525.Az

15 sentyabr: İlk zəngin sevinci


 

15 sentyabr: <b style="color:red">İlk zəngin sevinci</b>

Sentyabrın 15-i bütün orta təhsil müəssisələrində olduğu kimi, Bakı şəhərindəki 53 nömrəli tam orta məktəbdə də Bilik günü kimi qeyd edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həsənova şagird və valideynləri salamlayaraq təhsilin insan həyatında oynadığı mühüm roldan danışıb. Sonra isə birinci sinif şagirdləri üçün xüsusi əhəmiyyət kəsb edən mərasim konsert proqramı ilə davam edib.

Həmin tədbirdə mən də iştirak edirdim. Çoxlarının üzündə bir həyəcan, təlaş ifadəsi görmək mümkün idi. Əlbəttə, bu, olduqca təbiidir. Birinci sinfə qəbul olan 6-7 yaşlı uşaqlar ilk dəfə məktəb mühiti ilə tanış olaraq, buranın necə bir yer olduğunu görür, valideynlər isə övladlarının uğuruna sevinir, onların yanlarından ayrılmırdılar. Həyətdə bundan sonra 11 il "şagird" statusu daşıyacaq yüzlərlə uşaq, ən azı bir o qədər də ata-ana, nənə-baba vardı. Həmin məktəblilərdən biri də 1F sinifində oxuyacaq Lalə idi. Onun dərslərini yaxşı oxuyacağını, daim sinif rəhbəri Sürəyya Məmmədovanın nümunəvi şagirdlərindən biri olacağını indidən ehtimal etmək olar. Hətta bunu əminliklə də deyə bilərik. Çünki Lalənin nənəsi də, babası da müəllimdirlər, ziyalıdırlar. Onların sevimli nəvələrində də mütləq kitaba, dəftərə, qələmə qarşı sevgi tədris ilinin ilk günlərindən hiss ediləcək.

Bu yazını yaza-yaza məşhur "Məktəb illəri" mahnısının bir misrası yadıma düşür: "Məktəb illəri... Ömrümün ən şirin, duyğusuz, qayğısız illəri"... Lalə bu illəri müvəffəqiyyətlə başa vuracaq. Hər dəfə dərsdən evə qayıdanda öz "5"ləri ilə ailə üzvlərini sevindirəcək. Valideyn iclaslarında həmişə müəllimləri onun haqqında xoş sözlər deyəcək. 11 il ərzində yaxşı dostlar tapacaq, yoldaşlığın necə olduğunu öyrənəcək. Özünün nizam-intizamı, dərslərə qarşı məsuliyyəti ilə müəllimləri kimi sinif yoldaşlarının da rəğbətini qazanacaq. Və düz 11 ildən sonra Rüstəmovlar ailəsi yenə təlaşlı olacaq - bu dəfə artıq yeniyetmə olan Lalənin ali məktəbə qəbul olmasının həyəcanını yaşayacaq, hansı universitetə, hansı fakültəyə sənəd verməsini müzakirə edəcəklər. Eyni ilə indi olduğu kimi, o vaxt da Lalənin babası, BDU-nun jurnalistika fakültəsinin professoru, müəllimimiz Akif Rüstəmovun sevinci yerə-göyə sığmayacaq. Yaxşı deyiblər ki, nəvə baldan şirindir. Bu yerdə haşiyəyə çıxaraq demək istəyirəm ki, Akif müəllim öz tələbələrinə daim ya övladı, ya da nəvəsi kimi yanaşır. Həmin tələbələr də məzun olduqdan sonra öz nailiyyyətləri müəllimlərini sevindirməyə çalışırlar. Ancaq indi nəvəsinin belinə çanta taxaraq məktəbin yolunu tutduğunun, elm arxasınca getdiyini görməyin sevinci, şübhəsiz ki, təsviredilməzdir. İnanıram və arzu edirəm ki, Lalə öz gələcək uğurları ilə onu sevənləri hələ çox sevindirəcək.

Bəlkə də, Lalə gələcəkdə elə müəllim, ya da jurnalist olacaq. Bunu dəqiq demək çətindir. Lakin bir şeyi dəqiq deyə bilərəm ki, o, həmişə ailəsinin fəxri olacaq. Laləni boya-başa çatdıran valideynləri də, nənə-babası da onun layiqli övlad kimi yetişməsi üçün gələcəkdə də əllərindən gələn hər şeyi edəcəklər.

Uğurlar!

Kənan NOVRUZOV

 





18.09.2018    çap et  çap et