525.Az

Kamal Abdulla: “Bizim çox ciddi, işıqlı potensialımız var”


 

Kamal Abdulla: “Bizim çox ciddi, işıqlı potensialımız var”<b style="color:red"></b>

Bütün zamanlarda daim yüksələn və yeni keyfiyyətlər hesabına zənginləşən sivilizasiyaya inteqrasiyanın yeganə açarı elmdir.

Təhsil, elm, bilik olmadan sivilizasiya yarana bilməz və o, həyatın bütün sahələrini əhatə edir, sivilizasiya mühitini formalaşdırır. İnsanın zehni əməyi, yaradıcı fəaliyyəti, hər cür münasibətlərin təkamülü, yeni-yeni keyfiyyətlər qazanması təhsildən, maariflənmədən, elmi-nəzəri biliklərin inkişafından asılıdır. Bu mənada təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Böyük tarixi ənənəsi olan Azərbaycan Dillər Universitetinin son illər qazandığı uğurlar deyilənləri bir daha təsdiq edir. Universitetdə infrastrukturun, maddi-texniki bazanın möhkəmləndirilməsi, elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və dünya təhsil məkanına inteqrasiya istiqamətində çox ciddi addımlar atılıb. 

GÖRÜLƏN İŞLƏR 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla deyir ki, artıq ilyarımdır o, universitetdə rektor vəzifəsini icra edir və Prezident İlham Əliyevin ona göstərmiş olduğu etimadı doğrultmağa çalışır: “Bu müddət ərzində bir çox uğurlar əldə olunub. Görülən işlər az deyil. Ötən tədris ilində nə olduğuna, nələr baş verdiyinə ümumi nəzər yetirmədən, yeni inkişaf perspektivlərini müəyyənləşdirmək məncə, çətin olardı. Ötən tədris ilində baş verən, mənim aləmimdə ən vacib məsələlərdən biri pedaqoji təcrübə ilə bağlı bizim tələbə və müəllimlərimizin qaçqın məktəblərinə getməsi, qaçqın məktəbliləri və kollektivi ilə bir yerdə pedaqoji təcrübəni həyata  keçirməsidir. Bu, çox böyük pedaqoji, hətta deyərdim, siyasi bir hadisə idi. Məcburi köçkün məktəblərinin kollektivi ilə əlaqə belə güman edirəm ki, şagirdlərimizin, tələbələrimizin, gələcək məzunlarımızın, müəllimlərimizin, həm də həmin kollektivlərin həyatında silinməz izlər buraxdı. Bu, çox vacib bir ictimai borcdur ki, bizim müəllimlərimiz onu ləyaqətlə yerinə yetirdilər. Ən əsas məsələ isə ondan ibarətdir ki, biz öz işimizi təkcə tələbələrin o məktəblərə getməsi ilə məhdudlaşdırmadıq. Bizim kafedralarımız, dekanlıqlarımız o məktəblərə getdilər, uşaqlarla, müəllimlərlə əlaqə yaratmağa çalışdılar və buna nail oldular. Biz bunun nəticəsini bura gələn məktəblilərin simasında gördük, məktəb direktorlarının sözlərində eşitdik və əlbəttə, bu, bizim hamımızın birgə əməyinin nəticəsi oldu. Bu, çox böyük bir vətəndaş hünəri idi. Müəllimlərimizin və tələbələrimizin birmənalı şəkildə ora getmək arzuları, həvəs və istəklərinin şahidi olduq. Əminliklə deyə bilərəm ki, işimiz, qurduğumuz bu proyekt universitetin mənəvi inkişafı, mənəvi iqlimi üçün son dərəcə faydalı və lazımlıdır. Ümumiyyətlə, bu addım Azərbaycandakı mənəvi iqlimin daha da möhkəmlənməsi, məcburi köçkünlərlə əlaqənin yaradılması üçün dövlətimizə göstərdiyimiz böyük bir xidmət oldu”. 

