525.Az

"Əsrin müqaviləsi": Azərbaycanın neft strategiyasının sütunu


 

"Əsrin müqaviləsi": <b style="color:red">Azərbaycanın neft strategiyasının sütunu </b>

20 sentyabr ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb edən əlamətdar günlərdən biridir. Məhz 1994-cü ilin həmin günü "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr həm də Azərbaycanda Neftçilərin günü peşə bayramı kimi qeyd edilir.

1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması təkcə ölkəmizin iqtisadiyyatı üçün nəhəng bir addım olmadı, həm də siyasi əhəmiyyətli hadisə oldu. Çünki 1994-cü ildə Azərbaycan cəmi üç il idi ki, dövlət müstəqilliyini əldə etmişdir. Ölkəmizdə siyasi, iqtisadi, sosial durum çox ağır idi, büdcədə heç bir vəsait qalmamışdı. Üstəgəl, Ermənistanın başladığı müharibə, ərazilərimizi işğal etməsi nəticəsində bir milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi durumu daha da ağırlaşdırırdı. 1993-cü ildə xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin ağır durumdan qurtarması üçün böyük işlərə başlanıldı. 1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında razılaşma əldə olunur, təbii ki, cəbhədə silahların susması digər sahələrdə islahatlara başlanmasına imkan yaradır. Heç şübhəsiz ki, bu addımlardan ən birincisi "Əsrin müqaviləsi"nin imzalanması idi.  Bu, təkcə ölkənin neft-qaz sənayesinin dirçəlməsinə, Azərbaycanın gələcək rifahına və çiçəklənməsinə başlanğıc olmadı, həm də dünyanın aparıcı dövlətlərinin yenicə müstəqillik qazanmış bir ölkəyə inamının, etimadının nəticəsi idi. Bu inamı, etimadı yaradan isə Heydər Əliyev oldu. Ulu öndər müharibə şəraitində olan bir ölkəyə böyük şirkətləri investisiya qoymağa inandırdı. Bu müqavilə respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarıb.

Bir vaxtlar əfsanə hesab edilən "Əsrin müqaviləsi"nin əhəmiyyəti bu gün respublikanın neft satışından əldə etdiyi vəsaitlərin həcmi ilə kifayətlənmir. Bu sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatına müxtəlif layihələrin həyata keçirilməsinə və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. Qeyd etdiyimiz kimi, bu saziş ölkəyə inamı artırdı ki, bu da həm respublika daxilində, həm də ondan kənarda müxtəlif layihələrin həyata keçirilməsinə gətirib çıxardı.

AÇG yatağı altı hasilat platformasından - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

"Çıraq" platformasında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2005-ci ilin dekabrında, "Şərqi Azəri"də 2006-cı ilin sonunda, "Dərinsulu Günəşli"də 2008-ci ilin aprel ayında,"Qərbi Çıraq" platformasında 2014-cü il yanvarın 28-də başlanıb.

AÇG-də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.

2017-ci il Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, sentyabrın 14-də "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

"Əsrin müqaviləsi"nə bərabər olan bu müqaviləni “Yeni Əsrin müqaviləsi” də adlandırırlar.

İndi Azərbaycan neft ixracından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.

Beləliklə, "Əsrin müqaviləsi" Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, etibarlı bir tərəfdaş olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün artıq ölkəmizin etibarlı tərəfdaşlarının sayı da artıb. ABŞ, Avropa İttifaqı ölkəmizi özünün strateji tərfdaşı hesab edir, təkcə enerji deyil, digər sahələrdə də güclü əməkdaşlıq qurulub. Ölkəmizin dünyada mövqeyini gücləndirəcək layihələrdən biri olan "Cənub Qaz Dəhlizi" də həm Qərbdən, həm Avropadan böyük dəstək alır.

Millət vəkili Tahir Mirkişili mövzu ilə bağlı bildirib ki, 1990-cı illərdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi. Bir tərəfdən müharibə davam edirdi, digər tərəfdən isə iqtisadiyyat tamamilə dağılmış və ölkədə siyasi anarxiya hökm sürürdü. Məhz belə tarixdə Azərbaycanın müstəqilliyini, dövlətini qoruyub saxlamaq bütövlükdə ölkə qarşısında mühüm bir vəzifə idi.

