525.Az

İspaniya - düşüncələr və unudulmaz xatirələr


 

İspaniya - <b style="color:red">düşüncələr və unudulmaz xatirələr</b>

(Əvvəli ötən şənbə sayımızda)

“Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”.

Bencamin Dizraeli, Böyük Britaniyanın 1868-1874-cü illərdəki baş naziri   

Roma işğalından əvvəl İberiya şəhərləri inkişaf etmişdi. Buradakı daş heykəllər yunan təsirindən xəbər verirdi. Məşhur “Elçedən olan xanım” heykəl büstü b.e.ə. I əsrdə yaradılmışdı, qızılla bəzənmişdi. Onun orijinalı Madriddəki milli muzeydə saxlanılır, lakin biz onun kopyasını çox gözəl Elçe parkında gördük. Qadının sifət cizgiləri çox məlahətlidir, mütənasib alnı, aşağı dikilmiş gözləri, incə burnu və nazik dodaqlarının örtdüyü kiçik ağzı və simmetriyaya uyğun çənəsi vardır. Gənc qadının başı və boynu daş-qaşlarla bəzək içərisində təsvir olunmuşdur.

B.e.ə. IX əsrdən başlayaraq, Mərkəzi Avropadan olanlar da Pireneyi tədricən keçib, yarımadaya daxil olmuşdular. Onlar keltlər idi. Bu xalq çox hallarda yerli əhaliyə absorbsiya edilirdi. Bu vaxt Kelt-İberiya adlanan qarışıq xalq əmələ gəldi. Yəqin ki, ispanlar elə bir xalqdır ki, onların damarlarında nisbətən daha çox sayda xalqların qanı axır.

İstehkamlanmış təpələrdə tikilən şəhərlərdə “dəyirmi ev mədəniyyəti” yarandı, o, həm də “Kastro mədəniyyəti” adlanırdı.

B.e.ə. II əsrdə isə Roma işğalı baş verdi. Ondan bir əsr sonra İspaniyanın əksər hissəsində romalılaşma getdi. Bunun həlledici faktoru Roma vətəndaşlığının genişlənməsi idi. Əvvəlcə Roma koloniyalarında yaşayanlar Roma vətəndaşı hesab olunurdular. Bizim eranın III əsrində isə imperator Karakallanın ediktinə müvafiq olaraq imperiyadakı bütün sakinlər Roma vətəndaşlarına çevrildilər. Latın dili təhsil görmüş vətəndaşlar üçün universal dilə çevrildi və tezliklə yerli ispan-Roma ədəbiyyatı təşəkkül tapdı.

Romalıların yaratdıqları abidələr yarımadanın çox hissəsində indiyədək qalmışdır. Barselonada və digər bir neçə şəhərdə Roma divarları tapılmışdır. Meridada və digər şəhərlərdə o dövrdə tikilmiş körpülər vardır. Seqoviyadakı və Meridadakı akveduklar göz oxşayır. Romalıların icadı olan akveduk hər iki şəhəri kənardan gətirilmə təzə içməli su ilə təmin edirdi. Biz Meridadakı akveduka heyranlıqla tamaşa etdik və qədim romalıları abadlığa, sakinlərə göstərdikləri qayğıya görə xoş sözlərlə xatırladıq. Bütün Avropanın geniş yol şəbəkəsi ilə (bu gün də qitənin əsas yolları həmin qədim şəbəkəyə əsaslanır) təmin edən romalıların nəcib izləri burada da qalmışdır. Roma yolları bütün yarımadanı kəsib keçir.

Roma təsviri sənət abidələri də yarımadada boldur. Barselona, Merida və digər şəhərlər heykəltəraşlıq mərkəzləri idi, portret rəssamlığı da inkişaf etmişdi.

