525.Az

"Və bircə sən başqa deyilsən..." - Elçin İsgəndərzadənin şeirləri


 

"Və bircə sən başqa deyilsən..." - <b style="color:red">Elçin İsgəndərzadənin şeirləri</b>

Təkcə sən!

Başqa şəhərdəyəm...
başqa adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.

Ayrı sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.

Başqa havalardayam,
ay başqa,
gün başqa,
mən başqa.

Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.
     
Gedirəm

Hər gün ömür dediyinin
anından çıxıb gedirəm.
Ürək-ürək, əsəb-əsəb
canımdan çıxıb gedirəm.

Bu yadlığa özgə kimi,
yığışdırıb dərdi-qəmi,
bir qaralan kölgə kimi,
yanımdan çıxıb gedirəm.

Gedər-gəlməz bir səfərə,
açılmayan sirr səfərə,
ölüm adlı o əvvələ,
sonumdan çıxıb gedirəm.

Həsrət

Ömrün qaranlıq tərəfindən açıldı sabahlar,
qaranlıq yanından açıldı güllər,
qaranlıq qoxudu bütün səhərlər.

Heç baharı da tanımadı payız budaqları,
heç yazı da tanımadı ağaclar.
Və payız gülləri heç bilmədi ki,
yaz gülləri var bu yer üzündə.

Bu yer üzü ən çox yaza həsrət,
bir qızın dodaqları ən çox
bir gözəl sözə həsrət.
Və sevdalar ən çox bu qıza həsrət.

Həsrət... budaqlar yuvalara,
yuvalar doğmalığa,
havalar günə həsrət.
Yaralı quşların gözləri
ən çox da göyə həsrət.

Həsrət də hər şeyə həsrət!

Məndən savayı

Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı...?

Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.

Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.
                    Çox gec...

Bilirəm ki...hər şey üçün çox gec,
çox gec yenidən başlamaq,
yenidən umudlanmaq,
yenidən xəyal etmək
və çoxlu xəyal qurmaq.

Hələ o xəyallarda yaşamaq,
hələ o xəyalları yaşatmaq...

Sonra ovunmaq öz təsəllilərində...
Sonra o təsəllilərə inanmaq.

Bilirəm ki, payızın dilini öyrənmək asan,
baharın dilində danışmaq çətin.
Çətin bir şax ağac olmaq,
asan bir çiçək olmaq,
qoparılmaq,
atılmaq.
Və sonra yenidən doğulmaq.

Bilirəm ki, hər şey üçün çox gec...
Ən çox da unutmaq üçün.

Köçə bilməyən quşlar

küçələr yetim,
gecələr soyuq,
həyat anlamını itirmiş eynilik,
ağaclar köçə duran durnalar kimi,
amma uçmağı bilməyən.

Durnaların hamısı mən...
Ağacın qırılmış budağındakı
Yerinin intizarında.

O yer hansı ocaqdasa çoxdan yanmış,
küllərini küləklər sovurmuş.

Hərdən də küləklər
o külləri vurar gözlərimə...
Ağacın kəsilmiş budağındakı
yanan yerimin küllərini,
o küllərdə  qanadlarımın izi.

Hər gün o külləri sovurur külək,
o küllərdən çiçəklər açır kül rəng.
Və köçə bilməyən quşlar
fəsilləri unudur mənimtək.

Qəriblik

Bir qərib ulduz işığında
bir yol saralar sapsarı.
O yoldan keçər
kiminsə gerçək olmayan xəyalları.

Bir qərib ulduz işığında
hansımız qərib deyilik ki,
hamı qərib,
mən hamıdan qərib,
sevdalar məndən qərib.

Bir qərib ulduz işığı sızar
pərdənin arasından...
O yerdən ki,
ordan gün işığı sızar həmişə.
Və qərib ulduz işığı
o pərdənin arasında
qəribliyini anlayar,
mən bütün qəriblərin içində
qəribliyimi anladığım tək.

bir qərib ulduz işığı
ən çox can verən
bir yaralı ilanın gözlərinə düşər.

Ötrü

Elə yaddan çıxır, unudulursan
darıxan da olmur adından ötrü.
Darıxan da olmur, baxışlarından
qara gözlərinin odundan ötrü.

Qəfil anlayırsan, sən də özgəsən,
susan bir kəlməsən, lal olan sözsən,
qəfil bir uşaqçün qəribsəyirsən,
uşağa dönürsən, yadından ötrü.

Gedirsən, ardınca ta baxan olmur,
üz-üzə gələndə karıxan olmur,
daha bundan belə darıxan olmur,
özüyçün darıxan adamdan ötrü.

lll

Bir az nə varsa yaxındı,
bir az, bir az da uzaqdı.
Bu istidə, bu bürküdə,
bir az, bir az da sazaqdı.

