525.Az

"Aşıq ədəbiyyatı yaradıcılığıma böyük təsir göstərib"


 

KƏLBƏCƏRLİ ŞAİR MƏHYƏDDİN MƏHƏRRƏMOĞLU: "MÜASİR ŞEİR YENİ DÜŞÜNCƏ, YENİ DEYİM TƏLƏB EDİR"

"Aşıq ədəbiyyatı yaradıcılığıma böyük təsir göstərib" <b style="color:red"></b>

- Məhyəddin müəllim, Kəlbəcər Azərbaycanda aşıq eli kimi tanınır. O mühitin yetişmənizdə hansı rolu olub?

- Gözümü açandan saz-söz aləmində, mahir aşıqların məclisində olmuşam. Aşıq Şəmşir, Aşıq Hüseyin, Aşıq Qəmkeş, Aşıq Qardaşxan kimi sənətkarların söylədikləri dastanları, şeirləri heyranlıqla dinləmişəm, bu sənət aləminin ruhuma, qanıma hopması mütləqdir.

Kəlbəcərin Bağlıpəyə kəndində doğulmuşam. Ağdərə rayonunun Çərəktar kəndi (Hazırda Kəlbəcər rayonuna daxildir - C.Q.) bizim kəndə yaxındı. İbtidai məktəbi öz kəndimizdə bitirdikdən sonra Çərəktar kəndində oxumuşam. Orada 7-ci sinfi bitirmişəm, həmin məktəb Kəlbəcər yolunun kənarında yerləşirdi. 

O vaxt Səməd Vurğun Kəlbəcərə gəlmişdi. Həmin vaxt bizim məktəbin qabağında şagirdlərlə görüşmüşdü. Görüşdən evə qayıdanda yol boyu ədəbiyyat, yaradıcılıq barədə düşünürdüm.  Bu görüşdən sonra sanki təbiətə vurulmuşdum. Təbiət məni özünə çəkirdi. Yaradıcılığım da elə ordan başladı.

7-ci sinifi bitirdikdən sonra Kəlbəcər rayonunun Qılınclı kənd orta məktəbinə getdik. Kəlbəcər rayonuyla bizim kənd arasında 15 kilometr yol var. Həftə içi orda qalardıq. Bəziləri yataqxanada qalırdılar, biz ev tutmuşduq. El şairi Sücaətlə bir otaqda qalırdıq. O, məndən aşağı sinifdə oxuyurdu. Şair Əli Mirzəyev ədəbiyyat müəllimimiz idi. Məktəbdə yaradıcılıq dərnəyi yaratmışdı. Kim şeir yazmağı bacarırdısa, onu təşkil etdiyi ədəbiyyat dərnəyinə yazmışdı. Həmin dərnəyə ilk dəfə biz üzv olduq. Məktəbin divar qəzetində şeirlərimiz çıxırdı. Sücaət, İmran, Ələsgər, mən və başqaları fərqlənərdik.

Məktəbi bitirənə qədər, yəni 8-9-10-cu siniflərdə oxuyanda Kəlbəcərin "Yenilik" qəzetində şeirlərim çıxmağa başlamışdı. Kəlbəcərin "Yenilik" qəzeti tərkibində "Dəli Dağın nəğmələri" ədəbi birliyi vardı. Şair Şamil Əsgərov (Dəlidağ) bu birliyə rəhbərlik edirdi. Həmin birliyin üzvlərindən biri də mən idim. Qılınclı orta məktəbini  bitirdikdən sonra şeir məni çəkib apardı həmin qəzetə. Bir müddət orda müxbir işlədikdən sonra Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil oldum. Filologiya fakültəsinə... İnstitutun orqanı olan "Kirovabad kommunisti" qəzetində tez-tez şeirlərimi dərc edirdilər. Daha sonra mərkəzi mətbuata qədər yol aldım, tanındım (gülür).

- Kimlərdən dərs almısız?