German tayfaları V əsrin başlanğıcında əraziyə geniş müdaxilə etdilər. Ostqotlar Roma imperiyası üçün böyük təhlükə idi. Hər bir səviyyədə Roma imperiyasının barbarlaşması gedirdi. 401-ci ildə Alarixin başçılığı altında vestqot qoşunu Alp dağlarını aşıb İtaliyaya düşdü və 418-ci ildə Romanı qarət etdi. Digər tayfalar - sueblər, alanlar və vandallar 409-cu ildə Pireneyi keçmişdilər. Lakin ikiəsrlik qarışıqlıq və pozğunluq dövründən sonra onlar müdaxilələrini dayandırdılar. Vandallar cənubda məskunlaşdılar. Andalusiya adı Vandalusiyadan əmələ gəlmişdir. Bundan sonra german tayfaları tərəfindən yarımadanın işğalı dayandı. Vandallar Kartaxenanı və Sevilyanı işğal etdilər. Vestqotlar İspaniyaya gəldikdə, ölkə artıq geniş ölçüdə romanlaşmışdı.

İspan-Roma əhalisi VI əsrdə artıq 6 milyon nəfər idi və onlar arian məzhəbinə məxsus xristianlar idilər. Digər xristianlardan onların fərqi İisus Xristin allahın oğlu olmasını inkar etmələri idi. Vestqot kralının təsiri ilə əhalinin əksəriyyəti katolikliyə keçdi.

VIII əsrdə xristian İspaniyasına müsəlmanlar müdaxilə etdilər və XV əsrdə Ferdinand və İzabellanın hökmranlıqlarına qədər İspaniyada qalmaqda davam etdilər. Müsəlmanlar vestqot birliyini dağıtdılar. Sonrakı əsrlərdə şimaldakı dağlarda bir sıra xristian dövlətləri meydana gəldi. Həm özlərini qorumaq üçün, həm də dini düşmənçiliyə görə onlar Rekonkista hərəkatına başladılar. Rekonkista - “geri almaq”, “yenidən işğal etmək” mənasını verirdi. Müsəlmanlar zəifləyəndə, adətən, xristianlar yaxşı fayda götürürdülər. XIII əsrin ortalarında Rekonkista, əsasən tamamlandı və yalnız kiçik Qranadada müsəlman krallığı 1492-ci ilə qədər qala bilmişdi.

Kastiliya kralları nikah, diplomatiya və müharibə yolu ilə digər xristian dövlətləri üzərində nəzarəti əldə etməyə çalışırdılar. Böyük sayda mosarablar və ya ərəb dilində danışan xristianlar Toledoda yaşayırdılar. Şimali Afrikadan fanatik müsəlman sektası olan Almoravidlər öz din qardaşlarına köməyə gəldikdən sonra 1086-cı ildə xristian ordusunu darmadağın etdilər.

Müsəlman imperiyasının mosarab əhalisi baş verənlərə laqeyd olan kimi görünürdü. Digər müsəlman sektası olan Almohadilərin Şimali Afrikadan gəlməsi ilə Almoravid imperiyası dağılmağa başladı. Xristian hökmdarları müsəlmanların öz aralarındakı vətəndaş müharibələrindən fayda götürərək, müsəlman imperiyasına nüfuz edirdilər. Almohad imperiyası XIII əsrin ikinci rübündə süquta uğradıqda, xristian hökmdarları Rekonkistanı tamamlamağa başladılar. Leon kralı on il ərzində bir neçə mühüm şəhəri işğal etdi. Yalnız Qranada krallığı müsəlmanların əlində qalırdı, lakin o da təbəə kimi Kastiliyaya illik təzminat ödəyirdi.

Xristian dövlətlərinin iqtisadiyyatı kənd təsərrüfatına əsaslanırdı. Təhkimçi kəndlilərin üzərinə ağır yük düşürdü.

Tam fərqli olan müasir ispan kəndlisi ilə də tanış olmaq imkanı əldə etdik. Andalusiyada yol üstündəki bir tavernada səhər yeməyi yeyərkən, tarlaya gedəndə bura dönüb, öz kiçik spirtli içki normasını içib, sonra öz torpaq sahəsinə yollanan kəndliləri gördük. Görünür, onların maddi vəziyyəti və ənənələrini nəzərə almağı, belə “kübarlığa” imkan verir.

Həmin dövrdə şəhərlər də böyüyür, onların əhalisi də çoxalırdı, bu da sənətkarlığın və ticarətin inkişafına şərait yaradırdı.  Yeni Dünya kəşf edildikdən sonra limanlarda gəmiqayırma sənayesi inkişaf edirdi. Gəmilər isə dənizlərin o tayı ilə intensiv ticarət aparılmasına şərait yaradırdı.

