525.Az

Ziyad Səmədzadə: "Ermənistandan fərqli olaraq, Azərbaycan verdiyi bütün vədləri yerinə yetirdi"


 

MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN (MM) İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN SƏDRİ, AKADEMİK ZİYAD SƏMƏDZADƏDİR

Ziyad Səmədzadə: "Ermənistandan fərqli olaraq, Azərbaycan verdiyi bütün vədləri yerinə yetirdi"<b style="color:red"></b>

- Ziyad müəllim,  ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyinin süquta uğraması və yeni müstəqil dövlətlərin yaranması, o cümlədən, tarixdə ikinci müstəqilliyini qazanması ilə keçmiş ittifaq respublikalarından biri kimi Azərbaycan çox ağrılı proseslər yaşamasına baxmayaraq, bir sıra vacib və önəmli layihələrin ortaya qoyularaq, onların reallaşdırılmasına start verdi. Bunlardan biri də heç şübhəsiz ki,  tarixi, qədim və böyük "İpək Yolu"nun bərpası istiqamətində atılan addımlar idi və artıq fəxrlə qeyd etmək olar ki, Azərbaycan çətin mərhələlərdən keçərək, öz hədəflərinə əksəriyyət etibarı ilə çata bildi, o cümlədən, "İpək Yolu" layihəsi ilə də bağlı önəmli nəticələrə nail oldu. Onu da qeyd edək ki, düz 20 il öncə, 1998-ci ilin sentyabrında Bakı şəhərində "İpək Yolu" layihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi  etdiyi geniş və yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Bu illər ərzində İpək Yolu layihəsi ilə əlaqədar hansı işlər görülüb? Bakı sammitində qəbul edilən sənədlər necə icra olunub?

- Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsnadır. Eyni zamanda, həmin tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş və yekun çıxışları ilə yaddaşlarda qalıb. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən, Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi. Bakı sammitinin ölkəmiz üçün, onun sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşaması üçün nə qədər vacib olduğu barədə Heydər Əliyev dedi ki, konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir: "Biz tariximizi yaxşı bilirik və ona görə də cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində belə böyük beynəlxalq konfransın keçirilməsi ilk hadisədir..." Doğrudur, keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər keçirilib. Onların əksəriyyəti Sovet İttifaqı respublikaları çərçivəsində olub. Respublikamızda bəzi beynəlxalq tədbirlər də keçirilib. Onlar da ya bəzi sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilib. Onların heç biri yüksək dövlət səviyyəsində olmayıb. "...Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu, bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz müstəqil dövlət kimi Bakı sammitində 32 dövlətin və nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə nümayəndə heyətlərini qəbul etdik və dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - tarixi İpək Yolunun bərpası proqramının əsasını qoyuldu" - deyə, bildirən Heydər Əliyev sonra bəyan etdi ki, konfransın Bakıda keçirilməsi Avropa Birliyi və TRASEKA proqramının iştirakçıları tərəfindən Azərbaycana göstərilən etimaddır və böyük diqqətdir.

Böyük İpək Yolunun əssını Avropa İttifaqının (Aİ)  yeni müstəqil dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində "TRASEKA" lahiyəsi təşkil edir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib və  "Yeni ipək yolu" adı ilə tanınır. Çox sevindirici və qürurverici bir haldır ki, o zaman imzalan sənəd quru kağız üzərində də qalmadı, reallıqda öz təsdiqini və həllini tapdı. Dünyada düşünən insanlar tərəfindən qəbul edilən bir həqiqət var: Bəşər sivilizasiyasının tarixində yollar, nəqliyyat xətləri həmişə çox böyük rol oynayaraq, həyatın bütün sahələrinə siyasətə, iqtisadiyyata, mədəniyyətə təsir göstərib və bunun parlaq nümayəndələrindən və rəmzlərindən biri də bir çox ölkələrin və xalqların minillik tarixini, Şərqin qədim mədəniyyətini, avropalıların böyük coğrafi kəşflərini, orta əsr müsəlman intibahının nailiyyətlərini və bir sıra digər cəhətləri ehtiva etmiş qlobal, nadir hadisə olan Böyük İpək yoludur.

