525.Az

Hikmət Hacıyev: "Danışıqlar prosesi öz axarında davam etməlidir"


 

Hikmət Hacıyev: "Danışıqlar prosesi öz axarında davam etməlidir"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cavablandırır: 

- Hikmət müəllim, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi hazırda hansı mərhələdədir? Bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən danışıqlar prosesində irəliləyişlərin olduğu bildirilmişdi. Konkret hansı irəliləyişlərdən söhbət gedir, yoxsa bunlardamı yenidən vaxt udmaq, yola vermək xatirinə deyilmiş sözlərdir?

- Əvvəla, biz Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində o zaman irəliləyişlərdən danışa bilərik ki, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı Ermənistan qoşunları çıxarılsın və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması təmin olunsun. İrəliləyiş bundan ibarət ola bilər. Amma prosesin özünə nəzər saldıqda gördüyümüz kimi, bir neçə ay öncə Ermənistanda böyük bir siyasi böhran yaşandı. Bu, əslində, qaçılmaz idi. Azərbaycan dəfələrlə bildirdi ki, məhz Ermənistanın illərdir yeritdiyi siyasətin nəticəsidir ki, bu ölkə öz ambisiyalarının girovuna çevrilib və regionda özünütəcrid vəziyyətində olan dövlətdir. Ermənistan tərəfi danışıqlar prosesində müəyyən-qeyd şərtlər qoymağa çalışırdı, məsələn, belə bir şərt qoyurdu ki, danışıqlarda qondarma rejim də iştirak etməlidir və sair. Nəhayət, məlum siyasi böhran dalğasında hakimiyyətə gələn Nikol Paşinyan rejimi reallığı anladı və Azərbaycanın qəti mövqeyini bir daha görmüş oldu. Bundan sonra Ermənistan tərəfi gəlib özü danışıqlar masasında əyləşdi ki, format da eyni formatdır. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlar prosesində iştirak etdilər və ilkin mərhələ Brüsseldə oldu. Yəni danışqların gündəliyi nədir, nə müzakirə olunur və "Yol xəritəsi" nədən ibarətdir, bunlar hər kəsə çox yaxşı bəllidir. Bu minvalla razılıq əldə olunub ki, bu ay Nyu-Yorkda BMT-nin Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin və mövcud gündəlik əsasında müzakirələr aparılsın. Ermənistanda cari vəziyyət hələ də gərgindir, daxili siyasətdə hələ də ziddiyyətli proseslər cərəyan etməkdədir. Amma Ermənistanın daxili siyasətində baş verən hadisələr danışıqlar prosesinin irəliyə aparalmasına və davam etdirilməsinə mane olmamalıdır. Danışıqlar prosesi öz axarında davam etməlidir.

- Nyu-York görüşü necə, sülh  prosesini sürətləndirə, ona müsbət ton verə bilərmi? Çünki 25 ildən çoxdur ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesinin müsbət sonluqla bitəcəyinə ümid edir, ancaq hər bir görüşdən sonra verilən, səsləndirilən bəyanatlar bu ümidləri artırmaq əvəzinə, onları bir qədər də azaldır...