Rekonkistanın irəliləməsi həmçinin, çox sayda müsəlmanların xristian krallığına keçmələrinə səbəb oldu. Şəhərlərdə mühüm müsəlman məhəllələri var idi. Yəhudilər isə əsasən, şəhərlərdə yaşayırdılar, orada ticarətlə, pulu sələm qaydasında verməklə məşğul olurdular. Müsəlmanlara və yəhudilərə öz dini ibadətlərini icra etməyə icazə verilirdi. Lakin bir sıra hallarda xristian qoşunları yəhudilərə basqın edirdilər.

1469-cu ildə Araqon prinsi Ferdinanda ərə gedən İzabella beş il sonra Kastiliya taxt-tacına çıxdı. 1478-ci ildə isə Ferdinand Araqon kralı öldu, beləliklə, Araqonun və Kastiliyanın fərdi ittifaqı səmərə verdi.

Kastiliyanın siyasi həyatında Kortes (parlament) mühüm rol oynayırdı. krallığın iqtisadiyyatı əkinçilikdən və maldarlıqdan ibarət idi. Yun parça manufakturaları şəhərin mühüm sənaye sahəsinə çevrilmişdi.

XIV əsrin ortalarından başlayaraq, Qara Ölüm - taun epidemiyası əhalinin sayının xeyli azalmasına səbəb olmuşdu. 1351-ci ildə sosial narazılıq yarımadanın əsas hissələrinə yayılmaqla, yəhudi qırğınlarının törədilməsinə səbəb oldu. Hətta xristianlığa keçmiş yəhudilərdən də şübhələnilirdi və onlar yalnız İudaizm dini ibadətlərinin icra etdiklərinə görə ittiham edilirdilər.  

Müsəlman İspaniyası 

VII əsr ərzində Şimali Afrikadakı Bizans qalaları ərəblərin irəliləməsinə yol açdı. Kartaxena əsrin sonunda təslim oldu və VIII əsrin başlanğıcında xəlifə Harun ər-Rəşidin təyin etdiyi yeni qubernator Musa ibn Nusayr Tannerə qədər bütün Şimali Afrikanı anneksiya etdi, öz generalı Tarik ibn Ziyada yerli berberləri islamlaşdırmaq vəzifəsini tapşırdı və onu inzibati cəhətdən ərazini idarə etməyə təyin etdi. Tarik sosial mövqeyinə görə qul olsa da, sərkərdəliyə qədər yüksəlmişdi.

İspaniyaya müsəlmanların müdaxiləsi onların öz təşəbbüsündən daha çox, vestqotların dəvətinin nəticəsi idi. 709-cu ildə Vestqot krallığında hökmdarın ölümü ilə müharibə başlandı və mərhum kralın ailəsi taxt-tacdan uzaqlaşdırıldı. Onların tərəfdarları Musaya müraciət edərək, uzurpator Roderikə qarşı müdaxiləyə kömək göstərmək xahişini etdi. Tarik berber ordusu ilə Gibraltar boğazını keçib, 711-ci ildəki döyüşdə Roderikin üzərində qəti qələbə çaldı. Boğaz sonralar ərəb sərkərdəsinin şərəfinə, oradakı dağa görə Cəbəl-üt-Tarik (“Tarik dağı”) adlanır, qərb dillərində isə bu ad Gitraltar kimi səslənir. Göründüyü kimi, ərəblər sonrakı səlibçilərdən fərqli olaraq, xristian dünyasına heç də işğalçılar kimi deyil, onların öz xahişi əsasında gəlmişdilər.

Tarik öz niyyətinə artıq nail olduğundan, geri - Afrikaya qayıtmalı idi. Lakin İsrail çarı Solomonun əfsanəvi xəzinəsinin Toledoda gizlədilməsi barədəki rəvayətə inanaraq, şimala tərəf hərəkət etdi və şəhəri tutdu. Lakin rəvayət təsdiq olunmadı, Toledoda heç bir qiymətli xəzinə yox idi.