-  Konfransda Heydər Əliyev başda olmaqla, çıxış edən nüfuzlu dövlət və hökumət baçıları tərəfindən Brüssel bəyannaməsinə geniş şəkildə toxunulurdu. Odur ki, həmin Bəyannamənin məğzi və ümumiyyətlə,  Brüssel konfransı barədə fikirlərinizi elə bu məqamda öyrənmək istərdik...

- Azərbaycanı TACIS və TRACECA Proqramları üzrə Milli Koordinator kimi mən təmsil edirdim. Həmin konfransda çıxışım zamanı bildirdim ki, iştirak etdiyimiz görüş təkcə ayrı-ayrı ölkələrin, həmçinin bütöv regionların, Avropa İttifaqının (Birliyinin) iqtisadiyyatında vacib rol oynaya biləcək hadisədir. Yəni hesab edirdik ki,  yeni müstəqil dövlətlərin iqtisadi, siyasi müstəqilliyinin qorunması, onlarda yeni iqtisadi sistemin formalaşması xüsusi əhəmiyyət kəsb edir və bütün bu məqsədlərə nail olmaq üçün həmin layihələrin istiqamətləndiyi inkişaf etmiş çoxnövlü nəqliyyat şəbəkəsinin yaradılmasını zəruri edir. Konfransın sonunda qəbul edilən tarixi Bəyannamədə Avropa İttifaqı ilə yeni müstəqil dövlətlər arasında nəqliyyat sektorunun tarazlı inkişafını, onlara TRACECA proqramı çərçivəsində texniki yardımın məzmununu müəyyən etmək məsələləri öz əksini tapdı.  Eyni zamanda, Bəyannamədə qeyd edildi ki, bu görüş zamanı iştirakçı ölkələrin nümayəndələri bir sıra təkliflər verdilər, nəqliyyat və ticarət sahəsində daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər. Bakı sammitinin açılışı zamanı Heydər Əliyev dedi ki, konfrans yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa İttifaqının (Birliyinin) göstərdiyi səmərəli səylərin nəticəsidir. O həmçinin bildirmişdi ki, Brüssel  Bəyannaməsi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olub, TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa İttifaqı (Birliyi) Komissiyasının və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığımızın konkret müsbət nəticələri daha genişmiqyaslı layihələr işlənib hazırlanmasına təkan verib. "Tarixi böyük İpək Yolunun bərpası bu layihələr arasında başlıca yer tutur. O vaxtdan 5 il keçmişdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş və böyük beynəlxalq təşkilata çevrilmişdir. Bu gün Azərbaycanda, bəlkə də, onun tarixində, daha dəqiq desək, dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq, belə bir beynəlxalq konfrans keçirilmiş, 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda toplaşmışlar. Biz bunu müstəqil, suveren Azərbaycana, ölkəmizə böyük hörmət kimi qəbul edirik və bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik" - deyən, dövlət başçısı giriş çıxışının sonunda bildirdi ki, Bakı konfransı bizləri daha da yaxınlaşdırıdı, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşmaya, dostluğa çağırdı.

- Məlumdur ki, belə bir konfransın keçirilməsi zərurəti meydana gəldiyi zaman onun harada keçirilməsi də müzakirə olunmuşdu...

