525.Az

Qafqaz İslam Ordusu. Nuru paşanın fədakarlığı. Bakının qurtuluşu


 

Qafqaz İslam Ordusu. Nuru paşanın fədakarlığı. <b style="color:red">Bakının qurtuluşu</b>

Rusiyada 1917-ci ildə baş verən Oktyabr inqilabından və bu hadisə nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Osmanlı dövləti Güney Qafqazda fəallığını artırdı.

Bu fəallaşmada Baş komandan vəkili Ənvər Paşanın və III Ordu komandanı Vəhib Paşanın xüsusi rolu vardı. Məhz Ənvər Paşanın təklifi ilə Vəhib Paşa 1918-ci ilin yanvarın 9-da Qafqazdakı rus hərbi qüvvələrinin müvəqqəti komandanı, gürcü generalı Odişelidzeyə bir məktubla müraciət etmişdi. 1918-ci ilin yanvarın 16-da isə Vəhib Paşa Ənvər Paşanın hazırladığı teleqramı Tiflisdəki Rus-Qafqaz ordusu komandanlığına çatdırdı. Bu teleqramda Ənvər Paşa Zaqafqaziya hökumətinin Brest-Litovsk sülh danışıqlarında iştirakının vacibliyini  bildirir və bu zaman Zaqafqaziya hökumətinin tanınmasına Osmanlı dövlətinin kömək edəcəyini bildirirdi. Sonrakı dövrdə də Osmanlı dövləti Qafqazla bağlı siyasətini davam etdirməyə başladı.

Eyni zamanda, Azərbaycandan olan milli qüvvələr də Osmanlı dövlətindən yardım almaq üçün əlaqələr qurmağa başladılar. Bu işin reallaşmasında rus əsirliyindən qaçaraq Gəncəyə gəlmiş Osmanlı zabiti Hüsaməddin Tuğac bəyin rolu böyük idi. Az sonra Gəncədəki Milli Komitənin tapşırığı ilə (burada Nəsib bəy Yusifbəylinin böyük rolu vardı) Nağı Şeyxzamanlı, ziyalı Ömər Faiq Nemanzadə, acarların nümayəndəsi Cəlal Həmşizadə və axılkələkli Əbraim bəy birlikdə Türkiyəyə getdilər. Onların məqsədi icmaları adından türk ordusunu öz vətənlərinə dəvət etmək idi.

Az müddət sonra bu əlaqələrin ilk bəhrələri görünməyə başladı. Belə bir zamanda Ənvər Paşa bolşevik inqilabından sonra Qafqazda yaranmış vəziyyətdən bəhrələnib Berlin müqaviləsi ilə itirilmiş Qars, Ərdəhan və Batumu vətənə geri qaytarmaq, həm də Azərbaycan və Quzey Qafqazda Osmanlı himayəsində müstəqil dövlətlər qurmaq istiqamətində fəal siyasət tərəfdarı idi.

Bu dövrdə Osmanlı dövləti Qafqaza bir ordu göndərmək qərarını alınca, Ənvər Paşa bu ordunun komandanlığına öz qardaşı Nurunu təyin etdi. Əvvəlcə ona diviziya generalı rütbəsi, sonra Paşa (general) rütbəsi verildi. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci ilin martın 25-də Mosula, oradan isə Gəncəyə gəlib Qafqaz İslam Ordusunu yaratmağa başladı. Qeyd edək ki, Nuru Paşa Gəncəyə mayın 25-də gəlib çıxmışdı.

Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın Gəncəyə gəlişini belə qeyd edirdi: "Cənubi Qafqaz nümayəndələri ilə türk nümayəndələri Batumda müzakirələr apararkən Nuru Paşa ilə bərabər tabeliyində olan bir çox  zabitlər - İran və Qarabağ istiqamətindən Gəncəyə daxil oldular. O zaman müdhiş bir anarxiyaya məruz qalan, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi".

Nuru Paşa Gəncəyə gəldikdən sonra burada və ətraf bölgələrdə olan müqavimət dəstələrini təşkilatlandırmağa başladı.

Maraqlıdır ki, Nuru Paşa Gəncədəki vəziyyəti öyrəndikdən sonra Üçüncü ordu komandanlığına çox dəyərli və tarixi əhəmiyyəti olan bir məlumat göndərilmişdi. Nuru Paşa Üçüncü ordu komandanı Vəhib Paşaya yazdığı məlumatda  bildirirdi: "Gəncədə Milli Kolordu (hərbi birlik) adında təşəkkül edən 600 nəfərlik bir qüvvət vardır. Bakıya qarşı da Kürdəmir stansiyasında knyaz Mağalov adında bir gürcü zabitinin komandası altında 400-ə qədər əsgər vardır. Bakı qətliamında gürcülərin müsəlmanlarla təşrixi-məsai etmələrinə bir əlamət və müsəlmanlarla bir cəmilə olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin 300-dən ibarət olan gürcüləri də Tiflisə dönüblər.

