525.Az

Yolların ömrü və ömrün yolları


 

YOLLARIN ÖMRÜ EYNİ OLUR, ÖMRÜN YOLLARI FƏRQLİ

Yolların ömrü və ömrün yolları<b style="color:red"></b>

Yollar adamlar kimidi, həm də adama bağlı. Əvvəl ləpir salır adam, sonra iz, vaxt keçir izlər çoxalıb cığıra dönür.

Cığırı tapdayanların sayı artdıqca cığır yola çevrilir, çəmənin-çölün sinəsindən qıvrılıb gedən yola. Vaxt gəlir, yola ayaq basan piyadalar sükan arxasına keçir. Yol bir az da qol-budaq atır, möhkəmlənir, bərkiyir, qışın soyuğuna da, yayın qızmar istisinə də tab gətirir, sarsılmaz olur. Qüdrət sahibinə çevrilir, yetkinləşir yol. Yer-yer dəmir yoluna, yer-yer hava yoluna dönür. Və yolkeçənlərin ümidinə də qalmır artıq, özü adamlara yol göstərir, yol açır, yol verir, yoldaşlıq eləyir, uzun incə yol yoldaşlığı..

lll


Yoldan və adamdan danışacam sizə.

Yol var - tale yoludu. Yol var - vətən yolu. Yol var - ruzi, bərəkət yolu. Yol var - real yoldu, hərəkət yolu.
Bir də bu yolları çəkən adam var. Cavid Qurbanov kimi nümunə-vətəndaşdı yazımın qəhrəmanı. Respublikanın əməkdar mühəndisi, texniki elmlər namizədi, millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri.

lll

Yol var - tale yoludu - dedim. Çəkdiyi tale yolunda - işıq üstünə işıq, uğur üstünə uğur gəlib hər zaman. 1958 - Dəlidağın zirvəsində Aşıq Şəmşir və Aşıq Qurban ocağında doğulan bir oğul. 1977 - İnşaat Mühəndisləri İnstitutunda tələbə. 1987-1992 - avtonəqliyyat kontorunda direktor. Sonrakı illərdə - "Avtonəqliyyat" birliyində baş direktor, "Azəravtoyol" Dövlət Şirkətində prezident, "Azərərzaqnəqliyyat" Birliyində direktor, "Azərdəmiryolservis" İB-də rəis, "Yolnəqliyyatservis" Departamentində rəis, "Yolnəqliyyatservis" MMC-də rəis, "Azəryolservis" ASC-də sədr, parlamentdə millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-də sədr. Məsuliyyətli pozisiyalar, çətin vəzifələr bacarıqla yanaşı, həm də göstərilən etimadın, etibarın nişanəsiydi. İftixarlı, təltifli tale yolu.

lll

Yol var - vətən yoludu dedim. Keçdiyi vətən yolunun ilk məntəqəsi Kəlbəcərin Ağdaban kəndi olur. Sonralar paytaxt Bakı. Bu vətən yolunun da çətin, məşəqqətli məqamları az olmur - torpağı işğal olunan insanlar qanlı-qadalı dolanbacları heç vaxt unutmaz, mütləq o yolu geri dönəcəyini xəyal edər, bəlkə hər gün düşünər, bəlkə hər saat vətən yolsuzluğunun əzabını yaşayar, əziyyətini çəkər, ta geri dönüb vətənə sarı uzanan yola varid olana qədər. Yolu bağlı vətəni isə hələ şeirə süzülən nisgilli kəlmələrdə yaşadır qəhrəmanım.

Tufan qopdu, çadır qaldı çətənsiz,
Ruha dönüb dolaşırıq bədənsiz.
Oba köçdü, ellər qaldı vətənsiz,
Dilim gəlmir deyim yoxsan, Vətən! Ox!..

lll


Yol var - ruzi yoludu dedim. Bu yolda qarşısına çıxan çox imkansıza təmənnasız yardım eləyib qəhrəmanım. Bu haqda danışmağı xoşlamasa da, bilənlər bilir, görənlər danışır - yüksək bal toplayıb tələbə adını qazanan, amma təhsil haqqını verməyə gücü çatmayan yerlilərinə, həkimə, cərraha ehtiyacı olan seçicilərinə, uzaqdan-yaxından adını tutub yardıma gələn tanımadığı insanlara daim dayaq olub, arxa olub, bacardığı köməyi əsirgəməyib.

lll


Yol var - real yoldu, hərəkət yoludu dedim. Bakının ən müasir tələblərə cavab verən magistral yolları, Bakı-Sumqayıt xətti, Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" və "Cənub-Qərb" beynəlxalq Nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu. Əslində, bizim üçün real, ölkə üçün həm də taleyüklü olan bu yolların hər birinin çəkilişində onun adı və xüsusi xidməti var - nəqliyyatçı Cavid Qurbanovun - sabah 60 yaşı tamam olan yubilyarın.

lll

Yollar adamlar kimidi, həm də adama bağlı - dedim. Adamlar da yollar kimidi, həm də yola bağlı. Həyat yoluna tək çıxır adam - tək bir canla. Simsarı? Bəxti, taleyi, bir də qabiliyyəti, işgüzarlığı. Yolda təklənməmək üçün ətrafına dostlar yığır. Yolda büdrəməmək üçün istiqamətini dəqiq müəyyənləşdirir - əvvəldən ta axıra qədər. Bu yolu xoşbəxtcə addımlamaq üçün sevgidən evcik qurur özünə. Yol uzandıqca evcikdəki sakinlərin sayı artır, beləcə övladlar, nəvələr, ardıcıllar gəlir adamın açdığı yolla. Bu ömür yolunu düz addımlayana, düz yolla gedənə - nə xoş. Uğur da onun olur, hörmət də, məhəbbət də.
Vaxt gəlir, bir arzuya çevrilir ikisi də - yol da, adam da. Bir ömür yolunu ləyaqətlə addımlayan hər kəsə ildə bir dəfə - doğum günündə "Yolunuz açıq olsun, - deyirlər, - Adam kimi Adam!" Yubileyiniz mübarək, Cavid Qurbanov!

Afaq NƏRMİN

 





18.09.2018    çap et  çap et