525.Az

Azərbaycanı "Uşaq Avroviziya-2018"də Fidan Hüseynova təmsil edəcək


 

Azərbaycanı "Uşaq Avroviziya-2018"də Fidan Hüseynova təmsil edəcək<b style="color:red"></b>

Noyabrın 25-də Minsk şəhərində keçiriləcək "Avroviziya-2018" uşaq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı təqdim olunub.

Dünən bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva və Azərbaycanı "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində təmsil edəcək Fidan Hüseynova iştirak ediblər.

Leyla Quliyeva bildirib ki, istedadlı ifaçı Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edən Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir, həmçinin, o, T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. Fidanın uğurları haqqında danışan Leyla Quliyeva əlavə edib ki, o, 2017-ci ilin mart ayında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. Həmçinin, "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb.

O, fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsin rəğbətini qazanıb.

Fidanın ifa edəcəyi mahnıya gəlincə isə Leyla Quliyeva qeyd edib ki, təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil: "Yarışmanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır. Yaxın zamanlarda təmsilçimizin ifa edəcəyi mahnı ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Fidan isə belə mötəbər yarışda ölkəmizi təmsil etməyin arzusu olduğunu, buna görə çox həyəcanlı olduğunu deyib. Onun əsas hədəfi qalib olmaqdır.

Fidan Hüseynova 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın gənc istedadlarının "Qırmızı kitab"ına salınıb və Prezident təqaüdünə layiq görülüb.

Şahanə MÜŞFİQ

 





19.09.2018    çap et  çap et