525.Az

Binəli Yıldırım: “Özümü bakılı sayır və Milli Məclisin üzvü kimi hiss edirəm”


 

AZƏRBAYCAN PARLAMENTİNİN 100 İLLİYİ İLƏ BAĞLI PARLAMENTİN XÜSUSİ İCLASINDA ÇIXIŞ EDƏN XARİCİ PARLAMENTARİLƏR ÖLKƏMİZİN MÜSTƏQİLLİK İLLƏRİNDƏKİ UĞURLARINDAN BƏHS ETDİLƏR

<b style="color:red">Binəli Yıldırım: “Özümü bakılı sayır və Milli Məclisin üzvü kimi hiss edirəm”</b>

Sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illiyinə həsr olunmuş Milli Məclisin (MM) xüsusi və təntənəli iclası keçirilib.

İclasda ölkə Prezidenti İlham Əliyev, həmçinin, bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətləri, millət vəkililləri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Azərbaycan prezidenti  xüsusi iclada geniş nitq söyləyib. Nitqini başa vurandan sonra dövlət başçısı parlamentin binası önündə millət vəkilləri və iclasda iştirak edən qonaqlarla birgə xatirə şəkili çəkdirib. Sonra xüsusi iclas öz işini davam etdirib.

“Mən qarşınızda xitab edərkən, özümü Azərbaycan Milli Məclisinin üzvü kimi hiss edirəm. Mən Türkiyə parlamentində İzmiri təmsil edirəm, eyni zamanda, İzmirlə Bakı 1985-ci ildən qardaşlaşmış şəhərlərdir. Mən arazımızdakı qardaşlıq hüququna dayanaraq, özümü həm də bakılı sayıram” - deyə, çıxışına başlayan  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın  sözləri millət vəkilləri tərəfindən böyük alqışlarla qarşılanıb. Yıldırım sonra çıxışında Xalq şairi Sabir Rüstəmxanlının vətənə həsr etdiyi şeirindən bir bəndi söyləyib. O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun tarixindən qısaca bəhs edərək deyib ki, Azərbaycanın bugünkü inkişafında MM-in də rolu danılmazdır: “Azərbaycan tarixində ikinci dəfə - 1991-ci ildə öz siyasi istiqlaliyyətinə qovuşduqdan sonra böyük bir inkişaf və iqtisadi yüksəliş gerçəkləşdirib. Bakının küçələrində gəzərkən bu fərqi görmək mümkündür”. TBMM-in sədri çıxışı zamanı dövlət başçısı - mərhum Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi inkişafın Cənubi Qafqazda sülhə və inkişafa böyük təsir göstərdiyini də xüsusilə vurğulayıb: “Türkiyə tarixin hər dönəmində Azərbaycanın yanında olub, öz milli mücadiləsini verdiyi illər də daxil olmaqla, Azərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. Zaman-zaman bir-birimizdən uzaq düşsək də, bağlarımız, əlaqələrimiz heç qopmadı”.

Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim çıxışında Azərbaycan xalqını parlamentin yaradılmasının 100 illiyi münasibətilə Küveyt xalqı adından təbrik etdiyini bildirib. “Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq” - deyən, Küveyt Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub, ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var.

ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli öz növbəsində xatırladıb ki, Azərbaycanda ilk parlament 100 il bundan əvvəl yaradılıb: “Bu tarix Azərbaycan xalqının inkişafa, çiçəklənməyə nə qədər sadiq olduğunu nümayiş etdirir. Biz bu tarixi nəzərdən keçirərkən görürük ki, bu, yalnız tarixi nöqteyi-nəzərdən deyil, gələcək üçün çox böyük əhəmiyyət kəsb edir”. Onun dediyinə görə, AXC-nin qurulması müasir Azərbaycanın yaranmasına, onun güclənməsinə, ölkədə müxtəlif sahələrin inkişafına, ölkənin iqtisadi və maddi suverenliyinin möhkəmləndirilməsinə öz töhfəsini verib. G.Tsereteli bildirib ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri çox böyükdür: “Bu müasir “Alov qüllələri”nin kölgəsində dayandığımız zaman biz Azərbaycan irsini artıq hiss edə, Azərbaycanın müstəqillik tarixində əldə etdiyi nailiyyətləri görə bilərik. Müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin iqtisadi nöqteyi-nəzərdən inkişaf edib regionda vacib bir ölkəyə çevrilməsinə öz töhfəsini verib”.

Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bob Bləkmən də bildirib ki, Azərbaycan parlamentinin 100 illik yubileyinin qeyd edilməsi böyük tarixi əhəmiyyətə malik hadisədir: “Azərbaycanda 100 il əvvəl qadınlara seçki hüququ verilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu, lakin Azərbaycan xalqı 70 ildən sonra öz müstəqilliyini bərpa etdi”. Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayan B. Bləkmən deyib ki, Britaniya Azərbaycan iqtisadiyyatında yaxından iştirak edir: “Bu gün Azərbaycan-Britaniya əlaqələri müxtəlif sahələrdə genişlənir. Keçirilən yüksək səviyyəli görüşlər də əlaqələrimizin möhkəmlənməsində mühüm rol oynayır. Bu gün demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib. Ölkə mühüm beynəlxalq tədbirlərə, o cümlədən, “Eurovision” mahnı müsabiqəsinə, Avropa Oyunlarına, Formula 1 yarışlarına uğurla ev sahibliyi edib. Mən son 8 il ərzində Azərbaycanda 6 dəfə olmuşam və ölkədəki inkişafın canlı şahidiyəm”. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan  münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə edən Böyük Britaniya parlamentinin deputatı deyib: “Uzun müddətdir davam edən bu münaqişə qısa müddətdə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Xüsusi iclas başqa bir neçə çıxışla öz işini başa vurub.

Kamil HƏMZƏOĞLU

 





22.09.2018    çap et  çap et