525.Az

İlham Əliyev: “Ermənistana qarşı sanksiya tətbiq edilməsinin vaxtı gəlib çatıb”


 

“DÜŞMƏN ÖLKƏ BEYNƏLXALQ HÜQUQ NORMALARINI KOBUD ŞƏKİLDƏ POZDUĞUNU, İŞĞALÇILIQ SİYASƏTİ YÜRÜTDÜYÜNÜ, DİKTATURA QURULUŞUNA MALİK OLDUĞUNU AÇIQ ŞƏKİLDƏ GÖSTƏRİR”

<b style="color:red">İlham Əliyev: “Ermənistana qarşı sanksiya tətbiq edilməsinin vaxtı gəlib çatıb”</b>

Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin yaradılması və paytaxt Bakının yadelli işğalından azad edilməsinin ardınca, dünən ölkə parlamentin əsasının qoyulmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.

Bu münasibətlə Azərbaycana dəvət olunmuş çoxsaylı xarici ölkə parlamentariləri, beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə Milli Məclisdə keçirilən xüsusi iclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, həmin dövrdə həyata keçirilən dövlətçilik fəaliyyətinin əhəmiyyəti barədə geniş nitq ilə çıxış edib.

Prezident Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıraraq, xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib.

Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirib: “Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olub. Bunun əsas səbəbi ondan ibarətdir ki, o, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxıb və insanların rifah halı böyük dərəcədə yaxşılaşıb. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra o, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi”.

Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı işğalçının ölkənin dinc azərbaycanlılara qarşı törətdiyi təcavüzkarlıq faktları, soyqırımı və qətliamlar barədə xarici qonaqlara məlumat verib, Ermənistanın münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymadığını, işğalçılıq siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Prezident vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək: “Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.

Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırıb.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlküəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üvzü Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən xüsusi iclasda 43 ölkədən 500-ə qədər qonaq iştirak edib: “Qonaqların sırasında parlament sədrləri, sədr müavinləri, deputatlar və beynəlxalq təşkilat nümayəndələri var idi”.

A.Mirzəzadə bildirib ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin geniş maraq  doğuran çıxışı ilə başlayıb: “Ölkə prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin, onun parlamentinin yaranma tarixi, fəaliyyəti, onların üzləşdiyi çətinliklərdən danışıb, həmin dövrdə əldə olunan müstəqilliyin Azərbaycan xalqının haqqı olduğunu vurğulayıb. Təəssüflə qeyd olundu ki, 20-ci əsrin əvvəllərində Xalq Cümhuriyyətinin müstəqilliyini qoruyub saxlamaq mümkün olmayıb və Azərbaycan xalqı başqa bir dövlətin tərkibində yaşamalı olub. Müstəqilliyin bərpasından sonra, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan parlamenti sürətlə formalaşmağa başlayıb və nəticədə parlamentimiz dövlətçiliyin möhkəmlənməsində, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasında böyük rol oynayıb. Bu mənada, iclasdakı çıxışında Prezident İlham Əliyev Azərbaycan parlamentinin fəaliyyətinə yüksək qiymət verdiyini bildirib. Təbii ki, Milli Məclisin üzvləri üçün prezidentin dilindən bu sözləri eşitmək olduqca xoşdur”.

Deputatın sözlərinə görə, dövlət başçısı, həmçinin, Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyi yüksək nəticələrə toxunub: “Bildirilib ki, bu gün Azərbaycan iqtisadi rəqabət göstəricilərinə görə, Azərbaycan beynəlxalq reytinqlərdə yüksək pillələrdə dayanır”.

Prezident İlham Əliyevin çıxışının əhəmiyyətli hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr etdiyini deyən A.Mirzəzadə əlavə edib ki, bu gün Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi ölkəmizin inkişafına ciddi təsir edib. Eyni zamanda, bu, düşmən ölkənin inkişafdan qalmasıyla nəticələnib: “Bu mənada, 43 ölkə və çox sayda beynəlxalq təşkilatın nümayəndələri öz ölkələrinə Azərbaycan həqiqətləri haqqında tam məlumatla qayıdıblar”.

“Prezident Azərbaycandan kənarda Dağlıq Qarabağın heç bir status qazana bilməyəcəni vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, Ermənistan bu gün beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu, işğalçılıq siyasəti yürütüdüyünü, diktatura quruluşuna malik olduğunu açıq şəkildə göstərir. Bu gün Paşinyan hakimiyyətinin danışıqları pozmaq cəhdləri, siyasi rəqiblərinə qarşı təzyiqlərdən istifadə etməsi Ermənistanın yeni rəhbərliyinin sələflərindən heç nə ilə fərqlənmədiyini ortaya qoyur”, - deyə deputat bildirib.

A.Mirzəzadə deyib ki, həm iclasdan əvvəl, həm də sonra xarici qonaqlar Azərbaycanı özləri üçün yenidən kəşf etdiklərini, Dağlıq Qarabağ məsələsi barədə məlumatlarının daha da genişləndiyini xüsusi vurğulayıblar: “İclasın ikinci hissəsində 40 nəfər xarici ölkə nümayəndəsi çıxış edib. Onlar Azərbaycanı təbrik edib, ölkəmizlə dostluqdan məmnunluq hissi duyduqlarını bildiriblər. Eyni zamanda, xarici qonaqlar Azərbaycandan bir çox sahələrdə öyrənməli olduqları məsələlərin olduğunu qeyd ediblər”.

Deputatın fikrincə, parlamentin yaradılmasının 100 illiyi münasibətilə yüksək səviyyədə keçirilən tədbir bir daha bütün dünyaya göstərib ki, bundan sonra da Azərbaycan xalqı öz dövlətçiliyini böyük əzmlə qorumağa davam edəcək.

Ceyhun ABASOV

 





22.09.2018    çap et  çap et