Avazıyıb nəsə solur,
kim üşüyür, kimsə donur.
bu yaşamda, bu qürbətdə
yaşam yaşam kimi olmur.

Bir az soyuq, bir az ayaz,
yenə bu payız üşüdür.
Bir payızın xatirəsi
adamı hər yaz üşüdür.

Bir az hava da kədərdi,
bir az qəzadı, qədərdi.
Bu tale alnımızda,
oxumadığımız əzbərdi.

Bir az, bir ömür ötməkdi,
bir az, bir az da itməkdi.
getməklər heç gəlmək olmur,
gəlməklər hamısı getməkdi.

Bir az ölçmədi, biçmədi,
bir az ələkdən keçmədi,
bir də ayılırsan ki, həyat
bir az, bir az da heç nədi.

lll

Gün də gələr, yadın itər,
unudular, adın itər,
dünyada ölümdən betər
yaşamaq zoruymuş elə.

Bir gün özün də bilərsən,
bir gün özün də görərsən,
illərdən sonra deyərsən,
sevgilər koruymuş elə.

Ayağından izinəcən,
dodağından sözünəcən,
baxışından gözünəcən
adam da yoluymuş elə

lll

Sularda ləpələr qırılır,
sularda körpələr qırılır.
Ağrının, acının üstündən,
keçəndə, körpülər qırılır.

Bu həyat donduqca, gördüm,
bir umud sındıqca, gördüm,
bir qazi yandıqca, gördüm,
canında qəlpələr qırılır.

Bu dünya nə aldı, nə verdi,
dərdi də bir matah nəmərdi.
Ömür də bir gödək kəmərdi,
dartıram törpülər qırılır.

Özümdən

Hər şeydən keçib gedirəm,
sözümdən keçə bilmirəm.
Baxışlarım geri dönür
gözümdən keçə bilmirəm.

Yolum qışdan-qardan ötür,
neçə yoxluq vardan ötür,
haralardan, hardan ötür,
izimdən keçə bilmirəm.

Suyun üzündən keçirəm,
dərdin izindən keçirəm,
heçin özündən keçirəm,
özümdən keçə bilmirəm.

Gediblər

Mən bəlkə də mən deyiləm,
məni dəyişib gediblər.
Mən cəhənnəm, hələ səni,
səni dəyişib gediblər.

Hamı ölmək öyrənib,
bilməyən bilmək öyrənib,
bu qəm də gülmək öyrənib,
qəmi dəyişib gediblər.
Yaz qışlıqdan gəlirsə,
gün daşlıqdan gəlirsə,
vaxt boşluqdan gəlirsə,
dəmi dəyişib gediblər.

Olmur

Arada da neynəyirsən,
nə deyirsən -
düz edirsən hər şeyi,
amma nəsə düz olmur.

Külək döyür, ürək döyür,
yağış döyür, gün döyür
döyülməklər bitməmiş heç
qəfil qapın döyülür,
açırsan ki, ayrılıqdı
mat qalırsan qapıda,
ayrılığa get deməyə
üzündə bir üz olmur.

Nəsə tərsə gedir elə...
gəlişin tərs,
gedişin tərs,
gülüşün tərs,
işin tərs...
Elə işin tərsliyindən bu qədər tərsliklərə
durub bir söz deməyə
lüğətində söz olmur.

Ağrı

Gözünü açanda səhərlərə...
ağrılar da səninlə oyanır.
Hər şeyin ağrısı
yerinin içində qıvrıldır bədənini.
İlan kimi qıvrılırsan
ağrılarla durursan,
ağrılarla gedirsən,
yaşayırsan,
gülürsən.

Sanki ağrıları yaşadırsan,
ağrıları uyudursan,
ağrıları güldürürsən.
Sonra görürsən ki,
özün boyda ağrısan...

Qədər oyunu

Yaşanmamış xəyallar, umudlar
və vaxtın kədəri
döyünür saatda -
vaxt yorğunuyam.

Bir tel saçın üstünə qonan notlar
eyni havanı çalar.

Eyni melodiyə oynayar yalnızlığım...
Hər şey rəqs edər gözyaşı kimi.

Yaralı quşun qanadlarında
qanı oynayar,
axır nəfəsində
kiminsə canı oynayar.
İlahi...
Hamı oynayar.

Amma hamı öz oyununu oynamaz.

Kimsəsizlik etüdü

Gözləməyə kimsə olmayanda,
baxarsan ki,
pəncərən yox,
küçən yox,
şəhərin qeybə çəkilib.

Dənizin də başqasının adınadır...
sahilin də yaddı,
yolun da.


o narın yağışlar daha yağmır,
o xəfif küləklər də əsmir..

Gözləməyə kimsə olmayanda,
bilərsən ki,
səni də heç kim gözləmir,
olmayan pəncərəndə,
olmayan küçəndə,
qeybə çəkilən şəhərində.

 





16.09.2018    çap et  çap et