525.Az

Cəhənnəmlə bağlanan müqavilə - Türkan Turan


 

Cəhənnəmlə bağlanan müqavilə - <b style="color:red">Türkan Turan </b>

Alnımızı cizgilər, gözlərimizin ətrafını qırışlar basar, gicgahımızın arxa hissəsindən başlayar ömrümüzə yağan qar.

Bahara bənzəyən çöhrəmiz payız təki saralar. Amma yenə də etdiyimiz xətaların ardı-arası kəsilməz. Qorunmaq üçün ətrafımıza möhkəm bəndlər çəkərik. Hər vəchlə təhlükəsizliyimizi təmin etməyə çalışarıq. Birdən bəndin gözləmədiyimiz yerindən sızıntı başlayar, qısa müddətdə axıntı elə güclənər ki, qarşısını nə biz, nə də el yığılsa ala bilər! Divarlar yıxılar, körpülər dağılar, önünə çıxan nə varsa çoxdan yuyulub gedər! Dönüb ömrün geridə qoyduğumuz hissəsinə baxanda görərik ki, yerimizdə saymışıq, qət etdiyimiz yol heç bir addım da deyil. Min dəfə stress yaşayıb, dəfələrlə burnumuzun suyunu gözümüzün yaşına qarışdırsaq da, hər dəfə “bu axırıncıdır” deyib tövbə etsək də, yenə ağıllanmarıq. Hər şey o bəndlər kimi, bir sızıntı ilə məhv olar! Əlimizə düşən ilk fürsətdə yenə harada canımıza qəsdi olan varsa, gedib onu taparıq, bəndi onun tərəfdən dələrik! Təkrar çırpılıb, min tikə olduğumuz nöqtəyə geri qayıdarıq!

Xeyli vaxtdır xəfif ləpələri ilə sahili öpən dənizimizdə qəfil fırtınanı bax beləcə başladırıq! Dalğa özünü qayalara çırpır, sakitlik işıq surəti ilə götürülür! Eyni yerdən yara alıb, eyni şəkildə al qana qərq oluruq! Qarşımızdakını o qədər aliləşdiririk ki, bir də baxırıq, “sistematik sevgili”yə çevrilmişik. Nə kobudluğu azalır, nə də yaşatdığı ağrılar... Bütün bunları ört-basdır edirik, gerçək simasının üstünə niqab çəkirik. Sökdüklərinə yamaq vurur, tozlu ayaqqabıları ilə basdığı ömrümüzün ləkəsini ova-ova çıxardırıq! Bunlar az deyilmiş kimi mütəmadi özümüzü isbat etməyə çalışırıq. Günahkarlıq hiss yaxa kartımız kimi üstümüzdən əskik olmur. İşləmədiyimiz günahlara görə də, suçluluq duyğusu yaşayırıq. Bütün bunlar az deyilmiş kimi, onları hamıya, əsas da özümüzə, ürəyimizə qarşı müdafiə edir, haqq qazandırırıq. Etdiyimiz fədakarlıqlar sərhəd tanımır. İstəklərimizi ertələyirik, bircə “O” rahat olsun deyə, bizi biz edən dəyərləri basdırırıq. İşləyiriksə istefa veririk, hobbilərimizi arxa plana atırıq, arzularımızı, xəyallarımızı sandığa yığıb, ağzını möhkəm qıfıllayır, açarını dibi görünməyən dərinliyə tullayır, sandığın da üstünə yük vururuq. Fərqində belə olmadan öz əlimizlə düzəltdiyimiz büt kimi tapınırıq. Od ətrafındakı pərvanə kimi başına dolanırıq.

