525.Az

İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi


 

"ANKARA İDLİBƏ HÜCUMUN QARŞISINI ALMAQLA HƏM QƏTLİAMIN QARŞINI ALDI, HƏM DƏ SURİYADAKI HƏRBİ VARLIĞINI RUSİYA İLƏ BİRGƏ GÜCLƏNDİRƏCƏK"

İdlib razılaşması: <b style="color:red">Putin Ərdoğanın arqumentlərini qəbul etdi</b>

Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında 4 saatdan çox davam edən görüş İdlib məsələsində razılaşmanın əldə olunmasıyla yadda qalıb.

Hələ Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin üçlü formatda keçirilən görüşündə bu məsələ ətrafında danışıqlar zamanı fikir ayrılığının yaranması iki ölkə arasında münasibətlərin soyuqlaşdıran məqam idi. Lakin son nəticədə V.Putinin Türkiyə prezidentinin haqlı arqumentlərini qəbul etməsi Suriyada bu ziddiyyətli məqamın iki ölkə maraqlarına uyğun çözülməsinə gətirib çıxarıb. Danışıqların sonunda iki ölkənin müdafiə nazirlikləri Suriyanın İdlib şəhərində vəziyyətin sabitləşdirilməsinə dair memorandum imzalayıblar.

Soçi görüşünün yekununda V.Putin aparılan danışıqları məzmunlu və konstruktiv olaraq səciyyələndirib.

Türkiyə prezidenti isə bildirib ki, İdlib məsələsini Astana prosesi qərarları əsasında həll etmək lazımdır: "Suriya ordusunun və müxalifətin nəzarətində olan ərazilər silahsızlaşdırılmalıdır. Türkiyə Rusiya ilə birlikdə bu ərazidən bütün radikal qruplaşmaların çıxarılmasına səy göstərəcək".

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti V.Putin Tehranda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə "yox" dedi: "Tehranda bir az dərinə getsəydilər, Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı".

Politoloq bildirib ki, Soçi görşündə isə Putin Ərdoğanın arqumentlərini qəbul edib: "Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar".

Mərkəz sədrinin sözlərinə görə, ancaq Putinin iki şərti yenə gündəmdədir: "Birinci şərt - İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır. İkinci şərt - İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək".

E.Şahinoğlu hesab edir ki, bütün hallarda Türkiyə ilə Rusiya arasında əldə olunan razılaşma hər iki dövlətin xeyrinədir: "Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa, həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı, çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək. Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə qeyd edib ki, Türkiyə prezidentinin İranda üçtərəfli görüşlərdən 10 gün sonra Soçiyə yola düşməsi Ankara və Moskva arasında İdlib ətrafındakı gərginlikdən birgə çıxmaq məqsədinə xidmət etsə də, təcililik və o cümlədən, Tehranın bir qədər kənarda saxlanması çox düşündürücüdür: "Avrasiyanın sabiq imperiyalarını sanksiyalarla dalana dirəyən Avroatlantik İttifaqı Suriyadakı xaosu dərinləşdirərək, bir neçə ilin sınaqlarından keçən "Üçlər İttifaqı"nda parçalanma yaratmağa ümid bəsləyir. Belə bir şəraitdə Ərdoğan və Putin arasındakı Soçi danışıqları gerçəkdən də tarixi xarakter daşıyır. Belə ki, son illərdə iki dövlət arasındakı münasibətlər nəinki lokal mənada bir şəhərdəki vəziyyətdən asılıdır, eləcə də müxtəlif regionlar arasında cərəyan edən oxşar hadisələr kontekstində ehtimal olunan gələcək sülh formulları və formatları da indi masa üzərinə qoyulub.

Ərdoğan cəmi bir il əvvəl Rusiya prezidenti ilə Qarabağ haqda müzakirələri apararkən ATƏT-in Minsk qrupundakı formal üzvlüyünə deyil, daha çox Yaxın Şərq və Cənubi Qafqaz bölgəsinin vahid geopolitik müstəvi təşkil etməsindən çıxış edirdi. O biri tərəfdən, rəsmi Bakı Prezident İlham Əliyevin liderliyi altında son 100 ildə ilk dəfə ən əlverişli dövlətlərarası münasibətlər formalaşdırmasının üzərindən sükutla keçmək olmaz. Bir tərəfdən, Tehran-Ankara-Moskvanın mənafeləri, xüsusilə də 90-cı illərdən bu yana heç zaman indiki qədər müsbət planda çulğalaşmayıb, o biri tərəfdən, qoca tarix sübut edir ki, ölkə rəhbərləri siyasi xəritələri dəyişdirmək və ya keçmişdə formalaşan status-kvonu korreksiyaya məruz qoymaq üçün hər zaman yalnız bir nöqtəyə fokuslanmırlar. Heç uzaq təcrübələrə, məsələn 2-ci dünya savaşının ən şiddətli dövründə böyük dövlət başçılarının Potsdam, Tehran konfranslarında gələcək Avropanın arxitekturasını necə görmələrini xatırlatmağa ehtiyac yoxdur. Cəmi 4 il əvvəl Türkiyə Krım ətrafında Kreml sahibi ilə uzlaşmaya getdi və buna hansı hesablaşmalar, sövdələşmələr naminə əl atdığını yalnız ehtimal etmək olar. Hərçənd Ukrayna ilə müqayisədə Azərbaycan Avrasiya materiki, o cümlədən, Türk dünyası və konkret Türkiyədən ötrü daha böyük siyasi-iqtisadi və təhlükəsizlik əhəmiyyətinə malikdir. Belə olanda Ərdoğanın xarici siyasət üzrə müşavirlərinin Soçidə Qarabağ fürsətini əldən buraxması tarixi şansın qaçırılması olardı. Bəli, bir əvvəl noyabrda Putinin Qarabağ məsələsində məsuliyyəti tərəflərin üzərinə qoyması və "ümidsiz olması"ndan çıxan nəticələrlə bir il sonrakı durumda ediləcək təşəbbüslərin eyni nəticə ilə sonuclanacığını düşünmək əbədi bədbinlərin işidir. Nədən? Axı Ermənistanda o vaxt hakimiyyətdə olanlar birbaşa Kremlin iradəsinə tabeydilər və belə olanda Azərbaycan tərəfinin ən həssas regional siyasi kontekstdən faydalanmaq istəkləri də arzu etdiyi yekunlara çatmağa qoymurdu. Ancaq indi vəziyyət kökündən dəyişib. Cənubi Qafqazda Gürcüstanın ardınca ikinci bir paytaxtda qərbləşmə tərəfdarları hakimiyyətə gəliblər. Bir əsr ərzində hökmranlıq edən siyasətin buzu sınmağa başlayıb. Düzdür, hələ də konspirasiya həvəskarları Paşinyanı az qala Dumadakı sistem müxalifətinin üzvləri kimi qələmə verirlər, lakin reallıq odur ki, hazırki İrəvan siyasi elitası Qərbin təsir agentlərindən və gerçək casuslarından ibarətdir".

