525.Az

Ömrümüzü yeyən kəlmə: "...deyərlər"


 

Ömrümüzü yeyən kəlmə:<b style="color:red"> "...deyərlər"</b>

Məsəlin üzrü olmazmış. Ona görə də üzr istəmədən, anlayışınıza sığınıb bir məsəl çəkəcəm: "Qabaqda gedirsən deyirlər, bicdi, dala qalırsan, deyirlər gicdi". Bu məsəl nə qədər etik çərçivələrdən kənar da olsa, mən də bilirəm, siz də bilirsiniz ki, bütün dövrlərin ən aktual problemidir: "El-aləm nə deyər?"

Dünyaca məşhur aktyor Al Paçinonun dillərə əzbər olan aforizmi məsələnin mahiyyətini daha aydın şəkildə göstərir. O deyirdi ki, özünüz haqqında danışmağa tələsməyin, siz otaqdan çıxan kimi sizin haqqınızda danışacaqlar.

Xüsusən, indiki dövrdə, sosial şəbəkələr kimi hər birimizin hər mövzu haqqında rahatlıqla fikir yürüdə bildiyimiz məkan varkən, hamımız ağıllı görünməyin təşnəsiyik. Ağıl demişkən, bunu da deyirlər ki, bu dünyada nəzər dəyməyən tək şey ağılmış, kimsə kimsənin ağlını bəyənməz çünki. Doğru sözə şərh verməyə nə hacət?!

Ta uşaqlığımızdan beynimizə qazılıb el-aləmin dedikləri. Məktəbdə yaxşı oxuyarsan, "5" alarsan, deyərlər ki, oxumaqdan başqa əlindən heç nə gəlmir, nə bir yerə çıxır, nə iki adam üzü görür. Çıxıb gəzərsən, uşaqlarla oynayarsan, qiymətlərin "əla"dan "yaxşı"ya düşər, adını "başı var, oxumur, çox gəzir, avaradır" qoyarlar. Nə gəzərsən, nə oxuyarsan, tənbəl adlandırılarsan.

Zəhmət çəkib universitetə girərsən, "filankəsin uşağı ondan daha çox bal yığıb, daha yaxşı fakültəyə girdi" olar, ən yüksək balı toplayarsan, "əzbərlədi, qəbul oldu", bal yığmazsan, gedib işləyərsən, "savadsızdı, oxumadı" deyərlər. İşləyərsən, pul qazanarsan, adın "hambal" qalar, işləməzsən, "yatmaqdan başqa əlindən heç nə gəlmir, tənbəldir, müftəxordur" deyərlər.

Tez evlənərsən, "uşaqdır" deyib, vay-şivən qopararlar, amma yaşın 23-ü də keçdi, "evdə qalmış" sayılırsan.

Susarsan, "dilini udub", danışarsan "dilotu yeyib", gülərsən "dəlidir", gülməzsən "çox ciddidir", ağlayarsan da ki, "qaramat basıb" deyərlər.

Çox pul xərcləsən bədxərc, xərcləməsən xəsis olarsan.

Qız hansısa oğlanı sevər, adına söz qoşarlar, sevmədən ailənin razılığı ilə ərə gedər, "cahil, geridəqalmış" deyərlər.

Tənqid etsən "demaqoq", tərifləsən "yaltaq" olarsan.

Başqa vaxt kitab oxumamaqdan, cəmiyyətin kitaba laqeydliyindən gileyləndikləri halda, ictimai yerdə əlində kitab olana "özünü reklam edir" deyərlər.

Yaxşılıq etsən "özünü göstərmiş", pislik etsən "əzazil" olacaqsan.

Ailəsində problemlər, şiddət, xəyanət, ya da elə xasiyyət uyuşmazlığı olduğu halda evliliyini davam etdirənlərə "ağılsız, mazoxist", boşananlara "əxlaqsız" deyərlər...

lll

Deyərlər ha deyərlər... Bu el-aləm deməyə də, danışmağa da mütləq bir söz tapar. Nəticədə özünü, sözünü bilməyən, insanların istəyinə uyacaq deyə ömrünü robotlaşdırılmış sistemlə başa vuran nəsil formalaşacaq. Vaxt, zaman yetişdikdə geriyə baxarkən istəyib də edə bilmədiklərindən ibarət özün boyda bir boşluq görərsən. Peşman-peşman baş-gözünə döyəndə isə qulağına tanış səslər "el-aləmin sözünə baxdı, gör nə günlərə qaldı" - deyərlər. 

 





19.09.2018    çap et  çap et