- Qarşıdan gələn görüş əsnasında hər hansı bir əlahiddə hadisənin baş verəcəyini, açıq söyləsək, bəlkə də, gözləmək düzgün olmazdı. Ermənistan tərəfi hazırda danışıqlarda proseslə daha yaxından tanış olmaq kimi mövqe sərgiləməkdədir. Belə ki, məlum aprel hadisələrindən sonra Ermənistanda yeni siyasi təyinatlar olub, o cümlədən, xarici işlər naziri dəyişdirilib və bu baxımdan, onlar proseslə daha yaxından tanış olmaq istəyirlər.Azərbaycanın mövqeyi ondan ibarətdir və hər zaman onu qeyd edir ki, substantiv və intensiv danışıqlar olmalıdır. Tamamilə razıyam ki, Azərbaycan xalqı, hər bir kəs bu danışqların 25 ildən çox müddətdə davam etməsindən yorulub və nəhayət, hamı real nəticələr gözləyir ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun. Bu, haqlı və obyektiv bir yanaşmadır. Ancaq Ermənistanın əvvəlki rejimlərinin fəaliyyətində belə bir yanaşmanı görürdük ki, onlar qəsdən danışıqları uzatmaq  və Azərbaycan torpaqlarını ilhaq etmək (anneksiya) siyasətini həyat keçirmək xəttini yürüdürlər. Danışıqlar prosesində hər hansı bir ümid yeri olan kimi, onlar tərəfindən dərhal gərginlik yaratmaq - istər siyasi, istər hərbi müstəvidə - cəhdləri özünü göstərirdi. Ermənilər, Ermənistan tərəfi müxtəlif provakasiyalara ələ atmaqla, prosesin irəliyə getməsinə imkan vermirdilər. Təbii ki, bu cür yanaşma, mövqe heç cür qəbul edilə bilməzdi və edilmir də. Ona görə Azərbaycan israrlı şəkildə vurğulayır ki, substantiv və intensiv danışıqlar olsun. Yəni ortalıqda olan konkret gündəlik əsasında danışıqlar prosesi davam etdirilərək, mərhələli həll yolu vasitəsilə münaqişənin nizamlanmasında irəliləyişə nail olunsun. Münaqişənin mərhələli həll olunması isə Ermənistan qoşunlarının mərhələli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Bu, beynəlxalq hüququn tələbidir. Bu, Azərbaycan  xalqının haqlı tələbidir. Bu, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin tələbidir.  Qeyd edim ki, elə həmsədrlərin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının həmin məlum qətnamələri təşkil edir.

- Azərbaycan cəmiyyətinin azlıq təşkil etməyən kəsimində belə bir mövqe və fikir var ki, mərhələli həll yolu, mərhələli həll planı Azərbaycanın xeyrinə olmaya bilər. Yəni beş rayonun (Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının) geri qaytarılması fonunda  Şuşa, Laçın, Kəlbəcərin taleyi məsələsində yenidən qeyri-müəyyənliklər qala və sonda bu bölgələr Ermənistanın tam rəsmləşdirilmiş ilhaqı ilə nəticələnə bilər. Siz bu haqda nə deyərdiniz?

- Ümumiyyətlə, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü məsələsi hər hansı bir müzakirə mövzusu və sövdələşmə obyekti ola bilməz. Bu, dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd edilib. Bu, Azərbaycanın qəti və birmənalı mövqeyidir. Yəni Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Biz onu da yaxşı başa düşürük ki, proses çox mürəkkəbdir. Münaqişənin çoxlu fəsadları var, hələ də bir çox problemlər mövcuddur. Ona görə də Ermənistan tərəfi bir paketlə münaqişənin həll olunmasını iddia edirdi. Bu isə qeyri-konstruktiv yanaşma idi, Azərbaycan tərəfi hesab edir ki, münaqişə mərhələli həll olmalıdır. Bu mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə Ermənistan qoşunlarının çıxarılması, sülh və sabitlik ab-havasının yaradılması, ən vacibi - hərbi risk amilinin aradan qaldırılması və münaqişənin siyasi həlli üçün zəmin yaradılması kimi bir yanaşma vardı. Eyni zamanda, bu mərhələdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının birgəyaşayışını özündə ehtiva edən idarəetmə sisteminin yaradılmasıdır ki, bu, Azərbaycanın sərhədləri daxilində olmalıdır. Yəni konsepsiya bundan ibarətdir.

- 90-cı illərin ortalarında münaqişənin tənzimlənməsi ilə Rusiya, konkret olaraq, Vladimir Kazimirov tərəfindən Böyük Sülh Sazişinin (BSS) hazırlanması və imzalanması yönündə təkliflər səsləndirilirdi, səhv etmiriksə, hələ ilkin layihə də ortaya atılmışdı. Ancaq bu Saziş (layihə) ən çox Azərbaycan tərəfini qane etmədiyi üçün gündəmdən çıxarıldı. İndi necə, ehtimal olunan sülh sazişinin, sülh razılaşmasının ilkin variantı üzərində hansısa işlər gedirmi və bu sülh bizim gözlədiyimiz sülh olacaq, yoxsa?

