525.Az

Azər Abdulla: “Şeirlə nəsrin arasında əbədi və etibarlı körpü var..." (Müsahibə)


 

"... məqamı gələndə birindən o birinə asanlıqla keçmək olur”

Azər Abdulla: “Şeirlə nəsrin arasında əbədi və etibarlı körpü var..." <b style="color:red">(Müsahibə)</b>

Azər Abdulla əvvəlcə ilk qələm təcrübəsinin necə yaranması haqqında bir hadisəni danışdı. Bir çox nasirlər kimi o da yaradıcılığa şeirlə başlayıb. Yaxın bir qohumunun itkisindən sonra yas mərasimində müşahidə etdiyi hadisələrdən təsirlənərək ilk şeirini qələmə alıb.

– Qışın oğlan çağıydı, səhərin gözü yenicə açılanda qapımız döyüldü. Dedilər Telli xala (xalamın qayınanası) ağırlaşıb. Anamla xalamgilə çatanda Telli xala canüstəydi. Onu odeyalın üstünə qoyub qibləyə çevirmək istəyəndə, ayaq tərəfdən mən, baş tərəfdənsə anamla xalam yapışıb qaldıranda gözləri devrilib keçinməkdə olan Telli xala mənə sarı meyilləndi, az qala qucağıma düşəcəkdi. Qışqırmaqdan özümü güclə saxladım. On dörd yaşımda ilk dəfəydi can verməkdə olan adam görürdüm.

Qəbirstanlıq kənddən iki kilometr aralıydı. Qar dizə çıxırdı. Maşın işləmədiyindən cənazə məzarlığa çiyinlərdə getdi. O yas mərasimində mənə ən çox təsir edən nə qorxmağım, nə də kənddən iki kilometr aralıda olan məzarlığacan tabutun çiyinlərdə getməsini müşahidə eləməyim idi.

Mənim ilk qələm təcrübəm rəhmətlik Telli xalanın “üç” mərasimində verilən ehsanla bağlıdı. Şaxtalı gündə adamlar qəbirstanlıqdan qayıdıb isti otağa yığışaraq acgözlüklə yeməyə girişmələri, qab-qaşıq, qaşıqlardan qopan şaqqıltı, adamların gizlicə xısın-xısın gülməyi, xörəyi yemədiyimi görəndə yan-yörəmdəki adamların simsarlıqla, həm də ərklə danlayaraq “ye, bala, ye, yeməsən günah olar” söyləmələri mənə bəlli olmayan “günahdan” qurtulmaq üçün öz ətimi yeyirmiş kimi o bozbaşı yeməyim, ölənin anındaca unudulması mənim yeniyetmə qəlbimi sarsıtdığından bir həftədən sonra əgər ona şeir demək olarsa, ilk şeirimi yazdım.

– İndi o şeir dururmu?

– Yox, qalmır... Təsəvvür elə, həmin o ehsanda 40-50, uzaqbaşı altmış adam olardı. Sonralar ömrüm boyu olduğum yaslarda, bəzən lap üç-dörd yüz nəfərlik ehsan yeməyindəki səs, ilk dəfə iştirakçısı olduğum o balaca yas məclisindəki qab-qacaqdan, qaşıqlardan qopan şaqqıltını hələ də üstələyə bilməyib.

– Yazıçılıq istedadınızı nə vaxt kəşf etmisiniz?

– “Solfecio dərsi” hekayəm çap olunanda ilk dəfə məni alqışlayanlar, təbrik edənlər oldu. O vaxtacan çap olunmamış hekayələrimin əlyazmasını ədəbi zövqünə, səviyyəsinə inandığım tanınmış yazıçılara vermişdim. Onlar hekayələrimi bəyənməsələr, çapa layiq bilməsələr də, ayrı-ayrı abzasların qırağında bəzən müsbət, bəzən isə nida işarələri qoyur, bəzi cümlələr barəsində “bu, əsl nəsr materialıdır”, yaxud “bu cümlə bir povestin mövzusudur” yazırdılar. Tanınmış yazıçıların bu qeydləri məndə yazmağa inam yaradıb.

– Təsirləndiyiniz müəlliflər olubmu?

– Bu sualı bir dəfə də mənə veriblər. Bəlkə iyirmidən çox şair, o qədər də nasirdən təsirləndiyimi demişdim. Müsahibə çap olunandan sonra adlarını unutduğum elə sevdiyim şair, yazıçılar yadıma düşdü ki, sözün düzü, peşmançılıq keçirdim. Bu təsir məsələsi qəribə şeydi. Şedevr sayılan əsərlər bir yana, bəzən o qədər də tanınmayan, ədəbi aləmin orta səviyyəli saydığı bir şairin, yaxud yazıçının bir misrası, yaxud bir cümləsindən havalanıb nəsə yaza bilərsən. Sənətçi ömrü boyu oxuduğu, eşitdiyi həm söz, həm səs, yaxud qoxu, dad, təam, gördüyü rəsm əsəri, heykəltaraşlıq, memarlıq abidəsi, dağ, çay, meşə, tək bir ağac... və hər şeydən təsirlənə bilər.

