525.Az

"Folklorda məna axtarışı..." müzakirə olundu


 

"Folklorda məna axtarışı..." müzakirə olundu <b style="color:red"></b>

Sentyabrın 20-də AMEA Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin "Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər" mövzusunda elmi seminarı keçirilib.
 
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, KİV nümayəndələri iştirak ediblər.

Seminarı AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri açaraq S.Qarayevin son dövrlərdəki araşdırmalarından söz açıb. Bildirib ki, o, dünya folklorşünaslığının inkişaf tendensiyaları ilə bağlı orijinal, elmi müzakirələrə səbəb olan mühüm tədqiqatlar ortaya qoyub, əsərlər yazıb.

S.Qarayev məruzəsində bildirib ki, folklorda məna konsepti son illər dünya folklorşünaslığının aktual elmi istiqamətlərindən birini təşkil edir. Dünya folklorşünaslığının ümumi inkişaf tendensiyalarına uyğun olaraq müasir mərhələdə Azərbaycan folklorşünaslığında da bu problemin aktuallaşdırılması zəruridir. Alim folklorda "məna" anlayışına üç aspektdən baxmağın mümkün olduğunu deyib: mədəniyyətin özündə məna konsepti, fəlsəfi-psixoloji yanaşma kontekstində məna konsepti, tədqiqatçıların aşkarlama və yaxud şərhlər əsasında müəyyənləşdirdiyi məna konsepti. O, tədqiqatçıların folklor faktında "məna axtarışı" zamanı özünü göstərən məntiq fərqlərini də diqqətə çatdırıb. Strukturalist və psixoanalitik folklorşünasların məna axtarışı konseptini diqqət mərkəzinə gətirən tədqiqatçı vurğulayıb ki, bu nəzəri yanaşmalar müstəvisində folklor faktının mənası onun yaranmasına və aktuallaşmasına təsir edən faktorlar kontekstində dəyərləndirilir.

S.Qarayev bildirib ki, fərqli məktəblərə aid olan tədqiqatçılar əsasən 4 yanaşma üsulundan istifadə etməklə folklor faktının mənasını müəyyənləşdirməyə çalışıblar: Birinci qrup tarixi inkişafın və orijinal formanın rekonstruksiyası ilə mətndən məna çıxarmaq istəyən alimlər qrupunu əhatə edir. İkinci qrupa mətn söyləyicisi və auditoriyanın sosial və mədəni vəziyyətindən məna çıxarmağa çalışan şərhçilər aiddir. Üçüncü qrup folklor faktındakı mənanı düşüncənin tədqiqi ilə əldə etmək istəyən şərhçiləri əhatə edir. Dördüncü qrupa isə mənanı təhkiyə, yaxud konseptual strukturdan əldə etməyə çalışan şərhçilər aiddir.

S.Qarayev sosial-mədəni kontekstin nəzərə alınması şərtilə metaforik-simvolik oxunuş əsasında mənanın aşkarlanmasına nümunə kimi, Azərbaycan ərazisində geniş yayılmış "Yeddi qardaş ilan" haqqında inanc və əfsanə mətnlərini diqqət mərkəzinə gətirib. Məruzəçi bildirib ki, sosial-mədəni davranış və münasibətlərin analizindən aydın olur ki, ilanlarla bağlı mətndə söhbət cəmiyyətin özündə "qardaşın öz qardaşının qisasını almaq məcburiyyətində olması" ilə bağlı dünyagörüşün simvolik ifadəsindən gedir.

Sonda Səfa Qarayev folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında geniş müzakirə aparılıb.

Mövzu ətrafında AMEA Rəyasət Heyətinin elmi katibi Hikmət Quliyev, filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini vurğulayıblar.

 





21.09.2018    çap et  çap et