- TRASEKA proqramında iştirak edən ölkələrin, şübhəsiz ki, hər biri belə bir konfransın öz ölkəsində çağrılması arzusunda olmuş və namizədliyini vermişdi. Azərbaycan da belə bir konfransın Bakıda keçirilməsi təklifini irəli sürmüşdü. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, bu, çox məsuliyyətli, çətin işdir. Ermənistan-Azərbaycan münaqişəsi mövcud olduğu bir zaman belə böyük beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bizim üzərimizə həm çox vəzifələr və həm də böyük məsuliyyət qoyur. Ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA proqramında iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə razılıq vermiş və bu tədbirlə bağlı qərar qəbul edilmişdi... TRASEKA proqramının reallaşmasında Azərbaycan dövlətinin,  müstəqil Azərbaycanın qurucusu və memarı, böyük öndər Heydər Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir. Məhz onun qətiyyəti və böyük, yenilməz iradəsi sayəsində bir sıra önəmli layihələr kimi, bu layihə də gerçəkliyə çevrilə bildi. Bir daha qeyd etmək istərdim ki, həm məlum İpək Yolunun bərpası layihəsinin gerçəkləşməsi, həm də Bakı konfransının baş tutması üçün Heydər Əliyevin xidmətləri sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyükdür. Buna sözlər, kəlmələr belə yetməz. Böyük natiqlik qabiliyyətinə və istedadına malik olan dahi öndərin çıxışı tarix səhifələrinə qızılı hərflərlə həkk olunacaq, yaddaşlardan, hafizələrdən silinməyəcək bir çıxış idi. Heydər Əliyev çıxışnda "Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar  iqtisadiyyatı islahatlarının uğurla aparılması  üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcək. Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımız firavanlığa və tərəqqiyə gətirib çıxaracaq" - deyərək, konfransın bütövlükdə həfədlərinin nədən ibarət olduğuna tam aydınlıq gətirdi və gələcək perspektivlər, gələcək əməkdaşlıq üçün bir "Yol xəritəsi" cızmış oldu...

- Qeyd etmək yerinə düşər ki, həmin beynəlxalq konfransda digər ölkələrin də dövlət və hökumət başçıları, həmçinin, bir sıra beynəlxalq qurumların, ən əsası Avropa İttifaqının (Birliyi) nümayəndəsi geniş çıxış edərək, önəmli mesajlar vermişdilər...

- Həqiqətən də, Bakı konfransı çox tarixi, çox unikal, illərlə deyil, bəlkə də əsrlərlə xatırlanacaq, üzərinə qayıdılacaq, tez-tez istinad olunacaq bir konfrans idi. Və onu da xatırlatmaq yerinə düşərdi ki,  Bakı konfransında dünyanın çox nüfuzlu ölkələrinin dövlət və hökumət başçıları, yüksək çinli məmurları iştirak edirdi. Konfransa Türkiyənin prezidenti Süleyman Dəmirəl,  Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnazde, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov, Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Ukraynanın sabiq prezidenti Leonid Kuçma qatılmışdı. Həmçinin, Çin Xalq Respublikasının sədri  Tszyan Tszemin, Yaponiyanın baş naziri Obuti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Toni Bleyer, Qazaxıstanın prezidenti Nazarbayev özləri iştirak edə bilmədiklərinə görə məktublar göndərmişdilər. Məsələn, Gürcüstan prezidenti - mərhum Eduard Şevardnadze də öz növbəsində bəyan etmişdi ki, TPACEKA layihəsi özünün reallaşdırılması üçün yeni güclü təkan alacaq, o, həm də özünün həyata keçirilməsinin iştirakçı ölkələr tərəfindən yüksək səviyyədə formalaşdırılmış hüquqi əsasını alacaq və bütün bunlar belə deməyə imkan verəcək ki, Avrasiya məkanında daha bir sabitlik və inteqrasiya mərkəzi yaranır. Gürcü lideri diqqətə çatdırmışdı ki, Yeni İpək yolu daha ritorika deyil, bu, çoxtərəfli mənafelərin ahəngdar şəkildə uzalaşması qarşılıqlı surətdə nəzərə alnması və bunlara eyni şəkildə hörmət edilməsi ideyası və tərzidir, bu, üzdəniraq "böyük oyun"un vəhşi qaydalarını dünya praktikasından sıxışdırıb çıxaran vahid bir komandanın rəmzidir...