MÖHTƏŞƏM PROYEKT 

K.Abdullanın sözlərinə görə, may ayı ərəfəsində böyük bir proyektə başlanıldı. Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan bu proyekt çox möhtəşəm idi. Böyük bir coğrafi və mənəvi məkanı əhatə edirdi: “11 ölkədə və 15 universitetdə biz ulu öndərimizin 95 illik yubileyini keçirdik. Biz sizin iştirakınızla Azərbaycan Dillər Universitetində bu tədbiri başladıq, plenar iclas burada keçirildi. Sonra isə seksiyalar 11 ölkənin universitetlərində baş tutdu. Bizim universitetin göndərdiyi nümayəndələrlə yerli universitetlərdəki həmkarlarımız bir yerdə ulu öndərimizin xatirəsini yad etdilər və onun dünya siyasətində, dünya liderləri arasında yerini dəqiq müəyyənləşdirdilər. Bu, Azərbaycanda ilk belə konfrans təcrübəsi idi. İlk dəfə idi ki, konfransın başlanğıcı bir yerdən başlayırdı, seksiyaları isə 11 ölkəyə səpələnmişdi. Və eyni mövzu ətrafında yaxın istiqamətlər bir-birilə görüşülürdü. Bax, bu mənada ulu öndərimizin 95 illiyi ilə bağlı gördüyümüz iş universitetin tarixinə əbədi yazılacaq bir hadisədir. Son plenar iclasda da həmin universitetlərin rektorlarının - Ukraynadan, İtaliyadan, Rusiyadan, Gürcüstandan, Serbiyadan və başqa ölkələrdən gələn rektorların - burada görüşmələri bizim universitetin intellektual, pedaqoji və elmi bir fokus kimi digər universitetlərlə əlaqəsini həm tənzim edir, həm perspektivləri bir daha ortaya qoyur, eyni zamanda, əlaqələrini möhkəmləndirir. Bu, çox böyük bir hadisə idi və mən güman edirəm ki, bu hadisə onu həyata keçirənlərin də, onu həyata keçirənlərin yanında olanların da yaddaşına əbədi yazıdı”.

DİLLƏR UNİVERSİTETİNİN MƏRKƏZLƏRİ 

Rektor bildirib ki, ADU-nun bir çox mərkəzləri var: “Mən öz qarşıma və həmkarlarımın qarşısına belə bir vəzifə qoydum ki, əgər başqa ölkələrin dilini, mədəniyyətlərini tarixini biz burada təbliğ ediriksə, öyrəniriksə, niyə də həmin ölkədə eyni hadisə güzgü effekti ilə baş tutmasın?! Qarşıya məqsəd kimi qoyduq ki, bu istiqamətdə çalışaq. Dəfələrlə həmin ölkələrin səfirləri ilə görüşdük. Burada bizim mərkəzlərin nümayəndələri iştirak edirlər. Onlar çox ciddi və böyük bir işin altına girdilər. Çində, Serbiyada Azərbaycanşünaslıq Mərkəzi yarandı, Hindistanda, Macarıstanda, Rumıniyada və başqa ölkələrədə də Azərbaycanşünaslıq Mərkəzi yaranmaqdadır. Bu, vətənimiz Azərbaycan qarşısında borcumuzun bir hissəsinin yerinə yetirilməsi, vətəndaşlıq missiyamızın həyata keçməsi deməkdir. Və bunun ən bariz nümunəsini biz öz universitetimizdə Serbiya Mərkəzinin açılışında gördük. Böyük bir iftixar hissi ilə qeyd etmək istərdim ki, bu, Azərbaycan Dillər Universitetinə ölkə prezidenti tərəfindən yeni bir etimadın göstəricisi idi. Prezident öz qonağı olan Serbiya prezidentini məhz bizim universitetə qonaq kimi göndərdi, biz onu burada qarşıladıq, fəxri doktor adına layiq gördük. Eyni zamanda, Serbiya Mərkəzinin açılışında Serbiya prezidentinin özü iştirak etdi. Bu, universitetin çox ciddi siyasi bir addım atması demək idi. Bizdə mərkəzləri olan ölkələrlə də əlaqələrimiz get-gedə artır. Burada mən bizim mərkəzlərin son dərəcə nizamlı, intizamlı və saat kimi dəqiq işləməsini qeyd etməyə bilmirəm. Bu sözlər Yaponiya Mərkəzinə, Koreya Mərkəzinə, İndoneziya Mərkəzinə, Konfutsi İnstitutuna, Frankofoniya Mərkəzinə, Amerika Mərkəzinə aiddir. Bizim mərkəzlərimiz həm səfirliklərlə, həm də universitetlə, tələbələrlə əlaqələrini doğru qururlar. Amma mən istərdim ki, mərkəzlərimizdən daha çox şey gözləyək. Bu mərkəzlər bizim başqa proyektlərimizdə də iştirak etməlidir. Biz tədrisdən əlavə geniş kütlələrə xidmət etmək mexanizmini qurmalıyıq. Təəssüf ki, bunu könül istəyən kimi qurmaq mümkün olmur, haradasa, hansısa maneələr çıxır ortaya, naşılıqlar özünü göstərir, bir az başqa münasibətlər üzə çıxır. Ona görə də həmin mərkəzlərin fəaliyyəti həm də bu istiqamətdə qurulmalıdır”.  