Yaxşı, ruhumuza bu qədər dağ çəkməyə bizi vadar edən nədir? Görəsən, narahat insanları sevmək üçün beynimizin hansı hissəsindən əmr alırıq? Niyə problemli, sıxıntılı, ruh halı qaydasında olmayan, bizi itələyən, üzən, ağladan insanlar üçün dəridən-qabıqdan çıxırıq? Aşiq olmağımız az deyilmiş kimi, bir də arxalarınca ilan kimi sürünürük, qıvrılırıq, soyulub, qabıqdan çıxırıq. Ömrümüzü fəda edirik! Gözəl günləri öz əlimizlə zibil qutusuna atırıq. Heç vaxt, “Niyə belə bir insanı sevirik” sualı ilə üz-üzə gəlməyə cəsarət tapa bilmirik! Özümüzü bu münasibətə elə qapdırırıq ki, ruhumuza, vücudumuza yadırğayırıq. Geriyə dönüb baxanda aradan keçən illərin uzunluğundan başladığımız nöqtəni görməyəcək vəziyyətə gəlirik. Ruhumuz kirlənir, ürəyimiz zədələnir, əsəblərimiz tarimar olur, yıxıntılarımızın altında qalırıq. Yox, hər şey belə bitmir! Qarşımıza yaxşı insanlar çıxır. Onları da öz qaranlığımız ucbatından itiririk. Çünki güvən hissini çoxdan itirdiyimiz üçün sevgi ilə araya sədd çəkib, təslim olmaqdan boyun qaçırdırıq. Beləliklə, biz də başqaları üçün kabusa çevrilirik. “Keçmiş”in izləri beynimizdə qaldığı üçün “bu gün”ə də şübhəli yanaşırıq. Yaşadıqlarımızın intiqamını “bu gün”dən alırıq! Gözümüz yaxşı ilə pisi müəyyən edə bilməyəcək qədər zəifləyir. Nə uzağı, nə yaxını ayırd edə bildiyimiz üçün münasibətlərin qaranlıq tərəfini görür, işıqsızlıqdan əziyyət çəkirik! Buna görə hüzuru heç cür yaxalaya bilmirik.

Problemli insanları sevərək həyatımızın kontrolunu itiririk. Əvvəlcə xam xəyallara qapılıb, onu dəyişdirəcəyimizə inanırıq. Unuduruq ki, kimisə dəyişdirmək üçün çabalamaq ağılsızlıqdır! Bu günə qədər başqalarının bacara bilmədiyini reallaşdıracağımız düşüncəsi ilə bu yola addım atırıq. Eqomuzu işə salırıq, fikirləşirik ki, o qədər insandan keçib gələn adam bizdə dayanacaq! Halbuki nə qədər yanlışdır! Bu məqamda qüsur əslində bizdədir, qarşıda deyil! Özümüzlə barışmırıq. Uşaqlıqda yaşadığımız travmadan dolayımı, yoxsa uğursuz münasibətlərə görə, bəlkə də, özümüzdən uzaqlaşdığımız üçün, bəlli deyil, harda zülmət kimi adam varsa ürəyindən yapışırıq. Hər halda, onu dəyişsək özümüzü də dəyişəcəyimizi zənn edirik. Elə bu fikirdən yola çıxaraq cəhənnəmlə bağlanacaq müqaviləni imzalamış oluruq. Üstəlik, bir girdab kimi çabaladıqca boğuluruq. Bir gün tərk ediləndə gözümüzün yaşı selə dönür, “illərim, ömrüm getdi” deyə-deyə cızdağımız çıxır! Qaranlıq insanları aydınlatmaq mümkün deyil, boş yerə özümüzü məhv etməyə gərək yoxdur! Çünki insan yalnız özü istədiyi təqdirdə işıq saçır, aydınlanır, düzəlir! Mütəmadi yanlış insanlarla rastlaşdığımız üçün ah çəkiriksə, özümüzə “bəxtsiz” damğası vururuqsa, ilk anda acı olan, sonrasa ruhumuzu rahatladacaq gerçəklərlə təcili üzləşməliyik! Yanlış insanlarla münasibətimizi israrla davam etdirərək ən böyük zərbəni özümüzdən alırıq! Özümüzü qəpik-quruş kimi xərcləmədən sevməyə alışdırsaq, yaxşı olar. Yoxsa, bir gün alnımızdakı cizgilər, göz ətrafımızı basan qırışlar, gicgahımızın arxasından ömrümüzə yağan qar bizi əfv etməyəcək!

 





15.09.2018    çap et  çap et