- Orta məktəbdə Aşıq Şəmşirin oğlu Ələsgərlə bir sinifdə oxumuşuq. Tez-tez onlara gedirdim, Şəmşir əmiylə çox sıx əlaqəm vardı. Şeirlərimi oxuyurdu, təhlil edirdi. Sonra elə oldu ki, Gəncədə oxuduğum illərdə ədəbi mühitə qovuşdum. Yazıçı Qərib Mehdiyev, Aslan Məmmədov, Məmməd Alim və başqaları ilə tanış oldum. 1965-ci ildən pedaqoji fəaliyyətə başladım, Ağdaban kəndində 7 illik məktəbə ədəbiyyat müəllimi təyin edildim. Bakıya getdim, Məmməd Aslanla görüşdüm. O zaman Məmməd Aslan Məmməd Arazla birlikdə "Azərbaycan təbiəti" jurnalında işləyirdilər. Bütün Azərbaycanda yayımlanan ilk şeirim həmin jurnalda nəşr olundu. Sonra "Azərbaycan müəllimi"ndə çap edilməyə başladım. Beləliklə, Bakının ədəbi mühitiylə tanışlığım başladı. Şəmşir əmi hər Bakıya gələndə mənimlə görüşər, sənət barədə danışardıq. "Azərbaycan gəncləri" qəzetində şeirlərim çıxdı. Elə təxmini həmin vaxtlardan sonra mərkəzi mətbuatda nəşr olunmağa başladım.

Sonra elə alındı ki, kitab nəşr etdirə bilmədim, imkan olmadı. Daha doğrusu, necə deyərlər, qolumdan tutan olmadı. Bayaq dediyim kimi, hələ Kəlbəcərdə olanda "Dəlidağın nəğmələri" ədəbi birliyinin fəal üzvü idim. Elə bu dərnək vasitəsilə ədəbi mətnlərin yazılma formasını öyrəndik, nəzəri cəhətdən zənginləşdik, müəyyən qaydalardan xəbərimiz oldu, yaradıcılığımızda xeyli dönüş yarandı. Sonra yavaş-yavaş yazılarımız oxucuların xoşlarına gəlməyə başladı. Ardınca da köçkünlük... Yerimiz-yurdumuz dəyişdi...

Kəlbəcərli illərim məktəbli uşaqlarla keçdi: Ağdaban, Laçın, Şurtan  kəndlərində müəllim işlədim. 1970-ci ildən Şorbulaq orta məktəbinə direktor təyin edildim. 1993-cü ilə qədər orada işlədim, sonra köçkünlük həyatı başladı.

- Yaradıcılığınıza ən çox yön verən nədir?

- Yaradıcılığıma ən çox təsir edən təbiət gözəllikləridir. Elə insanlarla dost idim ki, o şairlər özləri təbiət gözəllikləriydi. Məmməd Aslan, Xudu Məmmədov, Məmməd Araz, Şahmar Əkbərzadə və başqaları... Mingəçevirə gələndən sonra Azərbaycan Yazıçılar Birliyinin filialını yaratdıq. Çox gözəl fəaliyyət göstəririk, jurnal nəşr edirik. Filialın rəhbəri İsmayıl Mərcanlıdır, jurnalın adı da "Bənövşə". Əvvəl qəzet buraxırdıq, sonra keçdik jurnala. Bundan əlavə, almanaxlar da nəşr edirik.

- İlk kitabınız çox gec nəşr olunub.

- Başımıza o qədər müsibət gəldi ki... Kitab hayında deyildik. Nəhayət, 1999-cu ildə ilk şeirlər kitabım nəşr olundu. 2006-cı ildən Yazıçılar Birliyinin üzvüyəm. "Qızıl Qələm" mükafatçısıyam.

2007-ci ildə ikinci kitabım nəşr olundu. Ardınca üçüncü, dördüncü gəldi... İndi də beşinci kitabı çapa hazırlayıram. Birinci kitabım kiril əlifbasıyla buraxılmışdı. İstəyirəm onu yeniləyib latın qrafikasıyla nəşr etdirim. Bundan əlavə, yeni şeirlərimi kitab halına salmaq fikrindəyəm.

- Kəlbəcərin işğalı bir yaradıcı insan kimi sizə necə təsir etdi?

- Bu təsiri kitablarımı kim oxusa, görər. Şəhidlər haqqında şeirim çoxdur. Kəlbəcər dağı, Kəlbəcər həsrəti, necə deyim, bütün həyatım orayla bağlıdır. Kəlbəcərsiz nəfəs almaq çətindir.

- Kimlərdən təsirlənirsiz?

