525.Az

Bakı zəfərinin 100 illiyində qardaş ölkə prezidentlərindən həmrəylik mesajları


 

"AZƏRBAYCANLA TÜRKİYƏNİN QARDAŞLIĞI DİGƏR TÜRKDİLLİ DÖVLƏTLƏRƏ, MİLLƏTLƏRƏ DƏ ÖRNƏK OLMALIDIR"

Bakı zəfərinin 100 illiyində qardaş ölkə prezidentlərindən həmrəylik mesajları<b style="color:red"></b>

Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi və iki qardaş ölkə silahlı qüvvələrinin şəxsi heyətlərinin iştirakı ilə nümayişə çıxarılan silah-sursat və hərbi texnika bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin gücünü, qüvvətini göstərib, iki ölkə liderinin verdiyi isti mesajlar isə bir-birinə doğma olan iki xalq arasında qardaşlığın möhkəmliyini, tarixi köklərə bağlandığını bir daha təsdiqləyib.

Mərasimdə çıxış edən prezident, Silahlı Qüvvələrinin ali baş komandanı İlham Əliyev bildirib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: "Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Təkcə bu il Prezident Rəcəb Tayyib Ərdoğanla mənim altı görüşüm olub - ikisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulub. Birgə maliyyə resursları təşkil edilib və bu nəhəng transmilli layihələr uğurla icra edilib. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz qardaşımın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirilib. Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə alsaq ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə biz buna nail ola bilmişik. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən, hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər".

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb: "Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərib. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq".

Türkiyə prezidenti, Türkiyə Silahlı Qüvvələrinin ali baş komandanı Rəcəb Tayyib Ərdoğan isə çıxşında bildirib ki, 1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibə, əsla, adi bir hadisə deyil: "Bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir".

R.T.Ərdoğan vurğulayıb ki, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir: "Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik".

2016-cı ildə Çanaqqala zəfərinin 100 illiyində necə Azərbaycan prezidenti qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bu zəfəri bir yerdə qeyd edirdisə, məhz bu gün də iki ölkə lideri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Azadlıq meydanında təşkil olunan möhtəşəm hərbi paradda Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə hərbçilərin qələbə keçidini birgə qarşılayıblar. Ona görə də 15 sentyabr Bakının daşnak-bolşevik işğalından azad olunmasıyla Azərbaycan-Türkiyə qardaşlığının növbəti sınaqdan da üzüağ çıxdığı, Çanaqqalada olduğu kimi, Bakıda da zəfər meydanlarında növbəti qələbələrə birgə kökləndiyi, bir-birinə daha da sıx bağlandığı gündür.

Mövzu ilə bağlı fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik əsarətindən azad etməsi qədər Azərbaycan paytaxtında həmin hadisənin yüz illiyinin qeyd edilməsi də Türkiyə-Azərbaycan qardaşlığı tarixində önəmli hadisədir. O, "Trend"ə bildirib ki, yüz il əvvəlki hadisənin sonrakı proseslərdə Azərbaycanın taleyi üçün nə qədər əhəmiyyətli nəticələri olmuşdusa, təntənəli yüzillik tədbirləri də ümumtürk inteqrasiyası üçün bir o qədər təsirli rol oynayan nəticələrə malikdir: "Bakıda Azərbaycan və Türkiyənin seçmə ordu qruplarının möhtəşəm paradı ən müxtəlif mütərəqqi nəticələr çıxarmağa əsas verən hadisədir. Əvvəla, bu hadisə göstərdi ki, Azərbaycanla Türkiyənin iqtisadi-siyasi əməkdaşlığı regionda ümumi inkişaf və rifahın həlledici təminatıdırsa, iki ölkənin hərbi əməkdaşlığı regional sülh və təhlükəsizlik üçün əvəzolunmaz tandem rolu oynayır. İkincisi, bu hadisənin ən böyük mesajlarından biri ölkələrimizin ordu quruculuğunda misilsiz intibah mərhələsi yaşadığını göstərə bilməsidir. Üçüncüsü, bütün dünya gördü ki, Azərbaycan və Türkiyə orduları regionun ən qüdrətli hərbi təsisatları olmaqla istənilən vaxt, hətta müharibə vəziyyətlərində öz imkanlarını asanlıqla birləşdirməyə imkan verəcək qədər çevik struktura və hərəkət planlarına malikdir. Dördüncüsü, təntənəli hərbi paradın Azərbaycana təcavüz siyasətindən hələ əl çəkməyən Ermənistanın yeni hərbi avantürist oyunları ilə eyni vaxtda keçirilməsi düşmənlərə cavab mesajı kimi də dəyərlidir. Beşincisi, Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərinin bütün sahələrdə, o cümlədən, hərbi sahədə böyük nəticələr doğura bilmək potensialı nümayiş etdirildi. Nəhayət, Qarabağ uğrunda ən dramatik ssenarilərin işə düşəcəyi təqdirdə, Azərbaycanın böyük dostu olan Türkiyəni neytrallaşdıra biləcəklərinə ümid bəsləyən bəzi məlum qüvvələr yanıldıqlarına dair tutarlı faktla qarşılaşdılar".

Ekspert vurğulayıb ki, Azərbaycan və Türkiyə prezidentləri tariximizdə qürur və dərin təhlil mənbəyi olan səhifə yazdılar: "Liderlər yüz il əvvəl Azərbaycan və Türkiyə ordusunun birgə uğurlu, indiki dillə desək, antiterror əməliyyatı apardıqlarını yaddaşlarda təzələdilər. Dövr dəyişsə də, təhlükə mənbələri dəyişməyib. Fikrimcə, Prezident İlham Əliyevlə Ərdoğan möhtəşəm paradla iki qardaş ölkənin birgə antiterror əməliyyatlarına gedən yolları xeyli qısalda bildilər".

Deputat Tahir Rzayev isə bildirib ki, Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyinin təmtəraqlı şəkildə keçirilməsi olduqca əhəmiyyətlidir: "15 sentyabr Azərbaycan tarixində müqəddəs səhifədir. Bu həm də Azərbaycan və Türkiyə qardaşlığının əyani sübutudur. Bu tarix bir daha onu sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. İki ölkə arasında qardaşlıq münasibətlərinin tarixi çox qədimdir. Azərbaycan da, Türkiyə də tarixən təqyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, 1918-ci ildə də Bakının köməyinə məhz Türkiyə çatdı".

T.Rzayevin sözlərinə görə, 15 sentyabr tarixi Azərbaycan üçün də, Türkiyə üçün də çox əhəmiyyətli tarixdir: "Biz bununla həm də bütün dünyaya bəyan edirik ki, bütün tədbirlərdə Azərbaycan Türkiyə ilə birlikdədir. Bütün dünyada Türkiyə və Azərbaycan prezidentləri eyni fikirlə, eyni mövqe ilə çıxış edirlər. Bu iki ölkəni birgə mənafelər birləşdirir. Azərbaycanla Türkiyənin qardaşlığı digər türkdilli dövlətlərə, millətlərə də örnək olmalıdır".

Ceyhun ABASOV

 





19.09.2018    çap et  çap et