525.Az

Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması qeyd edildi


 

Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması qeyd edildi<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) "Bilik günü" və 2018-2019-cu tədris ilinin başlaması münasibətilə tədbir keçirilib.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, professor -müəllim heyəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor bakalavriat və magistratura pillələrinə daxil olmuş gəncləri təbrik edərək, onlara təhsil və yaradıcılıqda uğur, müvəffəqiyyət arzu edib. T. Əfəndiyev çıxışında qeyd edib ki, bu gün ölkə rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsinə olan diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyur. Akademiyada yüksək ixtisaslı müəllim heyəti, həmçinin, Xalq və Əməkdar artistləri, elmlər doktorları, professorlar və görkəmli sənət adamları tədris prosesinə cəlb olunublar. Akademiyada keçirilən tədris prosesi beynəlxalq standartlara uyğun şəkildə qurulub. Dünyaca məşhur onlarla əcnəbi mütəxəssislər akademiyada ustad dərsləri keçir, Azərbaycanda Bakı xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə ikinci dəfə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilib. Rektor onu da vurğuladı ki, mövcud ixtisaslarla yanaşı, 2018-2019-cu tədris ilindən başlayaraq Bakı Xoreoqrafiya Akademiyasında Xoreoqrafiya sənəti - Balet rejissorluğu, Xoreoqrafiya sənəti- Klassik rəqslər və "Dizayn" ixtisasları üzrə də kadr hazırlığı aparılacaq.

Daha sonra Mədəniyyət naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətini, eləcə də bakalavr və magistr pillələrinin tələbələrini "Bilik günü" və BXA-ya daxil olmaları münasibətilə təbrik edib.

Nazir onu da bildirib ki, hər zaman olduğu kimi, bu il də akademiyanın qarşısında duran ən vacib məsələ xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, təhsil, sənət, həmçinin, maddi-texniki bazanın gücləndirliməsi mühüm əhəmiyyət kəsb edir: "Akademiya yarandığı gündən uğurlu fəaliyyətini davam etdirir. Bu uğur və nailiyyətlərin davamlı olması üçün də Akademiyanın müəllim və tələbələri müasir rəqs cərəyanlarını daha dərindən öyrənməli və imkan olduqca xaricə ezam edilib, digər ölkələrdə teatrlarda səhnə fəaliyyəti ilə yaxından tanış olmalıdırlar". Nazir, həmçinin, Akademiya müəllim heyətinin regionlarda ustad dərslərini mütəmadi olaraq davam etdirmələrini, eləcə də tələbələrinin ölkə daxilində keçirilən tədbir və müsabiqələrdə fəal iştirak etməli olduqlarını da vurğuladı. Sonda isə Ə.Qarayev Akademiyanın bakalavr və magistrantlarına tələbə vəsiqələrini, müvəffəqiyyət və atestasiya kitabçalarını təqdim edib.

Şahanə MÜŞFİQ

 





18.09.2018    çap et  çap et