- Yuxarıda da xatırladıldığı kimi, kofransda çıxış edən dövlət və hökumət başçıları tərəfindən önəmli fikirlər səsləndirilmişdi. Həmin fikirlər həyatda, reallıqda, necə, əksini tapdımı?

- Bilirsiniz, dövlət və hökumət başçılarının səsləndirdikləri fikirlərin arxasında, əsasında həm də dövlət durur. Onlar təkcə şəxslər, siyasətçilər, liderlər tərəfindən deyilən fikirlər deyil, həm də dövlətin adından deyilən sözlərdir, dövlətin mövqeyidir. Odur ki, Bakı konfransında dövlət və hökumət başçılarının çıxışlarında səslənən fikirlər, xoş və səmimi sözlər, isti mesajlar həm də onların təmsil etdikləri dövlətlərin mövqeyi idi və çox sevindirici haldır ki, onlar da özünü reallıqda göstərdi. Yəni Bakı konfransın əməkdaşlığın, tərəfdaşlığın yeni mərhələsinin əsasını qoydu. Eyni zamanda, bu konfrans Azərbaycanın beynəlxalq aləmə açılmasında, özünü təqdim etməsində mühüm bir həlqəni təşkil etdi. Azərbaycanın illərdir üzləşdiyi, məruz qaldığı informasiya müharibəsini öz xeyrinə dəyişməkdə önəmli bir funksiyanı icra etmiş oldu...

- Qeyd edək ki, konfransa qatılanlar arasında "8-lər"in təsisçilərindən, yəni Brüssel Bəyannaməsini imzalayan dövlətlərdən biri, eyni zamanda, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanın  o zamankı baş naziri Armen Darbinyan vardı. O da konfransda geniş çıxış da etmişdi...