Azərbaycanın milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərliyə layiq çox insan vardır. Muğan kimi bölgələrdə 10 000 000 kiloya qədər də buğda və ərzaq mövcuddur. Fəqət ordu təşkili üçün paltar, silah və cəbbəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilməsini rica edir və əlavə edir ki, əsgərin təlim və tərbiyəsi üçün buraya gələn əsgər heyəti Mosulda qaldı. Bir müddətə qədər gəlməyəcəklər. Təşəkkül edəcək əsgərə komanda etmək üzrə mümkün olduğu qədər müəllim-zabit və kiçik zabitin izamın hassaten rica edirəm".

Üçüncü ordu komandanı Vəhib Paşa Nuru Paşaya 1918-ci ilin iyunun 2-də yazdığı cavab məktubunda bildirirdi: "Azərbaycan hökuməti Müstəqilliyi İslamiyyəsinin tələbi üzərinə, islamları bolşevik təcavüzündən qurtarmaq üçün müxtəlif qüvvətli bir güclə Qazax üzərindən Gəncə istiqamətinə gedəcəyim. Bu mübrəzənin (batalyonun, taburun) süvarisi Qazax ilə Gəncə arasındakı istasyonları mübarizə edəcəkdir".

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cumhuriyyəti arasında bağlanan müqavilənin 4-cü maddələrinə əsasən (məhz həmin bənddə Azərbaycanın Türkiyədən hərbi yardım istəməyi nəzərdə tutulurdu), Azərbaycan dövlətinin rəsmi müraciətinə uyğun olaraq Vəhib Paşa 1918-ci ilin iyunun 7-də bu əmri verdi: "Beşinci Qafqaz Firqəsinin heyətinin Qazax üzərindən Gəncəyə göndərilməsini rica edirəm. Firqənin Ağstafa stansiyasından Gəncəyə qədər qatarla nəqliyyatı üçün indidən hazırlıq buyururuq və bunun üçün serizn icab edənləri (lazım olan hər şeyi) Qazaxa göndərin. Müsəlman zabitlərindən Gəncəli İbrahimzadə Nazim Əfəndi Ağstafa stansiyası ilə Gəncə arasındakı nəqliyyatı tənzim üçün əvvəlcə Batumdan Gəncəyə göndərilmişdi. Məmurlarımız Nazim əfəndi ilə təmas etsinlər, firqənin nəzdində ikinci Qafqaz Kolordusu telsiz stansiyanın verilməsini rica edirəm. Firqə indilik əmrinizdə və Gəncədə qalacaqdır, əfəndim".

Batumda imzalanmış müqavilə əsasında 5-ci Qafqaz diviziyası Gümrü və Qazax istiqamətində iki qrup halında Qazaxa gəldi.

Qeyd edək ki, Beşinci Qafqaz Diviziyasının başında Mürsəl bəy (Mürsəl Paşa Baku), Baş Qərargahı rəyasətində isə Rüşdü bəy dururdu.

Nuru Paşa ordu hissələrini qüvvətləndirmək üçün Gəncədə hərbi mək-təb və qısa müddətli hərbi kurslar da təşkil etdi. Eyni zamanda, yaranmış Azərbaycan korpusuna bir neçə azəri türklərindən ibarət nizami alay, Dağıstan süvari alayı və bunlardan başqa Azərbaycanın hər tərəfindən gələn arası kəsilməyən könüllülər də daxil olurdu. H.Baykara "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazırdı: "Hərbi təlim-tərbiyənin vaxtı az olduğu üçün vuruşma zamanı çoxlu tələfat olurdu. Buna baxmayaraq, döyüş meydanından əsla geri çəkilməyərək "Biz buraya ölməyə gəldik, dönməyə yox" - deyərək vuruşur və getdikcə döyüş havasına alışırdılar. Azərbaycan korpusunun təşkilatı tamamlandıqdan sonra ona podpolkovnik Həbib bəy Səlimov komandanlıq edirdi".

