525.Az

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir


 

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir<b style="color:red"></b>

2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrlə görüşlər davam edir.

Novbəti görüş sentyabrın 21-də Kimya və biologiya, Riyaziyyat və informatika, Fizika və texnologiya fakültələrinə qəbul olunan tələbələrlə keçirilib.

Görüşü giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, yüksək bal toplayan gənclərin ali təhsil almaq üçün ADPU-nu seçmələri böyük sevinc və qürur hissi yaşadır:

“Ölkənin 3 ən böyük universitetindən biri olan ADPU-da 18 minə yaxın tələbə təhsil alır. Siz ADPU-nun böyük ailəsinin yeni üzvlərisiniz. Yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçmələri Azərbaycanın müasir həyatının dönüş nöqtəsidir. Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır.
 
Bu kadrlar orta məktəblərdə, ali təhsil müəssisələrində yetişir. Orta məktəb bu prosesdə mühüm yer tutur. Bu il 2090 nəfər gənc yüksək bal toplayaraq müəllimlik peşəsini seçib.

Prezident İlham Əliyev bu faktı xüsusi qeyd edib. Müəllim peşəsinə marağın artması həyata keçirilən islahatların müsbət nəticəsidir. 2018-2019-cu tədris ilində ADPU-ya 4 mindən çox tələbə qəbul olunub.

Cari tədris ilində filiallarla birlikdə yüksək bal toplayan 566 nəfər gənc ADPU-nu seçib. Bu yüksək göstərici bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz sizə bilik və bacarıqlarınıza uyğun təhsil verməliyik”.

Rektor çıxışının sonunda tələbələrə təhsildə uğurlar arzulayıb.

Görüşdə tələbələrin tədris prosesi, imtahan qaydaları, Bolonya prosesi, kredit sistemi, yataqxana və dərslik təminatı, müəllim hazırlığı ilə bağlı sualları cavablandırılıb.

Görüşün sonunda 648 bal toplayaraq Kimya və biologiya fakültəsinə qəbul olunmuş Afət Sadıqovaya, 616 bal toplayaraq Riyaziyyat və informatika fakültəsinə qəbul olunmuş Aygün Xəlilovaya, 537 bal toplayaraq Fizika və texnologiya fakültəsinə qəbul olunmuş Ləman Neymətliyə hədiyyələr təqdim edilib.

S.QARAYEVA

 





22.09.2018    çap et  çap et