525.Az

Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - Son hissə


 

Sənətdə dəniz obrazı: dalğalı duyğular mozaikası - <b style="color:red">Son hissə </b>

Artıq neçə gündür yaydan yenicə çıxan biz insanlar kimi hava da “başını itirib”. Qızmar günəşli, bol istili yay biçarə havanın yaxasını bir tərəfə, təbiətin sarı gəlini, xəzan donlu, “başı dumanlı”, “gözü yaşlı” payız isə o biri tərəfə çəkir.

Nəhayət, bu günlərdə yay “rəsmi” şəkildə öz yerini - payıza təhvil verir.

Nə olsun ki, payızdır, dənizi unuduruqmu? Əlbəttə, yox! Yayda dənizi hər kəs sevər. Eşq isə çoxluğun edə bilmədiyini edib azlardan ola bilməkdir. Dənizə filmlər çəkildi, şeirlər yazıldı, rəsmlər həsr olundu. Bəs musiqi? Cəmi yeddi notla sonsuz sayda səslərə həyat verən bəstəkarlar bu gözəlliyə biganə qalarmı? Təbiətin canlı musiqisi dənizin notlardakı əksi də maraqlı və cazibəlidir. Elə bu səbəbdən dalğaların üzərindəki uzun müddətli səyahətimizi “Musiqi” adlı limanda sonlandıraq.

Payız ki gəldi fonda yenə eyni musiqi səslənir:

“Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz”.

İlk dəfə müğənni Xədicə Abbasovanın ifasında eşitdiyim, Xalq şairimiz Fikrət Qocanın sözlərinə unudulmaz Emin Sabitoğlunun bəstələdiyi bu mahnı da payızda dənizin qəribsədiyini deyir. İnsan izlərinə yadırğayan sahillər, yağmurla öpüşən dalğalar özü ən gözəl şeir, ən gözəl musiqidir əslində.

Milli musiqimizin ən gözəl yerlərindən birini də dəniz qoxulu mahnılar tutur. Bu yazını harda oxuyursunuzsa, özünüzə rahat və huzurlu bir yer seçin, arxaya söykənin və təqdim edəcəyimiz siyahıdan istədiyiniz mahnıları dinləyib zövq almağa hazır olun. Hələ pürrəngi çay, ya da isti qəhvə də olsa, lap yerinə düşər...

Mübariz Tağıyev “Xatirə”, Müslüm Maqomayev “Mavi sonsuzluq, “Yuxu” qrupu “Xəzərin sahilində”, Şövkət Ələkbərova “Dalğalar”, Eyyub Yaqubov “Mənə dəniz verin”, “Rast” qrupu” “Kaş ki mən dəniz olaydım”, Yaqub Zurufçu “Dəniz”, Abbas Əhməd “Ürəyim yanar”, Elton Hüseynəliyev “Dəniz”, Ceyhun “Dəniz” mahnılarında dənizin müxtəlif obrazları ilə qarşılaşırıq. Əgər bu mahnılarda dəniz huzurunu duyuruqsa, İlqar Xəyalın çılğın səsi “Tufanla oynama” deyərək insan xisləti ilə dənizin vahiməsini qarşılaşdırır.

Azərin “Çırpınırdı Qara dəniz”, Aybəniz Haşımova “Sənsən Xəzərim”, M.Tağıyev “Dənizçilər var olsun” marşı, “Qaya” qrupu “Neft Daşları” kimi mahnılarda isə millilik, türklük, vətənpərvərlik hissləri təbliğ olunur.

“Limanlar ayrı salar ümidsiz sevgiləri
Limanlar qovuşdurar yol gözləyən gözləri” -

- deyən ölməz sənətkar Mirzə Babayev uzaq sevgiləri, ayrılıqları, həsrəti həzin musiqinin fonunda insanın qulağına deyil, ürəyinə pıçıldayır sanki.

Həsrət qoxulu limanlar Aygun Kazimovanın “Matros”, Röyanın “Gəmiçilər” mahnısında isə məzəli şəkildə yad edilir. 

Öz doğma sahilimizdən uzaqlaşmağa hazırlaşarkən Xalq artisti, əvəzolunmaz sənətkar Alim Qasımovun giley dolu səsini eşidirəm:

Niyə çıxdıq yola biz,
Dəli olub bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...