- Bəli, düz xatırlatdınız, konfransda iştirak və çıxış edənlər arasında Ermənistanın keçmiş baş naziri də vardı. Açığı, onun çıxışı müəmmalı və daha çox da prosesə töhfə vermək deyil, proses ətrafında gərginliyi artırmaq məqsədli idi. Çünki onun çıxışında səsləndirdiyi tezislər və təkliflər çox qaranlıq və elə ilk başlanğıcdan həlli mümkün olmayan tezislər və təkliflər idi. Konkret faktlara müraciət edək. Məsələn, o təklif edirdi ki,  Gürcüstanın Batumi və Poti limanlarından başlayıb Yerevandan keçərək Naxçıvana, oradan isə İran Culfasından keçib Tehrana və sonra Mərkəzi Asiya və İran körfəzi ölkələri istiqamətində gedən dəmiryol marşrutu olsun. Və yaxud, təklif edirdi ki, Türkiyənin Qars şəhərindən  başlayıb Ermənistanın Gümrü şəhərindən keçərək Tbilisiyə gedən yüzillik dəmir yolunun bərpa edilsin.  Həmçinin, təklif edirdi ki, Yerevan-Tbilisi avtomagistralı çəkilsin və bununla  Ermənistanın avtomobil yollarının Tbilisidən başlayıb Xəzər dənizi limanları vasitəsilə Asiyaya gedən yollarla birləşdirilməsi mümkünləşsin və sair. Ancaq ötən 20 illik dövr, zaman özü göstərdi və sübut etdi ki, Ermənistan tərəfindən səsləndirilən təkliflər utopiyadan, xəyallardan savayı bir şey deyil. Həm də ötən dövr, 20 illik zaman kəsiyi göstərdi ki, işğalçılıq, təcavüzkarlıq siyasətinin axırı yoxdur, bu, əslində, həmin ölkənin özünün ziyanınadır. Yəni Azərbaycanın razılığı, icazəsi və iştirakı olmadan bu bölgədə, bu regionda heç bir qlobal, transmilli  layihənin gerçəkləşməsi mümkün deyil. Yalnız və yalnız Azərbaycanın iştirakı və icazəsi  sayəsində bu regionda istənilən layihə uğurla gerçəkləşdirilə bilər və necə ki, gerçəkləşdirildi də, gerçəkləşdirilməkdədir də... "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars", Cənub Qaz Dəhlizi, TANAP kimi dünya əhəmiyyətli layihələr məhz Azərbaycanın xeyir-duası, razılığı və iştirakı ilə reallığa çevrildi... Elə bu yerdə  Azərbayca Prezidenti İlham Əliyevin 2017-ci ilin 19 yanvar tarixində Davosda Dünya İqtisadi Forumunun "İpək Yolunun səmərəsi" adlı interaktiv iclasda çıxışına, daha doğrusu, ona ünvanlanan suallara verdiyi tarixi cavablara toxunmaq istərdim. O, suallardan birinə cavab olaraq, qeyd etdi ki, əvvəla, İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik, yəni regionda etibarlı siyasi münasibətlər olmazsa, biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq.  Dövlət başçısı vurğuladı ki,  Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olub. Azərbaycan prezidenti sonra fikirlərinə davam edərək  "...Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik..." -  deyə, bəyan etdi...Və həmin çıxışın üzərindən cəmi bir neçə ay keçdikdən sonra orada deyilənlər (yuxarıda da qısa şəkildə şəkildə xatırladılan məqamlar) hamısı  həyatda, reallıqda öz əksini tapdı:  2017-ci ilin oktyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov, həmçinin, Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Dövlət başçısı çıxışında bir daha  bildirdi ki, "Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir...". Bundan cəmi bir neçə ay sonra, yəni bu ilin may ayının 14-də İlham Əliyevin iştirakı ilə  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı oldu.  Bunları genişliyi ilə xatırlatmaqda məqsədim odur ki, Azərbaycan, dövlət rəhbəri nəyi deyirsə, nəyə söz verirsə, onu da edir, reallaşdırır, gerçəkliyə çevirir. Ermənistan isə ötən illər ərzində  elə hey "xəyal etdikləri"nin, həmçinin, 20 il öncə Bakıdakı "xəyalları"nın  hələ də "xoş xülyaları" ilə yaşamaqdadır. Yaşasınlar, özləri bilər, nə deyə bilərik ki (gülür)... Ancaq reallıq və faktlar hər şeyi ortalığıa qoyur... Yəni Ermənistan və ermənilər  məhz qeyri-konstruktiv, destrktiv fəaliyyətlərinə görə Azərbaycan tərəfindən bütün layihələrdəın kənarda saxlanılıblar. Çünki burada haqlı olan Azərbaycandır və Azərbaycanın da sözü keçir. Dünya Ermənistanla deyil, məhz Azərbaycanla məsləhətləşir, razılaşır. Bunlar həm də