünyasında böyük təcrübəsi olan, uzun illər fəaliyyət göstərən dini təhsil mərkəzləri mövcuddur. Biz fəaliyyətə başladıqdan sonra bir çox xarici universitetlərin, o cümlədən, İran, Türkiyə, Özbəkistan, Rusiya kimi ölkələrdə fəaliyyət göstərən təhsil müəsisələrinin, hətta Oksford və Kembric kimi universitetlərin fəaliyyətini, dini tədris proqramlarını araşdırdıq. Təbii ki, biz yeni yaranmış institutuq, ilk dövrlərdə müəyyən çətinliklərimizin olması labüddür. Bizim üstünlüklərimiz dövlət ali təhsil müəssisəsi olmağımız, təhsilin ödənişsiz olması, tələbələrə geyim və qidalanma ilə bağlı vəsaitlərin ayrılmasının nəzərdə tutulmasıdır. Çünki xaricdə oxuyan insanların bir çoxu məhz Azərbaycanda dini təhsil pullu olduğu üçün xaricə üz tuturdu. Təbii ki, xaricdəki universitetlərin 100 il və daha çox təcrübəsi var. Ancaq biz də başlamalıyıq, Azərbaycanda dini təhsilin inkişafı üçün zəruri imkanlar, dövlətin dəstəyi və bu işi bacaracaq savadlı kadrlar var. Biz həm də dediyim kimi, bu işdə təcrübəsi olan ölkələrin təcrübəsini yaxından öyrənirik. Bundan başqa, bizim özümüzün də sovetlərə qədər dini təhsil ənənələrimiz olub. Lap qədimlərdə bizim milli dini təhsil mərkəzlərimiz, nüfuzlu alimlərimiz olub. Azərbaycan islam mədəniyyətinə böyük alimlər bəxş edib. Biz də düşünürük ki, beynəlxalq təcrübəni də öyrənməklə, həmçinin, milli adət-ənənələr və yerli reallığı da nəzərə almaqla Azərbaycan nailiyyətlər əldə edə bilər. Tələbələrimizə yüksək dini biliklər verməklə yanaşı, onları milli vətənpərvərlik, dövlət sevgisi, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda, onların zəngin dünyagörüşünə, yüksək intellektə və dil bilgilərinə malik olması üçün bütün gücümüzü səfərbər edəcəyik.

- Azərbaycanda dini təhsilin ənənələri sovet dövründə qırılıb. Bu mənada institutunuzun işi daha məsuliyyətli və daha ağırdır. Yəqin ki, xarici ölkələrin təcrübəsindən bəhrələnməyə məcbursuz. Əməkdaşlıq üçün hansı ölkələrə üstünlük verəcəksiniz?

- Ümumiyyətlə, din bu gün dünyada ən həssas məsələlərdəndir. Hər hansı bir dövləti qarışdırmaq, təhlükəsizliyinə xələl gətirmək üçün din amilindən müasir dünyada istifadə olunur. Bu gün biz görürük ki, Yaxın Şərqdə müxtəlif dini təriqətlər, cərəyanlar yaranır. Bunlar arasındakı ixtilaflar, fikir ayrılıqları sonda münaqişələrə gətirib çıxarır. O baxımdan bu sahənin dövlət nəzarətində olması vacibdir. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanda sovet dönəmində dinin təbliği və tədrisi qadağan olunmuşdu. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra din sahəsinə diqqət artırıldı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahəyə xüsusi qayğının nəticəsində ölkəmizdə olan məscidlər, sinaqoqlar, kilsələr təmir və ya inşa olundu. Hazırda ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Biz həm ölkəmizdə fəaliyyət göstərən, həm də dünyanın bir sıra aparıcı dövlətlərində mövcud olan universitetlərlə əməkdaşlıq edir, təcrübələrindən yararlanırıq. Türkiyədə, İranda, Rusiyada, Malayziyada və İndoneziyada və digər ölkələrdə sırf bu sahədə ixtisaslaşmış təhsil müəssisələri mövcuddur. Eyni zamanda, Avropanın, Amerikanın müxtəlif universitetlərində də bu ixtisaslar üzrə təhsil verilir. Əlbəttə, biz bu dövlətlərin təcrübəsindən də faydalanacağıq.

- İlahiyyat İnstitutunda xarici ölkələrdən olan gənclər də təhsil ala biləcəklərmi? Bu istiqamətdə konkret planınız varmı?

- Əvvəldə qeyd etdiyimiz kimi, gələcəkdə bir sıra xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tutmuşuq.

Azərbaycan İlahiyyat İnstitutu dünyanın və MDB ölkələrinin ən aparıcı təhsil müəssisələrindən birinə çeviriləcək. Burada rus, ingilis və ərəb dillərində qrupların açılması, xarici ölkə vətəndaşlarının, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların İnstitutda təhsil alması nəzərdə tutulub.

- Aydındır ki, dini radikalizmlə ideoloji mübarizə aparacaq kadrlar da bu institutda hazırlanacaq. Həmin kadrlar institutda hazırlanarkən onlara dini biliklərlə yanaşı, hansı zəruri keyfiyyət və xüsusiyyətlər aşılanacaq?

- Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını görürük. Azərbaycanda 2016-cı ilin "Multikulturalizm", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisidir. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir.

Yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq, vətən sevgisi və təəssübü güclü olacaq. Eyni zamanda, bu insanlar öz fəaliyyətlərində dini kimliyi milli kimlikdən üstün tutmayacaq. Həmçinin, onlar zəngin dünyagörüşünə, yüksək intellektə, nitq qabiliyyətinə, dərin dini və dünyəvi biliklərə, Azərbaycandakı dini duruma dərindən bələd olacaqlar. Bu isə onlara gələcək fəaliyyətlərini daha səmərli və sistemli qurmaq imkanı verir.

