525.Az

Nuru paşa ilə Azərbaycana gələn kayserili Adulkadirin nəvəsi “525”ə müraciət etdi


 

ABİDƏ QURBANOVA: “BABAMIN ADININ HEÇ BİR YERDƏ QƏHRƏMAN TÜRK ÖVLADI KİMİ XATIRLANMAMASINA GÖRƏ ÖZÜMÜ ONUN RUHU QARŞISINDA GÜNAHKAR HİSS EDİRƏM”

Nuru paşa ilə Azərbaycana gələn kayserili Adulkadirin nəvəsi “525”ə müraciət etdi<b style="color:red"></b>

“1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmək üçün Nuru paşanın komandanlığı ilə Azərbaycana gələn türkiyəli əsgərlərin qəhrəmanlıqları barədə çox yazılıb, çox deyilib, lakin babam Abdulkadir adlı kayserili əsgər barədə bu günədək ölkə mətbuatında heç nə yazılmayıb, ölkə ictimaiyyəti ondan xəbərsizdir”.

Bu sözləri 1918-ci ildə Bakını daşnak-bolşevik qüvvələrinin işğalından azad etmək üçün Nuru paşanın komandanlığı ilə Azərbaycana gələn Osmanlı əsgəri kayserili Abdulkadirin nəvəsi Abidə Qurbanova “525”ə müraciətində qeyd edib.

Qəhrəman türk əsgərinin nəvəsi bildirib ki, Bakının bolşevik-daşnak qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən tədbirləri izləyəndə göz yaşlarını saxlaya bilməyib, həm sevinib, həm də Azərbaycanı işğaldan azad etmək üçün Osmanlı ordusunun tərkibində bura gələn babasından ölkə ictimaiyyəti xəbərsiz olduğu üçün kədərlənib: “1918-ci ildə Türk Qafqaz İslam Ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gələn və hələ 18 yaşında olan babam Türkiyənin Kayseri şəhərinin Dəvəli ilçəsindəndir (qəsəbə). Nuru paşanın komandanlığı ilə bura gəldikdən sonra babam bolşevik-daşnak qüvvələrinə qarşı ən ağır döyüşlərdə iştirak edib. Bir müddət sonra Göyçə mahalının Sevan gölü istiqamətində gedən döyüşlərin birində ölümcül yaralanıb. Babam nənəmə danışarmış ki, vəziyyəti ağır olduğundan onu yerli əhali öz evində müalicə etməyə çalışıb. Ağır yaralandığından müalicəsi bir müddət davam edib və türkiyəli əsgər yoldaşlarından ayrı düşüb. Türkiyəli əsgərlər öz ölkələrinə geri qayıtdıqdan sonra babam burada qalıb və qaçaqlara qoşulub.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən, Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal ediləndən sonra babam qaçaqlarla birgə bir çox bölgələrdə döyüşüb, onlarla bərabər Qarabağ meşələrində gizlənib. Babamı tutub sürgün etmək istəyiblər. Bir gün babam qaçaqların məsləhəti ilə onlarla birgə döyüşən daha bir türk əsgərlə Kür çayının Qarabağ sahilindən indiki Zərdab rayonunun Nəzəralı kəndinə keçib. Kənd camaatı onların türkiyəli əsgər olduqlarını biləndən sonra evlərində saxlayıblar, gizlədiblər. Nəzəralı kəndinin camaatı onlara sığınacaq veriblər, arxa durublar, xəlvət saxlayıblar ki, yeni hökumət onları tutub sürgün etməsin”.

Daha sonra Sovet hökuməti tərəfindən onlara bəraət verildiyini deyən A.Qurbanova qeyd edib ki, həm babası, həm də digər türkiyəli əsgər Zərdabda insanların onlara olan sevgisini, diqqətini görüb elə buradaca qalıblar: “Babam Abdulkadiri kənd camaatının, el-obanın xeyir-duası ilə nənəm Şəkərlə evləndiriblər. Sonradan hökumət onları əfv edib. Digər türk əsgəri isə gedib Zərdabın Ağabağı kəndinə və orada evlənib, dünyasını dəyişəndən sonra orada dəfn olunub. Həmin türk öz qızına Qəribsoltan adı qoyub. Onun qızı hazırda Zərdabın Şıxbağı kəndində yaşayır, yaşlı qadındır. Onlar həmişə mənim babama, əmilərimə qardaş deyirdilər. Onlar bildirirdilər ki, bizim atamız eyni vaxtda Osmanlı ordusunun tərkibində döyüşmək üçün Azərbaycana gəlib, biz qardaşıq. Atamgilə həmişə el-obada “türk oğlu” deyə müraciət ediblər. Camaat onların Türkiyədən gəldiyini bildiyi üçün belə deyirmiş”.

Kayserili Abdulkadirin nəvəsi bildirib ki, babası sonradan problemlə üzləşməmək üçün camaatın məsləhəti ilə adını dəyişib, özünə soyad götürüb: “Babama Hüseyn deyiblər, sənəddə soyadı Ömərov yazılıb. Kayseri şəhərinin Dəvəli ilçəsində babamın 3 qardaşı, 2 bacısı olub. Qardaşları Şükür, Mahmud, Mustafa, bacıları Abidə və Saniyə olub. Babam 1944-cü ildə 44 yaşında dünyasını dəyişib. Mənə babamın bacısı Abidənin adı qoyulub”.

A.Qurbanovanın sözlərinə görə, ölənədək babası Türkiyəyə gedə bilməyib: “Amma oradakı qohumları ilə məktubla yazışırmış. Babam dünyasını dəyişəndən sonra Zərdabın Nəzəralı kəndində dəfn olunub. Babamın yurdunda əmimoğlu Həmid yaşayır. Bizim nəsil Zərdabda “türkün uşaqları” kimi tanınır”.

Türkiyədə yaşayan qohumlarını tapmaq üçün Dəvəli bələdiyyəsinə məktubla müraciət etdiklərini deyən qəhrəman türk əsgərinin nəvəsi bir neçə il öncə onlara cavab gəldiyini, lakin bugünədək heç bir köməklik göstərilmədiyini deyib.

“Türk Qafqaz İslam Ordusu ilə Azərbaycana gəlib qəhrəmanlıqla vuruşan, şəhid olanlara böyük diqqət, qayğı, sevgi var, amma babamın və onun silahdaşının başına gələnlər, həyat yolları barədə indiyədək ölkə mətbuatında yazılmayıb, ölkə ictimaiyyəti belə bir əsgərin olmasından xəbərsizdir. Ən böyük arzularımızdan biri də Türkiyədəki qohumlarımızın tapılmasıdır. Babamın tanınmamasına, onun adının heç bir yerdə qəhrəman türk övladı kimi xatırlanmamasına, Türkiyədəki qohumlarımızı tapa bilmədiyimizə görə özümü onun ruhu qarşısında günahkar hiss edirəm. İnanıram ki, bu müraciətdən sonra məsələ ictimailəşəcək və biz arzumuza çatacağıq” – deyə, A.Qurbanova sözlərini bitirib. 

Ceyhun ABASOV

 





18.09.2018    çap et  çap et