Bu yürüşündə Tarikə öz təəccübünə rəğmən, belə bir cəhət də məlum oldu ki, ispanların çoxu könüllü surətdə ona tabe olurdu. Sonrakı ili Musa özü ərəb ordusunu yarımadaya gətirdi, o da fateh kimi özünü təsdiq etmək istəyirdi. O, Roderik tərəfdarlarının axırıncı istehkamı olan Meridanı tutdu. Şəhərin nüfuzlu nümayəndələri onun yanına gələndə saqqalının tünd qırmızı olduğunu görmüşdülər, sabahısı gün yenidən onunla görüşdükdə, saqqalının tam qara olduğunu gördülər. Yerli adamlar bunu onun dininin möcüzələrindən biri kimi izah edirdilər. Axı meridalılar saqqala həna qoyulmasından bixəbər idilər.

Sonra Musa Toledoya və Saraqosaya daxil oldu, vestqotları ya tabe olmağa, ya da qaçmağa məcbur edə bildi.

Lakin Musa ilə Tarik Əməvi xəlifəsi tərəfindən Şərqə çağırıldı, arxada isə onların nəzarətində olan İberiya yarımadasının əksər hissəsi qalmışdı.

Ən çoxu 20 min əsgəri olan bir orduya yarımadanın sürətlə təslim olması göstərdi ki, faktiki olaraq ispan-vestqot cəmiyyəti hələ kompakt yaşamağa və bircinsli inteqrasiyaya nail olmamışdır. Qotlar və ispan-romalılar özlərinin fərqli olmaları barədəki şüurlarını qoruyub saxlamışdılar. Yəhudilər isə təzyiqə məruz qaldıqlarından xristian hökumətinə qarşı düşmən mövqeyində idilər. Həm də müsəlman işğalı cəmiyyətin xeyli hissəsinə fayda gətirirdi. Vergilər vestqot epoxasında olduğundan xeyli yüngül idi, islama keçən təhkimçi kəndlilər isə azad adama çevrilirdilər. Yəhudilər də artıq təqib edilmirdilər, qotlarla, ispan-romalılarla bərabər bir səviyyəyə qoyulmuşdular. Bütpərəstlərdən fərqli olaraq, onlar təkallahlı olduqlarından və səmavi kitabları rəhbər tutduqlarından müsəlmanlar tərəfindən əl-zimmə, yaxud əl-kitab kimi qəbul edilirdilər. Onlara heç də pis münasibət bəslənmirdi. Həm də çox sayda sakin islamı qəbul etdi, onlar “reneqada” - “dönüklər” qrupunu təşkil edirdilər. Öz xristian dinini saxlamaqla, ərəb mədəniyyətini və dilinin çox cəhətlərini qəbul edənlər isə “mosarablar” (ərəbləşmişlər) adlanmağa başladılar. Sonralar onlar almohavidlərin və almohadların dövründə islamı qəbul etməli oldular.

Beləliklə, VIII əsrin birinci yarısında buradakı müsəlman imperiyasında yeni və tam fərqli bir cəmiyyət meydana gəlmişdi. 712-ci ildə Musa ibn Nusayrın başçılığı altında ərəblər yüksək səviyyədə idilər. Suriyalılar isə buraya üç onillik sonra gəlmişdilər. Sonralar berberlər ərəb kübarlığına yüksəldilər, onlar həm də yarımadaya müdaxilə etmiş qoşunlarda çoxluğu təşkil edirdilər. Müsəlmanlar və ya mavlaslar, onların törəmələri olan müvəlladlar əhalinin çoxluğunu təşkil edirdilər. Yarımadadakı qubernatorlar Əməvi xəlifəsi tərəfindən təyin olunurdular. Lakin bu qarışıq dövrdə vətəndaş müharibələri davam edirdi. Ərəblərlə berberlər - axırıncılar çox vaxt İspaniyada moros-mavrlar adlanırdılar, - arasında silahlı toqquşamlar başladı. 756-cı ildə I Əbd ər-Rəhman tərəfindən müstəqil Əmirlik quruldu. O, özü Əməvi prinsi olmaqla xəlifəliyə yeni gələn Abbasilər tərəfindən taxt-tacdan getmiş sülalənin nümayəndəsi kimi öldürüləcəyindən qorxub qaçaraq, Kordobaya gəlmişdi və siyasi cəhətdən artıq Abbasilərdən asılı olmayana çevrilmişdi.

(Ardı var)

 





17.09.2018    çap et  çap et