- Azərbaycanda insanlar dini bilikləri ya valideynlərdən, ya din xadimlərindən, ya internetdən, ya da təsadüfi adamlardan alırlar. Valideynlərin və din xadimlərinin hamısı eyni dini biliklərə malik deyil. Onların arasında xurafatçı, hətta fanat dindar şəxslər də ola bilər. İnterneti və təsadüfi adamları isə bir kənara qoyuram. Deməli, cəmiyyətdə dini biliklər əldə etmək üçün sağlam və etibarlı mənbə yoxdur. Sizcə, belə bir vəziyyətdə ən etibarlı və sağlam mənbə funksiyasını məktəb daşıya bilməzmi?

- Doğrudur, insanlara hələ yeniyetmə dövründən eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir. Əgər din cəmiyyətdə mövcud olan bir fenomendirsə, onun haqqında ölkənin təhsil müəssisələrində məlumat verilməlidir ki, insanlar cəmiyyət üçün zərərli və bəzi hallarda dağıdıcı olan radikal qruplara yönəlməsinlər. İslam dininin tədrisi düzgün təşkil olunarsa, bu, mövhumatın, xurafatın, radikalizmin, ekstremizmin qarşısının alınmasında əsas təsir vasitəsi olar və şagirdlərdə müsbət əxlaqi keyfiyyətlərin yetişdirilməsində əvəzsiz rol oynaya bilər. Orta məktəblərdən başlayaraq yeniyetmələrə İslam dini olduğu kimi sağlam təməllər üzərində, təhrif olunmadan öyrədilərsə, bu ilk növbədə sabahkı vətəndaşlarımızı xaricdən nüfuz etmiş yalançı ideologiyalardan qoruyar, radikal qrupların təsiri ilə hansısa xarici siyasi qüvvələrin əlində alətə çevrilməsinə imkan verməz. Təcrübə də onu göstərir ki, radikalizmin yayılmasının əsas səbəblərindən biri din haqqında məlumatsızlıq və bilgisizlikdir. Buna görə də bu məlumatlar şagirdlərə verilməlidir ki, onlar din haqqında sağlam biliklərə yiyələnsinlər və beləcə zərərli cərəyanların təsirindən sığortalansınlar. Dünyanın bütün inkişaf etmiş aparıcı ölkələrində, o cümlədən, qonşu ölkələrdə, Türkiyə, Gürcüstan və Rusiyada şagirdlər orta məktəblərdə dini dərslər keçirlər.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib.

- Din sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün dini təhsilin ilkin bazası və mərhələli dini təhsil çox önəmlidir. Bu baxımdan yəqin, razılaşarsız ki, ali məktəbə sənəd verənə qədər dini bilikləri və dinə münasibəti qənaətbəxş olmayan və təsadüf nəticəsində bu ixtisası seçən və ya seçmək məcburiyyətində qalan bir gənci yüksək səviyyəli dini kadr kimi hazırlamaq çox çətindir, bəlkə də, mümkündüzdür. Belə olan təqdirdə məscidlərdəki Quran kurslarına və mədrəsələrə ali dini təhsilin ilkin bazası kimi yanaşmaq mümkündürmü?

- Doğrudur, bu problem mövcuddur. Bəzən ali məktəbə sənəd verən abituriyentin dini bilikləri və dinə münasibəti qənaətbəxş olmur. Təsadüf nəticəsində bu ixtisası seçib və təhsil müəsisəsində oxuyanlar da var. Biz bu problemli qismən də olsa aradan qaldırmaq və yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin test imtahanı ilə yanaşı, dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə Psixoloji Komissiya təşkil etdik. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları, ekspertlər və psixoloqlar daxil edilib. Bu zaman abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, "İslamşünaslıq" ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, eləcə də tolerantlıq və multikulturalizm barədə bilikləri qiymətləndirilir. Hesab edirəm ki, bu, çox yaxşı nəticələr verdi. Biz müraciət edən abituriyentlər arasından "İslamşünaslıq" ixtisasına uyğun, gələcəkdə din xadimi kimi fəaliyyət göstərə biləcək şəxsləri seçdik. Bundan əlavə, ölkəmizdə Quran kurslarının və mədrəsələrin fəaliyyəti müsbət haldır. Belə təhsil müəsisələrinin açılması və fəaliyyəti dini maarifləndirmə və təhsil sahəsində məqsədyönlü fəaliyyətin təşkili üçün mühüm addımdır.

- Vətəndaş cəmiyyəti institutları, QHT-lərlə əməkdaşlıq etmək planınız varmı?

- QHT-lər və media ilə əməkdaşlığa xüsusi önəm veririk. Bu aydan etibarən Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsinin araşdırma Mərkəzi ilə birgə "Heydər Əliyev və multikultural dəyərlər", "Heydər Əliyev və dövlət-din münasibətləri", "Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması", "Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr", "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu", "Tolerantlığın Azərbaycan modeli" və s. mövzularda silsilə diskussiyalara başlayıb.

Dini və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin gözəl və düzgün ictimaiyyətə çatdırılmasında media təmsilçilərilə əməkdaşlıq da çox önəmlidir. Bu sahədə də konstruktiv fəaliyyət göstərməyə çalışırıq.

Sevinc QARAYEVA
Müsahibə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində dərc edilib.

 





05.09.2018    çap et  çap et