525.Az

Orada həyat da səni sevir - Amerikadan ikinci yazı


 

Jurnalistin yol qeydləri

Orada həyat da səni sevir - <b style="color:red">Amerikadan ikinci yazı </b>

Səfərə çıxmağı kim xoşlamır? Bəs səfərsonrası təəssüratları bölüşməyi necə?  Amma biri var - mülahizə və düşüncələr, biri də var faktlar, həm də bizim üçün faydalı ola bilən konkret faktlar. Ki elə ötən yazımda da məhz o faktlar idi söylədiklərim - okeanın o tayından bura gətirib də gerçəkləşdirə biləcəklərimiz.

lll

Gerçək bu ki, Amerikada insanların bir qismi - həm də görünür yetərincə böyük qismi fri-lans sistemilə işlədiyindən şəhərlərdə bir-birinin ardınca xüsusi  yeni təsisatlar yaranmaqda. Yəni? İri-xırda, sahəsi təxminən 100-1000 kvadrat metr arası, mükəmməl təmirli, ultra-müasir dizaynlı, zövqlü mebellərlə təchiz olunmuş obyektləri gətirin təsəvvürünüzə. Yüzə qədər adamın oturub kompüterdə bərabər çalışacağı və bir-birinə mane olmayacağı bir iş məkanı. İnsanlar ora işə gedən kimi gedir - hər gün səhər 9-dan axşam 6-ya qədər. Buyur, işlə, paranı qazan, nə yer icarəsi, nə işıq pulu ödə, internetin də havayı. İstəsən bütün biznes görüşmələrini, 5-10 nəfərlik müzakirələrini də burada keçirə bilərsən - bu da ödənişsiz. Əcəba vəhşi dediyimiz kapitalizmin lap baş məskənində - belə niyə? Ya o sahibkarların məqsədi nədi, qazancı nə? O dediyim yüz nəfərlik məkan ki var, gün boyu 500-600 adama xidmət eləyə bilir, insanlar gəlir, 3-4 saat işləyib gedirlər və orada olduğu sürəcə çay içir, yemək yeyir, məkanın lap küncündəki kafedə bol-bol alış-veriş edirlər. Fakta biznesmen qafasıyla yanaşmaya bax - adi kafe kimi təsadüfi müştərilərlə kifayətlənməkdənsə, insanlara ödənişsiz ofis kimi xidmət göstərir, əvəzində öz kafesi üçün daimi və məmnun müştəri kütləsi qazanır. Nədən məmnun - soruşacaqsız. İnsan o məkandakı yüksək şəraitdən, komfortdan, pulsuz əldə etdiyi imkandan o qədər məmnun qalır ki, həmin kafedə bolluca pul xərcləmək istəyir, bir növ iş şəraiti yaradanlara minnətdarlıq bildirmək üçün. Müştəriyə pul xərclətmək üçün əla motivasiyadır, deyilmi?

lll

Motivasiya bu ki, Nyu-Yorkda oyanıb evdən bayıra çıxdınmı, artıq həyatı sevməyə başlayırsan. Çünki orada həyat səni sevir. Sevgi də elə bir hiss ki, çox zaman özünə qarşılıq yaratmağa qadir. Bax bizim ilkin təsəvvürümüzdə oraların adamları bir az soyuq, az ünsiyyətcildi guya. Yanlış təsəvvürdü - deyim bilin. Evdən bayıra çıxdınmı - qonşuların normal şəkildə bir-birilə salamlaşdığını görəcəksən. Orada həyat dediyin düz ovcunun içindədi, bizimkilərin lovğalıq azarının baiskarı olan mobil telefonlarda. Nyu-Yorklu üçün telefon çoxdan yalnız rabitə vasitəsi deyil. Telefonlarda xüsusi əlavələr var - məhəllə əlavəsi, məsələn. Məhəlləndə kimin iti xəstələnib, kimə nə dərman lazımdı, kim hansı kitabı oxuyub qurtarıb və hansısı ilə dəyişmək istəyir - hamısı orada var. Daha nə? Hansı avtobus hansı dəqiqədə dayanacaqda olacaq? Metro qatarı nə vaxt yola düşəcək? Hansı restoranda hansı yemək var və neçəyədi? Bütün sualların cavabı var deyə sən vaxtını və enerjini boşuna xərcləmirsən. Günü düzgün planlaya bilirsən. Yadıma gəlir, bir neçə il əvvəl bizdə də nəqliyyatı intellektual idarə etməyə başladılar. Cihazlar alındı, quraşdırıldı, çe fayda? Axtarsan, görərsən biri də işləmir, göz dağıdır hamısı - dar ağacından asılan ölülər kimi bir zad.