Onun sözlərinə görə, o zamanlar hər kəs olum və yaxud ölüm dilemması qarşısında qalmışdı: "Belə bir vəziyyətdə iqtisadiyyatın güclənməsi, əlavə olaraq vəsaitlərlə təmin edilməsi Azərbaycanın inkişafı üçün çox mühüm rol oynayırdı. Bu cəhətdən baxsaq, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi" bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcək taleyini həll etdi. Bu müqaviləyə sadəcə bir neft müqaviləsi kimi baxmaq lazım deyil. Çünki o zaman, o siyasi şəraitdə həmin geosiyası konteksdə biz baxsaq, ümummilli liderin nüfuzuna əsaslanan belə bir müqavilənin olması məhz Azərbaycan xalqının bütövlükdə növbəti inkişaf yolunun hansı istiqamətdə olduğunu göstərdi. Kifayət qədər dəqiqliklə və incəliklə imzalanmış müqavilənin təfərrüatları, eyni zamanda, həmin an bölgədə olan bütün güclərin bu müqaviləyə cəlb olunması ilə Azərbaycanın müstəqilliyində sanki bir kompromisin əldə olunması böyük siyasi ustalıq tələb edirdi.

Təbii ki, Azərbaycan ondan öncə də ulu öndərin dövründə 1970-80-ci illərdə Azərbaycan neftinin kəşfiyyatı və potensialının yaradılması ilə bağlı xeyli işlər görülmüşdü. Amma o zaman Azərbaycanda texnika və texnologiyanın olmaması, dövlətin yeni müstəqillik əldə etməsi və heç bir iqtisadi rıçaqların olmaması Xəzər dənizində işlərə birbaşa xarici partnyorların cəlb olunmasına və investisiyaların gəlməsini şərtləndirirdi. Atılan bu addım sonradan Azərbaycanın bütövlükdə iqtisadiyyatına 250 milyard dollardan çox investor gətirməsinə səbəb oldu. Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız, orada məhz "Əsrin müqaviləsi"nin dəstəyini və ondan irəli gələn o güclü siqnalları görmək mümkündür".

Millət vəkili Rauf Əliyev isə deyib ki, zəngin neft və qaz yataqlarına malik olan Azərbaycan bütün dünyada "Neft diyarı", "Odlar diyarı" kimi tanınıb. Son illərdə neft sənayesində çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlər əldə olunduğuna diqqət çəkən deputat, əlavə edib ki,  Azərbaycan prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr hər il "Neftçilər günü" peşə bayramı kimi qeyd olunur.

R.Əliyev bildirib ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində "Əsrin müqaviləsi"nin bağlanması ilə yeni neft strategiyasının həyata keçirilməsinə başlanıb: "1994-cü il sentyabrın 20-də imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. 2004-cü ildə Baki-Tbilisi-Ceyhan ixrac neft kəməri istifadəyə verilib. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.

Prezident İlham Əliyev Ümumimilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan yeni Neft strategiyasını uğurla inkişaf etdirir. Ötən ilin sentyabrında "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı SOCAR və BP arasında razılaşma imzalanıb. Bu razılaşmanın imzalanmasının Azərbaycan üçün çox böyk əhəmiyyəti vardır. Azərbaycan iqtisadiyyatına böyük həcmdə xarici investisiya cəlb olunacaq, çoxlu sayda yeni iş yerləri açılacaq.

Prezidentin iştirakı ilə "Cənub Qaz Dəhlizi" nin rəsmi açılış mərasiminin keçirildiyi 29 may 2018-ci il günü Azərbaycan tarixində mühüm tarixi günlərdən biridir.

"Əsrin müqaviləsi" Azərbaycanın XX əsrdə imzaladığı ən böyük müqavilədirsə, "Cənub Qaz Dəhlizi" XXI əsrin nəhəg razılaşmalarından biridir. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycan neft-qaz sənayesi işçilərinin, o cümlədən, mütəxəssislərin, mühəndislərin, fəhlələrin, geoloqların, elmi işçilərin, alimlərin və bu sahədə işləyən digər işçilərin böyük zəhməti və əməkləri vardır".

PƏRVANƏ

 





21.09.2018    çap et  çap et