Z.Oruc bildirib ki, Fransa prezidenti Makronun inqilab liderini az qala Avropa Birliyinin üzv dövlət nümayəndəsi kimi qəbul etməsi və demokratiyaya yardım vədlərinin hansı məqsəd güddüyünü anlamaq o qədər də çətin deyil: "Belə olan təqdirdə Yaxın Şərq və Qafqazlarda Türkiyənin Rusiya ilə razılaşmaları üçün geniş zəmin var. Hər halda Əsədi legitim dövlət başçısı kimi qəbul etməmək AKP hökumətinin öz işidir, amma İdlib ətrafında qurulan məxfi ssenarilərdə Azərbaycanın bölgəsəl maraqlarını da ələ almaq Türkiyənin mövqeyini gücləndirir və ən sonda nəhayət, Moskvanın Qarabağ münaqişəsinə münasibətinin dəyişməsinə səbəb ola bilər. Onsuz da rəsmi Ankaranın Paşinyan hökumətinə münasibəti tam aydın deyil, amma tabloya bütöv baxmaq türk diplomatlarının borcudur".

Deputatın sözlərinə görə, digər məqam isə ABŞ-ın hazırkı prezidenti ölkədaxili gərginlik səbəbilə bizim yerləşdiyimiz məkana yönəlik fəal xarici siyasət layihələrini irəli sürə bilmir və belədə Azərbaycana gələn son nümayəndə heyətinin münaqişə ilə bağlı yeni təkliflərini də gözləməyinə dəyməz: "Prezident İlham Əliyevin liderliyi müxtəlif regional mərkəzlərin və beynəlxalq güclərinin maraqlarını çox uğurla uzlaşdırmağa imkan verir və getdikcə hamı əmin olur ki, Bakını bu tarazlaşdırıcı mövqeyindən çıxartmaq təşəbbüsləri əbəsdir. Ona görə də Rusiya prezidenti çox uğurlu bir şəkildə öz ordusunun Qafqazlarda və onun timsalında bütün dünyada imicini dəyişməyə imkan verər, üstəlik, bütün Türk dünyası ilə münasibətləri üçün taleyüklü addımlar atmağa qadir ola bilər".

"Əgər kimsə soruşsa ki, Ərdoğan Putin razılaşmasının Qarabağ komponentinin detallarını necə təsəvvür edirsiniz, onda ali baş komandan İlham Əliyevin 20 minlik ordu birləşmələrinin keçirdikləri hərbi təlimləri işğal olunan torpaqlara yönəltdiyi zaman Kremlin hərbi neytrallığını qoruyub saxlamasını istəmək yetərlidir. Axı bunun "Zeytun budağı" əməliyyatı zamanı Afrini tərk edən rus generalları razılaşmaların müharibə sənəti olduğunu sübuta yetiriblər. İndi də Suriyada Rusiyanın rolunu tanıyan Ankara Qarabağda eyni güzəştləri Moskvadan istəyə bilər" - deyə, Z.Oruc qeyd edib.

Deputat əlavə edib ki, bütün yeni konfiqurasiyalarda regionda heç kəs, o cümlədən, İran ziyan çəkmir, əksinə, gərginlik mənbələrindən və Qərbi buraya gətirən müharibə ocaqlarından ən böyüyü olan Qarabağ konfliktindən xilas ola bilir: "Güclənmiş və torpaq bütünlüyü təmin olunmuş Azərbaycan heç bir qonşusu üçün təhlükə törətməz, əksinə, sülhü daha çox ixrac edə bilər. Bütün hallarda, siyasət bəzən okean fırtınalarından yan keçməyi deyil, onları özü yartamağı və mümkün olduğu qədər idarə etməyi buyurur. O üzdən, son aylar ərzində Bakıya gələn diplomatik heyətlərin trafiki bütün bölgə dövlətləri ilə müqayisədə 3 dəfə çoxdur.

Azərbaycan aktiv bir siyasi-hərbi düzənin içərisindədir. Cəmiyyəti böyük dəyişikliklərə hazırlamaq gərəkdir".

Ceyhun ABASOV

 





19.09.2018    çap et  çap et