Sözləri Baba Vəziroğluna, musiqisi Kamala aid bu füsunkar sənət əsərində dəniz, ada, sevgi, bunları bir-birinə birləşdirən, hisslərin ən pik həddi - dəlilik sehrli bağla bir-birinə elə bağlanıb ki, insanın gözlərini yumub xəyal etdiyi mənzərənin içərisində bir-birindən heç cür ayrılmırlar. Bu mənzərədə giley-güzar da var, peşmanlıq da var, qorxu da var. Amma eşq bunların hamısından yuxarıda, ən üst pillədə yerləşir. Onu bir dəniz kimi o peşmanlıqlardan, qorxulardan ayıran, öz qoynunda mühafizə edən isə xatirələrdir.

lll

Türk musiqisi dənizə məhəbbət məbədi kimi baxır. Biz “necə böllük biz dənizi, aldatmayaq bir-birimizi” - dediyimiz halda, onlar hələ də sevgiləri uğruna dənizi quruda, dənizi sevdiyinə hədiyyə edə biləcəklərinə inanırlar.

Ax bu sevgi... Onu elə dalğalardan öyrənmək gərək:

Əgər könüllərdə sevgiyə yer yoxsa,
Eşqdən söz etməyi burax dalğalara.

(Dilək Türkan, “Qəlbimdəki dəniz”)

Çiskinli payız axşamında Haluk Levent “Dəniz üstü”, “Balıqçı”, Kazım Koyuncu “Dənizdə qaraltı var”, “Atın məni dənizlərə”, Bülənt Ortaçgil “Dənizə doğru”, Ləman Sam “Hoşcakal, Kardeşim Dəniz”, Yaşar Qurd “Dəniz fanarı”, Əhməd Qaya “Birazdan kudurur deniz”, Göksəl “Dənizə buraxsam”, Tanju Okan “Dəniz və Mehtap” mahnıları ilə sizi o sahillərə, günəşin nuruyla isinmiş dalğaların qoynuna, hər birimizin heç olmasa bircə sevdiyini belə qoynunda gizləyən o uzaqlara aparacaq.

Dəniz dünyadır, kainatdır, sonsuzluqdur. Bu sonsuzluq dünya musiqisində də ən gözəl sənət əsərlərinin yaranmasına səbəb olub. Hələ yorulmamısınızsa o sahillərə də “baş çəkək”.

Bobby Darinin səsiylə dəniz təbiətinin ən gözəl təsvir olunduğu “Dəniz kənarında bir yerdə” mahnısı sizə sahil qumlarının üzərində gəzinti hissini yaşadacaq. Ehtiyatlı olun, sahil yayın istisini hələ də öz canında saxlamış ola bilər.

Sahil gəzintiniz bitdimi? İndi isə okeanın dərinliklərinə səyahətə nə deyirsiniz? İrving Berlinin 1932-ci ildə səsləndirdiyi, mətnində dənizlə bağlı bütün kəlmələrin keçdiyi əfsanə “Okeanın dərinliyi necədir?” və “Bitlz” qrupunun “Sarı Submarin” mahnıları sizə məhz bunu - su altına səyahəti vəd edir. Bəlkə də dənizin sirli-sehrli təbiətini anlamağın tək yolu budur, kim bilir?

Cek Consonun “Yalnız Okean” mahnısı isə üzünüzə təbəssüm qonduracaq.

“Kooks” qrupunun ölməz “Dənizkənarı” mahnısı sahildə yaşanan sadə bir məhəbbət macərasından bəhs edir.

“Mənə Ölü dəniz kimi olduğumu söyləmişdin,
Məndən sonra əsla batmayacaqsanmı?” -

- sözləri əhvalınızı korlaya bilər, amma bu, “Lumineers” qrupunun “Ölü dəniz”indən zövq almağınıza mane olmayacaqdır.

“İndi dənizçilərin ağladığını, dəniz qoxusu duyduğunu və göy üzünü hiss etdiyini” xatırlayan Van Marrison sizdən ruhunuzun mistik dünyaya uçmasına izin istəyir. “Mistika içərisində” (“Into The Mystic”) mahnısıyla sizi məhz bu mistik səyahət gözləyir. Əlbəttə, əgər siz o izni versəniz!

Haevnın “Dəniz”i qızmar yayın istisini hələ də özündə saxlayıb:

“Həyatımızı dənizə satırıq,
göy işıqları çimərlikdən çıxır”.

İna Vroldsen “Dəniz” (“Sea”) mahnısında dalğalarla insanların qarşılıqlı sevgisini, sədaqətini ifadə edir: “Dəniz adamları dənizə dönür” deyərək.

Məşhur rus müğənnisi Lolita “Sən mənim dənizimsən” deyir.  Aleksandr Panamarov isə özünün ritmik “Dəniz”i ilə sizə şən anlar yaşadacaq.

Soyuq payız günündə, isti qəhvəni, gözəl dəmlənmiş çayı udumlarkən dinlədiyiniz bu mahnılar otağınıza dəniz qoxusunu gətirə bilər. Amma unutmayaq, dəniz hər zaman bizim yolumuzu gözləyir. Payızın soyuğuna, yağışına baxmadan hərdən ona baş çəkək!

 





22.09.2018    çap et  çap et