- Belə böyük layihələrdən danışmaq hələ bir qədər erkən olar. Çünki hazırda danışıqlar prosesinin - ilkin prinsiplər bəllidir - parametrlərinin hazırlanması üzərində işlər gedir və müzakirələr davam edir. Amma görünən tərəf ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri də dəfələrlə deyiblər, dövlət başçıları səviyyəsində dəfələrlə bəyanatlar verilib ki, mövcud status-kvo qəbuledilməzdir. Status-kvo işğala əsaslanan bir vəziyyətdir. Mövcud status-kvonun dəyişdirilməsi həmin işğal faktının aradan qaldırılmasını özündə ehtiva edir. Biz səslənən bəyanatlara, aparılan müzakirələrə baxsaq, görərik və hər məqamda da vurğulanır ki, işğal faktı aradan qaldırılmalıdır. İşğal faktının aradan qaldırılmasından sonra biz hərbi risk amilini aradan qaldırmış, bunun ardınca isə münaqişənin dinc yolla həlli üçün zəmin yaranmış oluruq.

- Necə hesab edirsiniz, dünyadakı mövcud hərbi-siyasi reallıqlar münaqişənin ədalətli həllinə imkan verirmi, verəcəkmi?

- Bilirsiniz, Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycanın qəti və birmənalı mövqeyi bundan ibarətdir. Eyni zamanda, Azərbaycanın danışıqlar prosesində iştirakının qayəsini bu təşkil edir ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılsın, məcburi köçkünlərin hüquqları bərpa olunsun və onlar öz torpaqlarına geri qayıtsın.

- Proseslər hərb variantını gücləndirmir ki?

- Təəssüflər olsun ki, Ermənistandakı əvvəlki rejimlərin fəaliyyətinə nəzər yetirsək, görərik ki, onlar prosesi pozmaq üçün daim hərbi-siyasi xarakterli təxribatlar edirdilər. Məsələn, 2014-cü ilin noyabr ayında Parisdə dövlət başçıları səviyyəsində görüş keçirildi və müzakirələr aparıldı. Onun ardınca Ermənistan rəhbərliyi Yerevana döndüyü anda Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirildi, 40 mindən artıq şəxsi heyət bu təlimlərə qatıldı. Həmçinin, məlum helikopter insidenti baş verdi. Bu, ondan xəbər verir ki, Ermənistan tərəfi prosesi pozmaq üçün davamlı şəkildə bu kimi təxribatlara əl atırdı. Ancaq Azərbaycanın mövqeyi bu məsələdə aydındır və bu mövqe beynəlxalq hüquqa əsalanan xarakter daşıyır. Yəni Azərbaycan BMT nizamnaməsi ilə təsbit olunmuş hüquqlarını özündə saxlayır. Bu hüquqlar özünümüdafiə hüquqlarıdır. Azərbaycan tərəfi hesab edir ki, danışıqlar prosesi sonsuza qədər davam edə bilməz. 25 illik danışıqlar prosesi, əslində, Ermənistana edilən ən böyük güzəştdir: hansı ki, bizim torpaqlarımız işğal altındadır, hansı ki, bizim məcburi köçkünlərimiz  öz torpaqlarına qayıda bilməyiblər, onların mülkiyyəti məhv, talan edilib, mədəni-tarixi-dini abidələrimiz yerlə-yeksan olunub. Bu şəraitdə Azərbaycanın danışıqlar prosesində iştirak etməsi, sülh yoluna üstünlük verməsi, əslində, bu illər ərzində Ermənistana ən böyük güzəştidir. Ona görə Azərbaycan Respublikası BMT nizamnaməsi ilə təsbit edilmiş hüquqlarını, ən əsası, özünümüdafiə hüququnu özündə saxlayır.

Kamil HƏMZƏOĞLU

 





06.09.2018    çap et  çap et