Rüşdü bəy isə "Bakı yollarında" əsərində Qafqaz İslam Ordusu tərkibindəki qüvvələr haqqında da maraqlı məlumatlar verir: "İlk yaradılışında cənub qrupunun qüvvələri belə idi: 4-cü piyada alayı (azəri alayı); 1-ci və 2-ci tabur, iki süvari bölüyü, azəri süvarilərindən ibarət daha bir bölük, iki qrup dağ və rus səhra topundan ibarət ol-muşdur. Bundan başqa ordu alaylarına verilən Azərbaycan səhra topçu bölüyü öküzlə daşındığı üçün şosse yolundan kənara çıxa bilmirdi. Ancaq bu heyvanlar düşmənin zirehli avtomobillərini, zirehli qatarlarını qaçırmaqda və toplarını susdurmaqda çox yararlı olurdu. Əsasən toplar, Türkiyə cəbhəsini tərk edərək Rusiyaya dönən əsgərlərdən Azərbaycan partizanları tərəfindən zorla alınmışdı. Bu topların mərmiləri rus alaylarından qənimət olaraq ələ keçirilmiş və olduqca çox idi. Azərbaycan korpusunda olan silahlar Rusiyada istehsal olunmuşdu. Buna görə də mərmi sarıdan çətinlik çəkilmirdi. Amma Osmanlı ordusunda istifadə olunan silahlar üçün mərmi çatışmırdı. Döyüş zamanı Osmanlı ordusunu, Azərbaycan korpusunu Azərbaycan hökuməti və xalqı ərzaqla təmin edirdi".

Müəllif xatirələrində daha bir maraqlı məlumatı da açıqlayır: "İslam Ordusu komandanlığından 5-ci Qafqaz diviziyası komandanlığına, Bakıya hücum zamanı verilən bir əmrdə aşağıdakı qeydlər çox əhəmiyyətlidir: "Bakıya yaxın olan müsəlman kəndlərinin silahlı yardımı ilə bərabər, sizə ət, çörək və digər ərzaqla yardım edəcəkləri də şübhəsizdir. Baxmayaraq ki, indiki vaxtda Siz həmin kəndlərdən 70 km aralıdasınız".

Bakının düşmən qüvvələrdən azad edilməsi üçün Qafqaz İslam Ordusu ciddi hazırlıq işləri aparmışdı. Ordu müəyyən hazırlığını başa çatdırdıqdan sonra Bakıya doğru hərəkət etmək qərarına gəldi. İyun ayının 1920-də Gəncədən Göyçaya gələn 5-ci Qafqaz diviziyası komandanı buradakı vəziyyəti gördükdən sonra aşağıdakı məlumatı hazırlamışdı: "1. Bakı, Dərbənd və qarşımızdakı düşmən qüvvətinin 7 000 sayda olduğu; 2. Düşmənin qəti bir zərbə altında əzilməsi və Bakıya sıxışdırılması üçün; a) Geridə qalmış qüvvələrin diviziyaya birləşdirilməsi; b) Qazaxdakı 800 milis atlısının toplaşaraq cəbhəyə cəlb edilməsi; c) keçmiş Qazax kaymakamı (qəza rəisi) Məhəmməd bəylə Daşsalahlı və hazırda Gəncədə olan Əli Nağı bəyin toplaya bilə-cəyi 4500 atlının cəbhəyə cəlb edilməsi; ç) Göyçay, Ağdaş, Bərdə atlılarının və Gəncədə toplanacaq atlı və piyadaların vacib cinahlara cəlbi; 3. Kürdəmir-Qaraməryəm xəttindəki zərbəni qəti endirdikdən sonra qüvvələri Şəki üzərindən Qubaya və ya Şuşaya göndərmək; 4. Yuxarıda sadalananların icrası üçün əmr hazırlamalı".

Bu hazırlıqlar başa çatdıqdan sonra Qafqaz İslam Ordusu qüvvələri iyun ayının 28-də düşmənə ilk zərbəni endirmiş, Qaraməryəmi, Göyçayı almış və sonra Ağsunu, Kürdəmiri azad etmişdir.

İyul ayının ortalarında isə xilaskar ordu iki istiqamətdən hücuma keçmişdi: birincisi - Ağsudan Şamaxıya, digəri də dəmiryol boyu ilə Hacıqabula - Bakıya doğru irəliləməkdə idi. İyulun 3-də isə artıq xilaskar türk və azərbaycanlı qüvvələr Bakıya xeyli yaxınlaşmışdılar. İyulun 31-də isə ordu hissələri Nəvahiyə, axşamüstü isə "Qurd Qapıları"na (Volçi-Vorotaya) gəlib çatdılar. Bakıya hücumu yekunlaşdırmaq üçün yenidən qüvvələr toplanılır və milis gücləri cəlb edilirdi.

Həmin hadisələrdə iştirak etmiş tanınmış mühacir Məhəmməd Əli Rəsuloğlu öz xatirələrində yazırdı: "Türk ordusu qərargahına xəritə, plan yetişdirmək üçün Müsavat partiyası bütün qüvvəsilə çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində bulunan dostumuz Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirdilər..."

 





13.09.2018    çap et  çap et