525.Az

Paşinyan populist bəyanatlarıyla hakimiyyətdəki ömrünü uzatmağa çalışır


 

"PREZİDENT İLHAM ƏLİYEVİN BİLƏSUVARDA İCTİMAİYYƏT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ SƏSLƏNDİRDİYİ FİKİRLƏR ERMƏNİSTANIN YENİ RƏHBƏRLİYİNƏ CİDDİ MESAJDIR"

<b style="color:red">Paşinyan populist bəyanatlarıyla hakimiyyətdəki ömrünü uzatmağa çalışır</b>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Biləsuvar rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə Ermənistanın baş nazirinin sərsəm iddialarına qətiyyətli cavab verib.
 
Dövlət başçısı bildirib ki, Ermənistan indi çox ağır vəziyyətdədir: "Ermənistan ordusu Azərbaycan ordusu ilə rəqabət apara bilməz. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, bundan sonra da verəcəkdir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsgərləri onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Azərbaycan ordusunu daha da gücləndirəcək, öz döyüş qabiliyyətini daha da möhkəmləndirəcək. Hərbi paradda nümayiş etdirilən texniki imkanlar, əsgər-zabitlərin hazırlığı düşmənə yaxşı siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar".

Dövlət başçısının bu fikirləri ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uzun illərdir aparılan danışıqları pozmağa çalışan, regionda vəziyyəti daha da gərginləşdirən Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq mahiyyətli mesaj kimi xarakterizə olunub.

Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Paşinyanın demaqogiyası öz kölgəsini yekə görməkdən başqa bir şey deyil. O, "Trend"ə bildirib ki, bir ölkənin ki, dövlət sərhədində başqa ölkənin əsgərləri keşik çəkir, onun rəhbərinin danışmağa ümumiyyətlə sözü olmamalıdır: "Ermənistanın baş naziri ağzıköpüklü populist bəyanatlar verərkən ilk növbədə düşünməlidir ki, kağız üzərində müstəqil olmasına baxmayaraq, necə bir rəzil ölkəyə başçılıq edir. Əlbəttə, hakimiyyətə yeni gəlib, özü də küçədən gəlib və ona görə də küçə ritorikasından yararlanır. Ancaq hətta bu ampluada olmağı xoşlayan adamı da sərhədində dalğalanan bayrağın digər ölkənin bayrağından aşağıda dayanması faktı incitməlidir, vicdanı sızlamalıdır. Paşinyan Qarabağın işğalının erməni xalqının qüdrəti olmadığını da düşünməlidir. Hər kəs bilir ki, ermənilərin Qarabağ müharibəsindəki uğurunun arxasında hansı qüvvələr dayanırdı və indi də dayanır".

Deputat qeyd edib ki, Paşinyan son günlər səsləndirdiyi sərsəm fikirlərlə onu hakimiyyətə gətirən küçə davranışlarını Dağlıq Qarabağ münaqişəsi üçün də tətbiq etməyi düşünür: "Deməzdim ki, bu, düşünülməmiş addımdır. Paşinyan nələrisə hesablayıb, amma öz səviyyəsinə uyğun. Bu adam bilmir ki, Dağlıq Qarabağ münaqişəsi üzərindən daxildəki gərginliyi azaltmağa hesablanmış gediş edərkən Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdığı metodların tətbiqi onu uçuruma aparır. Onun dedikləri münaqişə ilə bağlı beynəlxalq norma və prinsiplərə qarşı açıq etinasızlıqdır. Paşinyan düşünürsə ki, sərsəmləmələri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa yeni şərtlər diktə edəcək, bunun özü də absurddur. Reallıq budur ki, Azərbaycan hərbi əməliyyatları bərpa etsə, ölkəmiz heç bir halda Qarabağ münaqişəsi üzrə nizamlanma prosesini pozmuş olmaz".

Ə.Amaşov deyib ki, bu baxımdan Prezident İlham Əliyevin Biləsuvarda ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərdə 2016-cı ilin aprel döyüşlərini, Naxçıvandakı uğurlu hərbi əməliyyatları xatırlatması kifayət qədər ciddi mesajdır: "Cənubi Qafqazdakı sabitliyin pozulmasının faktoru kimi çıxış etmək Ermənistanı və erməni xalqını tam iflasa aparan yoldur. Azərbaycan heç bir halda öz torpaqlarının işğalı faktı ilə barışmayacaq. Azərbaycan Cənubi Qafzaqdakı sabitliyin və inkişafın qarantıdır. Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyəti ələ alan Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən sərsəm fikirləri və Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddiaları ilə əslində elə "küçə siyasətçisi" səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut edir. O bildirib ki, Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirib: "Çünki Ermənistanda hamının bildiyi bir həqiqət var ki, əgər havadarları əllərini bu ölkənin üstündən çəksə, Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq. 2016-cı ilin aprel döyüşlərindən Ermənistan əhalisinin əksəriyyəti zəruri əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasətçilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələri ilə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Bunun mümkün olmadığını gördükdə isə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı bəyanatlarını özünə siyasi sipər etmək istəyir".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə yüksəldir:

"Prezident Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı. Prezident İlham Əliyev qeyd etdi: "Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər".

Deputatın sözlərinə görə, yaxşı olar ki, Paşinyan sərsəm açıqlamalar səsləndirmək əvəzinə Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün: "Əks təqdirdə, onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər".

Qeyd edək ki, daha əvvəl Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov məsələyə münasibət bildirərək, Paşinyanın sərsəm bəyanatlarını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirib.

A.Qasımov qeyd edib ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq: "Sarkisyanın diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır".

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov də öz "Facebook" səhifəsində məsələyə münasibət bildirib.

Ə.Həsənov qeyd edib ki, ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil: "Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, "demokratik" Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın "xarici siyasət uğuru" kimi sırımağa çalışır".

PA rəsmisinin sözlərinə görə, qondarma rejimin  "müstəqil dövlət olduğunu" və Azərbaycanın bu "dövlətlə" danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, "sənin oğlun nəyə görə bu "müstəqil dövlətdə" hərbi xidmətdədir?" Ə.Həsənov hesab edir ki, əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir: "Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır".

Ceyhun ABASOV

 





21.09.2018    çap et  çap et