525.Az

Pedaqoji Universitetin Elmi Şurası yeni tədris ili ilə bağlı iclas


 

Pedaqoji Universitetin Elmi Şurası yeni tədris ili ilə bağlı iclas <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib.

ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun daha da artdığını deyən rektor qeyd edib ki, müəllim peşəsinə marağın artmasında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi, onların əməkhaqlarının artırılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin işə qəbulunda şəffaflığın və obyektivliyin təmin edilməsi böyük rol oynayıb: “2018-2019-cu tədris ilində ali məktəblərə 41 min nəfər tələbə qəbul olunub. 500-dən yüksək bal toplayan 2090 nəfər gənc müəllimlik peşəsini seçib. ADPU-ya bu il filiallarla birlikdə 566 nəfər gənc 500-dən çox bal toplayaraq qəbul olunub. Cari tədris ilində 500-dən çox bal toplayan 129 gənc ADPU-nun “İbtidai sinif müəllimliyi” ixtisasını seçib. Filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq təhsil almaq üçün ADPU-nu seçib. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub”.

C.Cəfərov bildirib ki, Təhsil Nazirliyi yeni tədris ilinin prioritetlərini müəyyən edib: “Yeni tədris ilində yeni qəbul qaydaları tətbiq ediləcək, xarici dillərin öyrənilməsinə, şagirdlərin dərs yükünün  yüngünləşməsinə, onların hərtərəfli inkişafına, istedadlı şagirdlərin üzə çıxarılmasına, vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi məqsədilə keçirilən tədbirlərin mənalı və məzmunlu təşkil edilməsinə, sağlam həyat tərzinə, təhsilin keyfiyyətinə nəzarətə xüsusi önəm veriləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin ölkədaxili inteqrasiyası, Boloniya sisteminin prinsiplərinə düzgün əməl edilməsi, tyutor xidməti, ingilisdilli proqramlar diqqət mərkəzində saxlanılacaq”.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov isə yaz və yay semestrlərinin imtahan sessiyasının nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat verib.

Daha sonra Sənəd Qəbulu Komissiyası üzrə məsul şəxs, professor İbrahim Bayramov ADPU-ya 2018-2019-cu tədris ili üçün tələbə qəbulunun nəticələri haqqında danışıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev isə cari məsələləri, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov Elmi Şuranın iclasında qəbul edilən qərarları, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov reytinq qiymətləndirilməsi ilə bağlı görülən işləri Elmi Şura üzvlərinin diqqətinə çatdırıblar.

Sonda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

C.ABASOV

 





15.09.2018    çap et  çap et