ADU-da YENİ FAKÜLTƏ: İXTİSASARTIRMA FAKÜLTƏSİ

K.Abdulla bildirib ki, universitet tarixində ən maraqlı və yaddaqalan hadisələrdən biri də yeni fakültənin - İxtisasartırma fakültəsinin yaradılması oldu: “Bildiyiniz kimi, müəllimlərimizin daima inkişaf etməsi üçün sadəcə onların öz üzərlərində işləmələri kifayət deyil. Onlar gərək başqa mühitlərə düşsünlər, başqa auditoriya və ölkələrdə  öz fənlərinin hansı diqqət, maraq əhatəsində olduğunu bilsinlər. Məsələn, ingilis dilinin metodikasını tədris edən müəllim bu məsələnin Belarus Dillər Universitetində nə cür qoyulduğunun şahidi olsun, Kiyevdə Linqvistik Universitetdə, yaxud da Moskvada, ya da Fransada fransız dilinin metodikası ilə bağlı nə işlər görülür, nəyi görmək istəyirlər. Ona görə də, biz böyük bir proyektə yenə də başladıq. İxtisasartırma fakültəsi yaratdıq və onun ilk qaranquşları artıq Belarusda Minsk Universitetində bir aylıq stajartırmada iştirak edib, geri qayıdıblar. Və növbədə Ukrayna, Çin, Rusiya başqa ölkələrdir. Mənə elə gəlir ki, biz öz müəllimlərimizin hər birini heç olmasa, 5 ildən bir müxtəlif ölkələrə, ya bir aydan üç ayadək, ya bir semestr müddətində stajartırmaya göndərmək sxemini, mexanizmini qurmalıyıq”. 

UNİVERSİTETDƏ APARILAN ƏSASLI TƏMİR-BƏRPA İŞLƏRİ  

Akademikin dediyinə görə, son bir ildə universitetdə əsaslı təmir-bərpa işləri aparılıb: “Universitetin akt zalında təmir işləri həyata keçirilib. Akt zalındakı kondisionerlər də, bütün texniki avadanlıqlar da dəyişdirilib. Ehtiyacı olan auditoriyalarda, dəhlizlərdə, pilləkən qəfəslərində kosmetik təmir aparılıb. Koridorlarda ADU-da tədris olunan fənlərin söykəndiyi elmlərin ən məşhur nümayəndələrinin portretləri asılıb. Koridorlarda həmçinin, təlim xarakterli sxemlər, stendlər, xəritələr, dilləri tədris olunan xalqların mədəniyyəti, adət-ənənəsi, idarəçiliyi, mədəni mərkəzləri, təhsil sistemi ilə bəzədilib. Binanın istilik sistemində də təmir işləri aparılıb. Vaxtı ilə buranı təmir edəndə istilik sisteminin hansısa hissələrini düzgün quraşdırmamışdılar. Bunun nəticəsində binanın istiliyi yox dərəcəsində idi. Biz bu problemi tamamilə aradan qaldırdıq. Mən özüm o binada da, üçüncü korpusda da oldum. Bir-bir otaqlara girdim və kafedra müdirlərindən nəyə ehtiyacları olduqlarını soruşdum. Üçüncü tədris korpusunda bir neçə otaq arasında arakəsmələr götürülməklə otaqlar genişləndirilib. Binanın giriş hissəsi, dəhliz, pilləkən qəfəsləri, ehtiyacı olan auditoriyalar rənglənib, kosmetik təmir aparılıb və auditoriya qoruyucu haşiyələrlə təmin olunub. Beləliklə, “Öyrədərək öyrənək” tezis və şuar deyil, tələbə və müəllimlər üçün pedaqoji fəaliyyət istiqamətinə çevrilib”. 

