525.Az

Bakı Kitab Mərkəzində tarixçi Dilarə Seyidzadə ilə görüş - Fotolar


 

Bakı Kitab Mərkəzində tarixçi Dilarə Seyidzadə ilə görüş - <b style="color:red">Fotolar</b>

Sentyabrın 17-də yeni fəaliyyətə başlamış Bakı Kitab Mərkəzində "Tarixlə üz-üzə" layihəsi çərçivəsində görkəmli tarixçi alim, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 17 sentyabr, 1918-ci ildə Gəncədən Bakıya köçürülməsinin 100 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, yazıçı Günel Anarqızı Bakı Kitab Mərkəzinin hələ təzəcə fəaliyyətə başlamasına baxmayaraq, kitabsevərlərin, oxucuların, gənclərin ən sevimli məkanlarından birinə çevrildiyini qeyd edib. Deyib ki, bura həmçinin, müəlliflərlə görüş, imza mərasimləri, təqdimatlar üçün də nəzərdə tutulub. Tarixçi Dilarə Seyidzadə ilə görüşün də həmin tədbirlər silsiləsindən olduğunu vurğulayan G.Anarqızı onun Azərbaycan tarixinin, xüsusən Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırılmasındakı müstəsna rolundan söz açıb.

Daha sonra D.Seyidzadə müəllifi olduğu "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar" adlı elmi monoqrafiyasını təqdim edib. Qeyd edib ki, bu kitabda XX əsrin əvvəllərində Azərbaycanda baş verən  ictimai-siyasi proseslərin geniş mənzərəsi, Rusiya Dövlət Duması və Azərbaycan Cümhuriyyəti və onun yaranmasında müstəsna xidmətləri olan tarixi şəxslər, ziyalılar haqqında maraqlı tarixi faktlar öz əksini tapıb. Kitab tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tarixçi XIX əsrin sonu - XX əsrin əvvəlləri kimi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm mərhələ təşkil edilən bir dövrün araşdırılmasında qarşısına çıxan problemlərdən də söz açıb. O, cavan tarixçiləri tariximizə qarşı diqqətli olmağa, yad ünsürlərin onu saxtalaşdırmaqlarına imkan verməməyə çağırıb.

Xalq şairi Sabir Rüstəmxanlı görüşün əhəmiyyətindən söz açıb, Dilarə Seyidzadənin Azərbaycan tarixinin tədqiqatında və onun yazıya köçürülməsində rolunu xüsusi qeyd edib. Xalq şairi həmçinin, Bakı Kitab Mərkəzinin yaradılmasından duyduğu sevinc hissini dilə gətirib, dəyərli ziyalılarla görüşlərin keçirilməsinə diqqət ayırdıqları üçün mərkəzin rəhbərliyinə, şəxsən Günel Anarqızına təşəkkürünü bildirib.

Xalq yazıçısı Anar da tarixə olan xüsusi marağından danışıb, tarixçilərin öhdəsinə düşən çətin və şərəfli işin məsuliyyətini vurğulayıb. O qeyd edib ki, bu cür ziyalılarla görüşə gənclərin cəlb olunmasına xüsusi diqqət ayırmaq vacibdir. Çünki gənclər tariximizi daha dərindən öyrənməli və təbliğ etməlidirlər.

Daha sonra görüş sual-cavab, diskussiya şəklində davam etdirilib. Müəllif əsər və həmin dövr haqqında qonaqları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.

Sonda tarixçi alim ona göstərilən diqqətə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə, Günel Anarqızına və görüşə qatılan qonaqlara öz təşəkkürünü bildirib, onlar üçün kitablarını imzalayıb.

Şahanə MÜŞFİQ

 





19.09.2018    çap et  çap et