– Yazılarınızın çap olunmasında kimlərin rolu olub?

– Əgər bədii publisist yazıları da nəzərə alsaq, qəddar rejim içərisində demokratik bir ada yaratmış “Qobustan” dərgisinin baş redaktoru yazıçı Anarın, həmin dərginin bölmə müdiri Tofiq Abdinin, “Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri Mövlud Süleymanlının... İlk şeir kitabımın nəşr olunmasında Əkrəm Əylislinin rolu olub.

–  Şeirdən nəsrə keçməyinizin səbəbi nədir?

– Tək-tək nasirləri çıxmaqla əksər prozaiklər yaradıcılığa şeirlə başlayıb. Mənim bildiyimə görə Azərbaycan nasirlərindən Yusif Səmədoğlu heç vaxt şeir yazmayıb. Bəzi adamlar belə düşünür ki, dünyada şeirə maraq getdikcə azalır, şeir sənət meydanını biryolluq tərk etməkdədir. Bəzən özümdən qat-qat ağıllı, informasiyalı adamlardan bu fikri eşidəndə, yaxud oxuyanda mənə qəribə gəlir. Axı, quşlar qanadıyla olduğu kimi insan ağlı, yaddaşı, duyğusu, hissləriylə bir dəfə yaradılıb. İnsanın yaratdığı uçaq mühərriksiz, qanadsız, pərlərsiz uça bilmədiyi kimi, yəni həmin hissələrsiz təyyarə olmayıb uça bilmədiyi kimi hissiz, duyğusuz, yaddaşsız insan da insan deyil. Şeirə sevgini dənizin, okeanın çəkilib qabarmasına bənzətmək olar. Bu çəkilib qabarma prosesi onillər, yüzillər, bəlkə daha çox ola bilər. Ancaq  şeir, poeziya biryolluq yox ola bilməz. Deyəsən, sualdan uzaqlaşdım. Qısası, şeirlə nəsrin arasında əbədi və etibarlı körpü var, məqamı gələndə birindən o birinə asanlıqla keçmək olur.

– İlk kitabınız çap olunandan sonra ədəbi mühitin buna reaksiyası necə oldu?

– Uzun illər yazdıqlarımdan razı qalmamışam. Birinci şeir kitabım barəsində ədəbi mühit, fikir söyləməsini umduğum adamlar təvazökarcasına susdu. Bu sükut məni daha da ümidsizləşdirdi. Dostların, ədəbiyyata dəxli olmayan bir neçə adamın sadəcə “təbrik edirəm” sözlərindən başqa reaksiya olmadı. Bir il ötəndən sonra Axundov adına Kitabxananın üçüncü qatında Aydın Məmmədovla qarşılaşanda kitabımı  soruşub “yazmaq istəyirəm” söylədi. Mən boyun qaçırdım. Aydın bəy dünyasını dəyişsə də, tarixçi alim,  bənzərsiz şeirlər müəllifi Elman Mustafa dediklərimə şahiddir.

Ancaq uzun illər ötəndən sonra həmin kitabımdakı şeirlər barəsində o qədər xoş sözlər, təriflər eşitdim, gözümdən düşmüş kitabımı götürüb yenidən gözdən keçirdim.

– Kitabınızı tərifləyən adamlar ədəbiyyat adamlarıydı?

– 1980-in sonları İrəvan Bakı qatarıyla gələrkən tanımadığım gənc mənə yaxınlaşıb “Bir durna qatarıyıq” adlı ilk kitabımdan, özümün də unutduğum o qədər misralar, bəndlər söyləyəndə çaşdım, bir yandan da şübhələndim. Həmin gəncin çağdaş  şairlərimizdən gözəl şeirlər söyləməsi, sonra da “Azər müəllim, sizin kitabınız  da  əlimdən düşməyən kitablardan olub” söyləməsi məni təəccübləndirdi. Sonra həmin gəncin Cavanşir olduğunu bildim. O Cavanşir sonralar Dərviş Cavanşir olacaq, mən onun şeirlərini həvəslə oxuyacaqdım. Beş-altı il bundan  öncə gözəl nasir Əlabbas Bağırovla tanış olanda başqa  yazılarımla birgə həmin kitabdakı şeirlər barəsində xoş sözlər eşitdim. Bu dəqiqə adlarını unutduğum gənclər var, onlar da ilk kitabımda çap olunmuş şeirlər barəsində müsbət  fikirlər söyləyiblər. Qəribəsi budur, eyni fakültədə oxuduğumuz, görkəmli yazıçı Mövlud Süleymanlı otuz bir il ötəndən sonra həmin kitab barəsində  xoş sözlərini 2000-ci ildə nəşr olunmuş “Gecə, əllərim hanı?” kitabıma yazdığı ön sözdə bildirmişdi. Lap qəribəsi bənzərsiz, gözəl şair Vaqif Bayatlının  həmin birinci kitabıma olan münasibətidir. 60–cı illərin sonralarından bir-birimizi tanıyıb çox yaxın, mərhəm münasibətdə olduğumuz Vaqif Bayatlı həmin kitabımın işıq üzü görməsinə çox sevindiyini, ancaq şeirlər barəsində  fikir söyləmədiyini xatırlayıram. Dördmü, beşmi il bundan öncə Vaqifin həmin kitabda “Bir mahnı yaşayır – İzabella” silsilə şeirləri dönə-dönə tərifləməsi mənə qəribə gəldi. Hansı şairinsə söylədiyi kimi, bəlkə, mənim şeirlərim də illər keçdikcə, zaman ötdükcə çaxır kimi gücünü, “dozasını”  artırıb?! Şübhəsiz, bu, bir zarafatdır.

