525.Az

"Zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil"


 

"Zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil"<b style="color:red"></b>

"Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Pirallahıda "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb: "Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir".

Komitə sədri bildirib ki, sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olundu.

Komitə sədri vurğulayıb ki, istər İslam, istər qeyri-islam dininə bağlı mərasimlərin necə keçirilməsinə dövlət qarışmır və din də dövlət siyasətinə müdaxilə etmir: "Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvalara əməl olunur".

M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəyisə gətirib Azərbaycanda tətbiq etməməlidir: "Birincisi, qanun buna imkan vermir, biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası əsadır, dinimiz bizim mənəvi dəyərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən, Aşura mərasimləri yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verməməlidir, bütün tədbirlər məscidlərin daxilində olmalıdır, kənar atributlar məscidlərə gətirilə bilməz"

Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən, "Aşura" mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi qeyd olunub.

S.QARAYEVA

 





19.09.2018    çap et  çap et