525.Az

Kamal Abdulla I kurs tələbələri ilə görüşdü


 

Kamal Abdulla I kurs tələbələri ilə görüşdü<b style="color:red"></b>

Sentyabrın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla ADU-nun bаkаlаvr pilləsinin I kurs tələbələri ilə görüşüb.

Görüşdə, prorektorlar, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.

Təhsil ocağının builki qəbul göstəricilərini yüksək qiymətləndirən K.Abdulla bildirib ki, universitet onu seçən insanların, gənclərin ümidini, arzularını doğrultmalıdır:

“Biz də çalışacağıq ki, sizi Azərbaycana, onun dövlətinə, xalqına layiqli vətəndaşlar kimi formalaşdırmaq üçün əlimizdən gələni edək”.

Universitet həyatının son dərəcə maraqlı və qiymətli zamanı əhatə edəcəyini deyən Kamal Abdulla bu dövrün tələbələrin insan, vətəndaş kimi formalaşma məqamı olduğunu vurğulayıb.

Rektor ümummilli lider Heydər Əliyevin universitet tələbələri ilə görüşlərindən biri zamanı rektorlara “Bu tələbələr mənim sizə əmanətimdir” sözlərini xatırladıb və gənclərə ulu öndərin əmanəti olduqlarını diqqətə çatdırıb, tələbələrə universitet seçimlərində yanılmadıqlarını deyib:

“Siz gələcəyinizi dillərin, mədəniyyətlərin, müxtəlif beynəlxalq münasibətlərin öyrənilməsinə sərf etməklə, həyatınızı bu istiqamətə bağlamaqla, elmi işlərinizi, gələcək fəaliyyətinizi bu yöndə inkişaf etdirməklə səhv etməmisiniz”.

K.Abdulla universitetin akademik heyəti ilə tələbə və məzunlar arasında davamlı xoş münasibətlərin qurulduğunu deyərək, tələbələri maraqlı universitet həyatının gözlədiyini söyləyib:

“İnanıram ki, zaman gələcək, məktəb illərini nostalji hissləri ilə xatırlayanlar tələbəlik illərini də həmin səmimi, insani, incə və dərin hisslərlə xatırlayacaqlar”.

Rektor əlavə edib ki, universitet bir ailədir və tələbələrin çətinliklərini həll etmək üçün əlimizdən gələni edəcəyik.

O, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə demokratikləşmə istiqamətində mühüm addımlar atdığını bildirib və hər kəsin bu prosesdə öz vətəndaşlıq vəzifəsini yerinə yetirməli olduğunu deyib:

“Hər bir vətəndaş öz vətəninin, ailəsinin, bayrağının, himninin, prezidentinin, oxuduğu universitetin şərəf və ləyaqətini uca tutmağa çalışar. Bizim universitet bu yolla addımlayan universitetdir”. K.Abdulla universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib. Universitet rəhbəri tələbələrə ölkəmizə layiq vətəndaşlar olmağı arzulayıb.

ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev tələbələri təbrik etdikdən sonra universitetin tədris prosesi haqqında məlumat verib.

Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov universitetin Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar Təşkilatı (THT), Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyəti və strukturu haqqında məlumat verərək, qurumların rəhbərlərini tələbələrə təqdim edib.

Daha sonra Filologiya və jurnalistika fakültəsinin dekanı dosent Vüsalə Ağabəyli, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Xarici dillər kafedrasının müdiri dosent Şaban Şabanov, Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova rəhbərlik etdikləri strukturun fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda rektor tələbələri maraqlandıran sualları cavablandırıb.

 





20.09.2018    çap et  çap et