– Daha çox günün hansı vaxtlarında yazırsınız? Müəyyən yazı qrafikiniz var?

– Qabaqlar ancaq  gecələr yazırdım. Son vaxtlarsa əlimə  fürsət düşəndə. Buraya həm də “yazmaq ovqatı” gələndə, yəni  fürsətlə ovqatın üst-üstə düşdüyü zaman. Axı, çoxları kimi mən də peşəkar yazıçı deyiləm.

– Peşəkar deyəndə nəyi nəzərdə tutursunuz?

– İstedadlı olduğunu dərk edib, çox şeyindən – istirahətindən, kefindən, dünyanın bir çox ləzzətlərindən, nəfsindən  keçib özünü yazıya həsr edən sənətçiləri deyirəm. Bu yaxınlarda televiziya verilişində Rəşad Məcidin ironiya ilə dediyi fikir yadıma düşdü. Deyir dörd-beş kitabını öz puluyla nəşr etdirən bəzi gənclər artıq özünü oturuşmuş yazıçı sayır. Dəqiq söylənmiş fikirdi.

– “Kaş ki, bu əsəri mən yazaydım” dediyiniz bir əsər varmı?

– Bu sorğunun cavabını yığcamlaşdırmaq üçün Azərbaycan ədəbiyyatına şamil edək. Bir az da qısaltmaq amacıyla klassik və çağdaş məşhurlardan məsələn, Mirzə Fətəli Axundzadə, Mirzə  Cəlil, İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli, Yusif Səmədoğlu, Əkrəm Əylisli, Anar, Elçin, Mövlud Süleymanlının elə əsərləri var. Bunlarla müqayisədə nisbətən az tanınanlardan deyə bilərəm, təbii ki, oxuduqlarımdan Məmməd Orucun “Oyun havası” hekayəsi, Şahmar Hüseynovun “Kefcil Məhəmməd”, “Gündə bir buğda boyu”, Əli Həsənlinin “Qayıq”, “Xof”, “Ağ yol” hekayələri, Afaq Məsudun  “Dahi”, “İkinci İohan”,  Rahim Dünyamalının  “Geriyə sürünən  kölgələr” povesti, Kamal  Abdullanın “Sehirbazlar dərəsi” romanı, Xanəmirin “ağğğbaaağ” romanı...

– Sizin zamanınızdakı gənclərlə bugünkü gənclərin əsas fərqi nədir?

– Bizim  gəncliyimiz  sıxıntı içində keçib. Özümüzü ifadə etmək baxımından indiki gənclər kimi azad olmasaq da,  dolayı yolla  yazımızı yazırdıq. Mən istər rus, istər doğma dilimizdə kitab bolluğuna görə, demokratik mühitə görə indiki gənclərə qibtə edirəm. Ancaq indiki bəzi gənclər  bu azadlıqdan sui-istifadə edib oturuşmuş milli dəyərlərimizi, islam dinimizi, hətta insanlığın son  sığınacaq yeri olan Allahı  daşlayırlar. İndiki  gəncliyin çoxunda mədəniyyət, etika, yaşlıya, ağsaqqal-ağbirçəyə hörmət, ehtiram çatışmır.

– Ədəbiyyatda  ilk addımlarını atan gənclərə nə məsləhət görərdiniz?

– Bu suala  cavabın bir qismini bayaq  dedim. Əlavə  olaraq onu  söyləmək istərdim, əgər hər hansı  gənc  istedadlı olduğuna əmindirsə, ömrünün çoxunu  oxuyub yazmağa həsr etsin. Ən yaxında, qulağının dibində olan düşməninə, yəni  içindəki tənbəlliyə qalib gəlsin.

Söhbətləşdi Ramil ƏHMƏD

 





05.08.2013    çap et  çap et