525.Az

Sahil Babayev Göygöldə vətəndaşları fərdi qaydada qəbul etdi


 

Sahil Babayev Göygöldə vətəndaşları fərdi qaydada qəbul etdi<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl rayonunda sakinləri fərdi qaydada qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Göygöllə yanaşı, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinləri iştirak edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən əmək hüquqlarının müdafiəsi, sosial təminat, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda nazirliyin əsas məqsədlərindən biridir.

Aparılan islahat tədbirlərinin bu məqsədə xidmət etdiyini vurğulayan nazir Göygöl, Daşkəsən, Samux rayonlarında və Gəncə şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib.

Qəbul zamanı S.Babayevin tapşırığı ilə aidiyyəti məsələlər elə yerindəcə həll olunub. Potensial imkanları nəzərə alınaraq vətəndaşlardan bir qisminin özünüməşğulluq proqramına cəlb ediməsi, peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb. Həmçinin, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.

C.ABASOV

 





22.09.2018    çap et  çap et