525.Az

Çexiya şirkətləri Azərbaycanda iştiraklarını genişləndirmək istəyirlər


 

Çexiya şirkətləri Azərbaycanda iştiraklarını genişləndirmək istəyirlər <b style="color:red"></b>

Çexiya şirkətləri Azərbaycanda öz iştiraklarını genişləndirmək və Azərbaycan sahibkarları ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

Bunu Trend-ə Çexiyanın MDB ölkələri üzrə sənaye-ticarət palatasının İdarə Heyətinin sədri Frantişek Masopust deyib.

Sədr bildirib: “Artıq 10 ildir ki, bizim şirkətlərimiz bura mütəmadi olaraq gəlirlər. Bu müddət ərzində sizin ölkəniz haqqında cəlbedici məlumatları Çexiyada yaymağa müvəffəq olmuşuq və bizim şirkətlər böyük məmnuniyyətlə Azərbaycana gələrək burada tərəfdaş tapmağa maraqlıdırlar. İlk növbədə bizi ölkədəki stabillik və təhlükəsizlik cəlb edir. Hələ 12-15 il əvvəl Azərbaycan bazarına çıxarkən biz hiss etmişdik ki, qonşularınızdan fərqli olaraq məhz sizin ölkədə bizi böyük perspektivlər gözləyir. Və indi biz bir daha əminik ki, həmin dövrdə biz düzgün addım atmışıq. Azərbaycan iqtisadiyyatı stabil şəkildə inkişaf edir və hər il bura gələrkən biz bunu öz gözlərimizlə görürük. İki ölkənin biznes-strukturları arasında münasibətləri inkişaf etdirmək üçün yaxşı potensial var. Ona görə biz Azərbaycanda iştirakımızı genişləndirmək istəyirik”.

Palata rəhbəri qeyd edib ki, Çexiya sahibkarları bir sıra istiqamətlər üzrə birgə fəaliyyət üçün Azərbaycandan olan tərəfdaşlarla münasibətlərin qurulmalmasında hazırdırlar.Palata rəhbəri deyib: “Biz sizinlə maşınqayırma, elektrotexnika istehsalı, nəqliyyat, turizm, tikinti sahələrində, eləcə də müxtəlif infrastruktur layihələrin həyata keçirilməsində və münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq. Biz Azərbaycana birgə fəaliyyətimiz çərçivəsində müxtəlif texnologiya və avadanlıq təqdim etməyə hazırıq. Ümumilikdə istərdik ki, biznes əməkdaşlığımız yüksək səviyyədə olsun”.

Daha sonra Palata rəhbəri qeyd edib ki, Çexiya şirkətləri əsasən idxal-ixrac əməliyyatlarına üstünlük verirlər: “Biz investisiyaların artırılmasında maraqlıyıq, lakin iş ondadır ki, Çexiya şirkətlərinin maliyyə imkanları elə böyük deyil ki, böyük investisiya əməliyyatları həyata keçirsinlər. Məsələn bir orta Almaniya şirkəti Çexiya müəssisəsindən daha gəlirlidir. Azərbaycana invesitisyalarımızı artırmaq üçün bizə dövlət dəstəyi lazımdır”.

Qeyd edək ki, hazırda Azərbaycanda Çexiya kapitalı ilə 25 şirkət fəaliyyət göstərir.

 





16.09.2018    çap et  çap et