lll

Qəribə bu ki, o ölkədə sənin boşuna xərclədiyin vaxt (ömür, həyat) həm də başqalarını narahat edir. İri-iri nəhəng mollar var. Alış-veriş üçün gəzməyə başlasan - bir günə bitirməzsən. Nə ediblər qoçaqlar? Molun birinci mərtəbəsində iri monitorlar quraşdırılıb. Moldakı bütün mağazalar, mağazalardakı bütün mallar haqda məlumat bura yerləşdirilib, həm də təfsilatıyla - rənginə və ölçüsünə qədər. Ağzını ayırıb başın gicəllənənə qədər dükanda gəzməyə nə hacət? Bax, uyğun bir şey seç tap, sonra - əlin cibində olsun.

lll

İnnovasiya bu ki, insanın intellektual fəaliyyətinin son nəticəsi kimi, işi yüngülləşdirmiş olsun, yoxsa səslənişi gözəl melodik sözləri ha gətir leksikonuna, nə mənası? Sırf əhaliyə xidmət edən bir innovasiyadan danışım, xəbəriniz olsun. Oranın iri ticarət mərkəzlərində minlərlə insan olsa da, əsəb gətirən uzun sıralara, adam tıxaclarına rast gəlməzsən. Çünki bir çox ticarət mərkəzləri tam yeni xidmət üsuluna keçib. Kassaları kassir yox, alıcı özü idarə eləyir. Mərkəzlərin çıxışında 30-40 kassa aparatı sıralanıb. Buyur, zənbil arabanı sür get aparatın yanına, aldığın malların bar-kodunu bir-bir yaxınlaşdır sensora, hesablayıb ödəməli olduğun məbləği ekranda göstərsin. Bank kartını sal aparata, pulunu ödə, düz qapıya doğru istiqamətlən və - izali-mürəxxəsi-şərif.

lll

İstiqamət bu ki, və hər sahədə istiqamət bu ki insanın həyatı yüngülləşsin. Mən nə sosial proqramlardan, nə sığorta təkliflərindən, nə də pensiyaların inanılmaz məbləğindən (800-1800 dollar arası) danışacam. Bu, iqtisadçıların işidi. Mənim dediyim adi obıvatelin gördüyü məqamlardı. Linkoln mərkəzindəki konsert salonlarından birindəyik. Müasir tikilidə, təbii ki, liftlər var. Amma binanın arxitekturası elədir ki, salonların biri foyedən yarım mərtəbə aşağıdadı, yəni vur-tut 6 pilləkən. Və bu 6 mərmər pilləkənin yanına metal-şüşə örtüklü üstüaçıq bir qurğu da bərkidilib. Ki fiziki əngəli olan insanlar bu yarım mərtəbənin də əziyyətini çəkməsinlər. Cəmiyyət xəstəsinin də, şikəstinin də qayğısını çəkir.

