525.Az

Səlim Babullaoğlu “Şəhriyar Mədəniyyət Medalı” ilə təltif olundu


 

Səlim Babullaoğlu “Şəhriyar Mədəniyyət Medalı” ilə təltif olundu<b style="color:red"></b>

Şair, tərcüməçi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babulloğlu Təbriz Universitetinin təsis etdiyi və hər il ustad Məhəmmədhüseyn Şəhriyarın vəfatı günü ərəfəsində təqdim edilən “Şəhriyar” mədəniyyət medalı ilə təltif olunub.

Səlim Babullaoğlu açıqlamasında bildirib ki, o bu məlumatı Anadolu, Qafqaz və Orta Asiya Tədqiqatları institutunun direktoru dr.Əhməd Farşbafianın imzaladığı və İran İslam Respublikasının Bakıdakı səfriliyinin Mədəniyyət Mərkəzindən göndərilən məktub vasitəsilə ilə öyrənib:

“İran Mədəniyyət Mərkəzi Bakı ofisinin rəhbəri hörmətli cənab Əsgər Farsi bir neçə gün əvvəl mənə zəng elədi, bu xəbəri diqqqətimə çatdırdı və cənab Əhməd Ərşfabiyanın imzaladığı dəvət məktubunu ünvanıma göndərdikərini söylədi. Belə başa düşdüm ki, böyük şairimizin adını daşıyan bu mükafat mənə Azərbaycan və İran arasında ədəbi əlaqələr istiqamətindəki işlərimizə görə və mədəniyyət mərkəzinin təşəbbüsü ilə verilir. Əlbəttə, bu olduqca xoşdur, sevindiricidir. Xüsusən iki səbəbdən. Əvvəla, bu mükafat, bu medal ustad Şəhriyarın adını daşıyır. Digər tərəfdən, bildiyim qədərilə, bu medalı indiyəqədər bizim görkəmli ədəbiyyat və elm adamları alıblar. Mən həm Mədəniyyət Mərkəzinə və onun rəhbərinə, həm Təbriz Universitetinə və təşkilat komitəsinə, eyni zamanda Anadolu, Qafqaz və Orta Asiya Tədqiqatları institutunun rəhbərliyinə minnətdarlığımı çatdırıram…”



Təbriz Universitetinin dəvətilə sentyabrın 15-də İrana səfər edən Səlim Babullaoğlu, sentyabrın 16-da universitetin böyük zalında düzənlənən IV Beynəlxalq Şəhriyar Festivalında və Konqresində, medalın təqdimetmə mərasimində iştirak edib. Konqresdə çıxış edən Səlim Babullaoğlu İran-Azərbaycan ədəbi əlaqələrindən, son illərdə görülən işlərdən danışıb və çıxışının əsas hissəsini görkəmli şərqşünas-iranşünas alim, tanınmış tərcüməçi, o cümlədən Şəhriyar irsinin araşdırıcısı Məsiağa Məhəmmədinin yaradıcılığına həsr edib.

Medal eyni zamanda İran və Türkiyənin tanınmış ədəbiyyat və mədəniyyət nümayəndələrinə də təqdim edilib. Təqdimetmə mərasimində Azərbaycanın Təbrizdəki Baş konsulluğunun nümayəndəsi, konsul Eldar Məmmədov da iştirak edib. Daha sonra qonaqlar Təbriz Universitetinin rektoru doktor Məcidi ilə görüşüblər.
Səfər zamanı Səlim Babullaoğlu ustad Şəhriyarın evini, “Şairlər Məqbərəsi”ni və Şəhriyarın məzarını da ziyarət edib.



Bu mükafatı indiyə qədər Azərbaycandan akademik İsa Həbibbəyli, Əbülfəz Quliyev (2015), akademik Vasim Məmmədəliyev, professor Hamlet İsaxanlı (2016) və Mirəsgər Behbudlu (2017) alıblar.

 





20.09.2018    çap et  çap et