525.Az

Anar: “Əkrəm Əylisinin səhhəti ilə bağlı xahişinə diqqətlə yanaşılmasını arzu edirəm”


 

Anar: “Əkrəm Əylisinin səhhəti ilə bağlı xahişinə diqqətlə yanaşılmasını arzu edirəm” <b style="color:red"></b>

“Yeni Müsavat” qəzetinin 21 sentyabr taxixli sayında yazıçı Əkrəm Əylisli ilə müsahibə dərc olunub.

“525”in müxbiri müsahibə ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın münasibətini öyrənib. AYB sədrinin fikirlərini oxuculara təqdim edirik: 

- Əkrəm Əylislinin müsahibəsi ilə tanış olmuşam. Öncə onu deyə bilərəm ki, özü dediyi kimi, səhhətində problemlər olduğundan çox üzüldüm. İstərdim ki, onun müalicəsi üçün lazımi şərait yaradılsın. 80 yaşlı Əkrəmin guya gənc idmançıya əl qaldırması inandırıcı məsələ deyil. Ə.Əylislinin hörmətli Baş prokuror Zakir Qaralova bununla əlaqədar yazdığı məktuba müsbət cavab veriləcəyinə inanmaq istəyirəm. Son əsərlərindən olan bədnam “Daş yuxular” romanını çıxmaq şərtilə Ə.Əylislinin yaradıcılığı müasir ədəbiyyatımızda önəmli yer tutur. Bu, danılmaz həqiqətdir.

Bununla belə, Ə. Əylislinin cavablarında bir neçə mübahisəli məqamlar da var. Rəhmətlik Yusif Səmədoğlunu, Elçini, məni öz gənclik dostları saymaqda haqlıdır. Amma bu dostluğun pozulmasında kimin təqsirkar olduğunu boynuna götürmür. İllər boyu Yazıçılar İttifaqının yaşlı rəhbərləri ilə işləyən Əkrəm Əylisli heç zaman bu təşkilat haqqında, onun rəhbərləri haqqında bir tənqidi fikir söyləmədiyi halda Birliyə onun dost saydığı Yusif Səmədoğlu, Fikrət Qoca, Anar rəhbərlik etməyə başlayandan sonra buranın fəaliyyətinə və onun rəhbərlərinə əsassız hücumlara başladı və hətta təhqirlərə əl atdı.

Əkrəm yubileyi ilə bağlı suala da yenə köhnə dostlarını alçatmaq cəhdi ilə cavab verir. Şəxsən mən Əkrəmin daha əvvəlki yubileylərində onun haqqında geniş yazılar yazmışam. Keçən ilin dekabrında keçirdiyim ağır qəlb əməliyyatı nəticəsində onu təbrik etmək imkanım olmayıb. Bəs müxbir niyə sual vermir ki, siz Əkrəm Əylisli Yusifi, Fikrəti, Elçini hər hansısa yubileyləri münasibətilə təbrik etmisinizmi, ümumiyyətlə, onlar haqqında haçansa bir xoş söz demisinizmi?

Bu yaxınlarda Elçin, Fikrət Qoca və mən Əkrəm barəsində söhbət etdik. Dedik ki, hər şeyə rəğmən Əkrəmə zəng edək, görüşək, danışaq. Amma dərhal düşündük: Əkrəm bunu belə qələmə verəcək ki, guya biz bunu yuxarıların tapşırığı ilə edirik. Nə etməli, hərə öz arşınıyla ölçür.

Bununla belə, Əkrəmin səhhəti ilə bağlı xahişinə diqqətlə və qayğıkeşliklə yanaşılmasını arzu edirəm. Əkrəm isə “daş yuxular”ını ətəyindən töksün, əvvəllərdəki kimi ədəbiyyatımızda layiq olduğu yeri tutsun.

Allah Əkrəmə şəfa versin!

İSGƏNDƏR

 





22.09.2018    çap et  çap et