lll

Qayğı bu ki, əngəlli insanların rahatlığı hər yerdə, elə nəqliyyatda da nəzərə alınır. Dayanacaqda əlil arabası dayanıbsa, avtobus ehmallıca əyilib yanını yerə qoyur, əlil arabasındakı adam təkdirsə - sürücü avtobusdan düşüb gəlir, arabanı itələyib içəri salır, xüsusi yerdəki xüsusi kəmərlərlə arabanı bərkidir ki, hərəkət zamanı tərpənməsin, bir də adam mənzil başına çatanda sürücü eyni məmnuniyyətlə arabanı yerə düşürüb sərnişinə xidmət göstərir. Nağıl danışmıram, gözümlə gördüyüm faktlardı.

lll

Fakt bu ki, meqapolisin xidmət sektoru günbəgün təkmilləşməkdə. Yollarda yeni balaca maşınlar dəyir gözümə. ANS-in “mılnitsa”ları vardı, şəhərdə görməmiş olmazdınız, bax, ona bənzər maşınlar. Nədi bu maşınların özəlliyi? Taksilərdi, amma sürücüsüz, birbaşa müştəriyə bağlı. Sənə təcili ucuz nəqliyyat lazımdı? Telefondakı əlavəyə baxırsan, ən yaxın yerdə dayanan maşının koordinatını təqdim eləyir. Həmin yerə gedib elə telefon vasitəsilə ödənişini eləyirsən, sənə xüsusi kod gəlir. O koddakı rəqəmləri yığan kimi olur “Sim-sim, aç qapını”. Və budur, maşının qapısı açılır, sükan sənin ixtiyarında. İstədiyin yerə sür get, oradaca park elə və düş. Dıqqılı maşın elə qoyduğun yerdə növbəti müştərisini gözləyəcək. Əladı.

lll

Əla bu ki, orada insanların bir-birinə etibarı yüksək. Bəlkə də qanunlar normal işləyir deyə  aldadılmaqdan qətiyyən qorxmurlar. Hərçənd oranın da dələduzu, oğrusu, qatili, canisi yox deyil - yəni bütün cəmiyyətlər kimi, kiçik bir statistik göstəricidi, vəssalam. Amma ümumən adi vətəndaş gözüqıpıq deyil. Böyük əksəriyyət poçtla sifariş edir geyim-keçimləri. Əsl nyu-yorklu turist axınıyla üzləşməmək üçün dükan-bazar gəzən deyil deyə internetlə sifarişini edib gözləyir. Poçt işçisi sənin bağlamanı blokun qapısına qoyub gedəsidi. O bağlama bəzən gün ərzində küçədəcə qalır və heç kəsin ağlına da gəlmir ki, oğurlayıb aparsın.

Küçələr - yəni yaşayış binalarının sıx olduğu ərazilər - düşünün - işlənmiş mallar qəbristanlığı. Nyu-York camaatı ev avadanlığı almağı xoşlayır deyə köhnələrlə tez-tez vidalaşmalı olurlar. Lazımsız hər əşyanı tərtəmiz qutuda evin kandarına qoyurlar - paltodan, çəkmədən tutmuş divana, masaya qədər, kitab-dəftərdən tutmuş tozsorana, çilçırağa qədər. Sınıq-salxaqları yox ha, yaxşılarını. Bir tindən o birinə keçənəcən azı 2-3 yerdə topalama qoyulmuş əşyalar görərsən. Ağappaq divan gördüm, qəttəzə kulyonkaya bükülüb qablaşdırılmış - urvatlı-urvatlı. Yəni qayda budu - işlətmirsənsə, təmiz vəziyyətdə qoy küçəyə, kimə lazım olsa - götürüb aparacaq. 