GƏNCLƏR UNİVERSİTETİN İMİCİNİ GÖRÜR, QİYMƏTLƏNDİRİR  

Rektor vurğulayıb ki, indiki situasiyanı, universitetlərarası rəqabəti, universitetlər arasında, necə deyərlər, döyən ixtisasların mövcudluğunu nəzərə alsaq, qəbulumuz normal keçib. Bununla kifayətlənmək doğru olmasa da, mənə elə gəlir, vəziyyətdən çıxa biləcəyik. 91 faiz qəbul bakalaviaturada olub, 70 faiz magistraturada. Əlbəttə, 70 faiz göstərici bizim üçün azdır. Bunun üzərində işləmək lazımdır. Bir məqamı da qeyd edim ki, universitetimizə hər il başqa univesitetlərdən köçürülmək istəyən tələbələrin sayı çoxalır. Bu, elə-belə baş vermir. Gənclər universitetimizin imicini görür, qiymətləndirir: “Bizim çox ciddi, işıqlı potensialımız var. Universitetdə çalışan müəllimlərin çoxunu mən uzun illərdir tanıyıram, onlara inanıram. İnanıram ki, biz yenə də əl-ələ verib təmizlik və şəffaflıq çərçivəsində bütün işlərimizi görəcəyik. Bir-birimizi başa düşsək, bir-birimizi bağışlaya da bilərik. Rusların bir sözü var, onlara da latınlardan gəlib: “Cognoscere ignoscere” - “Vsё ponətğ - vsё prostitğ”. Bağışlayan adam böyük adamdır. Bir-birimizlə münasibət quranda, münasibəti davam etdirəndə bağışlamağı da, bir-birimizi başa düşməyi də bacarmalıyıq. Biz bir ailəyik. Bir-birinizi sevin, başa düşün, anlayın və bağışlamağı da özünüzə yaraşdırın”.

ADU-da BÖYÜK İRƏLİLƏYİŞLƏR, YENİLİKLƏR MÜŞAHİDƏ OLUNUR  

Təhsil üzrə eksert Etibar Əliyev deyir ki, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin edildikdən sonra universitetdə böyük irəliləyişlər, yeniliklər müşahidə olunur. Universitetdə rektor Kamal Abdullanın rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar artıq öz bəhrəsini verir: “Kamal Abdulla Azərbaycan elmində, təhsilində xüsusi xidmətləri olan, uzun müddət rektor vəzifəsini icra edən təcrübəli insandır. O, Azərbaycan təhsilini gözəl bilir. Onun rəhbərliyi ilə qısa zamanda Dillər Universitetində mühüm yeniliklər edilib. ADU-da Avropaya inteqrasiya sürətlənib, dünya təhsilinə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılıb. K.Abdullanın bundan sonra da gələcəyimiz üçün böyük əhəmiyyət daşıyan Azərbaycan Dillər Universitetinin inkişafı, dünya universitetləri səviyyəsinə çatdırılması üçün böyük işlər görəcəyi şübhəsizdir”.

S.QARAYEVA

 





22.09.2018    çap et  çap et