- Aşıq ədəbiyyatı yaradıcılığıma böyük təsir göstərib. Aşıq Ələsgəri bəlkə 20 dəfə oxumuşam. Bir ədəbiyyatçı kimi aşıq ədəbiyyatına meylliyəm. İlk şeirlərim də heca vəznində aşıq ədəbiyyatı stilində - qoşma, gəraylı və s. olub. Ancaq Nizamini, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, dünya ədəbiyyatını da oxuyandan sonra istiqaməti dəyişdim. Əruzda, sərbəst vəzndə yazmağa başladım. İndi nə qədər bacarmışam, onu oxucular deyər. Sərbəst vəzndə özümü daha yaxşı ifadə edirəm. Son kitabımda da bu cür şeirlər çoxdur.

- İstisnalar qaydaları dəyişmir deyə, misal var. Amma həmişə bütün qaydaları istisnalar pozub. Ədəbiyyat da praktikayla zənginləşir. Sizcə, növbəti yeniliklər üçün keçmişdən aralanmaq lazım deyilmi?

- Müasir şeir yeni düşüncə, yeni deyim tələb edir. Bu faktdır. Amma bir məsələ var ki, Azərbaycan xalqının nümayəndəsiyik, Azərbaycan ədəbiyyatını yaradırıq. Bu nöqteyi-nəzərdən dilimizdəki musiqi janrı, musiqi axını ədəbiyyatımızdakı şeir ritmi gərək xalqın qəlbinə uyğun olsun.

- Anton Çexov deyir ki, milli vurma cədvəli olmadığı kimi, milli ədəbiyyat da yoxdur. Yəni ədəbiyyat bəşəri anlayışdır, "bu, Azərbaycan ədəbiyyatıdır, biz bu cür yazmalıyıq" deməklə onu məhəlliləşdirmirik?

- Bəli, elədir, məhəlliləşdirmək lazım deyil ədəbiyyatı. Ancaq insan insandır. İnsan ruhu elədir ki, hansı millətdən olmasının heç fərqi yoxdur. Görürsünüzmü bizim hansısa incəsənət nümunəmiz xaricdə nə qədər sevilir... Niyə sevilir? Çünki ritmi, axarı, qəlbə yatımlılığı xalqı özünə cəlb edir. Xarici musiqilər var ki, bəziləri xoşuma gəlmir. Ürəyimə yatmır. Amma elə xarici musiqilər var, başa düşməsəm də, mənə zövq verir. Musiqi o demək deyil ki, ritmi yüksək olsun. Söhbət ritmdən getmir. Düzdür, ritm də lazımdır. Ancaq elə musiqilər var, insanın daxilinə hopur, yağ kimi yayılır...

- Daha çox nələri mütaliə edirsiniz, kimləri oxuyursunuz?

- Rus dilini bilmədiyim üçün tərcümələri oxuyuram. Əsasən, poeziya nümunələrini, böyük şairləri. Şekspir, Yesenin, Puşkin, Krılov, Cek London. Onlardan başqa da oxuduqlarım var, adları yadımda qalmayıb. Ümumiyyətlə, hansı əlimə keçirsə, xoşuma gələndə yerə qoymuram.

- Bəs bizim gənclərdən kimlərisə oxuyursunuz?

- Bizim Kəlbəcər şairlərindən Elşən Əzim, Əlövsət Məmmədov, Yusif Hüseyn. Yaddaşım daha əl vermir, adlarını xatırlamıram, amma çoxdular. Adları yadımda qalmasa da, bilirəm, kim necə yazır.

- Bəzi ədiblər yazdıqca tükənirlər. Bəs sizdə elə olub ki, nəsə mövzu qıtlığı yaşamısınız, yazmağa heç nə tapa bilməmisiniz?

- O məndə yoxdu. Məndə belə olur ki, məsələn, harasa gedirəm, xüsusən, tək olanda, bir də görürsən, fikir girdi beynimə, yapışdı yaxamdan. Yazmasam, əl götürmür (gülür).

- Daha çox hansı mövzulara toxunursuz?

- Vətən həsrəti... Bundan uzaq dura bilmirəm. İkinci mövzu məhəbbətdir. Xüsusilə, keçmiş məhəbbətin tərənnümü, etiraflar... Üçüncü mövzu vətənpərvərlik, əsasən, dövlətimizin gördüyü işlərdir. Şəhərlərimizin böyüməsi, ölkəmizin güclənməsi, inkişafı... Yazmaq istədiyim mövzular lap çoxdur. Ömür vəfa etsə, hamısını həyata keçirəcəm.

Cavid QƏDİR

 





21.09.2018    çap et  çap et