Restoranda yemək yeyirsən. Hesab gəlir, ödənişi kartla edirsən, kartı qaytarırlar özünə, üstündə də çek və qələm. Qələm niyə? Qaydaları budu - ofisanta vermək istədiyin məbləği (cibxərci, çaypulu, nədirsə - bizdə bunun adını tapmayıblar hələ) yazırsan çekin üzərinə, imza atıb çıxıb gedirsən, kartın da cibində. Demə, kart səndə olsa da, hesabın onlarda açıq qalır, dediyin məbləği götürüb hesab qapadırlar. Mental təfəkkürümlə anlaya bilmirdim bu proseduru - birdən artıq pul çəkərlər, birdən o hesabı tamam sıfırlayarlar deyə. Nyu-Yorklu dostlarımsa - qəti qorxusu yoxdu dedilər. Dələduzun normal restoranlarda nə işi?

lll

İş bu ki, o cəmiyyətdə insan lap uşaqlıqdan qayğı çəkməyə alışıq. Konkret könüllülər hərəkatı var. Və bir məktəbli o hərəkata qoşulub da deyəlim, köməksiz bir qocanın gündəlik ərzaq payını dükandan alıb gətirirsə, ya bir gözdən əlilə qəzet-jurnal oxuyursa təmənnasız, könüllü olması haqda məlumat onun CV-sinə əlavə olunur. Bu isə elə bir avantajdır ki, sabah universitet tələbəsi olanda karına gələcək, gəncə yaşıdlarından bir üstün pozisiya qazandıracaq. Həm də mərhəmət hissini yaradacaq, nəyi pisdi?

lll

Pis bu ki, sonucda hər şey gəlib dirənir insan faktoruna və elə bu üzdən hər yerdə olduğu kimi, orada da acından ölən də var, əl açıb dilənən də, bomj da. Bu artıq fərdin öz bəlasıdı. Və çəkinib eləmirlər də. Misalçün, mərkəzi küçələrin birində iri brend dükanın düz kandarında ədəli-dədəli iki nəfərlik yataq düzəldib xoruldayan qadın gördüm, sevgilisi hələ gəlib çıxmamışdı. Polis də elələrindən “dolya” yığmır oralarda, nəzarət eləyir ki, səhər dükan açılanda bomjların o həndəvərdə izi-tozu qalmasın. Gecənin sirri qalır elə gecədə.

lll

Sirr bu ki, Nyu-Yorkda insanlar iş yerini itirməkdən qorxmurlar. Heç şübhəsiz, müəyyən biliyi və bacarığı olan ağıllı qisimdən gedir söhbət. Neyçün ki, normal CV-yə sahibsənsə, işsiz qalmayacaqsan. Qurumlar, şirkətlər, təsisatlar N qədərdi. Yetər ki, iş icazən ola, işini biləsən və özünü təqdim eləməyi bacarasan. Haralı olduğunu soruşan olmayacaq. Və oralarda Həsən ağayla heç maraqlanmırlar da.

lll

Maraqlı bu ki, 400 il əvvəl olduğu kimi, bu gün də Amerikaya planetin dörd tərəfindən insanlar axışmaqda. Tanımaza-bilməzə baş götürüb gedənlərsə ya çox cəsarətlilər, çox istedadlılar, çox qorxmazlar olur, ya da həyatın dibindəkilər, artıq itirəcəyi heç bir şeyi olmayanlar. Və iki əks qütbə aid insanlar okeanın o üzündə qanunların şah olduğu normal, sivil bir məmləkət yarada biliblər. Uğur bu gün də onları müşayiət edir. Məqsədlərinə çatıblar demək.

lll

Məqsəd bu ki, yəni gördüklərimi yazmaqda məqsəd bu ki, o dediyim maraqlı işləri biz də öz məkanımızda həyata keçirə bilək. Saysam - “525”in iki sayında 10-a qədər bizdə olmayan faydalı faktdan danışmışam. Durub layihə kimi işləyən, irəli düşüb həyata keçirən lazım. Dediklərimdən birini özüm gerçəkləşdirməyə çalışacam - təbii ki, dostların köməyilə. Bəs siz? Bəlkə layihələrdən birini işləyəniniz ola? Heçmi istəmirsiz - Bakı da Amerika kimi olsun?

 





10.09.2018    çap et  çap et