Heydər Əliyev və onun siyasətinin layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin nə qədər uzaqgörən və müdrik lider, dövlət və siyasət adamı olmasının əyani ifadəsidir. Məhz bu iki nəhəng şəxsiyyətin sayəsində Azərbaycan bu zəfərlərə, bu nailiyyətlərə nail oldu və bu zəfər, bu uğur xətti bu gün də uğurla davam etməkdədir... Bu gün artıq bizləri Bakı konfransı və ona həsr olunmuş müşavirədən 20 il ayırır. Bu illər Azərbaycanın inkişaf, quruculuq, çiçəklənmə, tərəqqi illəri olub. Düzdür, 1991-93 və 1994-95-ci illərdə, müstəqilliyimizin ilk illərində böyük gərginliklər, böyük sıxıntılar yaşansa da, ondan sonrakı illərdə Azərbaycanda əsl inkişaf, intibah mərhələsi yaşanmağa başlandı. Azərbaycan nəinki bölgənin, dünyanın lider dövlətlərindən birinə çevrildi. Ölkəmiz dünyanın milli və dini tolerantlıq mərkəzi kimi dünyaya səs saldı. Bu gün dünyada milli və dini tolerantlıq məsələsi ilə bağlı Azərbaycan modeli mövcuddur. Bu illər ərzində Azərbaycan siyasi, iqtisadi, mədəni, humanitar və hərbi dialoq məkanına, mərkəzinə çevrildi. Ölkəmiz Birinci Avropa Oyunlarına, "Eurovizion" mahnı yarışmasına, dördüncü İslamiadaya uğurlu evsahibliyi etdi. Həmçinin, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq 10 ildir ki, Azərbaycanda uğurla keçirilməkdədir. Bakı Humanitar Forumları artıq beynəlxalq statuslu tədbirlər sırasında yer almaqdadır. Ordumuzun gücü, hərbi qüdrəti artmaqdadır. Buna misal kimi 2016-cı ilin məlum Aprel döyüşlərini, bu ilin yayında reallaşdırılan Günnüt əməliyyatını və son dərəcədə möhtəşəm 26 iyun Hərbi Paradını qeyd etmək olar. Bununla yanaşı, bir daha  bu sıraya TANAP-ın, Cənub Qaz Dəhlizinin tarixi açılış mərasimlərini, ölkə başçısının yeni prezidentliyi dönəmində, cəmi bir neçə ay ərzində  Böyük Britaniyaya, Fransaya, Rusiyaya, Türkiyəyə, Xorvatiyaya tarixi səfərlərini, bu səfərlərdə imzalanan önəmli sazişləri, Brüssel zəfərini, Avropa İttifaqı ilə imzalanması gözlənilən əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı növbəti mühüm sənədə imza atılmasını daxil etmək olar. Bununla yanaşı, türk dövlətlərinin inteqrasiya yönündə mühüm addımlardan biri kimi ortaya qoyulan formatı - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə toplantılarını, Azərbaycanın bu prosesə verdiyi töhfələri qeyd etmək yerinə düşərdi. Qeyd edək ki, bu günlərdə bu təşkilatın növbəti - 6-cı Zirvə toplantısı qardaş və dost Qırğız respublikasında keçirildi. Türk Şurasının VI Sammitinə ev sahibliyi edən Qırğız respublikasının prezidenti Sooronbay Jeenbekov da çıxışıda bir sıra məqamları dilə gətirərək, bildirdi ki, onlar  bütün səylərini "Müasir İpək Yolu" layihəsinin uğurla reallaşmasına yönəltməyə hazırdırlar. O, xatırlatdı ki,  bu layihə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı və Qırğızıstanı əhatə edir, Özbəkistanın və Macarıstanın da bu layihəyə qoşulması onu daha da cəlbedici edəcək. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında dedi ki, "Müasir İpək Yolu - Orta Dəhliz" kimi tanınan layihədən bəhs etdi və bildirdi ki, bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Azərbaycan prezidenti cənab İlham Əliev  isə çıxışında bildirdi ki, Azərbaycan qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarını təmin edir, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradır...

Bir sözlə, ötən bu illər ərzində Azərbaycan dövləti təkcə İpək yolu ilə bağlı deyil, digər vacib məsələlərlə bağlı da qarşıya qoyulmuş bütün hədəflərə bir-bir ardıcılıqla nail oldu. Nələr hədəflənmişdisə, onlar bir-bir reallığa çevrilir. Odur ki, tam fəxr və qürur hissi ilə demək olar ki, Azərbaycan adlı gəminin sükanı etibarlı əllərdə, Heydər Əliyev yolunun davamçısı, müdrik dövlət rəhbəri İlham Əliyev cənablarındadır. Müstəqil Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun artması xalqımızın xoşbəxt gələcəyinin əsaslarını möhkəmləndirir.

Kamil HƏMZƏOĞLU

 





18.09.2018    çap et  çap et